"Bəşəriyyət tarixində II Dünya müharibəsi dağıdıcı xüsusiyyətə malik olan dəhşətli bir müharibə idi"

 

"Səs" qəzeti Böyük Vətən müharibəsinin 65-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib

 

(Əvvəli ötən sayımızda)

 

Ənənəvi olaraq, "Səs" qəzetinin keçirdiyi dəyirmi masanın budəfəki mövzusu Böyük Vətən müharibəsi ilə bağlı oldu. Dəyirmi masada Böyük Vətən müharibəsi iştirakçıları bombardmançı təyyarəçi Damət Nəbiyev, ehtiyatda olan baş leytenant, piyada qoşunların bölmə komandiri Əbdülağa Cavadov, piyada qoşunlar tərkibində pulemyotçu olmuş Bəkir Məmmədov iştirak edirdi.

Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev Böyük Vətən müharibəsində Azərbaycanın mühüm rola malik olduğunu və aparılan döyüş əməliyyatlarında igid oğul və qızlarımızın şücaətindən bəhs etdi. Qeyd etdi ki, bütün dünyanı lərzəyə salan II Dünya müharibəsinin başlanması və onun acı nəticələri bəşəriyyət üçün böyük fəlakətlər yaratmışdır. 1941-ci ilin iyun ayının 22-də Hitler Almaniyasının SSRİ üzərinə hücumu nəticəsində Böyük Vətən müharibəsi adlandırdığımız müharibənin başlanğıcı oldu. Məhz bu müharibədə 600 mindən artıq Azərbaycan vətəndaşı cəbhəyə yollandı və müharibə qurtardıqdan sonra onlardan cəmi 300 minə yaxın vətəndaş vətənə qayıtdı. İstərdik ki, burada iştirak edən və o müharibənin bütün məşəqqətlərini öz gözləri ilə görmüş veteranlarımız döyüş təəssüratlarını, keçdikləri ağır və iztirablı döyüş yollarını bizimlə bölüşsünlər.

 

Əbdülağa Cavadov:

 

- Biz bir həftəyə yaxın yaralı halda Krımda qaldıq. Çünki alman bombardmançı təyyarələri gəmilərə atəş açaraq, yaralıların çıxarılmasına imkan vermirdilər. Sonradan bir müddət sakitlik yarandıqda, birinci növbədə yaralı zabitləri döyüş bölgəsindən çıxardılar. O zaman mən baş leytenant rütbəsində idim. Orada bildirdim ki, bizim gəmiyə heç bir alman təyyarəsi atəş açmayacaq. Çünki biz Krıma hücuma keçəndə də, bildirmişdim ki, biz oraya sağ-salamat gedib çıxacağıq və bizim gəmimiz düşmən tərəfindən atəşə məruz qalmayacaq.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Sizdə bu əminlik nədən yaranmışdı?

 

Əbülağa Cavadov:

 

- Çünki mən anadan olanda, sovet ölkəsində aclıq idi. Atam bildirdi ki, sən anadan olan kimi ölkədə çörək bolluğu yarandı. Ona görə də, mənə xoşbəxt uşaq deyirdilər. Biz iki qardaş müharibə başlayanda, cəbhəyə yollandıq. Atam bildirdi ki, siz iki qardaş döyüşə getmisiniz, o birisinin qayıdacağını bilmirəm, amma sən sağ-salamat geri qayıdacaqsan. Doğurdan da, qardaşım müharibədən qayıtmadı, lakin mən sağ-salamat evə döndüm.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Bəs harada müalicə olundunuz?

 

Əbdülağa Cavadov:

 

- Soçidə və eyni zamanda, ayrı-ayrılıqda dörd qospitalda müalicə aldım. Tam sağaldıqdan sonra, bizi yenidən cəbhəyə göndərməyi qərarlaşdırdılar və o zaman bildirdim ki, mən Zaqafqaziya ordusunda vuruşmaq istəyirəm. Beləliklə də, Qafqaz müdafiəsində almanlara qarşı bir çox döyüşlərdə iştirak etdim və medal aldım. Bundan sonra isə Cənub cəbhəsində Hitler ordusuna qarşı döyüşlərə qatıldım. Burada mən Stalin diviziyasının tərkibində ən qızğın döyüşlərdə iştirak edirdim. Bizim diviziya beşinci zərbə ordusuna daxil idi. Çünki harada cəbhəni yarmaq lazım olurdusa, məhz bizim zərbə diviziyasını ora göndərirdilər. O dövrdə iki cür belə hərbi birləşmələr var idi. Onlardan biri qvardiyaçılar, digəri isə zərbə orduları idi.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Sizlərin müharibə dövründə ən böyük çətinliklə üzləşdiyiniz döyüş hansı olub?

 

Daməd Nəbiyev:

 

- Bildirdiyim kimi, ilk uçuşum Polşanın Varşava şəhərinə olub. Çünki Varşavanı almaq, doğurdan da, çox çətin idi. Varşavanın müdafiəsi üçün almanlar üç cərgə zenit artilleriya qurğuları yerləşdirmişdilər. Bizim üçün ən qorxulu döyüş Varşava şəhərinin ətrafında baş verib. Ona görə də, bizi səkkizinci uçuşdan sonra vurmuşdular. Bunun ardınca Poznan şəhəri sovet orduları tərəfindən mühasirəyə alınmışdı. Həmin vaxt bizim aerodromumuz elə Poznan şəhərinin öz aerodromunda idi. Hətta Hitler həmin vaxt mühasirədə qalan qoşunlarına kömək üçün təyyarələrlə oraya desant, hərbi silah-sursat, yeyinti və geyim ləvazimatları tökürdü. Ən nəhayətdə isə, Poznan şəhərində sovet ordularına təslim edildi. Sonuncu bizim ən gərgin döyüş uçuşumuz Berlin şəhərinə idi. 1945-ci ilin aprel ayının axırlarında bizim ordular artıq Berlin şəhərinin ətrafını zəbt etmişdi. Berlin şəhərinin ətrafında olan meşəlikdə alman ordularının çoxlu zirehli texnikaları yerləşdirilmişdi. Sovet orduları almanların bu bazalarını zərərsizləşdirmək üçün ardıcıl hərbi əməliyyatlar keçirirdi. Bizə əmr olunmuşdu ki, oranı tamamilə bombardman edərək, piyada qoşunların Berlinə daxil olması üçün yolun açılmasını təmin edək.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Sizinlə çiyin-çiyinə cəbhədə döyüşən başqa millətin nümayəndələri ilə münasibətləriniz necə idi?

 

Bəkir Məmmədov:

 

- Səhra qoşunlarının ardınca biz geri çəkiləndən sonra Qafqazda yerləşən 223-cü diviziyanın tərkibində döyüşməyə başladıq. O zaman müharibədə millət söhbəti və ayrıseçkilik mövcud deyildi. Sovet qanunlarına əsasən, hər kəs yumruğunu bir nöqtəyə vururdu. Bizim rus, erməni, gürcü, özbək və digər millətlərdən ibarət cəbhə yoldaşlarımız var idi.

 

Əbdülağa Cavadov:

 

- Hitler ordusunun sovet orduları tərəfindən qəflətən geri oturdulması bir çox məqamlarla bağlıdır. Moskva ətrafında gedən döyüşlərdə sovet ordularının hərbi birləşmələri alman qoşunlarının qarşısından geri qaçırdı. Belə bir zamanda, Stalin Jukovu yanına çağıraraq, orduda baş verən prosesləri və qorxu yaradan, vahimə salan məsələləri soruşub. Jukov da Stalinə alman ordularının zirehli tankları qarşısında sovet əsgərinin duruş gətirə bilmədiyini söyləyib. Bundan sonra Stalin konstruktorları yanına çağıraraq, onlara gstəriş verib. Məhz bundan sonra alman tanklarının qarşısını almaq çox asan oldu. Hətta Stalin 227 nömrəli əmr verdi ki, döyüş zamanı geriyə qaçanlar elə yerindəcə güllələnsin. Elə bundan sonra müharibənin gedişində əsalı döyüş yarandı.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Müharibə vaxtı SSRİ rəhbərliyindən hər hansı bir şəxslə təmasınız, ünsiyyətiniz olubmu?

 

Əbdülağa Cavadov:

 

- 1945-ci ildə sonuncu dəfə biz çox vacib bir tapşırığın üzərində çalışırdıq. Həmin vaxt general Jukovun özü bizim komandanlığa gəlmişdi. Sovet hərbi sənayesi tərəfindən, qorxunc səs çıxardan bir texnika düzəldilmişdi ki, bu texnika vasitəsilə almanlar arasında böyük vahimə yaratmaq olurdu. Eyni zamanda, biz ən gur sürətlə axan Denestr çayını keçərək, arxadan almanlara ciddi zərbə vurmağa nail olduq və 231 min alman ordusunun əsgərini və 72 yaralısını əsir götürdük. Budan əlavə, Ukraynanın azad edilməsində iştirak etdik, Stalinin sevdiyi şəhəri aldıq. Beləliklə də, bizim diviziyaya Stalinin adı verildi. Bizim diviziya çox döyüşkən olduğuna görə, beşinci zərbə ordusunun tərkibində Berlinin hər küçə və tinlərində döyüşə-döyüşə qələbənin çalınmasına nail olduq.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Döyüş vaxtı azərbaycanlı hərbiçilərin dil problemi və bir sıra ayrıseçkiliklərin olması barədə faktlar mövcuddur. Sizlər belə bir hallarla qarşılaşmısınızmı?

 

Əbdülağa Cavadov:

 

- Mənim rus dili barəsində problemim olmayıb. Çünki bu dili rusların özlərindən də yaxşı bilirdim.

 

Bəkir Məmmədov:

 

- Qafqaza gələndə, oradan bizə bildirdilər ki, artıq azərbaycanlılardan ibarət milli diviziyalar yaradıblar. Məhz bu milli diviziyaların yaranması da dil məsələsi ilə bağlı idi. Sovet ordusunda milli diviziyaların yaranmasında Mircəfər Bağırovun rolu xüsusi qeyd olunmalıdır. Beləliklə də, orduda azərbaycanlılardan ibarət beş diviziya yaradılmışdı. Onlardan 402, 223, 77, 396 və 416-cı Toqanrov diviziyalarını nümunə göstərmək olar. Ona, hətta Toqanroq deyil, Azərbaycanın 416-cı diviziyası adı da verilmişdi. Çünki təkcə Taqanroq diviziyasının adını dedikdə, Taqanrov şəhərinin azad edilməsində birbaşa iştirak edən 416-cı diviziyanın hansı millətdən ibarət olduğu bilinirdi. 1944-cü ilin may ayının 2-də Krım tamamilə alman ordularından azad edildi.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Bu gün Böyük Vətən müharibəsi veteranlarına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı sizlər tərəfindən necə qiymətləndirilir?

 

Əbdülağa Cavadov:

 

- Azərbaycan xalqının dahi lideri Heydər Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına hər zaman yüksək səviyyədə qayğı göstərib və onları cəmiyyətin xüsusi təbəqəsi kimi qiymətləndirərək, həmişə əlindən gələni əsirgəməyib. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev də Böyük Vətən müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə yüksək səviyyədə diqqət və qayğı göstərir. Biz müharibə veteranları özümüzə qarşı olan bu qayğını çox yüksək qiymətləndiririk və bu diqqətə görə, bütün veteranlar adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Bildiyiniz kimi, bu gün Azərbaycanın 20 faizdən artıq ərazisi erməni qəsbkarları tərəfindən işğal edilib. Bir döyüşçü kimi, torpaqların işğaldan azad olunmasının yolunu nədə görürsünüz?

 

Bəkir Məmmədov:

 

- Sovet ordusu tərkibində alman faşistlərinə qarşı döyüşə-döyüşə Berlinə qədər gedib çıxan bütün Azərbaycan oğulları Qarabağı Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əmri ilə hər an geri qaytarmağa hazırdır. Biz bir döyüşçü kimi, hər an Ali Baş Komandanın torpaqlarımızın bütövlüyünün təmin olunması üçün döyüş əmrini gözləyirik. İnanırıq ki, yaxın zamanlarda pozulmuş ərazi bütövlüyümüz, nəyin bahasına olursa-olsun, təmin olunacaq.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2010.- 8 may.- S. 14.