Sənət adamlarına YAP-ın üzvlük vəsiqələri təqdim edildi

 

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında sənət adamlarına partiyanın üzvlük vəsiqələrinin təqdim olunması ilə bağlı mərasim keçirildi. Mərasimdə çıxış edən YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov YAP-a üzv olmaları münasibətilə sənət adamlarını təbrik etdi. YAP üzvlərinin sayının 540 min nəfərə yaxın olduğunu deyən Ə.Əhmədov indiyə kimi Azərbaycanda bu partiya qədər güclü siyasi təşkilatın olmadığını vurğuladı: “Ölkə miqyasında 540 min nəfər kifayət qədər böyük rəqəmdir. Əlbəttə, Azərbaycanda heç zaman bu qədər üzvü olan partiya olmayıb. Vaxtilə Azərbaycanda yalnız bir partiya mövcud idi, baxmayaraq ki, həmin partiya 70 il yaşamışdı, o zaman Kommunist Partiyasının üzvlərinin sayı 400 minə  çatmamışdır. Amma 20 yaşı tamam olmayan Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı yarım milyonu keçib. Bu, böyük qüvvədir. YAP-ın sıraları davamlı olaraq artır.

Hər il  partiyanın sıralarına 25-30 min nəfər daxil olur. Bu, sadəcə, statistika deyil və YAP-ın gücü təkcə bu rəqəmlərlə məhdudlaşmır. Bu statistikanın arxasında görülən işlər, xalqa xidmət edən fəaliyyət dayanır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir. İnkişaf prosesi bütün sahələrdə özünü göstərməkdədir. Hesab edirəm ki, gələcəkdə uğurlarımız daha da çox olacaq. Bu mənada, ölkəmizdə mədəniyyət və incəsənət sahələrində də ciddi inkişaf prosesi baş verməkdədir. Hesab edirəm ki, tanınmış sənət adamlarının, mədəniyyət və incəsənət xadimlərinin partiyamıza üzv olmalarına qərar verməsinin kökündə də bu amil dayanır. İnanıram ki, YAP sıralarına qoşulmuş sənətçilər bu seçimi etdikləri üçün heç vaxt zərrə qədər də təəssüf hissi keçirməyəcəklər”.

Ə.Əhmədov onu da vurğuladı ki, cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilən insanların Yeni Azərbaycan Partiyasına üzv olmaları onların bu partiyaya inam və etibar etmələri ilə bağlıdır: “Yeni Azərbaycan Partiyası böyük bir ordudur və bu ordunun gücünü formalaşdıran çoxlu sayda insanlardır, amma onların hörməti, nüfuzu, Azərbaycan cəmiyyətinin inkişafına verdiyi töhfələr olmaqla yanaşı, xalqın Yeni Azərbaycan Partiyasına böyük inamıdır. Bu inamın nəticəsidir ki, 540 mindən yuxarı Azərbaycan vətəndaşları YAP-a daxil olubdur. Bu inamın kökündə də, təbii ki, Ümummilli Liderimiz Heydər Əliyev, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət - bu gün ölkəmizə rəhbərlik edən ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət dayanır”.

YAP Sədrinin müavini onu da vurğuladı ki, hər bir insan həyatında dəfələrlə əhəmiyyətli seçimlər edir: “Güman edirəm ki, sizin bu gün etdiyiniz seçim də həyatınızdakı seçimlərdən biridir. Siz həyatınızı  əhəmiyyətli dərəcədə Yeni Azərbaycan Partiyası ilə bağlayırsınız. Partiyanın tərkibində mədəniyyət təmsilçisi olaraq  onun gücünün artırılmasına dəstək olacaqsınız. Partiyanın üzvü olmaqdan qürur duyacaqsınız. Bunun üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Əlbəttə, bu seçim əvvəllər də olub. Amma  rəsmiləşmək baxımından son zamanlar intensivləşib. Bu, sevindirici haldır. Prosesin davamlılığına böyük inam ”.

Ə.Əhmədov “Bizim gücümüz sözümüzdədir,  xalqımıza sədaqətlə xidmət etməyimizdədir” fikrini söyləyərək vurğuladı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın bu gününə nə qədər xidmət edirsə, bir o qədər də uğurlu  gələcəyinə yönəlib: “Azərbaycan sürətlə inkişaf edir. Paytaxt və bölgələrin siması gündən-günə dəyişir. Bakımız gözəlləşir. Hər zaman bu dəyişikliklərin içərisindəyik. İnsan dəyişikliklərin içərisində olanda, onu o qədər də hiss etmir. Amma kənardan bu dəyişikliyi müşahidə edəndə, ölkəmizin nə qədr sürətlə inkişaf etdiyinin şahidi oluruq. Hər birimiz əminik ki, bu dəyişikliklər bundan sonra da davam edəcək”.

Ə.Əhmədov Prezident İlham Əliyevin apardığı siyasətin çox uğurlu tərəflərindən biri  kimi Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının təmin olunduğunu göstərdi: “Dövlət başçısı İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün bölgələrin tərəqqisini qarşıya ən ümdə məqsəd kimi qoydu. Regionların inkişafı Dövlət Proqramının məqsədi məhz  insanlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq, yeni iş yerləri açmaq, sosial məsələləri həll etmək, xalqımızın rahat yaşaması üçün şərait yaratmaqdır. Regionların inkişafını ölkənin hərtərəfli tərəqqisi üçün başlıca amil kimi  önə çəkən Prezident İlham Əliyev bununla respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə inkişafını həlli vacib məsələ kimi diqqətə çatdırır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan  dünya iqtisadiyyatına  inamla inteqrasiya edən dövlət kimi sosial-iqtisadi göstəriciləri ilə  beynəlxalq ictimaiyyətin marağını cəlb etdi.  Dünya miqyasında iqtisadi inkişaf sahəsində   birinci olmaq, əlbəttə, asan məsələ deyildir. Bunun səbəbi islahatlar, düşünülmüş siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli inkişafıdır. Bölgələrdə gedən quruculuq, abadlıq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması, bütün bunlar görülən işlərin praktik nəticələridir”.

YAP Sədrinin müavini onu da vurğuladı ki, bu gün yeniləşən, müasirləşən Azərbaycanın uğurlarında partiyanın hər bir üzvünün payı var: “Bundan sonra bu birlik daha da möhkəmlənəcək, uğurlu addımlarımızla  bu inkişafa dəstək olacağıq. Bu gün partiyanın sıralarında birləşən üzvlərin 40 faizini gənclər  təşkil edir. Bunun özü Azərbaycan gəncləri arasında YAP-ın nüfuzunun sübutudur”.

Ə.Əhmədov bir daha partiya sıralarına daxil olan mədəniyyət işçilərini təbrik etdi. Onların Azərbaycan mədəniyyətinin inkişafına töhfələrini yüksək dəyərləndirdi. 

Partiyanın yeni üzvlərinə vəsiqələri YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, partiyanın İcra katibinin müavinləri, millət vəkilləri  Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov təqdim etdilər.

YAP-ın yeni üzvləri belə bir siyasi təşkilata üzv olmaqdan məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

Gülyanaq Məmmədova: - Seçimimizi qəbul etdiyiniz üçün  təşəkkürümüzü bildiririk. Düşünürəm ki, seçimimizdə yanılmamışıq. Bu yolda uğurla addımlayacaq, göstərilən etimadı fəaliyyətimizlə doğruldacağıq.   

Gülyaz Məmmədova: - Göstərilən etimada və diqqətə görə minnətdarlığımı bildirirəm. Daim ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasəti dəstəkləmişəm. Bu gün rəsmi şəkildə partiyaya üzv qəbul olunmaqla üzərimə düşən məsuliyyəti daha yüksək səviyyədə dərk edərək, qüdrətli Azərbaycanımızın inkişafına  töhfəmi artıracağam.     

Tünzalə Ağayeva: - Əlbəttə ki, bu  seçimi etməyimiz üçün həyatımızda çox önəmli səbəblər var. Səbəbin ən önəmlisi budur ki, biz Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Bu gün Azərbaycan hər bir sahədə inkişaf dövrünu yaşayır. Təbii ki, mədəniyyət işçisi olaraq  bu sahədə görülən işləri xüsusi qeyd etməliyik. Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqət göz qabağındadır. 2006-cı ildə “Əməkdar artist” adını almağımı da bu diqqətin əsas tərkib hisslərindən biri kimi qəbul edirəm. Dövlətin sənətə diqqəti danılmazdır. Bu birliyin  uğurlu nəticələri davamlılığı ilə diqqət çəkir. İnanıram ki, partiyanın sıralarına daxil olmaqla mədəniyyətimizin inkişafına daha böyük töhfələr verəcək, uğurlarımızla qürur duyacağıq.   

Vəfa Rzayeva: - Sənət dostlarımın dediklərinə qoşularaq bir daha bildirirəm ki, bu seçimimi fəaliyyətimlə doğrultmağa çalışacağam. Azərbaycan vətəndaşı olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə borcluyuq.   

Rəşad İlyasov: - Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətini daim dəstəkləyirik. Prezidentin gənclərlə görüşündən sonra bu qərarımı bir daha qətiləşdirdim. Bundan sonra məsuliyyətimiz ikiqat artır.

Azər Şabanov: - Bu gündən rəsmi şəkildə Yeni Azərbaycan Partiyasının sıralarındayıq. Bu, bizim üçün böyük qürur, fəxrdir.

Ceyhun İsmayılov: - YAP cəmiyyətin əsas aparıcı siyasi qüvvəsidir. Bu gücü yaradan partiyanın bu gününə, gələcəyinə inamdır. Biz mədəniyyət işçiləri də bu inamla partiya sıralarına qoşularaq, birgə addımlamağı özümüzə borc bilirik. Azərbaycanlı olmağımızla yanaşı,  YAP-ın üzvü olmaqla  da fəxr edirik.   

Samir  Şirinov: - YAP-a üzv qəbul olunmağımı həyatımın mühüm hadisələrindən biri kimi dəyərləndirirəm. Bu seçimi etməyə əsas verən Azərbaycanın bugünkü reallıqlarıdır.

   

Rüfət Nəzərov: - Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir  Azərbaycan bu gün  Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da qüdrətlənir, yeniləşir, müasirləşir. Hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz bu inkişafa dəstək olmalıyıq.

YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bir daha bildirdi ki, bundan sonra milli dövlətçilik maraqları ətrafında daha da sıx birləşən partiya üzvləri mühüm layihələrin həyata keçirilməsində Prezidentimizə dəstək olacaq.

Mərasimin sonunda xatirə şəkilləri çəkdirildi.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 21 iyun.- S. 8-9.