Görkəmli oftalmoloq Zərifə Əliyeva elmin və insanlığın zirvəsində dayanan Azərbaycan qadını olub

 

YAP Gədəbəy rayon təşkilatında akademik Zərifə Əliyevanın anadan olmasının 88-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının qərargahında görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 88-ci ildönümü ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov Azərbaycan tibb elminin dünya miqyasında tanınmasında, ölkəmizin elm xəzinəsinə sanballı töhfələrin bəxş edilməsində görkəmli oftalmoloq Zərifə Əliyevanın əməyinin böyük olduğunu bildirdi.

Qeyd etdi ki, beynəlxalq miqyasda böyük nüfuz qazanan məhsuldar və yorulmaz fəaliyyəti ilə tibb elminin, səhiyyənin inikişafına qayğısını əsirgəməyən görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın adı Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu kimi tibb tarixi salnaməsinə böyük hərflərlə yazılıb. R.Muradov görkəmli alimin təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsil vətəndaş kimi yaddaşlara əbədi həkk olunduğunu vurğuladı. "Akademik Zərifə Əliyeva şərəfli və mənalı ömür yaşamış, o, elmin çətin yollarında inamla irəliləyərək, akademik zirvəsinə-tibb elminin ən uca pillələrinə yüksəlmiş, çətin, məsuliyyətli, eyni zamanda, gərəkli, nümunəvi həyat yolu keçib. Eyni zamanda, fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik olan görkəmli akademik Zərifə Əliyeva tibb sahəsi ilə yanaşı, musiqi təhsili də alaraq, fortepianoda dəyərli əsərləri ifa etmişdir" deyən R.Muradov akademik Zərifə Əliyevanın ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də, məğrur Azərbaycan qadını kimi xalqımızın qəlbində daimi yaşayacağını söylədi.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının qadınlar şurasının sədri Nəzakət Hüseynova ötən il ərzində qadınlar şurasının gördüyü işlərdən danışaraq, ölkə Prezidentinin Azərbaycan qadınlarına qayğısına cavab olaraq qadınların səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı uğurları tədbir iştirakçılarının nəzərinə çatdırdı. N.Hüseynova çıxışında Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq Zərifə Əliyevanın mənalı və dəyərli həyat yolu keçdiyini bildirdi. Qeyd etdi ki, bu böyük insan Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin ömür-gün yoldaşı kimi xalqımızın firəvan gələcəyə qovuşmasında Onunla çiyin-çiyinə böyük işlərin, xeyirxah əməllərin önündə olub. Bu mənada, görkəmli oftalmoloqun Azərbaycan tibb elminə və göz xəstəliklərinin müalicəsində beynəlxalq dərəcəli bir alim kimi tanınmasında Onun böyüyüb boya-başa çatdığı ailənin də əhəmiyyəti çox yüksəkdir. "Ona görə də, bu gün Azərbaycan xanımı, görkəmli akademikimiz olan Zərifə Əliyevanın adını özü üçün böyük örnək təcəssüməsi kimi yaşadır" deyən N.Hüseynova Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olmuş akademik Zərifə Əliyevanın əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən əbədi olaraq yaşayacağını bildirdi.

 

 

RƏFİQƏ

 

Səs.- 2011.- 21 aprel.- S. 7.