Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi

 

Sərgi Prezident İlham Əliyevin "Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında" Sərəncamına əsasən keçirilir

 

Azərbaycan İncəsənət Muzeyində Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi keçiriləcək. Sərgi "Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən keçirilir. Sərginin açılış mərasimi 22 iyun tarixində baş tutacaq. Sərginin keçirilməsində əsas məqsəd Bəhruz Kəngərlinin əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, onun milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi üçün göstərdiyi xidmətlərin nümayişi və təbliğindən ibarətdir.

 

Azərbaycan İncəsənət Muzeyində Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi keçiriləcək. Sərgi "Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən keçirilir. Sərginin açılış mərasimi 22 iyun tarixində baş tutacaq.

Sərginin keçirilməsində əsas məqsəd Bəhruz Kəngərlinin əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, onun milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi üçün göstərdiyi xidmətlərin nümayişi və təbliğindən ibarətdir.

Məlumat üçün bildirək ki, B.Kəngərli rəssam, boyakar və qrafik olaraq sənət taixinə iz salıb. Azərbaycan professional rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olan Bəhruz Kəngərli  realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşmasında rola malikdir. Uşaq ikən ciddi xəstəlik keçirən B.Kəngərli ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa meyil göstərmişdir. Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində oxumuşdur. Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olmuşdur.

Yaradıcılığının ilk dövründə müəllimi - mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D.Qudiaşvilinin portretlərini çəkmiş, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri yaratmışdır. 1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük sərgisi keçirilmişdir.

Cəmi 30 il ömür sürmüş və 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış B.Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri ("Yaşlı kişi", "Gürcü" və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir.

Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri "Şəlalə", "Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol", mədəniyyət abidələri "Möminə xatın türbəsi", "Əshabi-kəhf dağı", "Nuhun qəbri", ilin fəsilləri "Payız", "Bahar" və s. əsərlərində əks olunmuşdur.

B.Kəngərli 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulan və Naxçıvana pənah gətirən azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.

O, portret ustası kimi yaratdığı personajların mənəvi aləmini açıb göstərə bilmişdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də (1918-1920) B.Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri yaradır. Rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

B.Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir. A.Babayevin "Yarımçıq şəkil" pyesi B.Kəngərliyə həsr olunmuşdur. Naxçıvan şəhərində rəssamın muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır.

 

 

ZÜMRÜD

 

Səs.- 2012.- 19 iyun.- S.12.