10 Mart Milli Teatr Günüdür

 

Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı zamandan realist özəllik daşımışdır. Əsası 1873-cü ilin mart ayında M.F.Axundovun "Lənkəran xanın vəziri" tamaşası ilə qoyulmuş Azərbaycan teatrı keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapmışdır. Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidmətləri olmuş sənətkarlar nəslinin formalaşması xalqın ictimai şüurunun yüksəlməsində müstəsna rola malik oldu.

Bakıda ilk dəfə olaraq "Artistlər ittifaqı" yaradılması peşəkar teatrın inkişafına yol açmış oldu. Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunmaqla yanaşı, rus və Qərbi Avropa dramaturqlarının əsərlərinə meydan verildi. V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer, N.V.Qoqol, İ.S.Turgenev, L.N.Tolstoy kimi klassiklərinin əsərləri ilə teatr səhnəmiz zənginləşdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq qaldı.

Çox keçmədi ki, teatra olan zəruri tələbat Bakıda "Müsəlman dram artistləri" şirkətinin yaradılması ilə nəticələndi. Şirkətə məşhur teatr xadimi Cahangir Zeynalov rəhbərlik etməyə başladı. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, şirkət arasıkəsilmədən tamaşalar hazırlayır, repertuarını genişləndirirdi. Bakıda bir sıra cəmiyyətlərin yaradılması teatr həyatında mühüm rol oynadı. Bu cəmiyyətlərdə H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorlar birləşdirildi. Yeni məzmunda, ideyada olan əsərlər teatra tamaşaçı axınını çoxaltdı. Bir-birinin ardınca yaranan və formalaşan teatr cəmiyyət və truppaları Birləşmiş Dövlət Teatrı şəkilində fəaliyyətə başladı. Dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Bu teatr da Azərbaycan Dövlət Dram Teatrı adı ilə fəaliyyətə başladı. M.F.Axundovun "Hacı Qara" komediyasının yeni quruluşdakı tamaşası teatrın açılış günü təqdim edildi.

Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də, teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıçıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev, C.Cabbarlının və başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır.

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsil mənasında, hamilik edən Ümummilli Lider Heydər Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.

Teatr yarandığı zamanda etibarən hər onilliyi fəaliyyəti dövründə yaddaqalan olub. Sənətkarlara fəxri adların verilməsi, yeni tamaşalar, qastrol səfərləri və digər uğurlar Azərbaycan milli teatrının məşhurluğunu artırdı. Müstəqillik dövründə yaranan, formalaşan və "Dövlət teatrı" statusu alan Pantomim Teatrı, Bələdiyyə Teatrı, Yuğ Teatrı, Gənclər Teatrı, Miniatür Teatrı, Kamera Teatrı janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdülər.

Teatr tənqidçisi İntiqam Kərimovun "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri" adlı kitabında bu və ya digər məqamlar əsaslı şəkildə öz əksini tapmış oldu. İlham Rəhimlinin "Akademik Milli Dram Teatrı" salnaməsi isə teart tariximizdən dəyərli nümunəyə çevrildi.

Müasir dövrümüzdə Azərbaycan teatrına dövlət tərəfindən diqqət xüsusi olaraq ayrılmışdır. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən teatr səhnələrində yeni tamaşalar hazırlanmağa başladı. Azərbaycan teatrı dünya teatr səhnəsində rola malik teatra çevrildi. Dünyanın, demək olar ki, bütün teatr səhnələrində Azərbaycan teatrlarının hazırladıqları tamaşalar oynanılır.

Azərbaycan teatrları Azərbaycan Prezidenti İlham Əliyev Sərəncamına əsasən təmir və bərpa etdirilir. Bu proses ardıcıl olaraq davam etdirilir. Azərbaycan teatrı dünya standartlarına uyğun səviyyədə müasir avadanlıqlarla təchiz olunur.

Bu gün Azərbaycan teatrı böyük ruh yüksəkliyi ilə Milli Teatr Gününü qeyd edir. Xüsusi olaraq, qeyd edək ki, teatrın belə bir səviyyəyə yüksəlməsində peşəkar aktyorların da rolu müstəsnadır. Azərbaycan teatrı dedikdə, ilk növbədə, bu ağır yükü çiynində daşıyan aktyorların siması göz önündə canlanır. Bu qisimdə olan sənətkarlardan biri də Nəsibə Zeynalovadır. Elə bu günün bayram kimi qeyd olunması da elə onun ölüm tarixi ilə bağlıdır. Azərbaycan teatr sahəsində çalışan sənətkarlar bayramı qeyd etməklə yanaşı, Azərbaycan teatr səhnəsinin böyük ustad sənətkarı olan Nəsibə xanımın anım gününü də qeyd edirlər.

Azərbaycan teatrsevənləri arasında "Qaynana" kimi sevilən, Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənmişdir.

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. Gənc aktrisa yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi fəaliyyətə başlamışdır. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina, Elvira, Yelizaveta kimi rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm, Mələk xanım və Kələk xanım kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale, Ziraldina, Zivər xanım, Alma, Qesiya rollarının xüsusi yeri var. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri, Nargilə, Şərəf və Nisə, Məsmə, Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Züleyxa, Tükəz, Tərlan, Zemfira, Şölə xanım, Xeyransa, Matan, Güləndam, Qəmər və başqa rollarının əvəzsiz ifaçısı sayılır. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Azərbaycan Televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin, "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə, Telli, Züleyxa, Cənnət xala, Gülsüm, Əsli xala rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmini çəkib.

Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi.

Rəqs, mahnı və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyungöstərmə prinsiplərindən həssaslıqla bəhrələnib. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratmağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə Musiqili Komediya Teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.

Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. Elə buna görə də, Azərbaycan teatr səhnəsində möhürünü vurdu. Nəsillərə örnək ola biləcək sənət məktəbini yaratdı.

 

 

Zümrüd

 

Səs.- 2011.- 10 mart.- S. 12.