Sumqayıt şəhər Uşaq Kitabxanasının Veb-saytı yaradılıb

 

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" əsasında həyata keçirilib

 

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə Sumqayıt şəhər Uşaq Kitabxanasının Veb-saytı yaradılmış və oxucuların istifadəsinə verilmişdir (http://www.sum-child.az). Sumqayıt şəhər Uşaq Kitabxanasının saytında kitabxana haqqında, habelə, kitabxananın fondunda olan yeni və maraqlı kitabların elektron variantı oxuculara təqdim edilir. Veb-saytda ilk dəfə olaraq oxucuların kitabxana haqqında fikirləri, hər il keçirilən ənənəvi kitab bayramı haqqında məlumat verilmişdir. Sumqayıt şəhər Uşaq Kitabxanasının saytında, eyni zamanda, gənclər şəhəri Sumqayıt haqqında ətraflı informasiya verilmişdir. Saytda ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinə 16 dəfə səfər etməsi və bu səfərlər haqqında məlumat, fotoşəkillər əks olunmuşdur. Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar Veb-saytda "Ekologiya" bölməsi yaradılmışdır. Bu bölmədə ekologiya haqqında məlumat, ekologiya sahəsinə dair rəsm müsabiqəsinin qaliblərinin çəkdikləri rəsmlər, habelə, Azərbaycanın görkəmli şəxsiyyətlərinin ekologiya, təbiət haqqında kəlamları verilmişdir. Saytda erməni şovinistləri tərəfindən 1988-ci ildə xüsusi hazırlanmış və Sumqayıtın 40 illik tarixinin ən acı səhifəsi olan "Sumqayıt hadisələri" linkində məlumat və elektron kitablar oxuculara təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın Tədbirlər planının 2.2.10. bəndinin icrası məqsədi ilə şəhər Uşaq Kitabxanasında yaradılan Uşaq Hüququ-İnformasiya Mərkəzi haqqında, habelə, yol hərəkəti qaydaları, ilk dəfə olaraq, bu saytda məlumatlar verilmişdir. Dost saytlarımız linkində isə respublikada Veb-saytları olan kitabxanaların siyahısı verilmişdir. Siyahıda verilən kitabxanaların saytlarına birbaşa daxil olmaq mümkündür.

 

 

Zümrüd

 

Səs.- 2010.- 13 iyul.- S. 12.