SƏS qəzeti-19

 

Səs qəzeti üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirib

 

Azərbaycanın ilk müstəqil mətbu orqanı olan Səs qəzetinin nəşrə başlamasından 19 il ötür. 1991-ci il yanvarın 11-dən nəşrə başlayan qəzet daim dövlət və milli maraqlardan çıxış etmiş, ulu öndərimiz Heydər Əliyev siyasətinin fəal təbliğatçısı olmuşdu. Bu gün də bu kursu uğurla davam etdirən Səs geniş oxucu kütləsinin istək və maraqlarının təminatçısına çevrilib. Hər zaman cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən, siyasət, elm, mədəniyyət adamları, qəzet yazarları Səs qəzeti haqqında ən yüksək xoş sözləri bildirmişlər.

 

 

SƏS QƏZETİ YAP-IN SİYASİ XƏTTİNİ ÖZ SƏHİFƏLƏRİNDƏ ARDICIL ŞƏKİLDƏ TƏBLİĞ EDİR

 

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı:

 

- Bu gün Azərbaycanın ictimai-siyasi həyatında Səs qəzetinin özünəməxsus yeri var. Bu qəzet yarandığı vaxtdan ümumilli liderimiz Heydər Əliyevin siyasi xəttini ardıcıl və birmənalı şəkildə müdafiə edib. Səs qəzeti çətin və şərəfli bir yol keçib. Bu gün qəzetin kollektivi Prezident cənab İlham Əliyevin Azərbaycanı güclü, qüdrətli, zəngin dövlətə çevirmək istiqamətində həyata keçirdiyi böyük siyasətə hərtərəfli dəstək verirbu siyasəti xalq içərisində təbliğ edir. Səs qəzeti bütün mənalarda xalqın səsini əks etdirir, xalqa yenilikləri çatdırır, qəzetin kollektivi fədakarcasına fəaliyyət göstərir. Səs qəzeti Yeni Azərbaycan Partiyasının (YAP) siyasi xəttini öz səhifələrində ardıcıl şəkildə təşviq və təbliğ edir. Biz bu qəzetlə hərtərəfli əməkdaşlıq edirik. YAP-ın rəhbərliyi Səs qəzetinin yaranmasının 19-cu ildönümünü təbrik edir, onun kollektivinə yeni-yeni uğurlardaha səriştəli məqalələr yazmalarını arzulayır.

 

 

YAP VƏ SƏS QƏZETİ BÜTÜN HEYDƏR ƏLİYEVÇİLƏRİ BİR YUMRUQ KİMİ BİRLƏŞDİRDİ

 

YAP İdarə Heyətinin üzvü, 91-lərdən, professor Kərim Kərimov:

 

- 1992-ci ildən Səs qəzeti ilə yaxın münasibətdəyəm. O vaxt biz Heydər Əliyevin fiqurlarını müdafiə etmək üçün bir komitə yaratmışdıq. Heydər Əliyevin hüquqlarını müdafiə komitəsi adı altında Milli Məclisin qarşısında mitinqlər keçirirdik. O vaxt Səs qəzeti Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin yeganə rəsmi qəzeti statusunda çıxırdı. Bu qəzet akademik Fərəməz Maqsudovun rəhbərlik etdiyi Riyaziyyat İnstitutunda, təxminən 4-5 kvadratmetrlik ərazidə yerləşirdi. Həmin vaxt indiki Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov Səs qəzetinin baş redaktoru idi. 1992-ci ilin oktyabr ayının 16-da Səs qəzetində 91 nəfər qabaqcıl vətənpərvər ziyalının müraciəti dərc olundu. Bu 91 nəfərin içərisində mənim də imzam var idi. Həmin ilin oktyabr ayının 24-də Heydər Əliyev Səs qəzeti vasitəsilə 91 nəfərin müraciətinə cavab verdi. Ziyalıların Heydər Əliyevə müraciəti və partiya yaratmağa cəlb edilməsi, Onun ziyalılara müsbət cavabı o dövrün əhəmiyyətli hadisələrindən biridir. 1992-ci ilin əvvəlindən həmin vaxta qədər Heydər Əliyevə yeni partiya yaratması ilə əlaqədar çoxlu müraciətlər olmuşdu. Lakin Heydər Əliyev partiya yaratmağa razılıq vermirdi. Çünki ömrünün ən məhsuldar illərini, cavanlığını, enerjisini qoyduğu Kommunist Partiyası Heydər Əliyevə naxələf çıxdı. 1987-ci ildə Onu partiyanın yüksək orqanlarından, eyni zamanda, SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad etmişdilər. Halbuki Heydər Əliyev 12 nazirliyin təlimatçısı idi. Bunlar azmış kimi, Kommunist Partiyasının mərkəzi aparatı Heydər Əliyevə qarşı təhqiramiz, böhtançı və provakasiyon kampaniyalar aparırdı.

O zaman hökumətin narazı olduğu şəxs araşdırılması üçün SSRİ Kommunist Partiyasının Nəzarət-Təftiş Komissiyasının öhdəsinə verilirdi. Həmin Nəzarət-Təftiş Komissiyasının sədri Puqonun və müavinlərinin seyfində Heydər Əliyevlə bağlı çoxlu materiallar yığılmışdı. Heydər Əliyevə qarşı təxribat xarakterli yazılara cavab olaraq biz, YAP-çılar Səs qəzetində yazılar dərc edirdik. Səs qəzetində mənim də Heydər Əliyevi müdafiə məqsədilə bir sıra yazım çıxdı.

Moskvadan iki nəfər, Qdlyanİvanov kəşfiyyat xarakterli olaraq Azərbaycana göndərilmişdi ki, buradakı vəziyyəti öyrənsinlər. Mən onlara cavab vermişdim ki, Azərbaycan Heydər Əliyevin sayəsində geridə qalmış kənd təsərrüfatı ölkəsindən qabaqcıl sənaye ölkəsinə çevrilib. Azərbaycan kəndlərində ilk daş evlər, ikimərtəbəli evlər məhz Heydər Əliyevin vaxtında tikilib. Heydər Əliyev pambıqçılığın, tütünçülüyün, üzümçülüyün inkişafı ilə əlaqədar xüsusi qərarlar qəbul etmişdi. Bu qərarlar vasitəsilə kənd təsərrüfatında yüksək inkişafa nail olmaqla ölkə əhalisinin güzəranının yaxşılaşmasına təkan vermişdir. SSRİ-nin Azərbaycandakı nümayəndələri Heydər Əliyevin bu xidmətlərini saxtalaşdırma, şişirtmə kimi qələmə verirdilər. Biz isə bu işləri Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əsil xidmətləri kimi göstərirdik və bu işdə Səs qəzetinin köməyi əvəzsiz idi.

Keçmişdə bolşeviklərini qəzeti İskra adlanırdı. Qeyd edim ki, bu qəzetin Kommunist Partiyasının yaranmasında, inkişafında və sovet rejiminin bərqərar olunmasında böyük rolu olub. Biz Səs qəzetini təsadüfən İskra qəzetinə oxşatmırdıq. Çünki Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişində Səs qəzetinin çox böyük rolu olub. Təbii ki, xalqımız Heydər Əliyevi dəstəkləyirdi və Onun Azərbaycana qayıdışını böyük səbirsizliklə istəyirdi, lakin Onu müdafiə edə bilmirdi. Xalqımızı YAP mütəşəkkilləşdirdi ki, burada da əsas vəzifələrdən birini Səs qəzeti tuturdu. YAP və Səs qəzeti bütün Heydər Əliyevçiləri bir yumruq kimi birləşdirdi və onun təşkil etdiyi xalq Heydər Əliyevi hakimiyyətə gətirdi. Bu gün Səs qəzeti sürətli inkişaf edir, onun ətrafında peşəkar kollektiv cəmləşib. Səs qəzeti yarandığı gündən tutduğu yolu davam etdirir. Bizim əsas istəyimiz odur ki, Heydər Əliyevin siyasəti davam etsinbu siyasət müdafiə olunsun.

 

Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev:

 

- Müstəqil Azərbaycanda müxalif mətbuatın fundamentini Səs qəzeti qoyub. Ölkənin istənilən dövlət strukturunda, parlamentdə, məhkəmə sistemlərində və s. müxtəlif sahələrdə Səs qəzetinin keçmiş əməkdaşları təmsil olunur. Onlar fəaliyyətləri zamanı Səs qəzetinin adını daim uca tuturlar. O zaman bu qəzetdə çalışmaq çox böyük məsuliyyət və əsil qəhrəmanlıq tələb edirdi. Təəssüflər olsun ki, həmin vaxtlar Səs qəzetində çalışa bilməmişəm. Mən Səs qəzetinin bütün kollektivini ürəkdən təbrik edirəm, onlara uğurlar arzu edirəm. Arzu edirəm ki, Azərbaycanda mətbuatın nə demək olduğunu hər kəsə başa salmaqda bundan sonra da davam etsinlər.

 

SƏS QƏZETİ SİYASİ PLÜRALİZMİN BƏRPA OLUNMASINDA BÖYÜK XİDMƏTLƏR GÖSTƏRİB

 

Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

 

- Əvvəla, Səs qəzetində çalışan əqidədaşlarımı, məsləkdaşlarımı, qəzetin yaranmasında zəhməti olan, bu qəzeti sevən şəxsləri ad günü münasibətilə təbrik edirəm. Eyni zamanda, bu qəzetin ərsəyə gəlməsində böyük xidmətləri olan mərhum akademik Fərəməz Maqsudovu ehtiramla anıram. Səs qəzeti müstəqil Azərbaycan mətbuatı tarixində özünəməxsus dəsti-xətti, üslubu olan bir qəzetdir. Bu qəzet, təkcə qəzetçilikdə qəbul olunmuş cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməyib, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv əsaslarla formalaşmasında böyük xidmətlər göstərib. Azərbaycanın siyasi sisteminin milli maraqlara uyğun formalaşmasında böyük əhəmiyyətə malik olub. Səs qəzeti, 1991-ci ildə müstəqilliyimizin ilk illərində çıxmağa başladı. Bu dövrdə dünyada, regionda və cəmiyyətimizdə baş verən proseslər indiki qədər aydın deyildi. Xüsusilə, monosiyasi bir sistemdən çıxan insanlar üçün çoxşaxəli, mürəkkəb bir sistemə qədəm qoymaq çətin bir məsələ idi. Onun istiqamətini müəyyənləşdirmək, xeyrimizə və ziyanımıza olan məsələləri ayırd etmək çətin proses idi. Belə bir məqamda Səs qəzeti öz analitik yazıları ilə insanlara yol göstərdi. Səs qəzeti, həmçinin, Azərbaycan cəmiyyətində siyasi fikrin, siyasi plüralizmin bərpa olunmasında böyük xidmətlər göstərib. Bu qəzet böyük müxalifətçilik yolu keçmiş qəzetdir. Həm o dövrdə, həm də indiki iqtidaryönlü mətbuat orqanı kimi çox şərəflə və ləyaqətlə fəaliyyət göstərir. İstər milli maraqlarımızın təhdid altında olduğu, istərsə də ki, qəzetçiliyin və qəzetlərin müstəqil söz deməsinin çətin olduğu bir dövrdə Səs qəzeti böyük cəsarətlə öz müxalif sözünü deyib. Daim ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu müdafiə edibindionun təbliği istiqamətində müstəsna fəaliyyət göstərir. Səs qəzeti ulu öndərin ideoloji tezislərinin, ideyalarının carçısı oluböz peşəkar, ləyaqətli kollektivi ilə bu işin öhdəsindən gəlib. Sonrakı mərhələdə, ölkəmizin inkişafında da Səs qəzeti böyük xidmətlər göstərib.

Səs qəzeti, həm də bir sıra tarixi hadisələri işıqlandırmaqla Azərbaycan mətbuatı tarixinə öz imzasına atıb. 1991-1992-ci illər Azərbaycan ağır günlərini yaşayırdı. Xalqımızın və ziyalılarımızın üz tutacağı, dərdini bölüşəcəyi mətbuat orqanı yox idi. Ölkə mətbuatı müxtəlif marginal qrupların əlində idi və belə bir məqamda 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciətini ilk dərc edən də məhz Səs qəzeti oldu. Səs qəzetinin işi bununla bitmədi, bu qəzet sonradan ziyalılar üçün tribuna oldu. Qəzetin fəaliyyəti bu günbu istiqamətdə davam edir. Səs qəzeti Azərbaycan mətbuatı üçün bir məktəbdir. Bu gün Səs qəzeti gündən-günə təkmilləşir və inkişaf edir. Ölkənin ən aparıcı mətbuat orqanı olaraq, öz tarixi ənənələrinə və missiyasına sadiq qalaraq, səmərəli fəaliyyət göstərir. Mən bir daha Səs qəzetinin yaranmasının 19-cu ildönümü ilə əlaqədar kollektivinizi təbrik edirəm, yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, Azərbaycan mətbuatında öz ləyaqətli yerini daim qoruya bilsin.

 

SƏS QƏZETİ CƏSARƏTİNƏ VƏ QORXMAZLIĞINA GÖRƏ BÜTÜN MƏTBUAT ORQANLARINA ÖRNƏKDİR

 

YAP Siyasi Şurasının üzvü, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə:

- Səs qəzetinin yaranmasının 19-cu ildönümü münasibətilə qəzetin bütün kollektivini təbrik edirəm. Xüsusilə, qəzetin ərsəyə gəlməsində böyük zəhməti olmuş Ağabəy Əsgərovu, qəzetin hazırkı baş redaktoru Bəhruz Quliyevi təbrik edirəm. Hesab edirəm ki, Səs qəzeti müstəqil Azərbaycan mətbuatı tarixində ilk qaranquşlardandır. Ulu öndər Heydər Əliyev də Səs qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və onun Azərbaycan mətbuatının inkişafındakı rolunu önə çəkib.

Bu qəzet Azərbaycanın ictimai-siyasi həyatında, müstəqillik tarixində çox böyük əhəmiyyətə malik olub. Həmin siyasi kursu Səs bu gün uğurla davam etdirir. Qəzetin özünəməxsus dəsti-xətti, mövqeyi var. Bu qəzet Azərbaycan cəmiyyətində sayılıb-seçilən və tanınan mətbuat orqanlarındandır.

Bu gün Səs qəzetinin çox dəyərli və jurnalistikaya sədaqətlə xidmət göstərən, sözə hər zaman hörmətlə yanaşan əməkdaşları var. 19 il çox böyük tarix olmasa da, Səs qəzeti artıq özünü təsdiq edib. Qəzetin öz simasını qoruyub saxlaması, öz missiyasını yüksək peşəkarlıqla davam etdirməsi sevindiricidir. Səs qəzeti ünvanına deyilən bütün xoş sözlərə layiqdir. Ümid edirəm ki, qəzet hələ uzun illər Azərbaycan dövlətçiliyinə xidmət göstərəcək və öz fəaliyyətini uğurla davam etdirəcək. 11 yanvar tarixini təkcə Səs qəzeti deyil, bütövlükdə, Azərbaycan mətbuatı üçün əlamətdar gün hesab edirəm.

Mən bir daha Səs qəzeti redaksiyasının bütün kollektivini təbrik edirəm və onlara uzun ömür, cansağlığı arzu edirəm.

Daim qələminiz iti, sözünüz kəsərli olsun!

 

SƏS QƏZETİ YARANDIĞI GÜNDƏN HƏSƏN BƏY ZƏRDABİ İRSİNƏ SADİQ QALIB

 

Azad Azərbaycan qəzetinin baş redaktoru Asəf Abbasov:

 

- Azərbaycan mətbuatında öz dəst-xətti olan Səs qəzeti adına uyğun olaraq cəmiyyətimizdə daim özünəməxsus səsi ilə sayılıb, seçilib. Heç də təsadüfi deyil ki, hər zaman Səs qəzetini müasir Azərbaycanın söz carçılarından biri kimi hesab ediblər. Qəzet yarandığı gündən Həsən bəy Zərdabi irsinə sadiq qalıb, cəmiyyətimizin bütün tələblərinin sosial sifarişini layiqincə yerinə yetirib. Səs qəzeti təkcə dövlətçiliyimizin, xalqımızın milli maraqlarının qornub-saxlanması istiqamətində deyil, vətəndaşlarımızın üzləşdiyi problemlərin işıqlandırılmasında da daim xüsusi operativlik nümayiş etdirib. Azərbaycan mətbuatına layiq özünəməxsusluğu ilə seçilən bu qəzet öz qiymətini layiqincə alıb. Vaxtilə ulu öndər Heydər Əliyevin Səs qəzeti haqqında dediyi fikirlər də bunu təsdiq edir: Səs qəzeti yarandığı ilk gündən Azərbaycan xalqına xidmət edir, həmçinin, özü də günü-gündən inkişaf edir.

Əsas müraciətlərin yayıcısı funksiyasının daşıyıcısı olan həmkarlarımıza uğurlar, müvəffəqiyyətlər arzulayıram. Qoy səsiniz daim ictimai rəyə təsir etmək imkanını qoruyub saxlasın. Bütün Səsçiləri təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram.

 

SƏS QƏZETİ YARANDIĞI GÜNDƏN BUGÜNƏDƏK BÖYÜK İNKİŞAF YOLU KEÇİB

 

Səs qəzetinin baş redaktor müavini Valeh Məhərrəmli:

 

- Səs qəzetinin ilk sayı 1991-ci ilin yanvar ayının 11-də çıxıb. O vaxt qəzetin baş redaktoru Eldar Baxış idi. Həmin illərdə Ayaz Müttəlimov Qarabağ hadisələrinə görə hakimiyyətdən getmişdi, onu səlahiyyətlərini müvəqqəti olaraq Yaqub Məmmədov icra edirdi. Mütəllimov hakimiyyətinin dalanı idi. Səs qəzeti Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı idi. Bu cəmiyyət o zaman Naxçıvan ziyalılarını öz ətrafında birləşdirmişdi. Ancaq buna baxmayaraq, ölkənin müxtəlif bölgələrindən ziyalılar bu cəmiyyətə qoşulurdu. Xeyriyyə cəmiyyətinin yığıncaqlarında sərhəd bölgələrindəki gərginliklər müzakirə olunurdu. Hakimiyyət məsələyə birtərəfli münasibət göstərirdi. Ona görə də istənilən şəxslər cəbhə bölgəsində olan insanlara kömək göstərirdi. Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyəti də elə bu məqsədlə yaradılmışdı və Səs qəzeti də onun orqanı kimi təsis olunmuşdu. Sərhəd bölgələrindəki insanlara, əsgərlərə göstərilən yardımlar Səs qəzetində işıqlandırılırdı. Eyni zamanda xeyriyyə cəmiyyətinin iclaslarında müzakirə olunan məsələlər də qəzetin səhifələrində işıqlandırılaraq, aktuallaşır və beləliklə də, bütün Azərbaycanı əhatə edirdi. Həmin dövrdə bir sıra cəmiyyətlərin yaranmasına baxmayaraq, Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin ömrü daha uzun oldu və fəaliyyətinin perspektivigöz qabağındadır. 1991-ci ildə nəşrə başlayan Səs qəzetində gedən yazılar Azərbaycanın inkişafına yönəlmişdi. Əsasən də, sərhəd zonalarında gərginliyin azaldılması istiqamətində mühüm işlər görülmüşdü.

Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra da Səs qəzeti öz fəaliyyətini davam etdirdi. Naxçıvanda Ali Sovetin Sədri olan Heydər Əliyevin oradakı siyasi fəaliyyəti də məhz Səs qəzetində işıqlandırılırdı. Həmin dövrdə Ayaz Müttəlimov Konstitusiyaya yaş senzi haqda maddə daxil etmişdi. Bu da Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək məqsədi daşıyırdı. Naxçıvanın inkişafı, orada görülən işlər, keçirilən iclaslar, Naxçıvanın Muxtar Respublika elan olunması və s. tədbirlərdə Heydər Əliyevin müstəsna xidmətləri olub. Hətta Naxçıvanın Türkiyə Respublikası ilə çox sıx əlaqələri qurulmuşdu. Onun bu fəaliyyəti də Səs qəzeti tərəfindən daim işıqlandırılıb. O zaman Heydər Əliyevin Bakıya gəlişi məsələsi gündəmə gətirilmişdi. Beləliklə, ziyalılar yığışaraq, Heydər Əliyevə müraciət etməklə bağlı qərar qəbul etdilər. Müraciətə imza atan ziyalıların 91 nəfər olması ilə həmin müraciət 91-lərin müraciəti adlandırıldı. Həmin vaxt hərbi, mülki senzuralar var idi. Səs qəzeti çox çətin şəraitdə çıxıb.

Səsin nəşr olunduğu vaxt çox az sayda qəzet çıxırdı. Həmin vaxt mən eşitdim ki, Kibernetika İnstitutunda Səs adında qəzet dərc olunur. Qəzetin o zamankı baş redaktoru Eldar Baxış mənimlə söhbətində bildirirdi ki, tezliklə qəzet çıxacaq. Qəzetin nəşri, nəhayət ki, 1991-ci ilin yanvarın 11-də düşdü. O zaman Stalin və digər şəxslər haqqında bəzi rus mətbuatında yazılar dərc olunurdu ki, həmin yazılarda onların əsil siması üzə çıxırdı. Mən Eldar Baxışla birlikdə həmin yazıları Azərbaycan dilinə tərcümə edirdik. Bundan əlavə, həmin vaxt Azərbaycanda rusdilli təşkilatlar yaranırdı. Onlar da öz proqram və nizamnamələrini bizə təqdim edirdilər. Səs qəzetində bir il tərcüməçi kimi fəaliyyət göstərdim. 1992-ci ilin mart ayında Eldar Baxış könüllü olaraq qəzetin baş redaktorluğundan çıxdı. Ondan sonra qəzeti məsul katib Teyfur Çələbi və müxbir Böyükkişi Heydərli birlikdə buraxdılar. Daha sonra qəzetin baş redaktoru Ağabəy Əsgərov oldu. Səs qəzeti yarandığı gündən bugünədək böyük inkişaf yolu keçib. Mən də Səs qəzetinin əməkdaşı olaraq, kollektivimizi təbrik edirəm.

 

 

Kübra ƏLİYARLI,

 

Sevinc NƏZƏROVA

 

Səs.- 2010.- 12 yanvar.- S. 8-9.