Yeni Azərbaycan Partiyası günü-gündən
güclənir
Aydın Hüseynov: "Yeni Azərbaycan
Partiyasının əsas amalı hər bir Azərbaycan vətəndaşının
yaxşı yaşaması, onun sabahı, təhlükəsizliyinə
xidmət etməkdir"
“Yeni Azərbaycan
Partiyası ölkəmizdə siyasi böhrana, vətəndaş
müharibəsinə, separatçılıq meyillərinə,
dövlət çevrilişi cəhdlərinə, iqtisadi tənəzzülə
son qoymaqla yanaşı, dövlətçiliyimizin dinamik
inkişaf relsləri üzərində yüksək səviyyədə
tərəqqisinə nail oldu. Partiyanın
yaradıldığı mürəkkəb dövrü təsəvvür
etsək, görərik ki, bir tərəfdən Ermənistanın
təcavüzü, digər tərəfdən isə,
qeyri-demokratik yolla hakimiyyətə gəlmiş yarıtmaz
siyasətçilərin fəaliyyəti Azərbaycanda
çox ağır, dözülməz vəziyyət
yaratmışdı.
Azərbaycan dövlətçiliyi
yox olmaq təhlükəsi ilə üzləşmişdi"
deyən - Yeni Azərbaycan Partiyasının Siyasi
Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov məhz 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyevin ölkəmizi
düşdüyü ağır vəziyyətdən xilas
etdiyini bildirib. Bu baxımdan da, 1993-2003-cü illərin Azərbaycan
tarixində dirçəliş illəri kimi daxil olduğunu,
iqtisadi sahədə yaşanan tənəzzülün aradan
qaldırıldığını, siyasi proseslərdə
müsbət məcrada inkişafın müşahidə
olunduğunu bildirən A.Hüseynov bütün bunların
müqabilində, bu gün Yeni Azərbaycan Partiyasının
güclü, böyük nüfuza malik partiya kimi regionda və
beynəlxalq arenada nüfuz sahibinə çevrildiyini
vurğuladı. "Bu reallıq bütün səviyyələrdə,
xüsusilə, Prezident İlham Əliyev tərəfindən
bəyan edilir. Çünki Yeni Azərbaycan Partiyası
güclü bir siyasi təşkilatdır və Azərbaycan
ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç
bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət
aparmaq iqtidarında deyil".
Ölkəmizdə
iqtisadi, siyasi və sosial sahələrdə görülən
işlərdən, bunun müqabilində mövcud
reallıqlardan bəhs edən təşkilat sədri demokratik
islahatların həyata keçirilməsi bəşəri
dairələrin bərqərar olması istiqamətində də,
mühüm addımların atıldığını diqqətə
çatdırdı. Qeyd etdi ki, hər bir dövlətin
demokratik cəhətdən yüksəlişində
seçki prosesinin digər zəruri prinsiplər qədər əhəmiyyəti
böyükdür. Bu baxımdan da, ötən il noyabr
ayının 7-də keçirilən parlament seçkilərinin
Azərbaycan dövlətinin siyasi həyatında olduqca
mühüm rol oynadığını bildirən A.Hüseynov
hər bir seçki prosesinin cəmiyyətin irəliyə
doğru inkişafının mühüm göstəricisi,
demokratiyanın, insan haqlarının qorunmasının, cəmiyyətdə
baş verən iqtisadi, siyasi və sosial dəyişiklikərin
göstəricisi olduğunu söyləyib. "Bir məqamı
da qeyd edək ki, bu gün ölkədə və regionda YAP-la
rəqabət apara biləcək ikinci bir partiya mövcud deyil.
Çünki günü-gündən YAP üzvlərinin
sayının artması, onu göstərir ki,
xalqımızın bu partiyanın fəaliyyətinə,
yüksək ali prinsiplərinə inamı sonsuzdur".
Azərbaycanın bugünü kimi sabahı da
aydın və işıqlıdır
"Dövlətimizin
artan gücü və qüdrəti onun dünya siyasətindəki
yerini, beynəlxalq arenadakı nüfuzunu da əhəmiyyətli
dərəcədə yüksəldib" deyən YAP Siyasi
Şurasının üzvü Azərbaycanın xarici siyasəti
ilə superdövlətlərin belə hesablaşmaqdan
başqa seçim imkanlarının olmadığını
diqqətə çatdırdı. Vurğuladı ki, bu
gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin
bütün sahələrdə təhlükəsizliyi təmin
edilir. "Bütün bunlar isə Azərbaycan
xalqının rahat yaşamasını, onun
qarşılaşdığı problemlərin həllinə
yönəlmiş addımların bundan sonra da
atılmasını təmin etmək üçündür. YAP-ın
əsas amalı hər bir Azərbaycan vətəndaşının
yaxşı yaşaması, onun sabahı, təhlükəsizliyinə
xidmət edir. Belə amalla, əqidə ilə yaşayan
partiyanın isə həmişə böyük uğurlar əldə
etməsi yüksək zirvələr fəth etməsi
çox asandır". A.Hüseynov bir məqamı da
vurğulayıb ki, bugünkü reallıq Ulu Öndər
Heydər Əliyev ideyalarının, Onun istək və
arzularının tam şəkildə həyata
keçirildiyini üzərində ehtiva edir. "Çünki
qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan bundan sonra
ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
daha böyük uğurlara imza atacaq, daha uca zirvələri fəth
edəcək" deyən A.Hüseynov Azərbaycanın
bugünü kimi sabahının da aydın və
işıqlı olacağına əmin olduğunu vurğuladı.
Ulu Öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş inkişaf strategiyası
nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun
lider dövlətinə çevrilib
"Ulu Öndərimiz
Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
siyasət nəticəsində ölkəmizdə siyasi sabitlik
tam təmin olunub, iqtisadi yüksəliş isə
insanların rifahının daha da yüksəlməsinə
xidmət edir. Birmənalı olaraq, qeyd edilməlidir ki,
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş inkişaf strategiyası
nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun
lider dövlətinə çevrilib və bu mövqeyini
neçə illərdir qoruyub saxlamaqdadır. Bu gün ölkəmizdə
mövcud olan sabitlik, güclü iqtisadiyyat gələcək
inkişaf trayektoriyasının əsasını təşkil
edir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyanın bir
çox ölkələri ilə ikitərəfli əlaqələrə
malikdir və bu əlaqələr nəticəsində də
dünyanın çoxsaylı dövlətləri ölkəmizin
biznes mühitində özünə yer edib. Bu bir faktdır
ki, Azərbaycan, nəinki yerləşdiyi Cənubi Qafqaz
regionunda, hətta bir sıra yaxın ölkələri də
nəzərə alsaq, böyük bir coğrafiyada xarici sərmayələrə
açıq və təminat verəcək yeganə dövlətdir"
deyən A.Hüseynov Azərbaycanda demokratik prinsiplərə də
sadiqlik nümayiş etdirildiyini, ölkə daxilində
aparılan siyasi islahatlar nəticəsində Azərbaycanda
Avropa standartlarına uyğun olan siyasi institutların, təsisatlar
yarandığını dilə gətirdi.
Tapdıq Qurbanlı
Səs.- 2011.- 13 yanvar.- S. 6.