27 Sentyabr Beynəlxalq Turizm Günüdür

 

Bu gün Beynəlxalq Turizm Günü kimi qeyd olunur. 1980-ci ildən Birləşmiş Millətlər Beynəlxalq Turizm Təşkilatı 27 sentyabrı Beynəlxalq Turizm Günü kimi qeyd edir. Bu tarix 1970-ci ildə BMBTT-nin Nizamnaməsinin qəbul olunduğu gündür. Bu nizamnamənin qəbulu qlobal turizmdə dönüş hesab edilir. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqda məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir. Bildiyimiz kimi, hər il Beynəlxalq Turizm Günü müxtəlif şüarlar altında həyata keçirilir. Bu il Ümumdünya Turizm Günü turizmin beynəlxalq həmrəylik və qarşılıqlı hörmətin möhkəmləndirilməsindəki mühüm rolunu vurğulayan “Turizm - mədəniyyətləri birləşdirən bənd” şüarı altında keçirilir.

Bu yeni mədəniyyətlərlə öz təcrübəndə tanış olmaq ən yaxşı yoldur məqsədini daşıyır. Bu il Ümumdünya Turizm Günü Misirdə keçiriləcək. Misirin ev sahibliyi edəcək rəsmi tədbir Asvan şəhərindəki Nil çayının ağızındakı Nubya çölündə tikilən Cataract hoteldə reallaşdırılacaq. Bu tədbir beynəlxalq cəmiyyət arasında turizmin əhəmiyyətinə və ictimai, mədəni, siyasi və iqtisadi dəyərlərinə dair şüur yaratma məqsədi daşıyır. Turizm müsafirlə onu qəbul edən ölkə arasındakı möcüzəli bir rabitə vasitəsi olaraq xarkterizə olunur. O, dialoqun və qarşılıqlı əlaqələrin yaradılmasına kömək edir. Müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında belə əlaqələrin mövcudluğu dözümlülüyün əsasına çevrilir. Müasir dövrümüz də dinc yanaşı yaşamaq uğrunda mübarizə aparan dünyada turizm körpülərin qurulmasına və sülhün möhkəmlənməsinə səbəb ola bilər. Turizmin inkişaf prosesi qlobal həmrəyliyin formalaşmasına töhfələrini verir. BMT-nin Baş Assambleyasında təsdiq edilmiş ekoloji baxımdan təhlükəsiz və məsuliyyətli turizmin bu rəhbər prinsipləri zamanla yoxlanılmış turizm və sülh, insan haqları və qarşılıqlı anlaşma arasındakı əlaqəyə əsaslanır. Ümumdünya Turizm Günü turizmin bütün dünyanın əmin-amanlığı üçün əhəmiyyəti barədə düşünməyə imkan yaradır.

Dünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda da 27-sentyabr Ümumdünya Turizm Günü kimi qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər çəriçivəsində, həmçinin, hər il müxtəlif mövzularda - turizm sahəsində mövcud problemlər və onların həlli yollarının müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm infrastrukturunun yaradılması və s. mövzusunda turizm konfransları da keçirilir.

Ölkədə baş verən sıçrayışların nəticəsidir ki, bu gün Azərbaycana dünyanın müxtəlif ökələrindən olan nümayəndələr turist kimi səfər edirlər. Ölkə başçısının Azərbaycanda turizm sahəsinə ayırdığı diqqət Azərbaycanın beynəlxalq arenada öz turizm potensialını nümayiş etdirməyə şərait yaradır. Bunun müqabilində Azərbaycana gələn turistlərin axını artır. 2011-ci ilin Azərbaycan Prezidenti İlham  Əliyevin Sərəncamı ilə “Turizm ili “ elan edilməsi ölkədə turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına səbəb olub. Ölkədə olan potensialın zərurətinin nəzərə alınması, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də, xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə “Turizm ili” elan edilməsi ölkənin artan gücünün bir daha ortaya çıxmasına səbəb oldu. Dövlət başçısının Sərəncamı ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqi isə bu işin daha da sürətlənməsi ilə nəticələndi. Turist axını çox olan rayonlarda turist düşərgələrinin təşkil edilməsi, turizm sahəsində fəaliyyət göstərən  orta və kiçik sahibkarlara  dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması bu sahədə nailiyyətlərin əldə olunmasına səbəbdir. Qonşu ölkələrin nümayəndələrinin iştirakı ilə “Sərhədyanı turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Azərbaycanın diplomatik nümayəndəlikləri və diasporları tərəfindən ölkəmizin turizm potensialının xarici ölkələrdə tanıdılması məqsədi ilə təbliğat-təşviqat işinin gücləndirilməsi və s. Azərbaycanda turizm sektorunu gücləndirib.

Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Hüquqi-normativ aktların qəbul edilməsi çərçivəsində “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2010-2014-cü illər üçün” Dövlət Proqramının tələblərinə uyğun olaraq turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuş, respublikamıza gələn turistlərin sayı ildən-ilə artmışdır.

Azərbaycan islam dünyası ilə turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etdirir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESKO, İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar çərçivəsində həyata keçirilir.

Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Son illərdə ölkəmizin turizm imkanlarını əks etdirən reklam-çap məhsulları hazırlanıb. “Turistlər üçün məlumat” kitabçası, “Azərbaycan” açıqca dəsti, “Azərbaycanın otelləri”, “Azərbaycanın tarixi və arxitektura abidələri”, “Bakının teatr və muzeyləri” bukletləri, “Azərbaycan” və “Bakı” fotoalbomları, “İpək Yolu”, “Xalçaçılıq” kitabçaları, Azərbaycanın, Şuşanın və Qarabağın turist xəritələri, “Azərbaycana xoş gəlmisiniz” CD diski və DVD formatda 10-20 dəqiqəlik filmlər və s. Azərbaycanın turizm imkanlarını nümayiş etdirən nümunələrdir. Qeyd olunan nəşrlər, CD və DVD-lər Azərbaycan, ingilis, alman, ərəb, yapon, və rus dillərində hazırlanıb. Azərbaycanın beynəlxalq sərgilərdə iştirakının coğrafiyası genişlənib. London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, Mumbay, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd və Mahaçkala şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycan öz daxili potensialını nümayiş etdirir.

Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə sayt istifadəyə verilib. Sayt, mütəmadi olaraq, yeniləşdirilir. Görülən bu və ya digər işlərin nəticəsində ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması müşahidə olunur.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs .- 2011.- 27 sentyabr.- S. 11.