Əli Əhmədov: “Azərbaycanın müstəqillik məfkurəsinin obyektiv, qərəzsiz işıqlandırılmasında "Səs" qəzetinin əvəzsiz və müstəsna xidmətləri var”

 

1990-cı ilin əvvəllərində "Səs" qəzeti Azərbaycanda ən çox oxunan qəzetlərdən biri idi. Bunun səbəbləri də tamamilə aydındır. Azərbaycanın müstəqil dövlətçilik ideyaları "Səs" qəzetində təbliğ edilir və insanların qəlbində bu ideyaların kök salması istiqamətində çox ciddi işlər aparılırdı. Bütün bunlar "Səs" qəzetinin müasir Azərbaycan mətbuat tarixində yerini müəyyənləşdirmişdir.

 

Ümumiyyətlə, mən belə hesab edirəm ki, müasir Azərbaycan mətbuatını "Səs" qəzetindən ayrı təsəvvür etmək mümkün deyil. Eyni zamanda, "Səs" qəzeti özünün təkcə tarixi ilə öyünmür. Həm də Azərbaycanın mətbuat orqanları içərisində bu gün də özünəməxsus yeri var və öz missiyasını şərəflə həyata keçirir.

- Əli müəllim, Sizdə “SƏS” qəzeti ilə əməkdaşlıq etmisiniz. Qəzet haqqında nə deyə bilərsiniz?

- Əvvəla, onu qeyd edim ki, "Səs" qəzetinin yaradılmasının 20 illiyinin qeyd edilməsi Azərbaycan mətbuat tarixinin əlamətdar hadisələrindən biri hesab olunmalıdır. "Səs" qəzetinin yaradılması Azərbaycanda yeni bir mətbuat orqanının yaradılmasından daha çox məna, əhəmiyyət kəsb edən hadisələr sırasındadır. Mən belə hesab edirəm ki, Azərbaycanın müstəqillik məfkurəsini obyektiv, qərəzsiz işıqlandırılmasında "Səs" qəzetinin əvəzsiz və müstəsna xidmətləri var. Müəyyən mənada Azərbaycanın müstəqil dövlətçilik ideyasının "Səs" qəzetində işıqlandırılması Azərbaycan vətəndaşlarında, bütövlükdə, bir yandan müstəqillik ideyasının kök salmasına xidmət edir, digər bir tərəfdən isə Azərbaycan vətəndaşlarında müstəqillik ideyası əsasında başa düşülən vətənpərvərlik hisslərinin formalaşmasına xidmət edir.

Həmin mübarizənin həqiqi mahiyyətinin ortaya çıxmasında və sağlam bünövrə üzərində müstəqillik ideyalarının insanlarımız arasında geniş yayılmasında "Səs" qəzetinin müstəsna xidmətləri var. "Səs" qəzetinin 20 illik fəaliyyətində yarandığı gündən bir neçə il ərzində özünü aktiv şəkildə göstərən bu meyil onun tarixinin ən şərəfli anlarını təşkil edir. "Səs" qəzetinin Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri və əzəmətli xidmətlərindən biri Heydər Əliyev  şəxsiyyətinin və ideyalarının Azərbaycan vətəndaşları arasında geniş şəkildə yayılması ilə bilavasitə əlaqədardır. Belə hesab edirəm ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev ideyası tərəfdarlarının sıralarının genişləndirilməsində "Səs" qəzetinin rolu olub. Beləliklə də, "Səs" qəzeti Azərbaycanın müasir mətbuat tarixinə müstəqillik ideyalarının, Heydər Əliyev ideyalarının geniş şəkildə təşkil olunması yolunda fəaliyyət göstərən mətbuat orqanıdır. O zaman "Səs" qəzetinin auditoriyasının formalaşmasına da təsir etmişdir. 1990-cı ilin əvvəllərində "Səs" qəzeti Azərbaycanda ən çox oxunan qəzetlərdən biri idi. Bunun səbəbləri də tamamilə aydındır. Azərbaycanın müstəqil dövlətçilik ideyaları "Səs" qəzetində təbliğ edilir və insanların qəlbində bu ideyaların kök salması istiqamətində çox ciddi işlər aparılırdı. Bütün bunlar "Səs" qəzetinin müasir Azərbaycan mətbuat tarixində yerini müəyyənləşdirmişdir. "Səs" qəzeti bu gün də Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğ edilməsində cənab Prezidentin həyata keçirdiyi əsas siyasətin təbliğ edilməsində əhəmiyyətli dərəcədə rol oynayır.

- 1990-cı ilin əvvəllərində "Səs" qəzetinə qarşı o vaxt hakimiyyətdə olanlar təzyiqlər edirdilər. Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat hakimiyyəti Ulu Öndər Heydər Əliyevə və "Səs" qəzetinə qarşı çox ciddi təzyiqlər göstərirdilər. Hazırda isə hər kəs qəzetdə öz sözünü, öz fikrini ifadə edə bilir. Buna münasibətiniz?

- "Səs" qəzetinin meydana gəlməsi o zaman Azərbaycan cəmiyyətində, sözün həqiqi mənasında, insanların ehtiyac duyduğu yeni bir səsin eşidilməsi demək idi. Təbii ki, hər bir yenilik cəmiyyətdə müqavimətlə üzləşir. "Səs" qəzeti yaradılanda ruspərəst qüvvələr tərəfindən təzyiqlərlə üzləşdi. Ona görə ki, bu qəzet müstəqillik ideyasının carçısı idi. Digər tərəfdən "Səs" qəzeti Heydər Əliyev ideyası ətrafında insanların toplaşmasına xidmət edirdi. "Səs" qəzeti bütün təzyiqlərə sinə gərə bildi. İnsanların bu qəzetdə yazılan yazılara, təbliğ etdiyi ideyalara böyük ehtiyacı var idi. Belə hesab edirəm ki, "Səs" qəzeti şərəfli bir tarix keçmişdir və geriyə dönüb baxsaq, görərik ki, bu qəzet nə qədər çətinliklərlə üzləşmişdir. Ümumiyyətlə, mən belə hesab edirəm ki, müasir Azərbaycan mətbuatını "Səs" qəzetindən ayrı təsəvvür etmək mümkün deyil. Eyni zamanda, "Səs" qəzeti özünün təkcə tarixi ilə öyünmür. Həm də Azərbaycanın mətbuat orqanları içərisində bu gün də özünəməxsus yeri var və öz missiyasını şərəflə həyata keçirir. Güman edirəm ki, uzun illər bundan sonra da bu missiyanı uğurla həyata keçirəcəkdir. Eyni zamanda, "Səs" qəzeti cənab Prezident İlham  Əliyevin həyata keçirdiyi geniş, əhatəli və arqumentləşmiş siyasətinin təbliği ilə məşğul olur.  Digər bir tərəfdən "Səs" qəzetinin nəzdində "Səs" İnformasiya Agentliyi yaranıb. Bunun özü də hadisələri daha ətraflı işıqlandırmaq, daha operativ şərh etmək, daha məqsədəuyğun şəkildə fəaliyyət göstərmək imkanlarını artırmışdır. "Səs", bütövlükdə, Azərbaycanın ictimai fikrinin formalaşmasında böyük rol oynayır. Bütün bunlar "Səs" qəzetinin Azərbaycan cəmiyyətində özünəməxsus yer tutduğundan xəbər verir.

- Bizə, son olaraq, arzunuz?

- Mən bilirəm ki, sizin geniş oxucu auditoriyanız var. Bunun daha da genişlənməsini sizlərə arzu edirəm. Mən arzu edirəm ki, siz rəqabət mübarizəsindən uğurla çıxasınız. Arzu edirəm ki, "Səs" qəzeti hər zaman Azərbaycan mətbuatı sıralarında olsun, oxucular bu qəzeti səbirsizliklə gözləsin və "Səs" qəzeti özünə daha da layiqli yer tutsun.

 

 

Səs.- 2011.- 11 yanvar.- S. 7.