Fransada tarix yazan partizan
Tariximizdə "Xarqo",
"Armed Mişel"
ləqəbləri ilə tanınan Əhmədiyyə Cəbrayılov
1920-ci il 22 sentyabrda
Şəkinin Oxud kəndində dünyaya göz
açıb. 1935-ci ildə Şəkidə Kənd Təsərrüfatı
Texnikumunun zootexnika və
aqronomiya fakültəsinə daxil olub. 1938-ci ildə texnikumu aqronom ixtisası
üzrə bitirərək və Quba-Xaçmaz zonasında əmək fəaliyyətinə başlayıb.
İkinci Dünya müharibəsinin başlanması bir çox gənc kimi Əhmədiyyə Cəbrayılovun da həyatında dərin izlər qoyub. O, könüllü olaraq cəbhəyə yollanıb Orconikidze vilayətinin Nevinnomıssk şəhərində aviasiya məktəbində hazırlıq keçən Ə.Cəbrayılov təlimlərdən sonra kiçik leytenant rütbəsi alır, Moskva yaxınlığında yerləşən 35-ci diviziyanın 350-ci bombardmançı eskadriliyasının texniki xidmət sahəsinə təyin edilir. 1942-ci ilin aprelində isə partizan Ukraynanın Donbas şəhərinə göndərilir. Donbasa gələn Əhmədiyyə burada 350-ci polkun siyasi rəhbərinin köməkçisi vəzifəsində çalışır. Ə.Cəbrayılov həmin polkun tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə göstərdiyi şücaətə görə ona baş leytenant rütbəsi verilir.
1942-ci ilin aprelində Kursk ətrafında gedən gərgin
döyüşlərin birində Əhmədiyyə Cəbrayılovun
təyyarəsi vurulur və
ağır yaralanan
Əhmədiyyə almanlar tərəfindən
əsir götürülür. Ə.Cəbrayılov
yaralı halda almanların Barvinka
və Lvov yaxınlığındakı
həbs düşərgələrinə göndərilir. Beləliklə,
gənc yaşlarından əzablı, dözülməz əsirlik
həyatı yaşayır. 1943-cü ildə o, Daxau ölüm düşərgəsinə gətirilir.
Buradakı vəziyyət çox
acınacaqlı idi və əsirlərə
ağılasığmaz dərəcədə işgəncələr
verilirdi. Daxauda olduğu zaman Əhmədiyyə
Cəbrayılovu digər əsirlərlə birlikdə qaz kamerasına salırlar və yalnız bir nəfər sağ
qalır. Bu, Əhmədiyyə idi. Möcüzə kimi səslənsə
də gənc Əhmədiyyəni nişanlısının
müharibəyə getmədən öncə ona
verdiyi dəsmal xilas edir. Belə ki, Əhmədiyyə
qaz kamerasına salınarkən dəsmalı
ağzında saxlayır və bu da onu ölümün
pəncəsindən xilas edir.
Kənd camaatı kanala tökülmüş
əsir meyitlərini dəfn edən zaman onun bədəninin istiliyini
hiss edib dəfn etmirlər.
Bundan xəbər tutan
almanlar Əhmədiyyə Cəbrayılovu
yenidən həbs düşərgəsinə gətirirlər.
Gənc partizan bu dəfə
isə qaçmağa cəhd edir, əlinə bıçaq alaraq
gözətçiyə yaxınlaşır və
boğazını kəsmək istəyir. Təəssüf
ki, Əhmədiyyə Cəbrayılovun cəhdi
baş tutmur və nəticədə
almanlar tərəfindən Fransanın cənubunda,
Tuluza şəhəri
yaxınlığındakı daha
ağır şəraiti olan Montoban həbs düşərgəsinə
göndərilir. Əhmədiyyə burada
4167 nömrəli əsir idi və həbsxanada
o vərəm xəstəliyinə tutulur.
1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındıraraq tabutda gizlənmiş Əhmədiyyəni xilas edir, zirzəmiyə gətirirlər. Əhmədiyyə Cəbrayılov sağaldıqdan sonra faşistlərdən qisas almaq məqsədilə fransız dilini öyrənir. Jannanın sayəsində Əhmədiyyə onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqə qurur. Daha sonra o, müqavimət hərəkatının kapitanı Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronunun üzvü olur. Bir məqamı da diqqətə çatdıraq ki, işğalçı alman hakimiyyət orqanları tərəfindən onun başına böyük məbləğdə mükafat qoyulur.
1944-cü il may ayının 22-də Əhmədiyyə əvvəlcə
Kaberta partizan dəstəsinə,
sonra isə kapitan
Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna yazılır. O, həmin
dəstənin Tarn və Qaronun
azad edilməsi uğrunda
apardığı bütün
döyüşlərdə iştirak edir. 1944-cü ilin avqustunda isə Montobanın azad
edilməsi və buna qədərki digər
əməliyyatlara qatılır. 1944-cü ildə Əhmədiyyə
azad edilmiş Parisdə
general Şarl de Qoll ilə görüşür.
Xatırladaq ki, Şarl de Qoll
Müqavimət hərəkatında Əhmədiyyəyə bir çox gizli əməliyyatları yerinə yetirməyi
tapşırmışdı. Ə.Cəbrayılov Montobanda yaradılan 3-cü briqadaya
daxil olur, Vozj və Elzasda gedən döyüşlərdə iştirak edir. 1945-ci ilin
1 mart tarixində isə
o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Ə. Cəbrayılov
bir sıra tapşırıqlarla yanaşı,
dəmir yol xətlərini partladaraq düşmənin minlərlə
fransızı Almaniyadakı
həbs düşərgələrinə
aparmasına mane olur. Müvəffəqiyyətlə həyata keçirilən
əməliyyatın müqabilində
Fransa Kommunist Partiyasının baş katibi Moris Torez
ona tapança bağışlayır.
Fransa tamamilə
işğaldan azad olunduqdan sonra Əhmədiyyə Cəbrayılov
bir müddət həmin ölkədə qalır. O, 1946-cı ildə vətənə
qayıdır. Onun hərbi
şücaətləri Fransa
tərəfindən layiqincə
qiymətləndirilir orden
və medallarla, o cümlədən "Şəxsi
igidliyə görə"
hərbi medalla təltif olunur. Nəhayət, 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə
Cəbrayılov SSRİ-yə
qayıdır. Amma əfsuslar
olsun ki, o burada vətən xaini kimi qəbul
olunur və Moskvadakı yoxlamaların
birində onun mükafatlarının bir
hissəsi əlindən
alınır. 1966-cı
ilin yazında Fransa Prezidenti Şarl de Qollun SSRİ-yə səfəri Əhmədiyyənin həyatında
mühüm dönüş
nöqtəsi olur.
Fransa Prezidentinin Moskvaya rəsmi səfəri ilə bağlı hazırlıq
işləri barədə SSRİ-nin
o dövrdəki rəhbəri
Leonid İliç Brejnevə
məruzə edilir. Fransa prezidentinin səfərinə az qalmış protokol xidmətindən Kremlə
teleqram göndərilir.
Teleqramda Şarl de Qollun SSRİ vətəndaşı
olan, özünə
dost və silahdaş saydığı Armed Mişellə
görüşməyi arzuladığı
və hava limanında qarşılanma
mərasimində bu şəxsin də iştirak etməsini istədiyi bildirilir. SSRİ rəhbəri həmin şəxsin dərhal tapılması barədə göstəriş
verir. Lakin "Armed Mişel" adlı şəxsin tapılmaması Brejnevi və bütün Kremli çox narahat edir. Kremlin bütün məmurları işə
cəlb olunsa da axtarışlar heç nəticə vermir. Təsadüfən
Mərkəzi Komitədə
çalışan makinaçı
bir neçə il bundan
öncə belə bir ada rast
gəldiyini xatırladığını
deyir və həmyerlimiz tapılaraq təcili Moskvaya dəvət edilir. Bu zaman Əhmədiyyə Cəbrayılovun 3-4 il öncə də Kremldə olduğu bildirilir. Daha sonra Əhmədiyyənin
Brejnevlə görüşü
baş tutur. Nəhayət, Şarl de Qollun
səfərinin vaxtı
yetişir. Bununla
əlaqədar SSRİ rəhbərləri
"Vnukovo 2" hava limanında ali
qonağı qarşılamaq
üçün sıraya
düzülürlər. Şarl de Qoll
Brejnevlə görüşdükdən
sonra ətrafı nəzərdən keçirir
və köhnə dostu "Armed Mişel"i
görən kimi iri addımlarla ona tərəf gəlir. Onlar bir-birini qucaqlayıb
bağrına basırlar.
Protokol qaydalarına zidd olan bu mənzərə
SSRİ rəhbərlərini xeyli təəccübləndirir.
Fransa prezidenti SSRİ-də səfərdə olduğu
müddət ərzində
Əhmədiyyə Cəbrayılovla
birgə nahar edir, onunla keçmiş
xatirələrini yada
salır. Fransa prezidentinin
bu rəsmi səfərindən
sonra Əhmədiyyə
Cəbrayılovun üzərindən
"vətən xaini"
adı götürülür.
1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vuran partizan daha sonra Şəkidəki Nərimanov adına kolxozda baş aqronom işləyir. Bundan bir il sonra isə o, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur. Əhmədiyyə bu dövrdə dəfələrlə Fransaya dəvət alır, döyüş yerlərini gəzir. 1976-cı ildə müharibədəki iştirakına görə Ə.Cəbrayılov "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunur. 1977-ci ildə Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür. 1990-cı ildə isə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün fəxri qonaq qismində o, Parisə dəvət olunur və mərasimdə çıxış edir. 1994-cü il yanvarın 6-da isə Əhmədiyyə Cəbrayılova "Fəxri Legion" ordeni verilir. O, 10 oktyabr 1994-cü ildə Şəkidə yol qəzası zamanı həlak olur.
Əhmədiyyə Cəbrayılova dövlətimiz həmişə diqqət göstərib. 2020-ci ilin 11 avqustunda Prezident İlham Əliyev Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Nəzrin ELDARQIZI
Respublika 2023.- 22 sentyabr.- S.7.