Etnoqrafiya Muzeyinin yaradılması işlərinə başlanılıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında" 2008-ci il 11 iyul tarixli Sərəncamına əsasən, Etnoqrafiya Muzeyinin baş planının hazırlanması üzrə elan edilmiş beynəlxalq müsabiqə başa çatmış və muzeyin yaradılması istiqamətində konkret işlərə başlanılmışdır.

 

Abşeron rayonunun Qobu qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmiş 200 hektar ərazidə yaradılacaq bu muzeydə xalq mədəniyyətinin bütün nümunələri bir-birini tamamlayan səpkidə yerləşdiriləcək.

Etnoqrafiya Muzeyi Azərbaycan xalqının keçmişini və bugününü özündə yaşatmalıdır. Belə ki, milli irsimizin qorunması və gələcək nəsillərə çatdırılması, Azərbaycan xalqının keçmişini və bugününü özündə yaşatmaqla, onun milli simasını müəyyən edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin, xalq yaradıcılığı formalarının dolğun mənzərəsinin canlandırılması sahəsində misilsiz əhəmiyyəti olacaq belə bir muzeyin yaradılması gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və tarixi-mədəni dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasına xidmət etməlidir. 

Abşeron rayonunun Qobu qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmiş 200 hektar sahəsi olan ərazidə yaradılacaq bu muzeydə xalq mədəniyyətinin bütün nümunələri bir-birini tamamlayan səpgidə yerləşdirilməlidir. Respublikanın bütün bölgələrindən toplanmış xalq yaşayış ev tipləri, təsərrüfat tikililəri, su və yel dəyirmanları, sənətkarlıq emalatxanaları, xalq sənətkarlıq növlərini əks etdirən eksponatlar, xalq nəqliyyat vasitələri, əhalinin məişətdə, əkinçilikdə, heyvandarlıqda, arıçılıqda və digər sahələrdə istifadə etdiyi alət və avadanlıqlar, evlərin daxili sahmanı üçün əşyalar və Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına, təbliğ olunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən digər eksponatlar Azərbaycan Etnoqrafiya Muzeyinin əsasını təşkil etməlidir. Muzeyin yaradılması prosesində açıq səma altında muzeylərin təşkili sahəsində dünyanın ən nümunəvi muzeylərinin iş təcrübəsi, etnoqrafik muzeyşünaslıq sahəsində elmin son nailiyyətləri nəzərə alınacaq. Gələcək muzeyin sahəsi Azərbaycanın bütün tarixi-etnoqrafik bölgələrini, ümumilikdə,  "Miniatür Azərbaycanı" xatırladacaq.

   Mədəniyyət və turizm nazirliyi tərəfindən muzeyin təşkili üçün Azərbaycan üzrə eksponatların toplanması işi həyata keçiriləcəkdir. Eyni zamanda, itirilmiş etnoqrafik abidələr və predmetlər arxiv sənədləri və fotoşəkillər əsasında bərpa ediləcəkdir. Muzeydə, şərti olaraq, Azərbaycanın bütün tarixi etnoqrafik bölgələri (Şirvan, Qarabağ, Naxçıvan, Abşeron, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Aran, Gəncəbasar, Qərbi Azərbaycan bölgələri) öz əksini tapacaqdır. Lakin muzeyin leytmotivi vahid Azərbaycan mədəniyyəti olacaq. Hər bir bölgə öz təbii-coğrafi şəraitini və etnoqrafik infrastrukturunu əks etdirməklə yanaşı, xalqımızın mədəniyyətini bölgələrə parçalanmış şəkildə deyil, ümum-Azərbaycan kontekstində nümayiş etdirəcəkdir. Muzeyin ölkəmizin ərazisinin səmadan görünüşünə uyğun olaraq qurulması və hər bir bölgənin lokal xüsusiyyətlərini qorumaqla yanaşı, ümum-Azərbaycan xalq mədəniyyətini əks etdirməsi nəzərdə tutulub.

Bütün eksponatlar qarşılıqlı vəhdət və əlaqədə, bütün sənətkarlıq emalatxanaları, toxuculuq dəzgahları və s. işlək vəziyyətdə olacaqdır. Azərbaycan qədim əkinçilik mərkəzi olduğu üçün muzeydə əkin, bağ və bostan sahələri də nəzərdə tutulacaq və bu məqsədlə əkinçilik mədəniyyəti ilə bağlı avadanlıqla yanaşı, kənd təsərrüfatı mütəxəssisləri də bu işə cəlb olancaqdır.

Muzeyin əsas vəzifələrindən biri xalq tətbiqi sənəti növlərinin dirçəldilməsi və inkişaf etdirilməsi, xalq ustalarının üzə çıxarılması, onlara yaradıcılıq şəraitinin yaradılması və qayğı göstərilməsi, yaradıcılıq  məhsullarının sərgilər vasitəsilə təbliği və satışının təşkili olunacaqdır. Muzeydə dulusçuluq, ağac və şüşə məmulatları, daş, ağac və kəc üzərində oyma, bədii metal, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və digər geniş yayılmış sənət növləri ilə yanaşı, unudulmuş və ya unudulmaqda olan sənət növlərinin- sərraclıq, nalbəndlik, papaqçılıq, çəkməçilik, kələğayı toxuma, sandıq, mücrü, nehrə, cəhrə, təndir və kürə hazırlama kimi nadir sənət növlərinin ikişafına xüsusi diqqət yetirilməli, onların sirlərinin  nəsildən-nəslə ötürülməsi təmin ediləcəkdir. Muzeyin emalatxanalarında hazırlanan məhsulların ərazidə fəaliyyət göstərən suvenir dükanlarında və respublikamızın turizmin inkişaf etdiyi bölgələrində satışının təşkili nəzərdə tutulub.

Azərbaycan Etnoqrafiya Muzeyi ərazisində əhalinin müxtəlif kateqoriyalarının maraqlarını təmin etməyə qadir olan əyləncə mərkəzlərinin yaradılması məqsədəuyğundur. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinin mətbəxi geniş təmsil olunacaq, yerli əhali və turistlər üçün Azərbaycan mətbəxinin zənginliyi nümayiş etdiriləcəkdir. Ərazidə uşaqlar üçün müasir attraksionlar qurulması, gənclər üçün cəlbedici mərkəzlərin yaradılması nəzərdə tutulub.

Muzeyin ərazisinin bir hissəsində Azərbaycan xalqının tarix boyu yaratdığı tarixi abidələrin - Qız qalası, Şirvanşahlar sarayı, Mömünə xatun türbəsi, Xudafərin körpüləri, Təzəpir məscidi və s. miniatür maketlərinin yerləşdirilməsi tamaşaçıların böyük marağına səbəb olmaqla yanaşı, xalqımızın qədim mədəniyyəti və tarixi barədə tamaşaçılarda müəyyən təsəvvür yaratmağa xidmət edəcəkdir.

Ərazidə muzeyin inzibati binası, fond saxlancları, akt zalları, sərgi salonları, avtomobil üçün dayanacaqlar, xüsusiləşdirilmiş elmi-bərpa mərkəzləri, ictimai-iaşə müəssisələri də ilkin layihələndirmə sənədlərində nəzərdə tutulub.

 

 

Zümrüd

 

Səs.- 2011.- 19 yanvar.- S. 12.