Azərbaycan bölgədə sabitləşdirici amildir

 

İlham Əliyev: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır"

 

"Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlamışdır. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyildir. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı genosid- Xocalı soyqırımı törədilmişdir. Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetirilmişdir. Nədənsə o zaman dünya birliyi bizim dərdimizə biganə qalmışdır"- Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş yığıncaqda bildirib.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır. Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları - bütün bu qərarlar işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Ancaq məsələ öz həllini tapmır.

Belə olan halda haqlı olaraq Azərbaycan vətəndaşları sual verirlər ki, nə üçün bizə qarşı münasibət fərqlidir? Bunun səbəbi nədir? Azərbaycan Prezidenti bu sualı beynəlxalq ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik olan ölkələrə ünvanlayıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son qoyulmalıdır və bu məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyildir.

"Bir daha demək istəyirəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe nəinki bizim arzularımıza, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq hüquq, hələ ki, dünyada başlıca bir meyardır. Biz indi görürük ki, beynəlxalq hüquq normaları müxtəlif yerlərdə kobudcasına pozulur. Ona görə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və heç bir şərt irəli sürülməməlidir"-deyə ölkə Prezidenti bildirib.

Dövlət başçısının fikrincə, hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların oraya mütləq qayıdacağı, Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. "Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud davaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır"-deyə ölkə rəhbəri vurğulayıb.

Qeyd edək ki, birinci rübdə bu məsələ ilə bağlı ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş torpaqlara səfər edib. Bu missiya rəsmi Bakının təklifi əsasında baş tutub. Ermənistan tərəfi isə, buna etiraz etməyə cəhd göstərib.

Xatırladaq ki, 2005-ci ildə də oxşar missiya işğal edilmiş torpaqlara səfər etmişdi. O, faktaraşdırıcı missiya adlandırılırdı. Missiyanın əsas məqsədi işğal edilmiş torpaqlarda vəziyyəti araşdırmaq və məruzə hazırlamaq idi.

Hazırda Azərbaycan cəmiyyətində missiyanın yekun məruzəsi ilə bağlı müxtəlif fikirlər var. Haqlı olaraq ölkə ictimaiyyəti öz narahatlığını bildirir ki, o məruzədə ifadələr o qədər də kəskin deyil. Ancaq qeyd etmək lazımdır ki, missiyanın məqsədi və mandatı ondan ibarət idi ki, mövcud vəziyyəti öyrənsin və gördüklərini məruzədə ifadə etsin. Bu baxımdan, hesab etmək olar ki, məruzədə göstərilən məsələlər əsasən reallığı əks etdirir.

Birincisi, məruzədə açıq-aydın göstərilir ki, işğal edilmiş ərazilərdə ermənilər tərəfindən bütün infrastruktur dağıdılıb. Qeyd edək ki, 2005-ci ildə bu, göstərilmişdi. Yəni, erməni vandalizminin nəticələrini missiya öz gözü ilə görmüşdü.

Dini obyektlər, qəbirlər, bütün infrastruktur dağıdılıb, ya da ki, talan edilib. İkinci vacib məsələ ondan ibarətdir ki, məruzədə göstərilir, işğal edilmiş rayonların inzibati hüdudlarını süni şəkildə dəyişdirmək olmaz. Bu, birbaşa Ermənistana ünvanlanan bir tələbdir. Bütün dünya bilir ki, Ermənistan bizim rayonların hüdudlarını süni şəkildə dəyişdirmək istəyir.

Bununla bərabər, rayonların tarixi və əzəli adlarının dəyişdirilməsi də yolverilməz hal kimi məruzədə göstərilib. Bu da birbaşa Ermənistana ünvanlanan bir iraddır. Çünki şəhərlərimizin adlarını onlar dəyişdirmək istəyir və onlardan başqa o yeni adları heç kim tanımır və tanımayacaq.

Buna oxşar kifayət qədər məsələlər məruzədə öz əksini tapıb. Ən vacib məsələlərdən birihesabatda işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparılmasının göstərilməsidir. Hazırda təkcə Laçın və Kəlbəcər rayonlarında 14 min qanunsuz məskunlaşma halı var. Onlar sonradan bu torpaqlara köçürülüblər və missiya bunu da hesabatda yolverilməz hal kimi göstərib.

Nəhayət, məruzədə göstərilir ki, status-kvo, yəni indiki vəziyyət davam edə bilməz. Sənəddə bu, ən vacib məsələlərdən biridir. Çünki uzun illərdir ki, Azərbaycan dövləti bütün tribunalarda, bütün beynəlxalq təşkilatlarda, eyni zamanda, həmsədr ölkələrin rəsmiləri ilə birbaşa görüşlərdə məsələ qaldırır ki, status-kvo dəyişdirilməlidir.

Ermənistan tərəfi bütün imkanlardan istifadə edir, çalışır ki, danışıqları uzatsın. Müəyyən mərhələdə razılaşdırılmış məsələlər onlar tərəfindən yenidən danışıqlar masasına qoyuluronlar öncədən razılaşdırılmış məsələlərdən geri çəkilirlər.

Yerevan çalışır ki, bu proses daimi olsun, daim bu danışıqlar getsin. Halbuki beynəlxalq təşkilatlara aydındır ki, Ermənistan danışıqlarda qeyri-səmimidir. Yerevanın məqsədi məsələnin həlli deyil, işğal edilmiş torpaqları qədər mümkündür öz nəzarəti altında saxlamaq de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir.

Azərbaycan Prezidenti hökumətin yığıncağında bu məsələyə toxunaraq deyib: "Biz dəfələrlə məsələ qaldırmışıq ki, bu, mümkünsüzdür. Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcəkdir. Bizim kəskin fikrimiz bundan ibarətdir status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişməsi deməkdir, bunu hamı yaxşı başa düşür. O deməkdir ki, Azərbaycan torpaqlarından işğalçı qüvvələr çıxarılmalıdır məruzədə bu tezisin göstərilməsi, hesab edirəm ki, çox vacib məsələdir".

Dövlət başçısı qeyd edib ki, "Azərbaycanın mövqeyi həmsədr ölkələr- ATƏT tərəfindən dəstəklənir: "Status-kvonun qəbuledilməz olması birinci dəfə deyil ki, səslənir. Bunu həmsədr ölkələrin yüksək vəzifəli şəxsləri öz bəyanatlarında bildirmişlər. Əgər status-kvo dəyişdiriləcəksə, bu, mütləq dəyişdirilməlidir, əlbəttə ki, Azərbaycanın hazırda işğal altında olan torpaqlarından işğalçı qüvvələr çıxarılacaqdır bu, tezliklə baş verməlidir. Ermənistana imkan verilməməlidir ki, danışıqları süni şəkildə, müəyyən bəhanələrlə uzatsın. Ermənistan konkret təkliflərə konkret cavab verməlidir ki, torpaqlarımızın işğalçılardan azad edilməsi prosesi başlasın".

Beləliklə, ölkə Prezidenti həm məruzə ilə bağlı, həm ki, danışıqların mahiyyəti məzmunu ilə bağlı Azərbaycan vətəndaşlarına öz mövqeyini bir daha açıq izah edib. Artıq Ermənistanın danışıqları uzatmaq cəhdinə imkan verilməyəcək qəti tələb qoyulacaq ki, münaqişə sülh yolu ilə həll edilsin. Əgər bu baş verməsə, o zaman Azərbaycan bu problemi öz bildiyi kimi həll edəcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 14 aprel.- S. 2.