Bakı-Tbilisi-Ceyhan: Bu gün əsas ixrac boru kəmərinin açılışından 4 il ötür

 

Prezident İlham Əliyev: "Neft Azərbaycan üçün son məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün bir vasitədir"

 

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çox böyük uzaqgörənliklə işləyib hazırladığı və 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə  "Əsrin müqaviləsi"nin imzalanması ilə başlayan neft strategiyasının həyata keçirilməsində ən təntənəli, dünya əhəmiyyətli hadisələrdən biri baş verib.

Xalqın təkidli tələbi ilə dövlət hakimiyyətinin sükanı arxasına qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyi bərqərar edərək, kənar təzyiqlərin getdikcə artması fonunda danışıqlar apararaq, "Əsrin müqaviləsi"nin reallaşmasına nail oldu. Prinsipial xarakterə malik ulu öndər Heydər Əliyev kənar maneələri dəf edərək, Qərbin aparıcı şirkətlərini bu müqavilənin perspektivinə inandırdı. Beləliklə, Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda razılığa gələn ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsaslarını yaratdı.

Sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan layihəsinin birbaşa təşəbbüskarı olan ulu öndər Heydər Əliyev Azərbaycanın qarşısında yeni üfüqlər, imkanlar açacaq, ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulan, kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç prezident aydın şəkildə bildirdilər ki, əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olmalıdır və bununla da kəmərin reallaşması üçün siyasi qərar verilmiş oldu. 1998-ci il oktyabrın 29-da, Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsinin imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunsa da "Əsrin müqaviləsi" imzalanandan sonra zəruri kəmərlərin hansı ölkələrdən keçəcəyi məsələsi uzun müddət müzakirə olunan aktual məsələlərdən biri kimi əsas müzakirə obyekti idi. İlk gündən bununla əlaqədar müxtəlif təklif və ideyalar irəli sürülür, hətta bəzi dövlətlərin rəsmi Bakıya kənar təzyiq cəhdləri özünü qabarıq büruzə verirdi. Qarşılıqlı inamsızlıq üzündən bəzən bu istiqamətdə aparılan müzakirələr nəticəsiz qalırdı. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik, milli təəssübkeşlik iradəsi, o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin isə danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharəti, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edildi.

Bütün bunların nəticəsi olaraq, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı.

Rəsmi açılış gününədək Ceyhan limanından 4,8 milyon barrel neft yüklənmiş 7 tanker yola salınmışdır. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənib. Layihənin operatoru bp şirkətidir. Kəmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), ARDNŞ (25 %), Şevron (8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir.

2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimindən 4 il ötür. Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan xam neftin Ceyhan terminalına çatması ilə yeni neft strategiyasının həyata keçirilməsində yeni mərhələ başlandı və üç dənizin əfsanəsi reallığa çevrildi. Əlverişli coğrafi mövqe və imkanlara malik olan qlobal enerji və ticarət mərkəzinə çevrilən Ceyhan terminalı İraq nefti ilə yanaşı, Xəzər, Orta Asiya, Qazaxıstan neftini də dünya bazarlarına çatdırmağa imkan verən potensialına görə həmin gün yeni status qazandı. Azərbaycanın Xəzər dənizindəki sektorundan çıxarılacaq neftin Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini nəzərdə tutan bu layihənin baş tutacağına inanmayanlar, onun həyata keçirilməsinə mane olan qüvvələr də az deyildi. Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi cəsarəti, habelə, Gürcüstan və Türkiyə rəhbərlərinin iradəsi, ABŞ-ın yaxından dəstəyi, beynəlxalq maliyyə qurumlarının köməyi sayəsində layihənin həyata keçirilməsi gerçəyə çevrildi.

2006-cı ildə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində geniş nitqində bildirib ki, biz istəyirik neft Azərbaycana sülh, inkişaf gətirsin, əməkdaşlıq gətirsin, xalqımızın rifah halı yaxşılaşsın. Əlbəttə ki, bütün görülən işlər bu məqsədi güdür. Prezident İlham Əliyev bu məsələ ilə bağlı ABŞ-ın fəaliyyətini yüksək qiymətləndirərək qeyd edir: "Biz Amerikanın dəstəyini bütün dövrlərdə hiss etmişik, ona arxalanmışıq və o dəstək bəzi məqamlarda həlledici rol oynamışdır. Həm "Azəri-Çıraq-Günəşli" neft yataqlarının işlənilməsində və həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında Amerika hökumətinin dəstəyi çox önəmli olmuşdur. Biz bunu çox yüksək qiymətləndiririk və buna görə Amerika hökumətinə minnətdarıq".

Mərasimdə Türkiyə Prezidenti Əhməd Necdət Sezər siyasi həmkarları ilə həmrəy olduğunu bildirərək, qeyd edib ki, enerji bütün sivilizasiya tarixi boyu insan oğlunun əsas ehtiyacları sırasında olmuş, fərdlərin enerjiyə olan bağlılığı enerjini qlobal səviyyəyə çıxarmışdır: "Texnoloji inkişaf və qloballaşmanın sürətlənməsi enerji məsələsini yaşadığımız XXI əsrdə daha mühüm yerə gətirmiş, enerji ilə əlaqədar problemlərin beynəlxalq məsələlər arasında ön plana çıxması ilə nəticələnmişdir. Bu gedişat hər bir ölkənin enerjiyə daha böyük əhəmiyyət verməsinə, enerjinin milli müstəqillik və təhlükəsizliyin əsas amillərindən biri olaraq qəbul edilməsinə şərait yaratmışdır".

Ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan xam neftin Ceyhan terminalına çatması ilə Azərbaycan müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu bir daha təsdiqlədi. Bu əlamətdar hadisə, eyni zamanda, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının möhkəm elmi təməllər üzərində qurulduğunu və region dövlətlərini uğurlu inkişaf modelinin təmtənəsi idi.

Heydər Əliyev adına Ceyhan terminalının açılış mərasimində çıxış edən natiqlər bugünkü uğurun qazanılmasında Heydər Əliyevin xidmətlərini təkrar-təkrar yad etmişlər. Prezident İlham Əliyev bütün bunlara cavab olaraq mərasim iştirakçılarına və ölkə rəsmilərinə öz minnətdarlığında ifadə edir ki, bu gün mən çox xoşbəxtəm ki, buradayam: "Ceyhan terminalına da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. Bu, təsadüfi deyildir. Heydər Əliyevin adını həm Bakı-Tbilisi-Ceyhan, həm də Ceyhan terminalı daşıyır. Heydər Əliyev bu layihələrin təşəbbüskarı, onların memarı olmuşdur. Mən bu gün çox təəssüf edirəm ki, O, bu günləri görmədi. Allah Ona bunu nəsib etmədi. Amma inanıram ki, onun ruhu bu gün bizimlədir. Bizimlə bərabər onun ruhu bu gün şaddır. Azərbaycan, Gürcüstan və Türkiyənin işbirliyi, qardaşlığı, əməkdaşlığı bundan sonra da möhkəmlənəcək və bizim bölgəyə sülh, sabitlik gətirəcəkdir".

Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alır. Bütün bunlarla yanaşı, 2006-cı ilin iyul ayında Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsi iqtisadiyyatın daha yüksək templə inkişafının təmin edilməsi baxından yeni maliyyə bazasının əsasını yaratdı. Prezident İlham Əliyev Azərbaycan neftinin Ceyhan terminalına çatması ilə əlaqədar xalqa müraciətində bu layihənin ölkəmizə daha böyük uğurlar gətirəcəyini bəyan edərək qeyd edir ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu danılmazdır və çox əhəmiyyətlidir: "Azərbaycan 15 ildir ki, müstəqil ölkə kimi yaşayır. Bu 15 il ərzində biz bütün dünyaya sübut etdik ki, müstəqil ölkə kimi yaşaya bilərik və biz öz siyasətimizi Azərbaycan xalqının maraqları üzərində qururuq, biz Azərbaycanı dünya birliyinə sürətlə inteqrasiya edirik. Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir, ölkə daxilində olan sabitlik və vətəndaş həmrəyliyi möhkəmlənir və müstəqil ölkə kimi Azərbaycan bundan sonra da yaşayacaq və əbədi yaşayacaqdır".

Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının uğurları getdikcə özünü daha qabarıq göstərir və ölkə iqtisadiyyatının dinamik inkişafına ciddi təkan verir.

Dövlət başçısı neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin inşası yolu ilə iş yerlərinin açılmasını, əhalinin sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsini özünün iqtisadi siyasətində prioritet vəzifə kimi nəzərdən keçirir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, neft Azərbaycan üçün son məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün bir vasitədir.

 

 

ELŞAD HACIYEV

 

Səs.- 2010.- 15 iyul.- S. 8.