Riyaziyyatçı alim, elm və təhsil qurucusu

 

"...Gəl, ey həyat, həmdəmimsən,

Həm qəmimsən, həm dəmimsən.

Çox düşündüm, nəsən, kimsən?

Əl çəkmədim bu xülyadan.

Baş açmadım bu dünyadan!".

 

Dünyada elə şəxsiyyətlər var ki, onların bənzərsiz həyat fəaliyyəti öz zənginliyinə görə saysız-hesabsız insanların ömür yolundan seçilir.

Fitri istedada malik olan, Tanrı vergisinə layiq görülən belə insanlar bir ömürdə sanki bir neçə ömür yaşayır, məşğul olduqları bütün sahələrdə uğurlar qazanır, özündən sonra gələn nəsillər üçün örnəyə çevrilir və qədirbilən insanların qəlbində özlərinə mənəvi abidə ucaltmağı bacarır.

Öz fəaliyyəti boyunca qazandığı elmi nailiyyətləri, maarifçiliyi və bədii yaradıcılığı, humanist insani keyfiyyətləri, tükənməz qurub-yaratmaq eşqi, sözü, əməli və ziyalılığı ilə geniş ictimaiyyətin dərin hörmət və məhəbbətini qazanmış belə şəxsiyyətlərdən biri də professor Hamlet İsaxanlıdır.

Bakı şəhərinin Səbail rayonunda olan qocaman təhsil ocaqlarından biri Osman Mirzəyev adına 190 saylı orta məktəbdə ensiklopedik alim, tanınmış elm və təhsil qurucusu, istedadlı şair, Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı (İsayev) ilə görüş keçirilmişdir. 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova qonağın elmi uğurlarından və ədəbi yaradıcılığından söz açmış, onu salamlamışdır.

Hamlet İsaxanlının söz, fikir, sənət aləminin işığına toplaşanları salamlayan tədbirin aparıcısı, pedaqoji elmlər namizədi, ölkə başçısının sərəncamı ilə ilin ən yaxşı müəllimi adına layiq görülmüş Qənirə Əmircanova məclis iştirakçılarına qonağın tərcümeyi-halı barədə ətraflı məlumat vermişdir. Borçalı mahalının, Qarayazı bölgəsinin Kosalı kəndində dünyaya göz açan Hamlet İsaxanlı orta məktəbdə təhsil alarkən elmə, biliyə çox böyük maraq göstərmiş və məktəbi qızıl medalla bitirmişdir. Dəqiq elmlərə və xüsusən də riyaziyyata olan sevgisi onu Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə gətirmiş, universiteti uğurla başa vuraraq təhsilini tanınmış elm ocağı sayılan M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında davam etdirmişdir.

Sonrakı illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Moskva Dövlət Universitetində, Azərbaycan Dövlət Universitetində, SSRİ Elmlər Akademiyası V.Steklov adına Riyaziyyat İnstitutunda ardıcıl elmi tədqiqatlar aparmış, riyaziyyatın bir çox sahələrində fundamental nəticələr əldə etmişdir. Bu uğurların nəticəsi kimi 1983-cü ildə Moskvada, riyaziyyatın Məkkəsi adlandırılan SSRİ Elmlər Akademiyasının V.Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Elmi-pedaqoji fəaliyyətini hər zaman inkişaf etdirən Hamlet İsaxanlı 1990-cı ildə Bakıda ilk ingilis dilli universitetin yaradılması üçün böyük işlər görür və Xəzər Universitetini təsis edərək universitetin rektoru təyin edilir.

200-dən artıq elmi məqalənin, riyaziyyat, təhsil, dilşünaslıq üzrə monoqrafiya və dərsliklərin, müxtəlif dillərdə nəşr olunmuş şeir kitablarının müəllifidir.

Hamlet İsaxanlının şeir sənəti, pedaqoji fəaliyyəti, elmi işləri barədə ətraflı məlumat verən yazıçı-kulturoloq Aydın Xan (Əbilov) bildirdi ki, professor H.İsaxanlı riyaziyyat, fəlsəfə, ədəbiyyat və xüsüsilə poeziya, tarix, musiqi sahələrinin dərin bilicisi kimi öz tələbələrinin və tanışlarının böyük hörmət və sevgisini qazanmışdır.

Qonağın təkcə ali təhsil sistemində deyil, orta təhsil sistemində də mütəxəssis və qurucu bir insan olduğu barədə söz açan 190 saylı orta məktəbin müəllimi, filologiya elmləri namizədi Təranə Yusubova Hamlet İsaxanlının orta təhsil sahəsindəki ideyalarının 1998-ci ildə Xəzər Universiteti nəzdində yaratdığı və bu gün çox gözəl fəaliyyət göstərən "Dünya" məktəbinin simasında həyata keçməsini qeyd etmişdir. Özünün gərgin iş rejiminə, geniş ictimai-siyasi, elmi fəaliyyətinə baxmayaraq, vaxt taparaq "Dünya" məktəbində gedən təhsil prosesləri ilə dərindən tanış olur, buradakı tədrisin səviyyəsinin yüksəlməsi üçün əlindən gələni əsirgəmir.

Təsadüfi deyildir ki, təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə geniş nüfuza malik alim Hamlet İsaxanlı ölkəmizdə təhsil strategiyasını hazırlamaq və həyata keçirmək məqsədilə yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyasına üzv seçilmişdir.

Məktəbdəki görüşdə daha çox ədəbiyyat və poeziya sevənlərin toplaşdığını bildirən tədbirin aparıcısı Qənirə Əmircanova iştirakçılara Hamlet İsaxanlını şair, tərcüməçi, Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə töhfələr verən bir ziyalı kimi qiymətləndirdi. Ədibin Azərbaycanda çapdan çıxmış "Təzadlar", "Bu da bir həyatdı" əsərləri Təbrizdə də nəşr olunmuş, bu şəhərdə "Şeirə dönən duyğular" kitabı işıq üzü görmüşdür. Tbilisidə "Ömrün poeziyası" şeir kitabı gürcü dilində çap olunmuşdur. Ədibin şeirləri həmçinin rus, Türkiyə türkcəsi, fars, Çin və s. dillərə tərcümə edilmişdir.

Hamlet İsaxanlının şeirləri musiqi ilə dolu, ürəyəyatan və könülləri oxşayan olduğundan onun şeirləri Azərbaycanın tanınmış bəstəkarlarının diqqətini cəlb etmişdir. Xalq artistləri Ramiz Mustafayev və Vasif Adıgözəlov, Vaqif Gərayzadə, bəstəkar-müğənni Elza Seyidcahan, bəstəkarlardan Dilarə Qulamova, Nailə İsayeva şairin bir çox şeirlərinə mahnılar bəstələmiş, xalq artistləri Brilyant Dadaşova, Lütfiyar İmanov, eləcə də Rəşidə Behbudova, Samir Cəfərov, Elza Seyidcahan, Manana, "Şeron" qrupu və bir çox müğənni və qruplar tərəfindən ustalıqla ifa olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır.

 

"...Bu dünyaya nə gətirdim?

Bu dünyada nə qoymuşam?

Nə bir işi tam bitirdim,

Nə həyatdan tam doymuşam..."

 

Bu sətirlər Hamlet İsaxanlıya məxsusdur.

Öz tədqiqatları, poeziyası və fəaliyyətindən şagirdlərə ətraflı danışan professor Hamlet İsaxanlı müasir gənclərə Vətənə sevgi və məhəbbət, vətənpərvərlik ruhunda böyüməyi, elmə və təhsilə maraqlarını artırmağı, hər bir yerdə azərbaycanlı olmaları ilə fəxr etmələrindən qürur duymağı dilə gətirdi, onlara təhsildə müvəffəqiyyət arzuladı, öz şeirlərindən parçalar oxudu.

Sonda qonaq məktəbin kitabxanasına son illərdə işıq üzü görmüş kitablarını bağışladı.

 

Vəliyev M.

 

Respublika.- 2008.- 20 dekabr.- S. 5.