Mədəni irsimiz - Tarixi dəyərimiz

 

Gənclər və İdman Nazirliyi 16-21 yaş arası olan gənclər üçün "Mədəni İrsimiz - Tarixi Dəyərimiz" mövzusunda foto-müsabiqəyə start verib. Müsabiqəyə qatılmaq üçün gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər qəbul olunur.

Nazirlikdən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin, dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanmasıdır. Bununla yanaşı, Avropa Şurasının təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən "Beynəlxalq mədəni irs fotoqrafiya təcrübəsi"  layihəsinin Azərbaycan Respublikasında da baş tutması əsas amillərdən biridir.

Bu müsabiqə, eyni zamanda, Azərbaycanda "Turizm ili"nin elan olunması ilə əlaqədar olan tədbirlər çərçivəsində gerçəkləşdirilir. Müsabiqənin nəticəsi olaraq 4 nəfər qalib pul mükafatına layiq görüləcək: I yer-300 manat, II yer-200 manat, III yer isə hər birinə 100 manat olmaq şərti ilə 2 nəfərə veriləcək. Eyni zamanda, qaliblər Gənclər və İdman Nazirliyi Avropa Şurası tərəfindən təsis edilən fəxri diplomlar ilə təltif olunacaqlar. Qalib gəlmiş fotoşəkillər "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layhəsinin ümumi kataloqunda nəşr etdiriləcək.

Müsabiqənin hər bir iştirakçısı fotoşəkilin adının qeyd olunması şərti ilə yalnız 10 şəkil (cd ya dvd formatında) təqdim edə bilər. Fotoşəkillərlə yanaşı, müəllif haqqında informasiya (adı, soyadı, təvəllüd) və şəxsiyyət vəsiqənin sürəti də əlavə edilməlidir.

Fotoşəkillər 3 may 2011 il tarixinədək Gənclər və İdman Nazirliyində qəbul olunur.

 

 

Zümrüd

 

Səs.- 2011.- 23 aprel.- S. 12.