Milli adət və ənənə - Novruz bayramı

 

Bu bayram YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir

 

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan  bayramlarındandır. Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Əyləncələrlə, oyunlarla zəngin olan hər gün yaradıcılığın bütün janrlarını əhatə edir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin "İskəndərnamə" poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.

Yazılı ədəbiyyata əsaslanaraq, demək olar ki, Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Təbiət hadisəsi ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. "Yeni gün" anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Çünki islam ümumbəşəri din olduğu üçün həqiqətdə islami dəyərlər olan bəşəri dəyərləri hər zaman ön cərgədə təqdim edib. Bu önəmli və vurğulanmalı məsələdir ki, Allah-Taala insanı pis və yaxşıdan seçmək kimi daxili bir qüvvə ilə zənginləşdirmişdir. Zövqü saf olan, dünya görüşü geniş olan hər bir kəs Allahın buyurduğu kimi yaxşını pisdən ayırmağı bacarmalıdır. Dini ayinlər sırasında məhz Novruz bayramına aid olan ilin təhvil verilməsinə xas duaların verilməsi, namazlarda yer alan ayinlərdəndir. Bununla belə Novruz bayramında bəzi  oyunlar, xüsusilə də, odun yandırılması və ondan dilək diləmək təbii ki, yolverilməz sayılır. Çünki dinimizdə "yalnız Sənə bəndəçilik edirik və Yalnız səndən kömək diləyirik" ayəsi mövcuddur. Eyni zamanda, Novruz bayramında qumar oynamaq kimi dəyərləndirilən yumurta və xoruz döyüşü kimi ənənələr də yolverilməzdir. Daha doğrusu, bu haram hesab olunur. Qulaq falına çıxmaq islam əxlaqına görə, icazəsiz başqasının söhbətlərinə qulaq asmaq kimi dəyərləndirildiyindən səhv hesab olunur. Təbii ki, bu fikirləri qeyd etməklə heç də bizim amalımız və amacımız milli adət-ənənəni dəyişmək deyil. Sadəcə diqqətli olmalıyıq ki, hər şeydən əziz və üstün olan dini normalara, milli dəyərlərə, islam əxlaqına biganə qalmayaq. Çalışmalıyıq ki, dini adət-ənənələrimizi lazımınca qoruyub-saxlamaqla onu inkişaf etdirək.

Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. Ona görə də, bayram günləri hər bir kəsin dodağında bu misralar səslənir:

 

Novruz, Novruz bahara,

Güllər, güllər nübara,

Bağçamızda gül olsun,

Gül olsun bülbül olsun,

Bahar gəldi, Bahar gəldi, xoş gəldi,

Xəstə könül onu görcək dirçəldi.

 

Bir məqamı da xatırlamaq lazımdır ki, bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun olaraq libaslar geyinir, evlər bəzədilir, palaz-paltar yuyulur, həyət-baca süpürülərək təmizlənir. Təbii ki, axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarını elə köhnə ildə də qalmasını arzulayır. Tonqal üstündən hoppanərkən hər kəs bu nəğməni oxuyur.

 

Ağırlığım, uğurluğum odlara,

Yazda mənlə hoppanmayan yadlara.

 

Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar.

 

Ağrım-uğrum tökülsün,

Oda düşüb kül olsun,

Yansın Alov saçılsın,

Mənim bəxtim açılsın.

 

Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramın da süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gü-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər.

Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Qonşu dövlət olan Gürcüstanda dövlət səviyyəsində Novruz bayramına xüsusi önəm verilmiş və ötən ildən başlayaraq, martın 21-i qeyri-iş günü elan olunmuşdur.

Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su - yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, Günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. Bütün həyat tərzini əhatə edən, təzəcə ilə xoş arzular, ailə səadəti, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Su və odla bağlı çərşənbələrdə də maraqlı ənənələr mövcuddur. Azərbaycan odla bağlı ölkə olaraq bu zəngin ənənəyə malik olması heç də təsadüf sayıla bilməz. Od saflaşma və təmizləmə deməkdir. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üzərindən tullanmaqla ötən ilin günahlarını yumuş olurlar. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır. Hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içdisə onlar təzə ildə bütün xəstəliklərdən uzaq olurlar. Novruzun ən üksək zirvəsi köhnə ilin öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ 19-cu əsirdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycan Novruz bayramı təntənəsinin Şamaxıda iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazmışdır: "Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və Günəş saatı vasitəsilə Günəşin hündürlüyünü təyin edərək gündüz və gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlarından musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".

Son olaraq isə xalqımıza bahar təravətli günlər, xoşbəxtlik və firavan həyat arzulamaqla, Novruz bayramının işğal altında olan Dağlıq Qarabağın azad edilərək, böyük coşqu və təntənə ilə bu bölgədə qeyd olunmasını diləyirik.

 

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 

 

İ.ƏLİYEV

 

Səs.- 2011.- 2 mart.- S. 10.