Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq gücünə malik partiya yoxdur

 

Nizami Cəfərov: "Radikal müxalifət hər zaman boş danışıqlarla heç nəyə nail olmayıb və olmayacaq da"

 

- Nizami müəllim, seçkiləri  ölkənin  ictima-siyasi həyatındakı rolunu necə şərh edərdiniz?

- Azərbaycanın ictimai-siyasi həyatında  parlament  seçkiləri  prezident seçkilərindən sonra  ən mühüm məsələdir  və demokratikləşən cəmiyyətin inkişafının  göstəricisidir. İndiyə qədər nə qədər seçki keçirilibsə, hamısı çox yüksək səviyyədə başa çatıb. Çox aydın şəkildə hiss olunur ki, hər  seçkidə  seçicilərin fəallığı artır, seçimdə keyfiyyət göstəricisi yüksəlir. Beləliklə də, Azərbaycanın parlamenti dünyanın ən müasir parlamentləri səviyyəsinə qalxır. Bu, Azərbaycanda gedən iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni, intellektual inkişafın nəticəsidir. Beynəlxalq təşkilatlarının, qeyri-hökumət təşkilatlarının müşahidəçi, analitik-təhlilçi qismində bu ilin payızında keçiriləcək parlament seçkilərinə cəlb olunacağı şübhəsizdir.  Qarşıdan gələn parlament seçkilərində əvvəlki dövrlərin təcrübələri nəzərə alınacaq və seçkilər  çox yüksək demokratik ab-havada keçiriləcək. Demokratik prinsiplərin bərqərar olduğu ölkəmizdə insanların seçkiyə getməsi, seçim etməsi, öz seçki hüquqlarını gerçəkləşdirə bilməsi üçün hər cür şərait mövcuddur.

- Azərbaycanda seçki ənənəsi demokratik mühitin prinsipinə nə dərəcədə uyğundur?

- Beynəlxalq qurumlar müxtəlif mərhələlərdə dəfələrlə Azərbaycanda keçirilən seçkiləri qiymətləndiriblər. Hər seçkidən-seçkiyə demokratiyanın, seçkilərin obyektivliyinin  yüksəlməsi qeyd olunub. Azərbaycanda azad şəkildə keçirilən bələdiyyə, parlament və prezident seçkiləri demokratiyanın göstəricisi hesab olunub. Yəni  hər  seçkilərdən sonra, həmişə bu cəhət qeyd olunub ki, ölkəmizdə çox yüksək səviyyəli seçki keçirilir.

- Azərbaycan Seçki Məcəlləsinə Venesiya Komissiyasının tövsiyələri əsasında dəyişikliklər edilib. Bu dəyişiklikliyi necə dəyərləndirirsiniz?

- Seçki Məcəlləsinə Yeni Azərbaycan Partiyasının təklifi ilə son dəyişikliklər edilib. Bu dəyişiklik Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsinə çox ciddi bir töhfə olacaqdır. Azərbaycan Seçki Məcəlləsində beynəlxalq təcrübə hər zaman nəzərə alınıbdır. Seçki kampaniyasının müddətinin azaldılmasını Azərbaycan cəmiyyəti də, dünyada da qəbul edir. Çünki  vaxtı uzatmağa ehtiyac da yoxdur. Zaman keçdikcə həm beynəlxalq təcrübəni, həm də Azərbaycanın özündə qazanılmış seçki təcrübəsini nəzərə alaraq edilən bu dəyişikliklər kifayət qədər müsbət və mütərəqqi dəyişikliklərdir. Mən tərəfdarıyam ki, seçki kampaniyası müddəti gələcəkdə bir az da azadılsın.Bütün dairələrin seçiciləri seçdikləri millət vəkilinin fəaliyyətini izləməlidir. Eyni zamanda, düşünməlidirlər ki, onları hansı millət vəkili daha yaxşı təmsil edəcək. Seçicilərlə seçilənin münasibəti daimi olaraq davam etməlidir. Sovet sosialist dövrünü yaşamış bir millətik. Məlum məsələdir ki,  sovet dövründə seçkilər çox formal bir şəraitdə keçib. Demokratiyayla üst-üstə düşməyən müəyyən prinsiplər var idi. Ulu öndər Heydər Əliyevin böyük iradəsi sayəsində ölkəmizdə demokratiya bərqərar olundu. Bütün seçkilər tam azad, şəffaf, demokratik şəraitdə keçirilməyə başladı. İnsanlara  seçim azadlığı verildi , sərbəst seçkilərdə iştirak etmə hüququ qazandılar. Əvvəllər seçki kampaniyasına çox vaxt  ayrılırdısa, indi bu problem aradan qaldırılır.

- Seçkilərdə özünü doğrulda  bilməyən, ictimai dəstəkdən məhrum olan müxalifət partiyaları indidən parlament seçkiləri ilə bağlı əsası olmayan ittihamlar səsləndirirlər. Onların bu cür məntiqsiz mövqeyini necə şərh edərdiniz?

- Müxalifətin məntiqsiz mövqeyi, bir  qayda olaraq, missiya olubdur. İqtidarın gördüyü hər müsbət işi pisləmək onların adətidir. Məlumdur ki, dağıdıcı, aqressiv, radikal müxalifət  hər zaman kənardan boş danışıqlarla heç nəyə nail olmayıb və olmayacaqdır. Amma çox müsbət bir haldır ki, onlara inananların sayı get-gedə azalır və demək olar ki, yox səviyyəsindədir. Çünki Azərbaycanda gedən prosesləri hər bir vətəndaş görür. Təbiidir ki, get-gedə müxalifətin müxalifətçilik etməsi cəmiyyətdə maraq doğurmur və müxalifətin miqyası da daralır. Əslində, belə də olmalıdır. İndidən müəyyən provakasyon  xarakterli  fikirlər söyləməyə başlayırlar ki, guya  seçkilər anti-demokratik olacaqdır.Onların boş fikirləri seçkilərin uğurla, müvəffəqiyyətlə keçməsinə heç vaxt mane olmayacaqdır.

- Parlament seçkilərinin azad, demokratik və yüksək rəqabət şəraitində keçəcəyi bəlli olsa da, bu seçkilərin liderinin, qalibinin kim olacağının siz tərəfindən qeyd olunması maraqlı olardı?

- Əlbəttə, seçkilərin qalibi YAP  olacaqdır. YAP-ın bütün addımları xalqın və dövlətin rifahına hesablanıb. Hər kəs güvəndiyi, inandığı, dəstəklədiyi insana səs verməlidir. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayaraq, dövlətin sabahı üçün öz iradəsini ortaya qoyacaqdır. Seçicilər inandıqları millət, dövlət üçün bir vətəndaş məsuliyyəti yaşayan namizədlərə səs verəcək. Bu gün kənardan hər hansı bir qüvvənin cəmiyyətin istəyinə müdaxiləsi mümkün deyil. Azərbaycan xalqı bugünkü inkişafından çox razıdır. Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkə hüdudları daxilində, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb. Üçüncü çağırışda parlamentin, keyfiyyəti, iş qabiliyyəti kifayət qədər yüksək idi və qarşıdan gələn parlament seçkilərində də YAP böyük səs çoxluğu ilə qalib gələcək. Parlamentimiz müxtəlif tərkib etibarı ilə çox rəngarəngdir.Bütün sahələri təmsil edən millət vəkilləri var. Azərbaycan Prezidentinin yürütdüyü siyasəti, bir qayda olaraq, dəstəkləyirik. Bu gün Azərbaycan cəmiyyəti inkişafın ən yüksək mərhələsindədir. Ölkəmizin əldə etmiş olduğu iqtisadi-siyasi potensial imkan verir ki, istənilən məsələdə ən yüksək səviyyəli nəticə əldə edilsin.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2010.- 10 iyul.- S. 6.