Bu gün Hüseyn Ərəblinskinin
xatirə günüdür
17 mart Azərbaycan milli teatr tarixində yeri olan Hüseyn Ərəblinskinin xatirə günüdür. Bütün həyatını Azərbaycan teatr sənətinin formalaşmasına həsr edən sənətkar teatr aləmində böyük nüfuz qazanıb.
1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya göz açan Hüseyn Ərəblinskinin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçib. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyüyüb. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası Hüseyni mollaxanaya qoyub. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxananı buraxmağa məcbur olub. O illərdə "Üçüncü Rus-Tatar məktəbi"nin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn də Həbib bəy Mahmudbəyova müraciət edir.
Beləliklə,
"Üçüncü Rus-Tatar məktəbi"nə
daxil olan Hüseyn burada eyni zamanda, rusca oxuyub-yazmağı
öyrənir. Məktəb illərində ədəbiyyata
xüsusi marağı ilə seçilən gələcək
sənətkar məhz o illərdə teatrla tanış olur. Bu, professional teatrdan uzaq olan
dərviş oyunları, səyyar sirk tamaşaları idi.
Hüseyn Ərəblinskinin
sənətə gəlişinin səbəbkarı da Həbib
bəy Mahmudbəyov olub. Belə ki, dövrünün
qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla
birgə Mirzə Fətəli Axundovun əsərlərindən
birini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr
də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov
epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına
gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov
də olur. Hüseyn özünün ilk məşqlərini
Cahangir Zeynalovun evində edir. Ancaq sonralar teatr tariximizdə ən
görkəmli yerlərdən birini tutan Hüseyn Ərəblinski
özünün ilk rolunu oynaya bilmir. Səhnədə
çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu,
tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada,
demək olar ki, nəzərə çarpmırmış.
Bundan sonra, o, 1897-ci ildən
1900-cu ilədək yalnız kiçik rollarda
çıxış edir. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti
1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri
Cəmiyyəti ilə sıx bağlıdır. Onun səhnədə
ilk uğuru da məhz bu dövrə təsadüf edir. Belə
ki, Müsəlman Artistləri Cəmiyyəti 1905-ci ildə Lənkərana
qastrol səfərinə gedir. Xatırladaq ki, bu, teatr tarixində
həm də ilk qastrol olub. Hüseyn Ərəblinskinin ilk
müəllimlərindən biri olan Əbülfət Vəliyevin
başçılıq etdiyi truppa üzvlərinin əksəriyyəti
həmişə arxa planda olan Hüseynin də bu qastrola getməsini
təəccüblə qarşılayırlar.
Səfər zamanı
"Müsibəti-Fəxrəddin" tamaşasını
göstərən truppa gözlənilməz fakt
qarşısında qalır - tamaşaya bir-iki saat
qalmış məlum olur ki, Fəxrəddin rolunu oynayacaq
aktyor xəstələnib. Əlacsız qalan truppa rəhbərliyi
Fəxrəddin rolunu Hüseynə tapşırır. O gecənin
şahidi olan teatr xadimləri sonralar öz xatirələrində
yazırdılar ki, Hüseyn bu rolu son dərəcə
uğurla oynadı. Tamaşaçılar tərəfindən
alqışlarla qarşılanan Hüseyn, beləliklə,
indiyə qədər onun haqqında olan fikirləri də
alt-üst edir. Tezliklə teatr ictimaiyyətində istedadlı
aktyor kimi tanınan Hüseyn Ərəblinski "Nicat"
Teatr Cəmiyyətinə baş rejissor kimi dəvət
alır. Yalnız sənət yenilikləri ilə kifayətlənməyən
Hüseyn teatr mühitində bir sıra dəyişikliklər
edir. O, əldə bilet satmağı, qapı-qapı gəzib
tamaşaçı toplamağı qadağan edir və
aktyorlara məvacib müəyyənləşdirir. Repertuardan
isə mövhumatı təbliğ edən əsərləri
çıxarır.
Hüseyn Ərəblinskinin
sənətə gəlişi dövründə
ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin
simasında qərarlaşan Azərbaycan teatrı,
sözün əsil mənasında, çətin günlərini
yaşayırdı. Təqib olunan teatr truppalarının əsas
problemlərindən biri də səhnə idi. Tamaşa
göstərmək üçün bina icarəyə
götürmək külli miqdarda vəsait tələb edirdi.
Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur
olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov
qoyduğu bir üzüyü var idi. Həmkarlarının
"sehirli üzük" adlandırdığı bu
üzük illərlə girov qalırdı. Azərbaycanın
ilk professional aktyoru, peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin
şəxsi qayğıları, eləcə də, maddi
çətinlikləri yetərincə idi. Onu nəinki
mürtəce qüvvələr başa düşmürdü,
eləcə də, bəzi qohumları onun sənəti ilə
heç cür barışmaq istəmirdilər.
Xüsusən də,
qadın rolunu oynamaq üçün bığını
qırxdırandan sonra Hüseynin ailəsi ilə münasibəti
bir qədər də gərginləşir. Bütün bunlara
baxmayaraq, Hüseyn səhnəni hər şeydən uca
tuturdu. Və bütün həyatının mənasını
sənət məbədinə xidmət eləməkdə
görürdü. "Səhnə müqəddəsdir, ona
layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi
olmalıdır. Heç bir hərəkəti və
sözü ikrah doğurmamalıdır. Bazarlarda dolaşmaq,
çayxanalarda və meyxanalarda əyləşib
zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə
boyun əymək və sair kimi hərəkətlər aktyorun
təbiətinə, vəzifəsinə və məqsədinə
tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz
tanınan aktyor heç bir zaman səhnədə
tamaşaçını inandıra bilməz.
Tamaşaçı həmişə aktyora qarşı ehtiram
və hörmət hissi bəsləməli, onu axtarmalı və
rast gələrkən sevinməlidir", - həmişə
bu məsləhəti verən Hüseyn həyatının
sonuna qədər sənət yoldaşlarına nümunə
olmuşdur.
Hüseyn Ərəblinskinin
Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən
biri də odur ki, o, dünya klassiklərini, eləcə də,
rus dramaturqlarının bir sıra əsərlərini, ilk dəfə
olaraq, Azərbaycan səhnəsinə gətirmişdi.
Bu haqda danışarkən,
Hüseynin Otello rolunu diqqətdən kənarda qoymaq olmaz. O,
ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb.
Xatırladaq ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol
üzərində düz üç il
çalışıb. Aktyorun bu rolun əvəzsiz
ifaçı olması barədə bir sıra mənbələrdə
məlumat verilib. O cümlədən, rus rejissoru Levini Ərəblinskinin
Otellosu barədə bu fikirdə olmuşdur: "Mən bir
çox tragik artistlər görmüşəm. Lakin sizdəki
istedad və məharətin misli və bərabərini
görməmişəm. Hərgah siz bu rolu rus səhnəsində
ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə
birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim."
Hüseyn Ərəblinskinin ən
uğurlu işləri sırasında olan rolları
Haqverdiyevin "Ağa Məhəmməd Şah
Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd
bəy Şamxal, Qoqolun "Müəffətiş"ində
Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"
əsərində Fəxrəddin, Mirzə Fətəli
Axundovun "Hacı Qara" əsərində Heydər bəy,
Şillerin "Qaçaqlar"ında Frans, Şekspirin
"Otello"sunda Otellodur.
Tarixi faktlardan məlum olur ki, Hüseyn 1916-cı ildə Bakıda çəkilən "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəyi oynamışdır. "Neft və milyonlar səltənətində" filmi Ərəblinskinin çəkildiyi ilk və son filmdir.
Belə bir sənət ömrü yaşayan sənətkar nə yazıq ki, 1919-cu ildə qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb.
Hüseyn Ərəblinski
yaratdığı səhnə obrazları ilə ikinci bir
ömrü əbədi yaşamaq hüququna malik oldu.
Zümrüd
Səs.- 2011.- 17 mart.- S. 12.