Ozan-aşıq sənəti
dərin köklərə malikdir
Xalqımızın min illərlə
formalaşan ozan-aşıq sənətini
yaşadan ozanlarımız zaman-zaman cəmiyyətdə, xalq
içində, el arasında ustad, dədə, lələ, ozan
adını çox böyük
şərəflə daşımışlar.
Ozan-aşıq sənəti dərin tarixi köklərə malik
olan möhtəşəm bir
mədəniyyətdir. Qədim qam-şaman
mərasimlərindən, Dədə Qorqud
oğuznamələrindən qaynaqlanan
aşıq sənəti milli-mənəvi
varlığımızın, ədəbi-estetik fikrimizin, musiqi mədəniyyətimizin,
folklorumuzun formalaşması və
inkişafında, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə
ötürülməsində müstəsna tarixi rol
oynamışdır. "Koroğlu"
eposu, "Aşıq Qərib", "Qurbani", "Abbas və
Gülgəz", "Tahir və Zöhrə",
"Şah İsmayıl və Gülzar" kimi bir sıra dərin məzmunlu dastanları bizə
bəxş edən klassik
aşıqlarımızın və onların layiqli
davamçılarının fəaliyyəti əvəzsizdir.
Aşıq şeiri bizim milli
poeziyamızın ana qaynağıdır.
Canlı xalq
danışıq dilinə məxsus axar-baxarlı
dinamikası, koloriti, ürəyəyatımlı
deyim tərzi, aydın, şəffaf və
təbii obrazları ilə unikal bir özünəməxsusluq kəsb edən bu poeziyanın Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım,
Sarı Aşıq, Abdalgülablı Valeh,
Hüseyn Şəmkirli, Aşıq
Ələsgər, Aşıq Alı, Hüseyn
Bozalqanlı kimi klassik
ustadlarının yaratdığı qiymətli örnəklər
qərinələr boyudur dillər əzbəri
olmuşdur.
XIX əsrin
müdrik ozanı Dədə Ələsgərin xalqın
tarixi-mədəni varlığı ilə
aşıqların vəhdətini əks etdirən bu
misralarındakı fəlsəfi dərinliyə diqqət
yetirək:
Həsənnənə,
Həsənbaba qoşadı,
Xoşbulaq
yaylağı xoş tamaşadı.
Arsız
aşıq elsiz niyə yaşadı,
Ölsün
Ələsgər tək qulların, dağlar!
Bu nümunələri gətirməkdə
məqsədimiz əsl aşığın təkcə
çalıb-çağıran, saz-söz
ifaçısı yox, həm də incə
ruhlu şair və böyük mütəfəkkir olması fikrini vurğulamaqdır. Etiraf etmək lazımdır
ki, canlı ifaları, səsləri-sözləri
ilə mənsub olduğumuz nəslin
yaddaşında yaxşı qalmış Aşıq Şəmşir,
Aşıq Hüseyn Cavan,
Mikayıl Azaflı, Aşıq Hüseyn
Saraclı, Aşıq Şakir Hacıyev
də bu sənətin inkişafında böyük xidmətlər göstərmişlər.
Bəli, yaxşı gündə də, yaman gündə də xalqla
birlikdə olan aşıq məhz xalq ruhunun təmsilçisi
və ifadəçisidir. Onun
yaratdığı sənət xalqımızın qəhrəmanlıq,
vətənpərvərlik ruhunun yüksəlməsində,
həyatsevərlik, humanizm, gözəlliyə
vurğunluq duyğularının
aşılamasında böyük təsir
gücünə malikdir.
Aşıq təkcə gözəlləmə
oxumaqla vəzifəsini bitirmir.
O, qəhrəmanlığa, döyüşə, mübarizəyə,
ədəb-ərkana, mədəniyyətə
çağıran, milli birliyimizə
kömək edən böyük sənət
möcüzələri yaradır.
Ulu öndərimiz dahi şəxsiyyət Heydər Əliyevin "Milli varlığımızın möhtəşəm abidəsi" adlandırdığı "Dədə Qorqud" eposu və həmin ənənənin davamı olan "Koroğlu" dastanı xalqımıza məxsus mənəvi mədəniyyətin şah əsərləri kimi məhz ozan-aşıq sənətinin nümunəsidir. Milli musiqi mədəniyyətimizin nadir incilərindən olan Üzeyir Hacıbəyovun "Koroğlu" operası aşıq musiqisindən qaynaq götürmüşdür. Bir çox Azərbaycan və xarici ölkə bəstəkarları öz əsərlərində dəfələrlə aşıq musiqisindən bəhrələnmişlər.
"Aşıq el anasıdır, haqqın səsidir" - qənaətində olan xalqımız yüz illər boyunca öz ustad sənətkarlarına xeyir-bərəkət, şadlıq gətirən ülvi bir simvol kimi yanaşmışlar. Musiqiçi, şair, aktyor, rəqqas kimi sinkretik keyfiyyətləri unikal şəkildə özündə birləşdirən saz-söz ustaları cəmiyyətin mənəvi həyatını istiqamətləndirən eposun milli-mental keyfiyyətlərini qoruyub möhkəmləndirən nüfuz və ehtiram sahibləri olmuşlar.
Aşığa olan xalq məhəbbətini və rəğbətini
milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi
"Əkinçi" qəzetinin 1875-ci ildə
buraxılmış ilk saylarından birində
belə ifadə etmişdir: "Bir baxın, bizim
aşıqlar toylarda oxuyanda
onlara qulaq asanlara. Bu zaman
bu qulaq asanlar elə hala gəlirlər
ki, ətini kəssən də xəbəri
olmaz".
"Əli sazlı aşıq" - azərbaycanlıların
şüurundakı bu obraz
milli xalq
yaradıcılığının ən ilkin,
təməl qatlarına dayanır, bu qatlarla sıx bağlanır. Aşıq sənəti
milli mənsubiyyətimizin rəmzi, ana dilinin və milli şüurun
daşıyıcısı və qoruyucusu
olaraq qalmaqdadır.
Aşıq sənəti, eyni zamanda mədəniyyətimizin müxtəlif tarixi dövrlərini vahid prosesdə birləşdirir ki, bunun da sayəsində insanlarda öz mədəni keçmişinə bağlılıq, milli mədəniyyətin öz qədim köklərinə varislik yaranır.
Qədir ASLAN
Respublika .- 2023.- 26 sentyabr.- S.14.