Azərbaycanlı tələbələr
Beynəlxalq Mədəniyyət
Festivalında ölkəmizin
mədəniyyətini təbliğ
ediblər
Macarıstanın paytaxtı
Budapeştdə yerləşən
Mərkəzi Avropa Universitetində təhsil alan azərbaycanlı tələbələr yanvarın
17-dən 22-dək keçirilən Beynəlxalq Mədəniyyət
Festivalında ölkəmizin
mədəniyyətini təbliğ
ediblər.
Otuza yaxın ölkənin qatıldığı
bu festivalda Azərbaycan yeməklərinin,
rəqslərinin və
paytaxtımızın görməli
yerlərinin fotoşəkilləri
yerləşdirilib. Həftənin
sonunda universitetin yataqxanasındakı yeməkxanada
bozbaş, toyuq ləvəngisi və şirin plov verilib. Günün nəticələrinə əsasən
ən çox sifariş olunan yeməklərin arasında
birinci yerdə bozbaş, üçüncü
yerdə isə toyuq ləvəngisi olub. Bundan əlavə,
yeməkxanada səsləndirilən
musiqi nömrələri
arasında Azərbaycan
xalq mahnıları, muğamlar və müasir estradamızdan nümunələr yer alıb. Tədbirin əsas hissəsi
olan mədəniyyətlərin
təqdimat mərasimində
Azərbaycan üçün
xüsusi ayrılmış
stenddə mədəniyyətimizi
əks etdirən fotolar, stolda isə Azərbaycana aid açıqcalar, dolma, şəkərbura, paxlava, Azərbaycan çayı, mürəbbələr,
nar, limon, suvenir, çərəz, kəlağayı və digər milli atributlarımız iştirakçılara təqdim
olunub. Azərbaycanlı
iştirakçıların milli geyimdə olması xüsusi diqqət çəkib. Bundan əlavə səhnədə
Azərbaycana aid təqdimatın nümayiş
etdirilməsi, zəngin
tariximizi və mədəniyyətimizi əks
etdirən faktların
tamaşaçıların nəzərinə çatdırılması,
"Yüz bir" rəqsi və "Reyhan" mahnısı alqışlarla qarşılanıb.
Azərbaycanlı tələbələrin
bu festivalda mədəniyyətimizi uğurla
təbliğ etməsində
Azərbaycanın Macarıstandakı
səfirliyinin, Azərbaycan
Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsinin
və Macar-Azərbaycan
Dostluq Cəmiyyətinin
böyük rolu olmuşdur.
Zümrüd
Səs.- 2011.- 25 yanvar.- S. 12.