Alban məbədi

(Ay məbədi)

Azərbaycanın ərazisində bir çox Alban məbədləri mövcuddur. Bunlardan biri də Azərbaycanın qərb qapısı sayılan Qazax rayonunun Daş Salahlı kəndində Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində - 922 metr hündürlükdə yerləşən Alban məbədidir. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində mühafizə olunaninventar nömrəsi 283 olan ölkə əhəmiyyətli memarlıq abidəsinin tarixi V-VII əsrlərə aid edilir. Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən tikilmişAy məbədi adlandırılmışdır. Bunu arxeoloji qazıntılar zamanı tapılan küplərin üzərində əks edilmiş ay, aya sitayiş edən insan şəkillərinə əsasən söyləmək mümkündür.

Məbəd kompleksi iki tikilidən - birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı böyük əsas tikiliikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində tikilmişdir. Daha doğrusu, bütpərəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülmüş, onun yerində xiristian məbədi inşa edilmişdir. Məbədin şimal-şərq tərəfində qədim tikiliyə aid altı cərgə hörgü daşının saxlanması da deyilən fikirləri təsdiq edir. Çaxmaqlaşmış əhəng daşından olan həmin hissə sonrakı tikilmiş binanın hörgü daşlarından fərqlənir. Binanın içi aralıq qapısı ilə iki otağa ayrılmışdır. Böyük otağın ölçüsü 4,5x3,5 arxasındakı kiçik otağın ölçüsü isə 3,5x2,5 metrdir. Tikilinin qədim divarları arası xırda daş parçaları və palçıqla doldurularaq hər iki üzdə iri daşlarla hörülmüşdür. Birinci iri otağın şərq divarının hər iki yanında "T" formalı sütun olan abidə yerləşir. Bu cür sütunlar ara qapının cənuba, iri otağın içinə baxan üzünün və cənuba açılan giriş qapısının hər iki yanında vardır. Binanın bərpası zamanı düzəldilmiş sütunlar (qapının yanlarındakı) kobudluğu ilə digərlərindən seçilir. Otağın tavanı günbəzvaridir. Ortadakı dairəvi deşik örtükləri silindirvari barabanla tamamlanır. Üstü alçaq, konusvari düzəldilmiş barabanın hündürlüyü 2 metr, diametri 2 metrdir. Barabanın konusvari örtüklə birləşən yuxarı hissəsini qoşa, paralel qabarıq kəmər əhatə etmişdir. Barabanda bir-birindən müəyyən məsafədə yerləşən 4 ədəd uzunsov kiçik pəncərə açılmışdır. Barabankonusvari örtüyün üstünə nazik daş piltələr düzülmüşdür. Otağın şərq divarında bir dar pəncərə açılmışdır. Otağın qərb divarındakı pəncərənin hər iki yanında zərif kəsmə naxışa təsadüf olunur. Pəncərənin üstü yanlarda düz, ortada qövsvari batıq xətlərdən ibarət naxışa malikdir. Binanın "karniz"ini 3 cərgə batıq xətdən ibarət naxış əhatə etmişdir. Giriş qapısının üstünü qırmızı tuf daşı bağlayır. Bu daşın ətrafı nəfis naxışla işlənmişdir.

Arxeoloji qazıntılar zamanı məbədin yaxınlığında qəbirlər və qəbirüstü daşlar aşkar edilmişdir. Onların üstü çox iriölçülü yaxşı hamarlanmış və naxışlanmış əhəng daşları ilə örtülmüşdür. Bu qəbir daşlarının heç birində "xaç" işarəsi yoxdur. Lakin birinin üzərində emblem kimi albanlara məxsus "lotos gülü" və yuxarı künclərində 8 hissəyə ayrılmış rozetka qazılmışdır. Qəbirüstü daşlarda insan təsvirlərinin verilməsi bütpərəstliklə əlaqədar olub buradakı qəbirlərin vaxtilə hazırkı xristian məbədinin yerində mövcud olmuş bütpərəst Alban məbədinə aid olduğunu ehtimal etməyə imkan verir. Ümumiyyətlə, məbəd ətrafında yer üstündən və qazıntıdan az miqdarda arxeoloji material əldə edilmişdir. Burada əsasən antikilk orta əsrlər, tək-tək orta əsrlərə aid qab qırıqları, bir neçə memarlıq elementləri, bəzəkli daş parçaları tapılmışdır. Qab qırıqları küp, küpə, su qabı, piyalə, 1 ədəd XIII əsrə aid "Qaan-al-adilə" məxsus mis pul (pulun təyinatını tarix elmləri doktoru M.Seyfəddini vermişdir) və şirli kasaya aiddir. Məbədin içinin quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir.

Məbədin daxili plan kompozisiyası, xaçvari plana malik olan Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən VIII-IX əsrlərə aid Qəbizdərə kilsəsini xatırladır. Xarici fəza həcminə görə isə kilsə günbəzli zal kilsələri ilə yaxınlıq təşkil edir.

Avey dağındakı bu qədim məbəd qədim Alban torpağına, xristian alban əhalisinə xidmət etmiş abidədir. Hər zaman olduğu kimi, xristianlıq dövründə də Alban kəndlərinin sakinləri yalnız xristian albanlardan, müsəlmanlığın qəbulundan sonra isə müsəlman alban-azərbaycanlılardan ibarət olmuşdur. Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Son illərdə bu tarixi-mədəni irsin bütün dünyada tanıdılması üçün çox işlər görülüb. Qeyd etdiyimiz kimi, ermənilər daim alban məbədlərini və onlara aid maddi-mədəni nümunələri öz adlarına çıxmağa çalışıblar. Lakin Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyəti də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində ermənilərin alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı alınıb. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti alban məbədlərinin məhz Azərbaycana məxsus olması barədə kifayət qədər məlumatlıdır.

Tehran NAĞDALIYEVA,

"Avey" Dövlət Tarix-Mədəniyyət

Qoruğunun kiçik elmi işçisi.

Respublika 2022.- 6 oktyabr.- S.10.