XVIII yuxu

 

1961-ci il idi. Mən Teatr İnstitutunda oxuyurdum. Atam Muxtar Nağıyev Bakıya ezamiyyətə gəlmişdi. O vaxt atam Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol-İstismar İdarəsinin rəisi idi. Mənə dedi ki, axşam səni qohumumuz Leyla xanımgilə aparacağam. Mən ondan soruşdum ki, Leyla xanım kimdir? Dedi ki, əsli-köklü irəvanlıdır. Onun atası mənim atamın həm dostu idi, həm də kirvə qohumluğumuz var.

 

Axşamüstü atam, Leyla xanım üçün Naxçıvandan gətirdiyi kişmişi üzümü götürüb köhnə "İnturist"dən birbaşa Zevin küçəsi-4 ünvanında yaşayan Leyla xanımgilə gəldik.

 

Bu ünvan mənə tanış idi. Çünki o vaxt "Ədəbiyyat və İncəsənət" qəzeti bu ünvanda yerləşirdi.

 

Leyla xanım qapını açıb atamı görcək çox sevindi: "Ay mənim Əfşan xalamın yadigarı",- deyib atamı qucaqlayıb öpdü. Biz otağa girəndə, yan otaqdan Gülarə xanım Əliyeva çıxdı və atamla mehribancasına görüşdü.

 

- İndi Heydər də gələcək, biz irəvanlıların paxlalı plovunu çox xoşlayır.

 

Az sonra Heydər Əliyev gəldi. Atamla çox mehriban görüşdülər. Biz süfrə arxasında Leyla xanımın Naxçıvan qovurması ilə paxlalı plovunu yedik. Leyla xanım atamın qardaş-bacılarının necə mehriban olduqlarından ürəkdolusu danışır, uşaqlıq və gənclik illərini vərəqləyirdi.

 

O vaxt Heydər Əliyevin rütbəsi polkovnik idi. Atam mənim Teatr İnstitutunda oxumağımdan, rejissor olmaq həvəsimdən söz açdı. Görkəmli rejissor Tofiq Kazımovun təşəbbüsü ilə Akademik Dram Teatrında səhnə fəhləsi kimi işə düzəlməyimdən danışdı. Mənim bu addımımı Heydər Əliyev razılıqla qarşıladı. Çünki o, özü də hələ uşaq yaşlarından Naxçıvan şəhər Pioner və Məktəblilər Evində görkəmli rejissor və aktyor Miribrahim Həmzəyevin rəhbərlik etdiyi dram dəməyində baş rollarda çıxış etmişdi. "Ağlar və qaralar" tamaşasına görə xüsusi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı.

 

Leyla xanım atamın gəlişinə o qədər sevinirdi ki, tez-tez "Ay mənim Əfşan xalamın yadigarı",- deyirdi.

 

Sonra çay süfrəsində Heydər Əliyev anamla orta məktəbdə birgə oxumaqlarından, Pedaqoji Texnikumu əla qiymətlərlə bitirmələrindən, voleybol komandasının üzvləri kimi məşqçi İbrahimxəlil Axundovun rəhbərliyi ilə 1937-ci ildə birgə Spartakiadaya getmələrindən söhbət açdı.

 

Heydər Əliyev atama və mənə məlum olmayan bir əhvalatı danışdı. Dedi ki, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunun buraxılış məzunlarının venetkası hazırlanan vaxt texnikumun direktoru Kazım Talıbova töhmət verilmişdi. Ona görə ki, venetkada Pakizə Abbasovanın şəkli ən yuxarıda vurulmuşdu. Pakizə isə mülkədarın qızı olduğu üçün Kazım Talıbovu siyasi sayıqlığını itirməkdə günahlandırmışdılar. O isə demişdi ki, Pakizə Abbasova həm dərs əlaçısıdır, həm də qızların içində ən gözəlidir.

 

Bu sözdən sonra atam dönüb mənə baxdı və dedi:

 

- Evimizdə olan venetkada Heydər Əliyevin şəklini sənə göstərərəm.

 

İndi o venetka Heydər Əliyev Fondunda nümayiş etdirilir.

 

1971-ci ildə mən, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyən vaxtı Xanımana Əlibəylinin “Dovşanın ad günü” pyesini hazırladım. Bakıdan gələn Mədəniyyət Nazirliynin nümayəndəsi uğurlu tamaşa üçün məni təbrik etdi. Bunun müqabilində Mədəniyyət Nazirliyindən Adlerin “İzvestiya” sanatoriyasında istirahət etmək üçün mənə “putyovka” göndərdilər. Həmin vaxtı atam da Bakıda ezamiyyətdə idi. Atam mənimlə birgə “İnturist” mehmanxanasında qalırdı. Biz axşamüstü atamla birgə Leyla xanımgilə gəldik. Leyla xanım çoxlu şirniyyat bişirmişdi. Axşamüstü Leyla xanım, atam və mən Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin yanındakı binaya gəldik. Bu binada Heydər Əliyevin bacanağı Fərrux əminin ailəsi yaşayırdı. Biz evə çatanda bu vaxt Zərifə xanım qızı Sevil və oğlu İlham maşından düşdülər. Heydər Əliyev atamı görcək maşından düşdü. “Muxtar Abasoviç”,- deyə onu qucaqladı:

 

– Mən ad günündə iştirak edə bilməyəcəyəm, xaricdən gələn çoxlu qonaqlarım var. Sabah işin sonunda Mərkəzi Komitəyə gəl.

 

Nə isə, məclis başladı, Fərrux əmi qonaqlara xoş gəldiniz dedi. Fərrux əmi o vaxt neft şirkətində rabitə işlərinə rəhbərlik edirdi.

 

Məclisdə Heydər Əliyevin digər bacanağı, həkim Ağəli Babayev, qayını Tamerlan həkim, onun qızı Nigar və bir neçə nəfər tanımadığım şəxs də var idi.

 

Məclis yenicə başlamışdı ki, Amerikadan telefon zəngi gəldi. Danışan şəxs ilk növbədə Heydər Əliyevin qayını Cəmilin səhhəti ilə maraqlandı. Leyla xanım dedi:

 

- Edison, narahat olma, bu gün yanındaydım. Bir-iki günə xəstəxanadan çıxacaq.

 

 

(Leyla xanım Əliyeva ailə üzvləri ilə)

 

Məclis qurtarandan sonra atamla mehmanxanaya gələndə Edisonun kim olduğunu atamdan soruşdum. Atam dedi ki, mənim mühasibim, ordubadlı Əlmərdanovun qardaşı oğludur, böyük alimdir, Amerikada ezamiyyətdədir. Beləliklə, sabah atamın Naxçıvana qayıtması təxirə düşdü, çünki Heydər Əliyev atamı şənbə günü işdən sonra özü ilə Zağulbaya apardı.

 

1971-ci ilin avqust ayının sonunda mən, xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” pyesini hazırlamalıydım. Rolları bölmüşdüm. Baş rolun ifaçısı Naxçıvan teatrının sönməz ulduzu Zəroş Həmzəyeva idi. Bu vaxtı teatrın baş rejissoru Nəsir Sadıqzadə məni kabinetinə çağırıb dedi:

 

- Ramiq, pyesdən imtina et, hazırlama.

 

Dedim, nə üçün Nəsir müəllim?

 

Dedi, mən də hazırlamayacağam. Qoy, rəhbərlik kitabxana işçisi Adil Salmanovu işdən çıxarıb yerinə Miribrahim Həmzəyevi təyin etsin.

 

Mən qaldım ortada. Biri deyir, başla, o biri deyir, başlama.

 

Həmin Nəsir Sadıqzadə “Bəxt üzüyü” filmində veteran rolunun ifaçısıdır. Çox savadlı, istedadlı idi. Xasiyyətində isə problemlər var idi. Nə isə, aralarında olan savaş-söyüş “Eyfel qülləsi”nə çatdı. Mən tez teatrdan birbaş Naxçıvanın mədəniyyət naziri, xalq yazıçısı Hüseyn İbrahimovun yanına gəldim və xahiş etdim ki, teatrda vəziyyət çox gərgindir, məni başqa işə keçirin. Hüseyn müəllim teatrda ikinci rejissor olmadığına görə məni fikrimdən daşındırmağa çalışdı. Amma mənim qəti inadımı görüb, dedi:

 

- Şahbuzda musiqi məktəbinin direktoru vəzifəsi boşdur. İstəyirsən səni ora göndərim.

 

Mən səhərisi günü əmrimi alıb sevincək Şahbuza yollandım. Rayonun birinci katibi Murtuz müəllim məni çox mehriban qarşıladı və rayonun mərkəzində üçotaqlı evlə təmin etdi.

 

Düzü, o vaxt musiqi məktəbi çox bərbad vəziyyətdə idi. Atamdan xahiş etdim ki, məktəbin təmirinə kömək eləsin. O, bir ay ərzində məktəbi yaxşı vəziyyətə gətirdi.

 

Bir gün işin axırına yaxın bir nəfər məktəbə gəlib özünü mənə təqdim etdi. O, mənim yazıçı olduğumu bildiyi üçün ona köməklik göstərməyimi xahiş etdi. Həmin adam kənd məktəbində dərs hissə müdiri Valeh müəllim idi. Mənə bacısı oğlu Şəmilin günahsız yerə tutulub 8 il iş almağını danışdı və bildirdi ki, dəfələrlə Mərkəzi Komitəyə - Heydər Əliyevin adına məktublar göndərməsinə baxmayaraq, bir cavab yoxdur.

 

Demək, hadisə belə olmuşdur. Rayonun Külüs kəndindən 19 yaşlı qız rayona 3 aylıq ticarət kursuna gəlibmiş. Həmin qız uzaq qohumumuz olsa da, bacımgildə qalırdı. Qız bir müddətdən sonra hamilə qalır. Və məhkəmənin hakimi Şəmili məcbur edir ki, qızla evlənsin. Yoxsa 8 il məhkumluq həyatı yaşamalıdır. Bu işdən xəbəri olmayan Şəmil hakimə qəti etirazını bildirir. Beləliklə, hakim Şəmil Qəhrəmanovu 8 il həbs cəzasına məhkum edir.

 

Valeh müəllim bildirdi ki, bu işi törədən şəxs rayonun rəhbər vəzifəsində işləyən bir şəxsin qayınatası olduğuna görə hakim cinayəti ört-bastır etmək üçün bu qərarı vermişdir. Mən Valeh müəllimə dedim:

 

- Siz Mərkəzi Komitəyə hansı poçtla məktub göndərmisiniz?

 

O isə Şahbuzun poçt idarəsindən göndərdiyini söylədi.

 

Dedim, Valeh müəllim, sizin məktubların heç biri Şahbuz rayonundan çıxmayıb. Siz mənə 3 gün möhlət verin, sonra yanıma gəlin, mən sizə yolunu göstərərəm. Mən Şamilin günahsız olduğunu bilmək üçün rayonun ziyalı adamları ilə görüşüb söhbət etdim. Atamın dostları Manaf Xudiyev, Əsəd Quliyev, Məmməd Həşimovla görüşdüm. Onlar Şəmilin günahsız olduğunu söylədilər. Mən Valeh müəllimlə ikinci görüşümdə dedim:

 

- Valeh müəllim, Siz Heydər Əliyevin adına məktub yazıb mənə gətirin. Mən Heydər Əliyevin qayınanası Leyla xanıma öz adımdan məktub yazıb xahiş edəcəyəm ki, bu məktubu Heydər Əliyevin özünə çatdırsın.

 

Leyla xanım mənim məktubumu özü şəxsən Heydər Əliyevə çatdırmışdır. Bu məktub söhbətindən 1 ay keçməmiş xəbər yayıldı ki, Şəmili həbsdən azad ediblər.

 

Şəmilin atası Məhəmməd kişi hərbi komissarlıqda gözətçi işləyirdi. Nurani, sakit adam idi. Bu xəbəri eşidən rayon camaatı onun evinə hər gün quzu, çəpiş, toyuq-cücə gətirirdi.

 

Şəmil danışdı ki, məni türmədən çıxarıb Bakı-İrəvan qatarına mindirdilər: “Düzü, əvvəl elə bildim ki, məni Naxçıvan türməsinə aparırlar. Qatar Naxçıvandan tərpənəndə məni qorxu bürüdü. Düşündüm ki, yəqin məni İrəvan türməsinə göndərirlər. Qatar İliç stansiyasında dayandı. Məni düşürüb rayon milis şöbəsinə gətirdilər və bildirdilər ki, sən həbsdən azad olunmusan, evin telefon nömrəsini de, zəng edək, gəlib aparsınlar. Düzü, həyacanımdan evimizin nömrəsini yadıma sala bilmədim. Dedim, bizim ev Şahbuzda rayon milis şöbəsinin qonşuluğundadır. Sonra qardaşlarım, qohumlarım İliç rayonuna gəlib, məni Şahbuza apardılar”.

 

Bu hadisədən 10-15 gün sonra Şahbuzun kuratoru olan “KQB” işçisi Nadir Əfəndiyev mənimlə görüşəndə dedi:

 

- Gizli-gizli işlər görürsən Ramiq Muxtar, elə bilirsən sənin yazdığın məktubla Şəmili açıb həbsdən buraxdılar? Bu işi dərindən öyrənmək üçün Heydər Əliyev Bakıdan polkovnik rutbəli bir şəxsi Şahbuza - avtotəmir zavoduna ezamiyyətə göndərmişdi. O isə 3 gün rayonda qalandan sonra gedib Şəmilin günahsız olduğunu bildirmişdir. Düzdür, Heydər Əliyev o cinayəti törədən adamı işdən qovdurdu. Respublikanın adına ləkə gəlməsin deyə, məsələnin açıqlanmasına yol vermədi. Çünki onun kürəkəni çox səviyyəli, gözəl və perspektivli partiya işçisi idi.

 

Bu hadisədən 7 il sonra Heydər Əliyev məni Mərkəzi Komitənin Bürosunda Naxçıvan Muxtar Respublikasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri təyin edəndə, Mərkəzi Komitənin şöbə müdiri Fikrət Əhmədovun yanında bu sözləri dedi:

 

- Vaxtilə sənin Leyla xanıma yazdığın məktuba görə mən o günahsız oğlanı həbsdən azad etdirdim. Lakin o günahı törədən şəxsə daha ağır cəza verilməli idi. Mən onu kürəkəninə görə həbs etdirmədim.

 

Allah həm Ulu öndərimiz Heydər Əliyevə, həm də Leyla xanıma rəhmət eləsin! Çox şükürlər olsun ki, həyatda yaxşı insanlar pis qüvvələri üstələyir.

 

Ramiq MUXTAR

Şair-dramaturq,

Prezident təqaüdçüsü

 

 

Reytinq.- 2019.- 19 yanvar.- S.11.