İlham Əliyev təbii fəlakət zamanı da sübut etdi ki, o, hər bir azərbaycanlının prezidentidir

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun yap.org.az-a müsahibəsi

 

- Qərib müəllim, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Sovetlər İttifaqında mövcud olan asılı iqtisadiyyat sisteminin parçalanması, digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmağın yeganə və düzgün yolunu Ulu Öndərimiz Heydər Əliyev, ilk növbədə, məhz ölkədə torpaq islahatlarının aparılmasında gördü. Sizcə, bu, hansı səbəbdən irəli gəlirdi?

- Məlumdur ki, torpaq ən qədim dövrlərdən bəri insanlığın yaşam amillərindən biri kimi müasir dövrümüzə qədər gəlib çatan, dünyanın əksər xalqlarının inanclarında mövcud olan dörd ilahi ünsürdən biridir. Torpaq amili heç bir zaman öz tarixi vacibliyini itirməmiş, əksinə, onun insan həyatındakı rolu və qiyməti daha da artmışdır. Hətta ilkin baxışda torpaq amili ilə bilavasitə əlaqəsi olmayan sənaye istehsalı da bu və ya digər dərəcədə torpaqla bağlıdır.

Yuxarıda göstərilənləri nəzərə aldıqda, məlum olur ki, nəyə görə Ulu Öndərimiz Heydər Əliyevin diqqət yetirdiyi vacib sahələrdən biri də məhz niyə torpaq amili olmuşdur?!

Əvvəla, onu mütləq demək yerinə düşər ki, ümummilli liderimiz hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən torpaq amilinə yüksək qiymət vermiş, Azərbaycan Respublikasının başçısı kimi xalq təsərrüfatının bütün sahələrini, o cümlədən, kənd təsərrüfatında yaranmış geriliyin səbəblərini avqust plenumunda geniş təhlil edib, 1970-ci ilin iyul ayında SSRİ Nazirlər Sovetində "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında" qərar qəbul etdirmişdir. Təbii ki, həmin dövr üçün bu istək böyük cəsarət və əzmkarlıq tələb edirdi. Nəhayət, 1993-cü ildə ikinci dəfə ölkəmizə rəhbərlik edən Ulu Öndər yenə də torpaq amilinə üstünlük verərək, əhalinin etibarlı ərzaq təminatını düşündü və bu problemin birdəfəlik həllini ölkədə köklü torpaq islahatının aparılmasında gördü.

Beləliklə, 1993-cü ildən 2003-cü ilədək keçən 10 il müddətində Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Torpaq Məcəlləsi", "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla, qəbul edilmiş fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Beləliklə, hələ böyük dövlət xalimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində bünövrəsini qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq edilməyə başlandı. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan Respublikası qanunvericiliyinin qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq ölkəmizin vahid torpaq fondunun üç mülkiyyət formasına (dövlət, bələdiyyə və xüsusi) ayrılması işi biri digərini tamamlayan struktur vahidləri tərəfindən aparılan iri həcmli dövlət torpaq kadastrı və yer quruluşu tədbirləri əsasında təmin edilmiş və mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının rəsmiləşdirilməsinə dair sənədləşmə işləri aparılmağa başlanmışdır.

Beləliklə, Ulu Öndər Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizdə torpaq payı almaq hüququna malik olan 873.618 ailədən 869.268-nə pulsuz olaraq torpaq payı verilməsini təmin etdi. 3.442.778 subyektə verilən torpaq sahələri onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət Aktları ilə rəsmiləşdirilmiş qaydada naturada sahiblərinə tanıdıldı.

Azərbaycanda həyata keçirilən torpaq islahatlarından danışarkən, qeyd etmək lazımdır ki, Heydər Əliyev torpaq islahatları MDB məkanında analoqu olmayan bir proses kimi qiymətləndirildi.

2003-cü ilin prezident seçkilərindən sonra möhtərəm Prezidentimiz İlham Əliyev əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatları uğurla davam etdirməyə başladı. Sənayenin, kənd təsərrüfatının, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində aparılan islahatlar torpaq islahatlarının uğurlu nəticələrindən də asılı idi. Bütün bunları gözəl bilən möhtərəm Prezidentimiz hər sahədə olduğu kimi torpaq və aqrar sahədə aparılan islahatları da ön plana çəkməyi unutmadı. Torpaq qanunvericiliyinin müasir beynəlxalq standartlara cavab verən istiqamətdə daha da təkmilləşdirilməsi üçün bir sıra qanunvericilik aktlarına dəyişikliklər edildi ki, bunlar da, öz növbəsində, torpaqlardan daha səmərəli istifadə edilməsinə, torpaq-hüquq münasibətlərinin daha sivill, ölkə qanunvericiliyinin tələblərinə uyğun tənzimlənməsinə şərait yaratdı.

- Qərib müəllim, belə qənaətə gəlmək olarmı ki, ölkə Prezidenti cənab İlham Əliyevin bir çox, o cümlədən, "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)" Dövlət Proqramı bu uğurlu siyasətin davamı idi?

- Əslində, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixdə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" imzaladığı fərman, demək olar ki, 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)" Dövlət Proqramının qəbul olunmasının başlanğıc nöqtəsi idi. Bunu hər kəs yaxşı bilir ki, adı çəkilən bu Dövlət Proqramı ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli oldu. Regionların inkişafı məsələsi iqtisadi siyasətin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı, dövlət idarəetmə orqanlarında bu sahəyə münasibət əsaslı şəkildə dəyişdi. Nəticədə regionların kompleks inkişafı təmin edildi, kommunal xidmətlər yaxşılaşdırıldı, məktəblər tikildi, səhiyyə ocaqları açıldı, yeni yollar salındı, yeni iş yerləri açıldı və sevindirici haldır ki, bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında uğurla yerinə yetirildi və bu tədbirlər davam etməkdədir.

- Yeni qanunda birbaşa göstərilir ki, torpaq bazarının təşkilində təşkilatçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir. Bilmək olarmı, təşkilatçı olaraq rəhbərlik etdiyiniz komitəyə hansı səlahiyyətlər verilmişdir?

- Torpaq bazarının təşkili sahəsində dövlət aqrar siyasətinin həyata keçirilməsi, torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair sənəd nümunələrinin işlənməsi və təsdiq edilməsi, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və nümunəvi müqavilələrin əhali arasında geniş formada təbliğ olunması, torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələrilə aşkarlanması, torpaq bazarında bağlanmış əqdlərin və torpaq üzərində hüquqların dövlət uçotu - bütün bunlar Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilən digər səlahiyyətlər təşkilatçı kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin öhdəsinə düşən vəzifələrdən ibarətdir.

- Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin nəticəsi olaraq, Azərbaycanın bəzi rayonlarının əhalisinə, hüquqi şəxslərə, təsərrüfatlara ciddi ziyan dəymişdir. Həmin təbii fəlakətin qarşısının alınması tədbirlərindən biri də Araz çayının tarixi məcrası ilə yeni qolun açılması təklif olunmuşdur.

- Bəli, qeyd etdiyiniz kimi son aylar Kür və Araz çayları ilə axan suyun həcmi digər illərlə müqayisədə 2-3 dəfə artaraq çox ağır fəsadlar vermişdir. Minlərlə insanlar suyun daşması nəticəsində məcburən öz evlərindən evakuasiya olunmuşdur. Təbii fəlakət zamanı dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan 75856 hektar torpaq sahəsi su altında qalmışdır. Gələcəkdə həmin fəlakətin təkrar olunmaması üçün Araz çayı ilə axan suyun həcmini azaltmaq məqsədilə təklif olunmuşdur ki, Araz çayının tarixi məcrası ilə yeni qol açılsın.

- İlk olaraq, bu təklif hansı təşkilat tərəfindən irəli sürülmüşdür?

- Araz çayının tarixi məcrası ilə yeni qolun açılması təklifi ilk olaraq DTXK tərəfindən irəli sürülmüşdür. Sonradan bu təklif digər təşkilatlar tərəfindən də dəstəklənmişdir.

- Araz çayının yeni qolu Azərbaycanın hansı rayonlarının ərazisi ilə axıdılır?

- Qeyd etdiyimiz kimi, Araz çayının su həcmi kəskin artdığından, suyun bir hissəsinin tarixi məcrası ilə axıdılmasına dair müvafiq qərar verilmişdir və 2010-cu ilin mayın 31-dən xüsusi qurulmuş qurğu vasitəsilə Araz çayının suyu yeni qola axıdıldı. Yeni qol İmişli, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala və Lənkəran rayonlarının ərazisinin bir hissəsi ilə keçərək, Xəzər dənizinə daxil olunur. Keçən əsrin əvvəllərinə qədər Araz çayının bir hissəsi həmin qolla Xəzər dənizinə axırdı.

- Yeni qolun açılması nəticəsində axan su neçə hektar torpağı əhatə edəcək və yeni qolun Xəzər dənizinə qədər uzunluğu neçə kilometr təşkil edir?

- Araz çayının yeni qolunun uzunluğu 130 km təşkil edərək, 500 kub metr/saniyədə suyun həcmi olarsa, 76 min hektar ərazini əhatə edə bilər. Amma bu, o demək deyil ki, gələcəkdə də çayın yeni qolu bu qədər ərazini əhatə edəcək. Nəzərdə tutulur ki, hal-hazırda su axan ərazilərdə müasir tələblərə cavab verən kanal qazılacaq. Suyun idarə olunması üçün xüsusi şlyuzlar, istiqamətverici bəndlər və digər hidrotexnik qurğular inşa ediləcəkdir.

- Araz çayının yeni qolunun çəkilməsi gələcəkdə Azərbaycana nə fayda verəcək?

- Qeyd etdiyimiz kimi, Arazın yeni qolu idarəolunan kanal vasitəsilə axıdılarsa, yüzlərlə hektar torpaq sahələri normal şəkildə su ilə təmin olunacaq və bu da, öz növbəsində, həmin ərazilərdə kənd təsərrüfatının inkişafına kömək edəcəkdir. DTXK bu işlərdə fəal iştirak edir və gələcəkdə də yeni qolun idarəolunan şəkildə layihələşdirilməsi və qurulmasında yaxından iştirak edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2010-cu il 7 may tarixində Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edərkən "Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs məmur, bu işlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək" deməsi və möhtərəm Prezidentimizin özünün hadisə yerində olması, zərərçəkmiş vətəndaşlarla şəxsən görüşməsi onu göstərir ki, 2003-cü ildə cənab İlham Əliyev prezident seçilərkən dediyi "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" sözünə bir daha sadiq qaldığını sübut edir.

 

 

Səs.- 2010.- 17 iyun.- S. 6.