Azərbaycanda dini fanatizmə yer yoxdur

 

Təhlükə getdikcə dinə meyilin artmasında yox, onun bir çox hallarda siyasi-ideoloji funksiyanı yerinə yetirməsindədir

 

Son vaxtlar Azərbaycanda siyasi və ictimai sabitliyi pozmağa çalışan qüvvələrin fəallaşdığı hiss olunur. Öncəki cəhdlərdən (etnik, sosial, siyasi qarşıdurma yaratmaq) bir nəticə əldə edə bilməyən xarici qüvvələr indi də dini məsələləri ortaya atıblar və cəmiyyətdə parçalanma yaratmaq üçün ölkədəki əlaltılarına yeni sifariş veriblər. Söhbət məlum xarici dairələrdən aldığı tapşırıq əsasında kiçik yaşlı şagirdlərin orta məktəblərə çadrada gəlməsinə icazə verilməsini tələb edən bir qrup radikal dindarın fəaliyyətindən gedir.

Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Əlbəttə, ölkədə dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizin qorunmasında və inkişafında önəmli rol oynayır. Ancaq hansısa təriqətə bağlılıq, dövlət maraqlarından üstün tutulmamalıdır.

 

 Dinin Azərbaycan tarixində rolu

 

Tarix və təcrübə göstərir ki, “İnkişaf etmiş ölkələr dini dövlət olduqları üçün deyil, dini dünyəvi fəaliyyətə qarışdırmadıqlarına görə inkişaf edib”- Mark Tven. Azərbaycan xalqı da tarix boyu dini, siyasi rejimlərin zəncirindən azad olan kimi, da bu yolu seçib və haqlı olduğu ortadadır.

Tarixə baxsaq, dünyada olduğu kimi, Azərbaycanda da dini ideologiya heç də həmişə tərəqqipərvər və sülhsevər olmayıb. Eramızdan öncə və yeni erada bu torpaqlarda müxtəlif dinlər və cərəyanların tərəfdarları arasında dəhşətli müharibələr baş verib. Nəticədə, milyonlarla günahsız insan məhv edilib.

VII əsrdən başlanan və ən azı 2 əsr davam edən dini müharibələr yüz minlərlə insanların həyatına son qoyub, şəhərlər və kəndlər darmadağın olub. Xilafətin Azərbaycanı işğal etmək və əhalinin zorla dinini dəyişdirmək planlarına qarşı xalq hərəkatı başlayıb və sonradan Babək Xürrəminin başçılığı ilə Azərbaycanın bütün ərazisi (1 milyon kvkm) işğalçılardan azad edilərək müstəqil dövlət yaradılıb, milli, dini ənənələr bərpa edilib.

Eyni proses XV əsrdən XVII  əsrədək davam edən sünni-şiə müharibələrində də yaşanıb. İki qardaş xalqın dünyanın iki ən güclü imperiyasına sahib olduğu vaxt Avropa onları din faktorundan yararlanaraq, qarşılaşdırdı və parçaladı. Konkret olaraq, milyonlarla insanın qanına qəltan olmasına, şəhərlərin-kəndlərin darmadağın edilməsinə, əhalinin aclıqdan ölməsinə nədən olan Osmanlı-Səfəvi müharibələrinin gerçək səbəbi sünni-şiə ayırımı idi.

Bu müharibələrin Türkiyə və Azərbaycan türklərinə psixoloji təsiri bu günə qədər qalmaqdadır. Eyni zamanda, tariximizdə fərqli fikirli insanların təqib olunması və hətta edam olması faktları da vardır. Nəimi, Nəsimi kimi böyük dahilərin işgəncələrlə vəhşicəsinə qətlə yetirilməsində din (ya da din xadimləri) faktoru əsas olub.

Gəlin XX əsrin əvvəllərindəki və ortalalarındakı duruma baxaq. Azərbaycan xalqı aclıq, səfalət, mövhumat içində çapalayır və dünyadan xeyli geri qalırdı. Lakin bu millətin içində aydınlar, böyük mütəfəkkirlər var idi (onlar da Qərbdə və Rusiyada təhsil alanlar idi). Məhz onların böyük və gərgin əməyi nəticəsində xalqı xurafatdan bir qədər uzaqlaşdırmaq, təhsilə və mədəniyyətə cəlb etmək işi başladı.

ADR-in yaranması bu məsələləri dövlət səviyyəsində prioritet siyasətə çevirdi. Qısa müddətli hakimiyyəti dövründə ADR təhsil, elm, mədəniyyət sahəsində xeyli iş gördü. Böyük öndər Məmməd Əmin Rəsulzadə və ziyalı hökumət əvəzsiz və qeyri-mümkün işlər bacardılar.

Bunun sayəsində Azərbaycan dünyada monolit xalqa, milli dilə, mədəniyyətə malik bir ölkə kimi qəbul edildi. Məhz buna görə biz, SSRİ tərkibinə Rusiya tərkibində muxtar qurum kimi deyil, müttəfiq respublika kimi daxil olduq.

Sovet hakimiyyəti qurulduqdan sonra isə, mövhumata, cəhalətə qarşı mübarizə gücləndi. Təhsil kütləvi xarakter aldı və hətta qocalar belə məktəblərə cəlb olundu. Ötən yüzillikdə Azərbaycan xalqı dünya elminə, mədəniyyətinə böyük dahilər, alimlər, sənətkarlar verdi. Burada sovet ideologiyasının çox böyük və önəmli təsirinin olduğunu etiraf etmək lazımdır.

Göründüyü kimi, cəmi 30 ili (1918-1950) nəzərdən keçirsək, fərq müqayisə olunmazdır. Qısa bir zamanda xalqımız nə qədər böyük inkişaf yol keçdi. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə isə, elm, təhsil və mədəniyyət sahəsində işlər daha böyük vüsət aldı.

Müstəqilliyimizi bərpa etdikdən sonra isə, çox təəssüf ki, tendensiya əks iqtiqamətdə inkişaf etməyə başladı. Son illərdə Azərbaycanda yenidən təhsilin, elmin, mədəniyyətin yenidən sürətlin inkişafı müşahidə olunur ki, bu da, deyəsən, bəzi qüvvələri narahat edir.

 

Dini boşluğu kimlər doldurdu?

 

Sovet dövründə hakim olan ateist ideologiyasının iflasından sonra mənəvi boşluq yaranmışdı. Bir çox dini təriqətlər (onların içində təhlükəli olanları da var) bu boşluğu doldurmaq üçün ölkəmizə “hücuma keçdilər”. Vəhabilər, nurçular, süleymançılar və digərləri müxtəlif şirnikləndirici və aldadıcı yolarla ətraflarına daha çox kütlə cəlb etməyə çalışırlar.

Belə təriqətlərin əsas məqsədi isə heç də Tanrı haqda bilik yaymaq deyil, yalnızca öz təlimlərini cəmiyyətin mümkün qədər çox hissəsinə yaymaqdan və kütlələri öz nəzarətlərində saxlamaqdan ibarətdir.

Bununla onların tabe olduğu siyasi-ideoloji mərkəzlər onların vasitəsilə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd edirlər. Belə dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların dayanması faktları da vardır.

Azərbaycan xalqı 70 il sovet hakimiyyəti dövründə ateizm təbliğatının təsiri altında yaşayıb. Təbii ki, bu, bəzi insanların təfəkküründə və ideologiyasında öz izini və təsirini buraxıb. Lakin indi insanlarımız dini qaydalar və müasir həyatın tələblərini uyğunlaşdıraraq öz həyatlarını düzgün yaşamağa çalışırlar.

Dini fəaliyyət üçün ölkədə heç bir maneə olmasa da, dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yaranır. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu, həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.

Ölkəmizdə yaradılmış tolerant mühitdən bəzi qüvvələr yararlanmağa çalışır, xalqı mövhumat qaranlığına sürükləmək istəyirlər. Bir çox hallarda din xadimləri insanları yanlış yönləndirir. Məsələn, deyilir ki, qurban bayramında ət alıb paylamaq olmaz, Tanrı bunu qəbul etmir, gərək mütləq diri heyvan alıb, onun qanını tökəsən, yəni başını kəsəsən. Əsas məsələ qan tökməkdi sanki.

Amma dinin mahiyyəti başqalarına zərər vurmaq deyil, Tanrını və bütün canlıları sevməkdir. Azərbaycan xalqı tarix boyu bu prinsiplə yaşayıb və öz tolerantlığı ilə dünyada tanınıb.

 

Azərbaycana əsən cənub küləkləri

 

Son vaxtlar ölkədə dini əldə bayraq edib dövlətə, xalqa qarşı xaricdən idarə olunan qüvvələr fəallaşıb. Bu proseslərin, konkret olaraq, İrandan qaynaqlandığına heç kimin şübhəsi yoxdur. Düzdür, bu məsələdə (ölkədə radikal dindarlığın və mövhumatın güclənməsində) bəzi qonşu ölkələrin və Qərb dairələrinin də böyük rolu var, amma ən böyük payın Tehrana aid olduğu şübhəsizdir.

Bu yaxınlarda hicab məsələsi ilə bağlı bəzi dindarların etiraz aksiyaları xarici dairələr tərəfindən təşkil olunmuş, maliyyələşdirilib və dəstəklənib. Nardaranda səsləndirilmiş şüarlar məsələnin mahiyyətini aydın dərk etməyə yardım edir. Məlum olur ki, kobud desək, dava “din davası deyil, dən davasıdır”.

Yadınızdadırsa, hicab məsələsi ilə bağlı iranlı ayətullah Nasir Məkarim Şirazi də eyni mövqedən çıxış etmişdi. O da Azərbaycanda orta məktəblərdə hicaba qoyulan qadağaya qarşı çıxaraq, əhalini bu qərara qarşı müqavimət göstərməyə çağırmışdı.

Deyəsən, Azərbaycanın sürətlə hərbi, iqtisadi cəhətdən möhkəmlənməsi, siyasi nüfuzunun artırması, regionda söz sahibinə çevrilməsi Tehranı yaman narahat edir. ETTELAAT-ın əl buyruqçularının əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tətbiq etmək, bəzi digər ölkələr kimi Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizi qeyri-stabillik nümunəsinə çevirməkdir.

Onlar dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər.

Təəssüf ki, XX qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə bəzi yerli və xarici qüvvələr hələ də müxtəlif vasitələrdən, o cümlədən, din amilindən istifadə etməklə ölkəmizi dini cəhalətə sürükləməyə çalışırlar. Bu yolda “Səhər” “telekanalizasiya”nın, çoxsaylı qəzet-jurnal və internet saytının, həmçinin, “verbovka” olunmuş din xadimlərinin xidmətlərindən yararlanmağa çalışırlar.

İranın bəzi din xadimləri burunlarını başqa dövlətlərin işləri soxmazdan öncə, öz ölkələrindəki durumu nəzərdən keçirsələr, yaxşı olar. Hər 8 saatda bir günahsız insanın asıldığı, 35 milyonluq türkə qarşı bütün mənalarda repressiya edildiyi, qadınların kölə halına salındığı, AİDS xəstəliyinə görə dünyada liderlik edən, müsəlman qardaşlarını soyqırıma məruz qoyan xristian erməniləri qardaş seçən və hər cür dəstək göstərən dövlət öncə öz problemlərini həll etsin, sonra kiməsə nəyisə irad tutsun.

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyin ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək. 

Beləliklə, Azərbaycanda daxili qarşıdurmalar törətmək istəyən bəzi xarici dairələrin növbəti əməli də dindarların hisslərindən istifadə etmək üzərində qurulmuşdu. Lakin həm dövlət, həm cəmiyyət bu məsələdə təmkinli davrandı və növbəti təxribat projesi də baş tutmadı.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 3 fevral.- S. 12.