NABUCCO layihəsi yenidən gündəmdə

 

Əli Məsimli: "Azərbaycan layihədə həm ixracatçı, həm də tranzit ölkə kimi iştirak edə bilər"

 

Cənubi Qafqaz regionu ilə bağlı geosiyasi proseslərdə dinamikanın yenidən artması bölgə ilə bağlı bir sıra məsələləri də gündəmə gətirib. Qeyd edək ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun müddətini uzatması və açıq şəkildə Ermənistanın təhlükəsizliyini öz üzərinə götürdüyünü bəyan etməsi regiondakı proseslərə təkcə siyasi baxımdan deyil, eyni zamanda, hərbi nöqteyi-nəzərdən də öz təsirini göstərə bilər. Bu baxımdan da son günlər Azərbaycan və Gürcüstanın yenidən təhlükəsizlik məsələləri gündəmə gəlib. Yaranmış vəziyyətlə bağlı bu ölkələrin hansı addımları atacağı, hələlik, bəlli olmasa da, proseslərin gedişindən görünən odur ki, Şimaldan gələn təhlükə ilə bağlı bu ölkələr birgə hərəkət etmək niyyətindədirlər. Çünki bu ölkələrin təcrübəsində artıq belə bir praktika var.

  

NABUCCO layihəsi yenidən Avropanın diqqətində

 

90-cı illərin əvvəllərində Rusiyanın dəstəyi sayəsində Azərbaycan ərazilərinin işğal edilməsinə, Gürcüstanda isə separatçı qüvvələrin aktivləşərək, ölkənin ərazilərinin bir hissəsində nəzarəti öz əlinə almasına baxmayaraq, yaranmış geosiyasi gərginlikdən Azərbaycan və Gürcüstan birgə çıxmağa nail ola bildi. Ümummilli lider Heydər Əliyevin həm ölkə daxilində, həm də ölkə xaricində yaranmış problemlərə, eləcə də, Moskvadan açıq şəkildə edilən təzyiqlərə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması olduqca düşünülmüş və uzaqgörən siyasət olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün bir qarant rolunu oynadı. Ulu öndərin böyük risqə gedərək ölkənin ağır vəziyyətində əsasını qoyduğu Azərbaycanın Neft Strategiyası Bakı-Tiblisi - Ceyhan əsas ixrac boru kəməri və daha sonra Bakı-Tbilisi-Ərzurum qaz xəttinin işə düşməsindən sonra ölkə iqtisadiyyatının sürətli inkişafında öz nəticəsini göstərdi. Düşünülmüş və uzaqgörən siyasət, möhkəm iradə və qətiyyətli mövqe sayəsində Azərbaycanın enerji ehtiyatları Gürcüstan və Türkiyə üzərindən dünya bazarına çıxarıldı. Azərbaycanın belə imkanları bu gün də qalır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət, ölkəmizin öz enerji ehtiyatlarının şaxələndirilmiş variantlarla nəqlinə dair ortaya qoyduğu mövqe Azərbaycana hər zaman maraq yaradır.

Onu da qeyd edək ki, Azərbaycanın yalnız əlverişli strateji bölgədə yerləşməsi, enerji resurslarının zənginliyi baxımından deyil, eləcə də, tranzit ölkə kimi Qərb ölkələri üçün hər zaman maraqlı və cazibədar ölkədir. Bu baxımdan da, bir neçə ildən bəridir ki, müzakirə mövzusu olan NABUCCO qaz layihəsinin reallaşdırılmasında Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Avropa ölkələrinin Rusiyadan qaz asılılığını aradan qaldırılmasını nəzərdə tutan bu layihənin reallaşdırılması ilə bağlı bir sıra problemlər ortaya çıxsa da, artıq layihənin gerçəkləşdirilməsi ilə bağlı siyasi qərar verilib. Artıq Azərbaycan da bu layihənin reallaşdırılmasına tərəfdar olduğunu bəyan edib. Layihənin texniki baxımdan reallaşdırılmasına start verilməsi Avropa ölkələri arasında olan bəzi fikir ayrılıqları səbəbindən bir qədər geciksə də, iqtisadçı ekspertlər tikinti işlərinə bu ilin sonları gələn ilin əvvəllərində başlanılmasının mümkünlüyünü istisna etmirlər. Hətta bəzi ekspertlər regionda yaranmış son durumun NABUCCO ilə bağlı proseslərin daha da sürətləndirilməsinə təkan verməsini də mümkün sayırlar.

 

Azərbaycanın mövqeyi  əsasdır

 

Məsələ ondadır ki, Rusiya ilə qaz sahəsində əməkdaşlıq edən bəzi Avropa ölkələri Moskvanın NABUCCO-ya qarşı çıxdığını nəzərə alaraq Rusiya ilə öz münasibətlərinə xələl gətirməkdən bir qədər ehtiyatlanaraq, layihə ilə bağlı əsas ağırlığı Azərbaycanın üzərinə qoymağa çalışsalar da, rəsmi Bakının layihədə iştirakçılardan biri olacağını bəyan etməsi hər ilin qış mövsümündə Rusiyanın "qaz şantajı" ilə üzləşən Avropa ölkələrinin bununla bağlı siyasətindən təsirsiz ötüşməyib. Artıq NABUCCO-nun reallaşmasına dəstək verən bir sıra Avropa ölkələrinin rəsmi şəxsləri layihənin gerçəkləşməsi ilə bağlı tərəfdaş ölkələrin ciddi addımlar atılmasının vacibliyini bəyan etməyə başlayıblar. Qeyd edək ki, Avropa ölkələrinin mövqeyində nəzərə çarpan bu dəyişikliyin əsas səbəblərindən biri də Azərbaycanın ötən il Rusiya və İranla qaz ixracı sahəsində əməkdaşlığa başlaması oldu. Eyni zamanda, artıq Azərbaycan öz qaz ehtiyatlarının bir hissəsinin  sıxılmış şəkildə ixracı ilə bağlı da anlaşmaya imza atıb. Bu isə istər - istəməz NABUCCO-nun gerçəkləşdirilməsinə maraqlı olan ölkələri bu layihə ilə bağlı qəti qərar qəbul etmək zərurəti ilə üz-üzə qoyub. 

Lakin qeyd etmək lazımdır ki, NABUCCO-nun reallaşması Azərbaycanın da marağında olan məsələdir. Nəzərə alınsa ki, Azərbaycanın "Şahdəniz" yatağında kifayət qədər qaz ehtiyatları var və bu qazın böyük bir hissəsini Avropa bazarlarına ixracı üçün əlavə bir kəmərin olmasına da ehtiyac var. Bu baxımdan, NABUCCO-nun reallaşması ölkəmizin zəngin qaz ehtiyatlarının nəqlində mühüm əhəmiyyət kəsb edə bilər. Digər tərəfdən isə, regionda BTC əsas ixrac boru kəməri, Bakı-Ərzurum qaz kəmərindən sonra, üçüncü bir enerji layihəsinin reallaşdırılması  Azərbaycanın dünya ölkələri arasında həm siyasi, həm də iqtisadi baxımdan mövqeyinin daha da güclənməsinə gətirib çıxara bilər. Azərbaycan isə bu layihədə həm qaz ixracatçısı, həm də tranzit ölkə kimi iştirak etməklə Avropanın enerji təhlükəsizliyinin təminatında öz rolunun nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoya bilər.

 

Bu gün Azərbaycan NABUCCO üçün yeganə qaz mənbəyidir

  

Milli Məclisin İqtisadi-Siyasət Daimi Komitəsinin üzvü, millət vəkili Əli Məsimli də NABUCCO layihəsi ilə bağlı proseslərin yenidən aktuallaşacağını istisna etmir. "Səs"ə açıqlamasında millət vəkili bildirib ki, regionda yaranmış siyasi vəziyyət də layihənin reallaşdırılması ilə bağlı qəti addımların atılmasını zəruri edir. NABUCCO - nun həyata keçirilməsi ilə bağlı ortaya çıxan problemlərə toxunarkən, Ə.Məsimli qeyd edib ki, burada Avropa ölkələrinin bəzi məsələlərlə bağlı qeyri-müəyyən mövqe tutması rol oynayıb. "Amma artıq vəziyyət hər kəsə aydındır. Avropa ölkələrində də başa düşürlər ki, onların qaz təminatında Azərbaycan həm tranzit, həm də qaz mənbələrindən biri kimi iştirak edə bilər". Millət vəkili bildirib ki, NABUCCO-nun reallaşması əsasən Türkmənistan qazının bu kəmərlə daşınmasıa hesablansa da, faktiki olaraq, hələlik, kəmərlə öz qaz ehtiyatlarının bir hissəsinin nəqlinə Azərbaycan razılıq verib. " Bu baxımdan da, NABUCCO üçün bu gün Azərbaycan yeganə qaz mənbəyidir".

Türkmənistanın layihədə iştirakı ətrafında yaranmış qeyri-müəyyənlik barədə danışarkən, millət vəkili burada da yenə əsas problemin Rusiya faktoru olduğunu deyib. Ə. Məsimli Türkmənistana bu məsələ ilə bağlı Rusiya tərəfdən müxtəlif istiqamətlərdə təzyiq göstərildiyini  söyləyib. "Amma son vaxtlar artıq Türkmənistanın da mövqeyində bir aydınlaşma görünür. Türkmənistan öz qaz ehtiyatlarının şaxələndirilmiş marşrutlarla nəqlinə maraqlı olduğunu bəyan edib".Ə. Məsimlinin fikrincə, Rusiyanın NABUCCO-ya qarşı çıxması bir tərəfdən öz siyasi-iqtisadi maraqları və Avropa ölkələrini öz asılılığında saxlamaqdır. Digər tərəfdən isə, Rusiya hələ də MDB məkanındakı ölkələrə münasibətdə öz imperialist maraqlarından çıxış etdiyindən bu ölkələrin enerji ehtiyatlarının müstəqil şəkildə ixrac edilməsi ilə razılaşmaq istəmir.

 

NABUCCO ilə bağlı toqquşan maraqlar var

  

 Millət vəkili onu da bildirib ki, Azərbaycanın öz enerji siyasətini müstəqil şəkildə aparması Rusiya tərəfindən birmənalı qarşılanmadığından rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müxtəlif vasitələrlə mane olmağa çalışır. Rusiyanın Azərbaycandan əsas istəklərinin həm də enerji məsələləri ilə bağlı olduğunu qeyd edən millət vəkili bütün bunlara baxmayaraq, rəsmi Bakının öz enerji siyasətini müstəqil şəkildə davam etdirdiyini və öz enerji daşıyıcılarının şaxələndirilmiş variantlarla nəqlinə maraqlı olduğunu bildirib. Ə. Məsimli hesab edir ki, NABUCCO layihəsinin reallaşdırılmasına nə qədər tez başlanılsa, Avropa ölkələrinin Rusiyadan qaz asılılığı da bir o qədər tez aradan qalxa bilər. Eyni zamanda, bu, Rusiyanın hədəfində olan Cənubi Qafqaz ölkələrinin müstəqilliklərinin qorunub saxlanılması, eləcə də, təhlükəsizliklərinin təminatı baxımından da mühüm əhəmiyyət kəsb edəcək.

Ə.Məsimli  NABUCCO layihəsi ilə bağlı müzakirələrdə rəsmi Bakının DQ münaqişəsinin həlli məsələsini də önə çəkməsini vacib sayır. "Güman edirəm ki, bu layihə ilə bağlı proseslər yenidən aktuallaşacaq. Müzakirələr zamanı Azərbaycan özünə elə bir mövqe seçməlidir ki, necə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq, Avropa ölkələri də Azərbaycanın bir nömrəli əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmin mövqedən çıxış etməlidirlər".

Onu da qeyd edək ki, hələlik, ekspertlərin NABUCCO layihəsi ilə bağlı proqnozları fərqlidir. Bəzi ekspertlər hesab edir ki, kəmərin nə vaxt istismara verilməsi barədə yalnız tikinti işləri başlandıqdan sonra proqnoz vermək mümkün olacaq. Bununla belə, kəmərin 2014-2015-ci illərdən tez hazır olmayacağına da dair proqnozlar var. Millət vəkili isə hesab edir ki, kəmərin nə vaxta hazır olması tikinti işlərinə nə qədər tez start verilməsindən asılı olacaq.

 

 

Vüsalə RAFİQQIZI

 

Səs.- 2010.- 25 avqust.- S. 8.