Abdulla Şaiqin 130 illik yubileyi qeyd olundu

 

XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli pedaqoq, ictimai xadim Abdulla Şaiq Talıbzadənin anadan olmasının 130 illik yubileyi qeyd olundu. Bu münasibətlə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçirildi. Elmi sessiyanı giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev Abdulla Şaiq Talıbzadəni Azərbaycan bədii-estetik fikir tarixinin nadir simalarından biri, ömrünün 60 ilini milli ədəbiyyata təmənnasız xidmət göstərmiş ədib kimi qiymətləndirdi.

Akademik B.Nəbiyev A.Şaiqi yardıcılığının populyarlığına görə Ü.Hacıbəyovla müqayisə oluna biləcək sənətkar kimi səciyyələndirdi. B.Nəbiyevin fikrincə, yaradıcılığında azyaşlı oxuculara da geniş yer ayıran A.Şaiq onlara bu şeirlərlə dünyaya baxmaq üçün bədii pəncərə açıb. A.Şaiq həm müasiri olduğu Sabirlərin, Səhhətlərin, Nasehlərin mühiti ilə gənclər arasında canlı körpü olub. "O, bir tərəfdən onların haqqında öz xatirələrini yazır, digər tərəfdən tələbələr arasında klassik irsimizə münasibətdə əhval-ruhiyyə aşılayırdı".

Filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva "Abdulla Şaiqin ədəbi-tənqidi görüşləri" adlı məruzəsində A.Şaiqi yaradıcılığında milliliklə bəşəriliyin, ənənə ilə müasirliyin, Şərqlə Qərb sivilizasiyasının, romantizmlə realizmin, şeirlə nəsrin mükəmməl sintezini yarada bilən sənətkar kimi qiymətləndirdi. Məruzəçinin fikrincə, Abdulla Şaiq həm türklükdən, turançılıqdan yoğrulmuş bir türk mütəfəkkiri, həm qlobal, bəşəri ideyaların carçısı, milli-mənəvi dəyərlərin yorulmaz təbliğatçısı, həm müasirliyin, novatorluğun tərəfdarı olub. "Abdulla Şaiq ədəbiyyatşünas alimdir. XX əsrin əvvəllərində yeni yaranmaqda olan ədəbiyyatşünaslıq elminin tədqiqatçıların qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsi ədəbi prosesin görkəmli simalarından biri Abdulla Şaiqin çiyinlərinə düşdü. Müasir ədəbiyyatı təhlil etmək üçün onun xələfi olan klassik ədəbiyyatla əlaqəsini müəyyənləşdirmək lazım gəlirdi. Bu da xalqımızın bütöv ədəbiyyat tarixini tərtib etmək zərurətini ortaya çıxarırdı. Ədəbiyyat tarixini tərtib etmək üçün milli yazılı ədəbiyyatın haradan başladığını hansı ədəbi mərhələlərdən keçib gəldiyini müəyyənləşdirmək vacib idi. Abdulla Şaiq özünün ədəbiyyat tarixi konsepsiyası ilə ədəbi prosesdə yaxından iştirak etdi o, yeni yaranmaqda olan ədəbiyyat tarixi ədəbiyyat tarixçiliyi sahələrinin elmi-metodoloji ənənələrinin əsasını qoyanlardan biri oldu. Onun ədəbiyyat tarixi konsepsiyası dövrün ümumi ədəbi-elmi atmosferini əks etdirməklə yanaşı, orijinal, özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Alim ədəbiyyat tarixinin dövrləşdirilməsində xronoloji ardıcıllığa, tarixilik prinsipinə, ictimai-sosial amillərə onların ədəbiyyatda əksinə əsaslanırdı".

Ədib ədəbiyyatımızı milli köklərindən ayırmır, bu qırılmaz tellərin Azərbaycan xalqı ədəbiyyatı üçün qədər əhəmiyyətli olduğunu dərk edirdi. H.Zeynallı, S.Mümtaz, B.Çobanzadə, Ə.Abid kimi A.Şaiq şifahi xalq ədəbiyyatını yazılı ədəbiyyatın bazisi, təməli hesab edən alimlər sırasında idi.

"Abdulla Şaiqin mənzil-muzeyi" mövzusunda məruzəsində ədibin nəvəsi muzeyin direktoru Ülkər Talıbzadə Abdulla Şaiqin sağlığında dəfələrlə dövlət tərəfindən mükafatlandırıldığını, 40 yaşında özünün iştirakı ilə yubiley mərasiminin keçirildiyini, 110 illiyi münasibətilə ev-muzeyinin yaradıldığını, 120 illiyində muzeyin ekspozisiyasının açıldığını bildirdi. O, hazırda ev-muzeyin fondunda təxminən 7 minə yaxın eksponat saxlandığını, muzeyin elmi profil üzrə fəaliyyət göstərdiyini qeyd etdi.

 

 

Zümrüd

 

Səs.- 2011.- 19 may.- S. 12.