Ot kökü üstə bitər

 

Bir eldən, bir obadan, yaxud bir ailədən söhbət düşəndə ataların bu kəlamını xatırlamamaq mümkün deyildir. Haqqında söz açacağımız şəxs ulu bir ailənin nümayəndəsidir. Bu ailənin, bu nəslin əzəli çırağını yandıran, özündən sonra gələn nəsillərin həyatını öz nuruna qərq edən gözəl maarif xadimi, şair, nasir, etnoqraf, tərcüməçi Rəşid bəy Əfəndiyev olub.

Rəşid bəy Əfəndiyev hazırda bir çox dünya şöhrətli alimlərin, pedaqoqların, geoloqların, riyaziyyatçı və kimyaçı elm xadimlərinin, həkimlərin böyük bir sülaləsinin əsasını qoymuşdur.

Azərbaycanın dilbər guşələrindən biri olan Şəkidə dünyaya göz açan Rəşid bəy Əfəndiyev əvvəlcə dini təhsil almış, sonra Qori müəllimlər seminariyasında oxumuş, Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunda təhsilini davam etdirmişdir. Azərbaycanda Xalq Cümhuriyyəti dövründə Bakıda müəllimlər seminariyasında direktor olmuş, sonra isə Şəki pedaqoji məktəbinə başçılıq etmişdir.

Azərbaycan maarifinin ilk təməl daşlarından birini qoymuş bu görkəmli maarifçi, etnoqraf, dramaturq, şairin Vətən qarşısında ən böyük xidməti xalq üçün gərəkli, ləyaqətli övladlar böyütməsidir. İki oğlu və dörd qızı dövrünə görə mükəmməl təhsil almış, adlı-sanlı ziyalılar olmuşlar. Məmmədbəy Əfəndiyev riyaziyyatçı alim, professor, qızı Maral xanım maarifçiliklə məşğul olmuş, sonra görkəmli maarif xadimi Əhməd Nəbiyevlə ailə qurmuşdur. Rəşid bəyin qızları Mahtaban və Cəmilə də atalarının yolu ilə gedərək həyatlarını pedaqoji işə sərf etmişlər.

Maral xanım və Əhməd Nəbiyev Azərbaycan maarifi və mədəniyyəti tarixində xüsusi yer tuturlar. O zaman keçmiş SSRİ məkanında ən yüksək Lenin ordeni ilə təltif edilmişdir. Bu ailədə Əfəndiyevlər-Nəbiyevlər sülaləsinin yeni parlaq simaları dünyaya göz açmışlar. Bu gün biz onlardan biri İzzət müəllim haqqında söz açmaq istəyirik.

Görkəmli alim-pedaqoq, əməkdar elm və texnika xadimi, SSRİ Dövlət Mükafatı laureatı, texnika elmləri doktoru, professor İzzət Əhməd oğlu Nəbiyev respublikamızda, eləcə də keçmiş ittifaq məkanında neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsinin elmi-praktiki əsaslarını qoymuş alimlərdən biridir. O, məhsuldar və şərəfli həyat yolu keçmiş, ömrünü respublikamız üçün o zaman elmi-texniki istiqamət olan avtomatlaşdırma, informatika və cihazqayırma sahələrinin bünövrəsinin qoyulmasına, inkişafına həsr etmişdir.

Şəki şəhərində dünyaya göz açmış və 1940-cı ildə orta məktəbi bitirdikdən sonra Bakıya gələn İzzət Nəbiyev Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə qəbul olunur, 1949-cu ildə təhsilini əla qiymətlərlə bitirdikdən sonra Moskva Energetika İnstitutunun aspiranturasında ilk elmi fəaliyyətə başlayır. Dissertasiya işini uğurla bitirdikdən sonra texnika elmləri namizədi kimi Bakıya qayıdır və yüksək ixtisaslı elmi və mühəndis kadrların hazırlanması, respublikanın neft sənayesinin avtomatlaşdırılması ilə məşğul olur. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin-istehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoyur və onun ilk dekanı olur.

1970-ci ildə Avtomatika, telemexanika və elektronika kafedrasına müdir seçilir və 1991-ci ilə qədər həmin kafedraya rəhbərlik edir.

Neft və qaz sənayesinin artırılması sahəsində Azərbaycanda elmi məktəbin yaradılmasında öz töhfələrini vermiş professor İzzət Nəbiyev elmi yaradıcılıq fəaliyyəti gündən-günə çiçəklənməyə başlayır. Bir-birinin ardınca sanballı monoqrafiyaları, dərslikləri işıq üzü görür. Bir faktı da xüsusilə qeyd etmək lazımdır ki, professor İzzət Nəbiyevin bir sıra monoqrafiyası Moskvada işıq üzü görür. Alimin "Neft quyularının məhsuldarlığının teleölçüsü üçün avtomatik sistemlər", "Ölçmə məlumatının yığılması və çevrilməsinin diskret texniki vasitələri", "Neftçıxarma sənayesi üçün telemexanika kompleksləri" monoqrafiyaları və neçə-neçə elmi məqalələri Moskvada dərc olunur. Bu da azərbaycanlı alimin məşğul olduğu sahədə keçmiş ittifaq məkanında aparıcı alimlər elitasına daxil olmasına bariz sübutdur. İzzət Nəbiyev 11 monoqrafiya və dərs vəsaitinin, 300-dən artıq elmi məqalə, 50 ixtira üçün müəlliflik şəhadətnaməsinin müəllifidir. Həmin elmi əsərlər bu gün də aktualdır və gənc tədqiqatçılar tərəfindən geniş istifadə edilir.

Professor İzzət Nəbiyev elmlə istehsalatın vəhdətini ön plana çəkmişdir. 1957-ci ildən ömrünün axırına qədər 1993-cü ilə qədər o, eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, respublikamızın, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır.

1969-cu ildə professor İ.Nəbiyev bir qrup həmkarı ilə birlikdə "Avtomatlaşdırma sistemlərinin və texniki vasitələr kompleksinin işlənməsi və Azərbaycan neft sənayesində tətbiqinə görə" SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Professor İzzət Nəbiyev geniş diapazonlu pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsinə, respublikamızın xalq təsərrüfatının prioritet sahələri üçün mühəndis və elmi kadrların hazırlanmasına daim xüsusi diqqət və qayğı göstərmişdir. O, 4000-dən çox yüksək ixtisaslı mühəndisin yetişməsində böyük rol oynamışdır.

İ.Nəbiyev avtomatlaşma və cihazqayırma sahəsində fənlərin Azərbaycan dilində tədrisinin nizamlı sistemini yaratmış ilk və öndər alimlərin sırasında özünə layiq yer tutur. O, respublikada birinci olaraq Azərbaycan dilində "Telemexanika" dərsliyinin müəllifidir. İzzət müəllim onlarca dərs vəsaitinin yazılmasında, redaktə edilməsində, nəşrində və tədris prosesinə tətbiq olunmasında bilavasitə iştirak etmişdir.

Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri, müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.

İzzət müəllim öz xeyirxah, nəcib işləri ilə özünə unudulmaz abidə ucaltmışdır. Azərbaycan Dövlət Neft Akademiyasında vaxtilə onun rəhbərlik etdiyi Avtomatika, telemexanika kafedrasında və yaşadığı binanın divarında görkəmli heykəltəraş Ömər Eldarovun müəllifi olduğu xatirə lövhələri vurulmuşdur.

Görkəmli alim İzzət Nəbiyev həm də gözəl ailə başçısı olmuşdur. Onun tale qisməti Gülarə Bayramova ailə, məişət qayğıları ilə yanaşı elmi-tədqiqat işi ilə də məşğul olmuşdur. Gülarə xanım neft-qaz axtarışı üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Bəli, Nəbiyevlər ailəsi ölkənin tərəqqisinə öz töhfələrini vermişlər. İki oğulRauf və Rəşad da nəslin şərəfli adına layiq yer tuturlar. Hər iki gənc avtomatika və telemexanika ixtisasına yiyələnib. Bəli, İzzət Nəbiyevin yolunu davam etdirən gənclər yüzlərcədir, minlərcədir. Bu gün onlar Neft Akademiyası kimi şərəfli ad almış Azərbaycan Respublikasının bu sahədəki uğurlarında böyük rol oynayırlar.

Bu yaxınlarda Bakıda IV enerji sammiti keçirilmişdir. 14 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Mən qürur hissi ilə demək istəyirəm ki, Azərbaycanda başlanmış enerji layihələri bu gün daha geniş əməkdaşlıq üçün imkanlar açır. Bizim tikdiyimiz boru kəmərləri Azərbaycan neftini Avropa və dünya bazarlarına çıxarır".

İndi Azərbaycanın xaricdən qaz almadığını, Gürcüstana və Türkiyəyə qaz ixrac etdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizdə nəhəng qaz ehtiyatlarının, güclü infrastrukturunun olduğunu vurğulayıb.

Bəli, dünya enerji meydanında möhkəm yer tutan Azərbaycanın bu uğurlarında indi anadan olmasının 85 illiyini qeyd etdiyimiz görkəmli alim, nəcib insan İzzət Nəbiyevin və onun yetişdirdiyi mütəxəssis kadrların əvəzsiz rol oynadıqlarını göstərmək vacibdir.

Ulu öndər Heydər Əliyevin müdrikliklə dediyi "Biz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalıyıq və gənc nəsli bu ruhda tərbiyələndirməliyik kəlamlarını unutmamalıyıq

 

Əliyev T.

 

Respublika.- 2008.- 27 noyabr.- S.7.