Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi

 

 29 iyun Kamil Nəcəfzadənin xatirə günüdür

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında Bəhruz Kəngərlinin 120 illik yubileyi keçiriləcək

Azərbaycan mədəniyyət və incəsənəti tarixin müxtəlif dövrlərində inkişaf yolu keçərək, bu gün təkmilləşmiş, dünya miqyasında sözünü deyə biləcək səviyyəyə yüksəlmişdir. Bu dəyərlərin, amillərin inkişafı onun yaradıcılarının, istedadlı xadimlərin əməyi, zəngin bədii təxəyyülünün nəticəsidir.

Azərbaycan mədəniyyət və incəsənəti tarixin müxtəlif dövrlərində inkişaf yolu keçərək, bu gün təkmilləşmiş, dünya miqyasında sözünü deyə biləcək səviyyəyə yüksəlmişdir. Bu dəyərlərin, amillərin inkişafı onun yaradıcılarının, istedadlı xadimlərin əməyi, zəngin bədii təxəyyülünün nəticəsidir.

Belə irsi yaradan, zəngin mədəniyyəti formalaşdıran simalar müasir dövrümüzdə ölkə rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Bir-birinin ardınca imzalanan sərəncamlar məhz mədəniyyət xadimlərinin əməyinə, onların irsinin, məktəbinin geniş bir məkanda təbliğinə yönəlib. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan rəssamlıq məktəbinin görkəmli   nümayəndələrindən   olan Bəhruz Şirəlibəy oğlu Kəngərlinin 120 illiyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam da məhz milli mədəniyyətimizə, incəsənətimizə göstərilən dövlət qayğısının, diqqətin nəticəsidir.

Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşmasında böyük rolu olan Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda anadan olub. Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa meyil göstərmişdir. Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində oxumuşdur. Onun rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdur.

B.Kəngərlinin yaradıcılığının ilk dövründə müəllimi - mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D. Qudiaşvilinin portretlərini çəkmiş, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri yaratmışdır. (“Qoca kişi”, “Toy”, “Elçilik” və s.). 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi və orada göstərilən rəsmləri həmyerlilərini heyran etmişdi. O vaxt “İqbal” qəzeti yazırdı: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”. Bu gün bizə  Kəngərlinin zəngin bədii irsi qalmışdır.

Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri  mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri əks etdirən “Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” və s. əsərləri, mədəniyyət abidələri  olan “Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri”, ilin fəsilləri  ilə bağlı olan “Payız”, “Bahar” əks olunmuşdur.

Bəhruz Kəngərli 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilmişdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz Kəngərli yaradıcılığını davam etdirərək, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında Cəlil Məmmədquluzadənin “Ölülər”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir. A.Babayevin “Yarımçıq şəkil” pyesi Kəngərliyə həsr olunmuşdur. Naxçıvan MR Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” sərəncamına  əsasən, rəssamın Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır.

 Bəhruz Kəngərli 1922-ci il  fevralın 7-də 30 yaşında ikən Naxçıvanda vəfat etmişdir.

 

 

 Səs.- 2012.-29 iyun.- S.12.