Milli azadlıq mübarizəmizin şərəfli tarixi

 

1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin zirvəsidir

 

“XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, azadlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də, Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar. Bu gün Azərbaycan xalqı milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir".

 

HEYDƏR ƏLİYEV

 

 

Azərbaycan xalqının milli mübarizə tarixində önəmli yer tutan 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə millətimizin göstərmiş olduğu rəşadət bu günümüz və gələcəyimiz üçün böyük örnəkdir. Hər bir millətin tarixində özünün bir şanlı tarixi olduğu kimi, Azərbaycan xalqının milli azadlıq və istiqlal mübarzəsində 190-cı ilin 20 yanvar qırğını qürur yerimiz, and yerimizdir. Çünki həmin tarixdə öz müqəddəratını, azadlıq ideallarını gerçəkləşdirmək üçün xalqımız sovet ordusunun qaniçən maşınının qarşısına əliyalın çıxmaqla tarixə öx şərəfli adını yazdırmış oldu. Bu tarixdən 20 ildən də artıq bir zaman kəsiyi bizi ayırsa da, xalqımız öz mübarizə tarixini heç vaxt unutmur və bundan sonra gələcək nəsillər də bu şərəfli tarixdən böyük örnək götürəcək. Bizimlə həmsöhbət olan ictimaiyyət nümayəndələri, siyasi xadimlər, təşkilat rəhbərləri mübarizə taraximizin ən yüksək zirvəsi olan 20 yanvar 1990-cı ildə baş vermiş qəhrəmanlıq nümunəsinə müxtəlif rakurslardan qiymət veriblər.

 

YAP Qadınlar Şurasının sədri, professor Nurlanə Əliyeva: "Azərbaycan xalqı öz müstəqilliyini hər şeydən üstün, uca tutmaqla bütün dünyaya nümunə oldu"

 

- Məlum olduğu kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş verən qanlı 20 Yanvar hadisəsi hələ də yaddaşlardan silinməyib. Bu tarixi faciə, neçə illərdir ki, kütləvi formada yad edilir. Hər il Şəhidlər Xiyabanına kütləvi axın bir daha sübut edir ki, 20 Yanvar faciəsinin qurbanları Azərbaycanın müstəqilliyi uğrunda özlərini fəda edən şəxslər olduğu üçün heç vaxt yaddaşlardan silinməyəcək. Çünki 20 Yanvar faciəsi hər bir azərbaycanlının yaddaşındadır. Bu faciə  bir çox ailələri başsız qoydu. İnsanlar doğmalarını, qohumlarını, yaxınlarını itirdilər. Digər tərəfdən isə, Azərbaycan xalqı öz müstəqilliyini hər şeydən üstün və uca tutdu. Xalq başdan-ayağa silahlanmış bir ordunun qarşısına əliyalın çıxdı. Xalqımız o günlərdə  daha mütəşəkkil idi. Ən şirin nemət olan canını müstəqillik yolunda verən xalqımız öz suvereniliyini qanı bahasına əldə etdi. İmperiya qüvvələri müxtəlif respublikalarda millətlərarası nifaq, düşmənçilik salır və keçmişdə olan münaqişələri yenidən oyadırdı. Bu, Qorbaçovun Azərbaycanda başlanan milli hərəkatı boğmaq arzusundan irəli gəlirdi. O zaman Azərbaycana rəhbərlik edən adamların xalqdan uzaq düşməsi bu hadisənin baş verməsinə rəvac verdi. İşini düzgün qura bilməyənlər xalqı meydanlara  çağırırdı.

Onu da vurğulamaq istərdim ki, bu, bir tarixdir və hadisələr hər kəsin gözü önündə baş verib. 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, o zaman Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini göstərdi. Bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Qanlı yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Qarabağın əlimizdən getməməsi idi.

Onu da qeyd edim ki, 1990-cı ilin 20 Yanvar faciəsinə rəsmi səviyyədə ilk dəfə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün işləyib-hazırladığı qərar layihəsi əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verildi. Ümummilli Lider Heydər Əliyev 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyalarında dəfələrlə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ qaldırsa da, o vaxtkı Azərbaycan rəhbərliyinin xalqın taleyinə biganəliyi nəticəsində bu məsələ öz həllini tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Milli Məclisdə 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi.

 

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov: "20 Yanvar Azərbaycan xalqının başına gətirilən ən böyük bəlalardan biridir"

 

- 20 Yanvar faciəsi hər bir azərbaycanlının yaddaşındadır. Bu faciə  bir çox ailələri başsız qoydu. İnsanlar doğmalarını, qohumlarını, yaxınlarını itirdilər. Digər tərəfdən isə, Azərbaycan xalqı öz müstəqilliyini hər şeydən üstün və uca tutdu. Xalq başdan-ayağa silahlanmış bir ordunun qarşısına əliyalın çıxdı. Xalqımız o günlərdə  daha mütəşəkkil idi. Ən şirin nemət olan canını müstəqillik yolunda verən xalqımız öz suvereniliyini qanı bahasına əldə etdi. İmperiya qüvvələri müxtəlif respublikalarda millətlərarası nifaq, düşmənçilik salır və keçmişdə olan münaqişələri yenidən oyadırdı. Bu, M.Qorbaçovun Azərbaycanda başlanan milli hərəkatı boğmaq arzusundan irəli gəlirdi. O zaman Azərbaycana rəhbərlik edən adamların xalqdan uzaq düşməsi bu hadisənin baş verməsinə rəvac verdi. İşini düzgün qura bilməyənlər xalqı meydanlara  çağırırdı.

Bu, bir tarixdir və hadisələr hər kəsin gözü önündə baş verib. O vaxt respublikaya rəhbərlik edən şəxs Ulu Öndərimiz Heydər Əliyev  səviyyəsində olsaydı, yaxud da,  elə Öndərimizin özü olsaydı, M.Qorbaçov özündə o cəsarəti  tapmazdı. Xalqla Ulu Öndər Heydər Əliyev  arasında olan birlik qaniçənləri də qan tökməkdən çəkindirərdi. Azərbaycanın geosiyasi şəraiti bir çox ölkələrin maraqlarının bu ərazidə toqquşmasına gətirib çıxarırdı. Tarix bizə bir neçə il əvvəl Ulu Öndər Heydər Əliyev şəxsiyyətini bəxş etsəydi, təbii ki, bu qırğınlar, Qarabağ düyünü də olmazdı. Tarixdə şəxsiyyətin rolu böyükdür. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, rəsmi şəkildə imperiyanın başçısına öz etirazını bildirdi.

 

YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov: "20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür"

 

- Azərbaycan xalqının qan yaddaşına həkk olunan 20 Yanvar faciəsi əbədi olaraq qalacaq və heç vaxt unudulmayacaq. Çünki həmin gün Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı-acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar, həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib.

Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridildi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.

İndi, nəyin bahasına olursa-olsun, biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!

Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.

 

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2011.- 19 yanvar.- S. 6.