Şuşa qədimliklə müasirliyin vəhdətində yenidən tikilir, bərpa olunur

2022-ci il Şuşa İlidir

Qarabağın incisi. Qədimlik, məğrurluq simvolu. Milli mədəniyyətimizin mərkəzi, poeziyamızın, musiqimizin beşiyi Şuşa. Azərbaycanın mədəniyyət məbədi, Qarabağ xanlığının mərkəzi sayılan bu qədim şəhər əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Gövhərağa məscidi, əsas ticarət mərkəzi olan "Rastabazar", Daşaltı dərəsi, Cıdır düzü, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan memarlıq inciləri ilə əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə yadigar qalmışdır. Üç əsrə yaxın yaşı olan, "Şərqin konservatoriyası" adlandırılan qədim qala şəhəri Şuşa bütün dünyada mədəniyyət mərkəzi kimi tanınır.

2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində zəbt etdiyi əzəli yurd yerlərimizi işğaldan azad etdi. Şuşanın azad olunması isə hərb tariximizdə yeni bir səhifə açdı. Heç bir artilleriyadan istifadə edilmədən, böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh nümayiş etdirən igid oğullarımızın Şuşanı azad etməsilə Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.

30 ilə yaxın erməni işğalında qalan bu qədim şəhərin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində bu gün genişmiqyaslı infrastruktur layihələr həyata keçirilir. Vətən müharibəsindən iki ay sonra ilk dəfə 2021-ci il yanvar ayının 14-də Şuşaya səfər edən dövlət başçımız Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoymuş və yolun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşasının nəzərdə tutulduğunu bildirmişdir. Həmçinin, Füzuli hava limanı ilə əlaqələndiriləcək bu yoldan İsa bulağına yeni yolun çəkiləcəyinin də nəzərdə tutulduğunu qeyd edən Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra turistlərin Şuşaya və xarici qonaqların Füzulidən Şuşaya çox rahatlıqla gələ biləcəklərini demişdir. 2021-ci ilin "Şuşa İli" elan olunduğunu deyən dövlət rəhbərimiz qısa müddət ərzində Şuşada böyük quruculuq işlərinə start verildiyini və bununla da Böyük Qayıdışın başlandığını bəyan etmişdir. Şuşaya 39 il öncə yanvar ayının 14-də gələn Prezident İlham Əliyev 2021-ci ilin həmin günündə Şuşada olduğunu və bundan sonra Azərbaycan xalqının bu qədim torpağımızda əbədi yaşayacağını bildirmişdir. Şuşadakı Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərində olan Azərbaycan Prezidenti bu müqəddəs inanc yerlərimizə Məkkədən gətirdiyi "Qurani-Şərif"i bağışlamış və işğal dövründə ermənilər tərəfindən dağıdılmış tarixi-dini abidələrin hər birinin əsaslı təmirinin Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Ölkə başçımız birinci səfəri zamanı 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimiz Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini də Şuşaya gətirmişdir.

Zəfər yolu ilə ikinci dəfə ötən il mart ayının 16-da Şuşaya gələn Azərbaycan Prezidenti İlham Əliyev 1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən dağıdılmış Molla Pənah Vaqifin məqbərəsinin Heydər Əliyev Fondu tərəfindən bərpasına başlanıldığını, Şuşa məscidlərinin, buradakı bulaqların bərpa olunması ilə bağlı isə müvafiq göstərişlərin verildiyini diqqətə çatdırmışdır. Səfər zamanı ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Pənahəli xanın sarayının yerində olmuş, onlara Karvansaray tarix-memarlıq kompleksində görüləcək işlərlə bağlı məlumat verilmiş, 1982-ci ildə yaradılıb - 1992-ci ilə qədər fəaliyyət göstərən Rəsm Qalereyasının olduğu yerə gəlmişlər. "Qarabağ" mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış olan dövlət başçımız Şuşa Xalça Muzeyinə, Şuşa sanatoriyasına da baxış keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdə olmuşlar. Səfər zamanı Prezident İlham Əliyev 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasının, "Xarıbülbül" otelinin yenidənqurmadan sonra açılış mərasimində iştirak etmiş, "Xarıbülbül" otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olmuş, Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binaya getmişdir. Yuxarı Gövhərağa məscidində olan ölkə başçımız Şuşada yeni məscidin təməlini qoymuş, Xan qızı Natəvanın sarayına baxış keçirmiş, bərpa edilən "Xan qızı" bulağına da baş çəkmişdir. Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binada eyni zamanda Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olmuşdur. Dövlət rəhbəri səfəri zamanı şəhərdə inşa olunacaq 1 saylı ümumtəhsil məktəbinin də təməlini qoymuşdur. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada "Xarıbülbül" festivalının açılışında iştirak etmişlər.

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Şuşa şəhərində rəsmi olaraq qarşılamışlar. Türkiyə və Azərbaycan prezidentlərinin təkbətək görüşündən sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında, iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində verdiyi töhfələrə görə "Baykar" şirkətinin baş direktoru Lutfi Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif etmişdir. Həmin gün dövlət başçıları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalamışlar. Türkiyə ilə Azərbaycanın uzun illərə söykənən dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığını, əbədiliyini özündə ehtiva edən Şuşa Bəyannaməsi həmişə bir yerdə olan və bir-birinin təhlükəsizliyini təmin edən iki dost və qardaş ölkənin 1921-ci ildə bağlanmış tarixi Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi. Ölkələrimiz arasında mövcud olan münasibətləri yeni müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi bundan sonrakı əlaqələrin daha yüksək səviyyədə inkişaf etməsində, bütün sahələr üzrə - siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensialların birləşdirilməsində mühüm rol oynayır. İkitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malik olan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" hər iki dost, qardaş ölkənin bundan sonra da türk dünyasının birliyi, həmrəyliyi naminə birgə fəaliyyətlərini daha da möhkəmləndirəcəklərini təcəssüm etdirir. Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edən Şuşa Bəyannaməsi tarixən mövcud olan və heç bir zaman sarsılmayan dostluq, qardaşlıq münasibətlərinin təsdiqidir. Regionda yeni siyasi-iqtisadi münasibətlərin təməlini qoyan, yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyasının inkişafına, təhlükəsizliyinə və əməkdaşlığa etibarlı zəmin yaradan Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinin açılmasını və bununla da nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını da nəzərdə tutur ki, bu da iqtisadiyyatın şaxələndirilməsində mühüm amildir.

Ötən il avqust ayının sonunda Şuşaya növbəti səfərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri, Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olmuş, Şuşada "Qarabağ" otelinin açılışında iştirak etmişlər. Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan bərpa işləri ilə tanış olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva eyni zamanda Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak etmişlər.

Ü.Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində görüləcək işlərlə tanış olub "Otel və Konfrans Mərkəzi"nin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunmuşdur. Səfər zamanı Vaqif Poeziya Günlərinin açılışında iştirak etmiş və Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil olunan sərgilərlə tanış olmuşlar.

Ötən il noyabr ayının 7-də Şuşaya səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk olaraq Zəfər yolunun açılışında iştirak etmişlər. Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimindən sonra İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhərağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar. Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə maraqlanan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə də görüşüblər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gələrək Yuxarı Gövhərağa məscidini ziyarət etmişlər. Şuşada Cıdır düzündə çıxış edən Prezident İlham Əliyev demişdir: "50 illiyimi Qarabağda - Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi".

Bu il aprel ayının 22-də Prezidentin Şuşa səfəri daha bir möhtəşəm hadisə ilə tarixə yazıldı. Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı öz işinə başladı. Prezident İlham Əliyev çıxış edərək 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdiyi qurultayı böyük tarixi hadisə adlandıraraq ölkəmizin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu, bundan sonra Azərbaycan xalqının qalib xalq olaraq yaşayacağını bildirmişdir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını, müstəqilliyinin gündən-günə daha da güclənməsini vurğulayan ölkə başçımız artıq Azərbaycanın regionda söz sahibi olduğunu, yeni reallıqlar yaratdığını qeyd edərək demişdir: "Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".

Şuşaya səfəri zamanı Prezident İlham Əliyev həmçinin Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanış olmuşdur.

Bu il may ayının 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılış mərasimi keçirilmişdir. "Şuşa İli" çərçivəsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunan festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak etmişlər.

İkinci Qarabağ müharibəsindən sonra ötən il 7 dəfə, bu il isə iki dəfə Şuşaya səfər edən ölkə başçısı İlham Əliyev hər səfərində qədim şəhərimizin yenidən qurulması, bərpa edilməsi istiqamətində aparılan işlərlə tanış olmuş, bu tarixi Azərbaycan torpağının əvvəlki şöhrətinin, simasının özünə qaytarılması üçün xüsusi tapşırıq və tövsiyələrini vermişdir.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə bərpa-quruculuq, yenidənqurma işləri aparılır. 30 il düşmən əsarətində qalmış yurd yerlərimiz abadlaşır, bu yerlərə yeni nəfəs, daha gözəl, daha firavan həyat qayıdır. Dövlətçilik tariximizdə xüsusi yeri olan qədim torpağımız, baş tacımız, Qarabağ xanlığının mərkəzi olan Şuşa da ölkə başçımızın dediyi kimi, dirçəldilir. Bu yerlər tarixiliklə müasirliyin vəhdətində tikilir, bərpa edilir.

Mehparə ƏLİYEVA

Respublika 2022.- 5 oktyabr.- S.6.