Fikrət İsmayılov: Ulu öndərimiz Heydər Əliyevin həyat yolunu həmişə özümə örnək bilmişəm

 

YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılovun SƏS qəzetinə müsahibəsi

 

Fikrət İsmayıl oğlu İsmayılov, 1935-ci il yanvarın 3-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı oğlan orta məktəbini bitirib. O zamankı Pedaqoji İnstitutu, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat və istehsalat əsasları ixtisası üzrə qurtarıb. Təyinatla Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna göndərilib. 1960-cı ilin noyabr ayından Fizika İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Moskvadakı Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialı yaradılıb və Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutundan bir neçə nəfər, o cümlədən, Fikrət İsmayılov da həmin instituta keçib.

Həmin vaxtdan keçmiş SSRİ-nin süqutuna qədər orada fəaliyyət göstərib. SSRİ dağılandan sonra isə həmin institut Foto-Elektronika İnstitutu adı ilə Milli Elmlər Akademiyasının tabeçiliyinə verilib. Sonradan isə Fizika İnstitutu ilə birləşdirilib və professor Fikrət İsmayılov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərir. Fizika-riyaziyyat elmləri doktorudur. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransından etibarən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən bu günə kimi YAP Yasamal rayon təşkilatının sədridir.

Qeyd edək ki, bu günlərdə Fikrət müəllimin 75 yaşı tamam olub. Görkəmli siyasət və elm xadiminə ömrünün 75-ci çağında ən böyük diqqəti və mükafatı Prezident İlham Əliyev verib. Belə ki, dövlət başçısı ötən il dekabr ayının 29-da imzaladığı Sərəncamla Fikrət İsmayılovu Şöhrət ordeni ilə təltif edib.

 

- Fikrət müəllim, 2009-cu il sizin üçün hansı əlamətdar hadisələrlə yaddaqalan oldu?

- 2009-cu ildə xalqımızın əldə etdiyi nailiyyətlər hamımızın üçün əsasdır. Mənim həyatımda əlamətdar olan digər hadisə isə, möhtərəm Prezidentimiz, ulu öndərimiz Heydər Əliyevin nişanəsi və yadigarı, ölkəmizin inkişafında və tərəqqisində müstəsna xidmətləri olan cənab İlham Əliyevin mənim kiçik zəhmətimə verdiyi böyük qiymətdir. Bu hadisə ötən ildə mənim üçün ən yaddaqalanxoş hadisədir. Ona görə də, mən çox hörmətli dövlət başçımız İlham Əliyevə, eləcə də, bu məsələni qaldıran Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədova, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədova, Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmova öz minnətdarlığımı bildirirəm. Ən əsası möhtərəm Prezidentimiz İlham Əliyevin mənə bu yüksək qiyməti verməsidir.

- Ulu öndərimiz Heydər Əliyev ideyalarının uğurlu davamçısı olaraq, sizə Şöhrət ordeninin verilməsini gözləyirdinizmi və bu hadisə sizdə hansı hissləri oyatdı?

- Prezident İlham Əliyev tərəfindən mənə verilən Şöhrət ordeni, ilk növbədə, mənim dövlətimiz Yeni Azərbaycan Partiyası qarşısında məsuliyyətimi, Vətənə olan sədaqətimi artırır. Eyni zamanda, görkəmli dövlət xadimi cənab İlham Əliyevə olan inamımı, etiqadımı və məhəbbətimi artırır.

 

 

Heydər Əliyev Allah-Taalanın bizə bəxş etdiyi böyük bir şəxsiyyət və xilaskar idi

 

- Fikrət müəllim, sizin çox zəngin həyatınız var, dövlətimiz və xalqımız üçün olduqca xeyirli olan fəaliyyətinizi davam etdirirsiniz. Həmçinin, ulu öndərimiz Heydər Əliyevlə dəfələrlə görüşmüsünüz, Onunla müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparmısınız. İstərdik ki, ümummilli liderimizlə keçirdiyiniz görüşlərdəki xatirələrinizi Səs qəzetinin oxucuları ilə bölüşəsiniz...

- Ulu öndər Heydər Əliyevlə hər görüşməyin özü universitet bitirməyə bərabərdir. Mən kütləvi çıxışlarımda dəfələrlə bildirmişəm ki, biz hər bir şeyi, idarəçiliyi, danışmağı, ünsiyyət qurmağı, dostluqda sədaqəti Heydər Əliyevdən öyrənirik və öyrənməliyik də. Bu, bizim hər birimiz üçün böyük bir örnəkdir. Heydər Əliyev Azərbaycan xalqının çox gərgin və fəlakətli dövründə Allah- Taalanın bizə bəxş etdiyi böyük bir şəxsiyyət və xilaskar idi. Mən bir qrup ziyalı ilə birlikdə ulu öndər hələ Naxçıvanda olan Onun görüşünə getmişəm. Həmin görüşdə ölkəmizin İstanbuldakı Baş konsulu Səyyad Aran, mərhum Məzdək Hüseynov, akademik Nadir Seyidovs. ziyalılar da iştirak edib. Biz gecə saatlarına qədər Heydər Əliyevlə söhbət aparmışıq, bizə dəyərli məsləhətlər verib. Görüşdən hər birimiz çox məmnun ayrılmışıq. Onun insanlara və insanpərvərliyə olan qayğısına, vətənə olan məhəbbətinə heyran qalmışıq. Bir sözlə, ulu öndərimiz Heydər Əliyev özünün də çıxışlarının birində qeyd etdiyi kimi, ömrünün qalan hissəsini xalqına bağışladı. Onun həyatına və şərəfli fəaliyyətinə baxdıqca, özümüzü Ona oxşatmaq, Onun ideyalarını özümüzdə tərbiyə etmək istəyirik.

 

7-8-ci siniflərdə oxuyan zaman ulu öndər Heydər Əliyevlə iki dəqiqəlik görüşüm oldu

 

- Siz hələ uşaqlıq və gənclik illərinizdə, xüsusilə, orta ümumtəhsil aldığınız dövrdə də ulu öndərimiz Heydər Əliyevlə görüşmüsünüz. Bu barədə nə deyə bilərsiniz?

- Bu görüşlər qısa olub. Orta məktəbin 7-8-ci siniflərində oxuyan zamandan ulu öndərimiz Heydər Əliyevə qarşı məndə xoş təəssüratlar oyanıb. Biz Onu həmişə şux qamətli, yaraşıqlı, artıq sözlərə və hərəkətlərə yol verməyən nümunəvi bir gənc olaraq, tanıyırdım. Görüş deyəndə ki, biz özümüzü Ona göstərmək, Ona yaxın olmaq və diqqətini cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edirdik. Həmin illərdə Heydər Əliyevlə iki dəqiqəlik görüşümüz oldu. Bu görüşdən 17 il keçəndən sonra mənə Heydər Əliyevlə yenidən görüşmək nəsib oldu. Ötən 17 il müddət ərzində Onunla heç bir görüşümüz olmayıb. Sonuncu görüşdə ulu öndər mənim qohumumdan soruşdu ki, bu, Fikrətdir? Mən Onun yaddaşına, zəkasına məəttəl qaldım. Ulu öndərin bu şəxsi keyfiyyətlərinə hər dəfə nəzər saldıqda, Ona olan heyranlığım daha da artır. Onda olan yaddaşın, diqqətçiliyin həddi-hüdudu yox idi. Bu baxımdan, deyirəm ki, biz hər biri keyfiyyəti ulu öndərimizdən öyrənməliyik.

 

İlk görüşdən 17 il sonra ulu öndərlə yenidən görüşdüm

 

- Qeyd etdiniz ki, ilk görüşdən 17 il sonra ulu öndərimizlə yenidən görüşdünüz. Həmin görüş, dəqiq olaraq, nə vaxtharada baş tutdu?

- Yaxın qohumum, indiki Dövlət Tibb Universitetinin kafedra müdiri, filosof-alim Adil Nəcəfov gənclik yaşlarından Heydər Əliyevlə yaxın münasibətdə olublar. Onlar bir yerdə dayanmışdılar. Mən onlara müraciət etdim ki, sizə yer ayırmışam, buyurun, əyləşin. Bu müraciətimdən sonra, ulu öndər Adildən mənim Fikrət olduğumu soruşdu. Onun bu sözləri məni xeyli təəccübləndirdi. Axşam vaxtı, qaranlıq mühitdə və ağacların altında, düz 17 il sonra məni tanıması heyranedici bir hadisə idi. Ola bilsin ki, səsimin tembri ulu öndərin yaddaşından hələ də silinməmişdi.

 

- Həyatınızın sonrakı dövrünü müəyyənləşdirməkdə, xalqa xeyirli və gərəkli vətəndaş olmağınızda ulu öndər Heydər Əliyevin sizə verdiyi öyüd-nəsihətlərin rolu nə dərəcədə olub?

 

- Sovet hakimiyyəti dövründə Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə, 15 respublika içərisində yalnız Qırğızıstandan öndə idi. Heydər Əliyev birinci hakimiyyəti dövründə Azərbaycandakı iqtisadi geriliyin aradan qaldırılması istiqamətində mühüm addımlar atdı. Azərbaycanı irəli aparmaq, onu dünyada tanıtdırmaq ulu öndərin qarşısında duran əsas vəzifələrdən idi. Bizim Moskvaya tez-tez səfərlərimiz olurdu. Onlar Azərbaycan adından daha çox ölkəmizi Heydər Əliyev deyə adlandırırdılar. Onun Vətənə olan bu xidməti, məndə belə bir fikir yaratdı ki, ulu öndər ikinci dəfə hakimiyyətə gələndə Onun ideyalarına qoşulmaq lazımdır. Onunla yeni sırada olmağı özümə şərəf bilirdim.

 

1992-ci il oktyabrın 16-da SƏS qəzetində 91-lərin müraciəti dərc olundu

 

- Xalqımızı düşdüyü ağır bəlalardan qurtarmaq üçün ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət edən və rəsmi müraciəti imzalayan 91 nəfər ziyalıdan birisiniz. O dövrdəki ictimai-siyasi vəziyyət və bu müraciətin hazırlanması ideyasının yaranması haqqında nə deyə bilərsiniz?

- Yeni Azərbaycan Partiyası yaranana qədər Fərəməz Maqsudov, Əli Nağıyev Murtuz Ələsgərovun rəhbərliyi ilə Bakıda Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyəti yarandı. Bu cəmiyyət blokada şəraitində olan Naxçıvana maddi-mənəvi dəstək göstərilməsi məqsədilə yaradılmışdı. Cəmiyyətin iclaslarının birində ölkədəki ictimai-siyasi vəziyyətin gərginliyi, ölkənin məhv olmaq təhlükəsi ilə üzləşməsi ilə bağlı bir sıra ciddi məsələlər müzakirə olundu. Aparılan müzakirələrin nəticəsi olaraq, belə bir nəticəyə gəldik ki, yeni bir siyasi partiya yaradaq. 1992-ci ildə oktyabr ayının 14-də Milli Elmlər Akademiyasının binasının birinci mərtəbəsində yerləşən kiçik zalda Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyəti üzvlərinin iclası keçirildi. Orada Heydər Əliyevə müraciət oxundu və 91 nəfər ziyalının ulu öndərimizə ünvanladığı bu müraciət oktyabr ayının 16-da SƏS qəzetində dərc olundu. Oktyabr ayının 20-də isə Heydər Əliyev bu müraciətə cavab verdi. Bundan sonra Heydər Əliyev bu partiyanı yaratmaq istəyənlərin qarşısında bir sıra məsələ qoydu. Əgər partiyanı yaratmaq istəyənlər qarşıya qoyulan ideyaların həyata keçirilməsində iştirak edəcəkdilərsə, onda Heydər Əliyev bu partiyanı yaratmağaona rəhbərlik etməyə razılıq verirdi. 1992-ci il oktyabrın 21-də ölkəmizin bütün bölgələrini əhatə edən 550 nəfər Naxçıvan şəhərində Heydər Əliyevin ətrafında sıx birləşdilər. Mənim də daxil olduğum həmin 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın nizamnaməsi və proqramını da Heydər Əliyevin özü hazırlamışdı. Nəhayət, Heydər Əliyev yekdilliklə bu partiyanın Sədri seçildi. Sonrakı mərhələdə Yeni Azərbaycan Partiyasının rayon özəklərinin yaradılması prosesinə başlanıldı.

1993-cü il yanvar ayının 9-da Bakının Yasamal rayonunda Əli Nağıyevin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradıldı. Partiyanın rayon təşkilatlarını və özəklərini yaratmaq üçün Təşəbbüs Qrupu təsis olundu. Bu qrupa rəhbərliyi mənə həvalə etdilər. 1993-cü il fevral ayının 20-də isə Yasamal rayonunda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının ilk təsis konfransı keçirildi. Həmin konfransda da siyasi həmfikirlərim və məsləkdaşlarım mənə etimad göstərərək, rayon təşkilatına sədr seçdilər. Həmin vaxtdan bu günədək həmin rayon təşkilatının sədriyəm, eyni zamanda, Milli Elmlər Akademiyasının Fizika İnstitutunun laboratoriya rəhbəri olaraq fəaliyyət göstərirəm.

 

 

YAP-ın sıralarıda təmsil olunduğum üçün qürur hissi keçirirəm

 

- Fikrət müəllim, Yeni Azərbaycan Partiyasının dünəni ilə bugününü müqayisə edərkən, fərqi nədə görürü?

- Mən Yeni Azərbaycan Partiyasının xalq arasındakı nüfuzunun, onun sıralarının günü-gündən artmasını görürəm. Az öncə, qeyd etdiyim kimi, 1993-cü ildə 560 nəfəri əhatə edən 26 ilk partiya təşkilatı ilə təsis konfransı keçirdik. Amma bu gün həmin hadisədən ötən müddət ərzində təkcə partiyanın Yasamal rayon təşkilatının 24 min nəfərdir. Bu rəqəm ölkə vətəndaşlarının Yeni Azərbaycan Partiyasına olan hörməti, ona inamı, etiqadı, sabahını bu partiyanın fəaliyyətində görməsi deməkdir. Partiyanın dünəni ilə bugünü arasındakı fərq məhz bundan ibarətdir.

- Siz həm partiyanın rayon təşkilatının sədri olaraq, ölkənin ən tanınmış ziyalıları, ulu öndərin yaxın silahdaşları ilə eyni qurumda təmsil olunursunuz. Bu, sizdə hansı hissləri doğurur?

- Bu, təbii ki, mənim inamımı, məsuliyyətimi artırır. Rayon təşkilatının idarə heyətinin sıralarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Tağı Əhmədov, Abel Məhərrəmov, Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Dövlət Texniki Universitetin rektoru, professor Havar Məmmədov, Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, akademik Arif Haşımov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovs. digər görkəmli şəxslər, alimlər və ziyalılar təmsil olunurlar. Rayon təşkilatının 24 min nəfər üzvündən 2 minə qədəri elmlər doktoru, 3 minə qədəri elmlər namizədi, əməkdar həkimlər və müəllimlər, 35 nəfər Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləridir. Yeni Azərbaycan Partiyasının sosial bazası bizdə qürur və fəxarət hissi doğurur.

 

 

İlham Əliyev ulu öndər Heydər Əliyevin ən layiqli varisidir

 

- Heydər Əliyev ideyalarının təbliğatçısı kimi, sizcə, bu gün ulu öndərin varislik prinsipi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilirmi?

- Ölkəmizdə həyata keçirilən uğurlu islahatların nəticələri göz qabağındadır. Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ən layiqli varisidir. O, hakimiyyətdə, idarəçilikdə, diplomatiyadabütün həyati məsələlərdə Heydər Əliyev Məktəbi keçib. Bugünkü fəaliyyəti bunu bir daha təsdiqləyir. Bölgələrdə gedən quruculuq-abadlıq işləri, yolların çəkilməsi, körpülərin tikintisis. görülən tədbirlər Heydər Əliyev arzularının həyata keçirilməsidir. Ulu öndərin əziz ruhu hər zaman şad olsun ki, Onun varisi Onun ideyalarını nəinki davam etdirir, təkamül yolu ilə onu daha da inkişaf etdirir. Ölkəmizin müxtəlif sahələrdə, elm, təhsil, mədəniyyət, səhiyyə, idmandakı saysız uğurlarında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKOİSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın mühüm xidmətləri var.

 

- Yeni 2010-cu ildə xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həll olunmasına ümidləriniz nə qədərdir?

- Dağlıq Qarabağ problemi 1988-1992-ci illərdə ölkəmizdə hakimiyyətdə olan səriştəsiz, xalqına xəyanət edən insanların ucbatından yaranıb. Bütün bunları nəzərə alan ulu öndərimiz Heydər Əliyev Azərbaycan tarixini dərindən təhlil edərək, milli təqvimə yeni bir tarixi səhifə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü əlavə etdi. Bu tarixdən götürülən ibrət dərsidir. Azərbaycan xanlarının bir-biri ilə didişməsi nəticəsində Dəmirqapı Dərbəndimiz, Borçalı mahalımız, nəhayət, Zəngəzur mahalımız əldən getdi. Ermənilər Zəngəzura gələrək, bura özlərinə dövlət yaratdılar. Bu hadisələri tarixçi kimi təhlil edən ulu öndərimiz Ümumdünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdionu təqvimə saldı. Bu gün bizi birləşdirir. Arzum budur ki, gələcəkdə möhtərəm Prezident İlham Əliyev Ümumtürk Dünyasının Həmrəyliyi Gününü təqvimə salsın və bütün türk dünyası həmrəy olsun. Belə olan halda, türk dünyası ilə ayaqlaşan dövlət ola bilməyəcək.

 

Ötən günə gün çatmaz, calasan günü-günə

 

- 75 illik ömrünüzdə geriyə baxarkən, bir nisgiliniz varmı?

- Atalar misalı var. Deyir, ötən günə gün çatmaz, calasan günü-günə. Keçmişi kino lenti kimi gözümün qabağından keçirəndə nəyi düz, nəyi səhv etdiyimi, nəyə nail olub-olmadığımı müqayisəli şəkildə saf-çürük edirəm. Amma bizi gələcəkdə nələrin gözlədiyini bilmirik. Ona görə deyirik ki, ötən günlərimiz daha dəyərlidir. Hesab edirəm ki, istər siyasi, elmi fəaliyyətimdə, istərsə də ki, cəmiyyətdə dövlətim, ailəm və dostlarım qarşısında xəcalət çəkəcək bir işim olmayıb. Mən həmişə ədalətin, düzlüyün tərəfdarı olmuşam. Hətta orta məktəbdə olxuyarkən, belə sinifdə mübahisəli məsələlər olanda tarix müəllimim suallarını mənə ünvanlayardı. Mən də onun sualına necə var, elə də cavab verərdim. Odur ki, əgər mən xalqıma cüziolsa xidmət edə bilmişəmsə, bu, mənim üçün əsil şərəfdir. Bu şəfəri mənə Prezident cənab İlham Əliyev verərək, məni Şöhrət ordeni ilə mükafatlandırdı.

 

Vətənimizin gələcək uğurları məhz gənclikdən asılıdır

 

- Fikrət müəllim, siyasət və elm xadimi olaraq, bugünkü gənclərimizə məsləhətiniz və nəsihətiniz nədən ibarətdir?

- Mən ölkə vətəndaşlarına gənclərə dünyada müqəddəs olan iki şeyi arzu edirəm. Biri Vətən, digəri isə millətdir. Milləti qoruyub saxlasınlar, ulu öndər Heydər Əliyevin ideyalarını həyata keçirməklə, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi işinə sahib çıxsınlar və onların qədrini bilsinlər. Ən əsası Vətənin və millətin qədrini bilsinlər. Bunun üçün Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salsınlar və ondan bəhrələnsinlər. Müəssisələrin və təşkilatların əksriyyətində Heydər Əliyev məktəbləri yaradılıb. Gənclərimiz bunlardan bəhrələnərək, Onun özünü ictimaiyyətə hansı yolla hazırladığını və dövlətimizə verdiyi töhfələri dərk etsinlər. Ulu öndərimiz hər zaman deyirdi ki, Gənclər bizim gələcəyimizdir. Vətənimizin gələcək uğurları məhz gənclikdən asılıdır.

Sonda SƏS qəzetinin kollektivi adından xeyirxah insan, tanınmış elm xadimi, ulu öndərimiz Heydər Əliyev ideyalarının layiqli davamçılarından olan Fikrət İsmayılovu 75 yaşının tamam olması münasibətilə təbrik edirik, ona can sağlığı və siyasi fəaliyyətində uğurlar arzu edirik.

 

 

KÜBRA ƏLİYARLI

 

Səs.- 2010.- 8 yanvar.- S. 8-9.