Prezident İlham Əliyevin imzaladığı Sərəncam milli poeziyanın söz ustadının sənətinə diqqətin nümunəsidir

 

"Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım"

 

Çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək, onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapan Mirzə Ələkbər Sabir bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banilərindən biridir. "Molla Nəsrəddin" jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil etdiyindən, o, Azərbaycan ədəbiyyatının klassikləri sırasındadır.

 Milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək məqsədi ilə dünən Prezident İlham  Əliyev cənablarının imzaladığı Sərəncam Azərbaycan milli poeziyasının görkəmli söz ustadının sənətinə olan diqqətin bir nümunəsidir.  

Prezidentin Sərəncamı əsasında  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəklər. Bu irimiqyaslı tədbirlər planına müvafiq olaraq, görkəmli şairin həyat və fəaliyyəti geniş səpkidə qeyd olunacaqdır.

Azərbaycan ədəbiyyatına töhfələrini vermiş şairin irsi milli düşüncəmizə, milli ruhumuza dəyərlər aşılayan bir xəzinədir. Bu xəzinənin daxilində insanı bir varlıq olaraq yaşadan və ucaldan keyfiyyətlər var ki, zamanın mühakiməsində bu dəyərlər bəşəriləşir.  Bu və ya digər keyfiyyətləri Mirzə Ələkbər Sabirin keçdiyi yaradıcılıq və həyat yolunda görə bilirik.

Kiçik yaşlarından əziyyətli, yoxsul bir ömür yaşayan Sabirin həyat təcrübəsi, qarşılaşdığı insanlar və yaşadığı mühit qələm sahibi etdi.  Onun həyat bioqrafiyasına diqqət etdikdə, görürük ki, atası kiçik baqqal dükanı olan dindar bir insan olduğundan, balaca Ələkbəri də gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda, onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur

 

Tutdum orucu irəmazanda,

Qaldı iki gözüm qazanda,

Mollam da döyür yazı yazanda.

 

Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsusilə, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.

Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şeirlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib, tez-tez onu məzəmmət edirmiş. Hətta onun şeir dəftərini də cırıb atmışdır. Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şeir yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində, o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir. Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə, o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq, o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi. Bütün bu hadisələrə baxmayaraq, Sabir sənət yoluna çıxır və mənəvi tələbatı maddiyyatı üstələyir. XX əsrin əvvəllərindən başlayaraq, Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə, o,"Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə işıq üzü görən  "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb, onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq, Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

   1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

   1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra, o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.

 Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu.Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi. 1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair, eyni zamanda, "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında, o, müalicə üçün Tiflisə gedib, dostu Cəlil Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair belə yazır:

 

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,

Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

 

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq, "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyyə əməlliyyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq, vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şeirləri "Hophopnamə" adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sonralar Mirzə Ələkbər Sabir irsinə maraq görünməmiş dərəcədə artdı, "Hophopnamə" böyük tirajla bir neçə dəfə çap olundu.

Azərbaycan klassik poeziyasının təkrarsız nümayəndələrindən olan Sabir hər zaman oxunan, müzakirəyə çevrilən, irsi dövrümüzlə ahəngləşən bir ziyalıdır. Belə bir söz ustadının yaradıcılığı hər bir insan üçün meyar və məktəbdir. Onun sənət axarında insan kamilləşir, müdrikləşir, dünyanın fəlsəfi anlamını dərk edə bilir.

 

 

ZÜMRÜD

 

Səs.- 2010.- 3 iyun.- S. 12.