Azərbaycanın müstəqilliyi ilə yaşıd olan "Səs" qəzeti yaranmasından keçən 20 ildə yalnız xalqa və dövlətçiliyə xidmət edib

 

20 il Azərbaycan uğrunda

 

2011-ci il yanvarın 11-i Azərbaycan mətbuat tarixində əlamətdar hadisə ilə yadda qalacaq. Bu tarix "Səs" qəzetinin ilk sayının çapdan çıxması ilə bağlıdır. Bu tarixdən keçən 20 ildə Azərbaycan mətbuatı ilə birgə "Səs" qəzeti də şərəfli bir yol keçib. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Heydər Əliyev ideallarının yaşadılmasına çalışıb.

 

Tarixə düşmüş qəzet haqda ümumi məlumat

 

"Səs" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub.

Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb.

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəziləri: Əli Əhmədov, Siyavuş Novruzov, Əli Nağıyev, Murtuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları.

Yarandığı vaxtdan Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetin 1991-93-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırıb.

"Səs" qəzeti YAP-ın baza rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı “Səs" qəzetində dərc olunub. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "Səs" qəzetini özü üçün doğma qəzet adlandırıb və qeyd edib ki, "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir.

Heydər Əliyevin prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqda müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri dərc olunub. Həmçinin, dövlətin, prezidentin və partiyanın fəaliyyəti haqda xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyasını davam etdirib.

Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan "Səs" qəzeti hazırda da eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün, mütəmadi olaraq, media layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır.

Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Qəzetin internet saytı (ses-news.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləyirlər.

 

"Səs" qəzetinin yaranma zərurəti nədən meydana çıxdı?

 

"Səs" qəzetinin yaranma tarixi, onun məramı 1990-cı illərin hadisələri ilə, Azərbaycanda milli-azadlıq hərəkatının başlaması ilə bağlıdır. Hərəkatın ilk dövrlərində ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək etmək və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı məhrum akademik Fərəməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar. 

Cəmiyyətin İdarə Heyətində görülən işləri, aparılan təbliğatı, ölkədə gedən prosesləri və digər məsələləri geniş ictimaiyyətə çatdırmaq üçün qəzet nəşr edilməsinin vacibliyi vurğulandı. O dövrdə müstəqil qəzet dərc etmək çətin olsa da, milli mənafelər naminə qəzet yaratmaq məqsədəuyğun sayıldı. Belə qərara gəlindi ki, insanların səsini Azərbaycanın hər yerinə, dövlət strukturlarına çatdırmaq üçün nəşrə başlayacaq qəzetin adı "Səs" qoyulsun. Beləliklə, 1991-ci ilin yanvarın 11-də "Səs" qəzeti nəşrə başladı. Qəzet fəaliyyətə başladığı dövrdə çox böyük işlər gördü. 

O dövrdə ölkə regionları arasında Naxçıvan daha çətin  durumda idi. Bu bögənin  problemlərini, insanların üzləşdikləri çətinlikləri real şəkildə geniş ictimaiyyətə çatdıran yeganə mətbu orqanı isə "Səs" qəzeti idi. "Səs"  qəzeti o zaman Azərbaycanda daha çox oxunan, bir nömrəli qəzet sayılırdı. Bütün insanlar, xüsusilə də, ölkədə gedən ictimai-siyasi, proseslərdən real, düzgün məlumat əldə etmək istəyənlər "Səs" qəzetini oxuyurdular.

"Səs" qəzeti tarixi qəzetdir. Onun xalq və dövlət üçün göstərdiyi fəaliyyətinin ən yüksək qiymətini Ümummilli Liderimiz Heydər Əliyev verib. Heydər Əliyev çıxışlarında, o cümlədən, Yeni Azərbaycan Partiyasının qurultaylarında "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Çünki "Səs" qəzetinin Yeni Azərbaycan Partiyasının formalaşmasında xüsusi  rolu olub.

Müstəqillik tarixinə ziyalı hərəkatı kimi düşən "91-lər"in müraciəti,  Heydər Əliyevi müdafiə edən ziyalıların məqalələri də məhz "Səs" qəzetində dərc olunub.

 

YAP-ın mətbu ruporuna çevrilən qəzet

 

"Səs" qəzetinin keçdiyi tarixi yolu, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözlə, "Səs" YAP ilə ortaq tarixi inkişaf yolu keçib, həlledici məqamlarla partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb.

Azərbaycanın müstəqilliyinin ilk illərində bu böyük risq və böyük cəsarət tələb edirdi. YAP-ın yarandığı ilk illərdə "Səs" qəzeti bilavasitə partiyanın mətbu orqanı kimi fəaliyyət göstərib, onun fəal təbliğatı ilə məşğul olub, məram və məqsədlərini ardıcıl, məqsədyönlü, məzmunlu və uğurlu şəkildə təbliğ edib.

"Səs" qəzeti bu gün də YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "Səs" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın  Sədri cənab İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə  müdafiə edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "Səs"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir.

 

“Qoy ədalət zəfər çalsın"

 

"Səs" qəzeti öz devizinə sədaqətini  ötən əsrin 90-cı illərinin  əvvəllərində  Heydər Əliyev şəxsiyyətinin və ideyalarının mübariz təbliğatçısı rolunu qətiyyətlə öz üzərinə götürməklə təsdiqləyib. Məhz bu mübarizlik, haqqa söykənib haqq-ədalət uğrunda mücadilənin  önündə  olmaq "Səs" qəzetini populyarlaşdırıb, onun özünəməxsus oxucu auditoriyasını  formalaşdırıb. Elə buna görə, YAP-ın üzvləri, fəalları, tərəfdarları, bütövlükdə, geniş ictimaiyyət "Səs" qəzetini sevə-sevə oxuyur və çox yüksək qiymətləndirirlər.

"Səs" qəzeti yarandığı vaxtdan Azərbaycan ictimai fikrinə öz səsini çatdırmağı bacarıb. Bu qəzet elə bir vaxtda nəşrə başlayıb ki, həmin dövrdə Azərbaycan ictimaiyyətində yeni sözə, fikrə böyük ehtiyac vardı. "Səs" qəzeti fəaliyyətilə ictimai ehtiyacı ödəyə bildi. O dövrdə "Səs" qəzeti  Azərbaycanın müstəqilliyi, söz azadlığı, mətbuat azadlığı və demokratiya uğrunda mübarizənin ön sırasında gedirdi. Qəzetin yaradıcı heyəti fədakar işlər görüblər.

O dövrdə qəzetin baş redaktoru olmuş Ağabəy Əsgərovun gördüyü işləri xüsusilə qeyd etmək  lazımdır. Məhz onun prinsipiallığı, mübarizliyi o dövrdə hakimiyyətdə olmuş şəxslərin narahatlığına səbəb olub. Dəfələrlə qəzetin redaksiyasına basqınlar edilib, müxbirlərə və qəzetin baş redaktoruna hədələr olunub. Ancaq qəzet öz mövqeyindən dönməyib, Ümummilli Liderimiz Heydər Əliyevin çıxışlarını, ideyalarını təbliğ etməkdə davam edib.

"Səs" elə birinci nömrəsindən sonra şəxsən Mütəllibovun göstərişi ilə bağlandı. Lakin oxucuların, tanınmış ziyalıların israr və tələblərindən sonra qərarı dəyişməyə məcbur olublar və qəzetin nəşri bərpa edilib. AXC-Müsavat iqtidarı dövründə "Səs" qəzetinin nəşri bir neçə dəfə dayandırılıb və qəzetə dəfələrlə hücumlar edilib. Lakin bu hərəkətlər qəzetin fədakar kollektivini öz haqq-ədalət yolundan, milli mücadilədən çəkindirməyib.

Bu qəzet bir növ Azərbaycan mətbuatı üçün məktəb rolunu oynayıb. Azərbaycanın bugünkü mətbuatında da "Səs" qəzetinin özünəməxsus yeri var.

 

Heydər Əliyev ideallarının təbliğatçısı

 

Heydər Əliyev idealları, Heydər Əliyev siyasəti daim təbliğ olunmalı olan və indiki və gələcək nəsillərə çatdırılmalı dəyərlərimizdəndir. "Səs" bu istiqamətdə xüsusi fəallığı və peşəkarlığı ilə seçilir. Ölkədə baş verən ictimai-siyasi proseslərə doğru, düzgün və obyektiv yanaşması ilə seçilən "Səs" qəzeti cənab Prezidentin, eləcə də, YAP-ın bununla bağlı prinsipial mövqeyini ardıcıl şəkildə  işıqlandırır və müdafiə edir.

 "Səs" qəzeti, mütamadi olaraq, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin, Yeni Azərbaycan Partiyası haqda xüsusi buraxılışlar və multimedia diskləri hazırlayıb cəmiyyətə təqdim edir. Bu da insanlar arasında maraqla qarşılanır. "Səs"in hazırladığı kitab, film və jurnallar, bir qayda olaraq, Azərbaycan xalqına və dövlətçiliyinə, həmçinin, bu xalqın və dövlətin böyük şəxsiyyətlərinə həsr olunur. 20 yaşı ərəfəsində "Səs" qeyd olunan çap və multimedia məhsulları ilə bağlı bir neçə belə təqdimat keçirib.

"Səs" qəzeti Azərbaycan mətbuatında Heydər Əliyevlə bağlı ən son xəbərləri, hadisələri operativ və obyektiv şəkildə əks etdirən yeganə qəzet olub. 1994-cü ilin 19 noyabrında YAP-ın konfransında Ümummilli Lider Heydər Əliyevin bu sözlərini qəzetin fəaliyyətinə verilmiş ən böyük qiymət hesab etmək olar: "Sən demə iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sinə gələn qəzet buraxmaq olarmış".

"Mətbuatın Dostu" adını almış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün KİV-lərə göstərdiyi dəstək və qayğı jurnalist mədəniyyətinin inkişafına, sivil dəyərlərə inteqrasiya prosesinin sürətlənməsinə, demokratik dəyişikliklərin, həyata keçirilən islahatların geniş əhali kütləsinə çatdırılmasında "Səs" qəzetinin layiqli rol oynamasına öz təsirini göstərib.

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti müstəsna rol oynayır.

 

"Səs"in səsi XXI əsrdə

 

XXI əsr mətbuatı çox tələbkar oxucu kütləsinə ünvanlanmış, müasir texnologiylara yiyələnmiş və ciddi rəqabət mühitində fəaliyyət göstərən sektora çevrilib. Qəzetin kollektivi yaradıcılıq prinsipləri və təşkilati-texniki meyarlar baxımından müasir dövrün tələbləri ilə ayaqlaşmaq sahəsində yüksək peşəkarlıq, böyük təşəbbüskarlıq nümayiş etdirir. Bu gün "Səs" qəzetini internet şəbəkəsi vasitəsilə hər an bütün dünyada izləmək və oxumaq mümkündür.

Qəzetin müasir informasiya texnologiyalarını mənimsəmək sahəsində göstərdiyi səylər, şübhəsiz ki, təqdirəlayiqdir. Hazırda bununla bağlı qəzetin fəaliyyətində böyük tərəqqi, müsbət irəliləyiş müşahidə olunur. 2 ildən çoxdur ki, qəzetin bazası əsasında yaradılmış "Səs" İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursa çevrilib.

Yaxın planda isə, "Səs" internet televiziyasının yaradılması nəzərdə tutulur ki, indiki informasiya və texnologiya dövründə bu layihənin böyük maraq və uğur qazanacağı gözlənilir. Şübhə yoxdur ki, "Səs"in kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gələcək.

Sonda Ulu Öndər Heydər Əliyevin "Səs" qəzeti haqda söylədiyi tarixi sözləri xatırlatmaq istəyirik. "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".

 

 

Səs.- 2011.- 11 yanvar.- S. 12-13.