Azərbaycançılıq və milli dərili musiqi alətləri

Digər musiqi alətləri - nağara, dəf, davul və qoşanağarada ifadə olunan havalar milli hisslərin aşılanmasına xidmət edir. Nağara membranalı zərb alətidir. Eramızdan əvvəl yaranmış nağaranın adına Kitabi Dədə Qorqud (VII əsr), Əhməd Hərami (XIII əsr) dastanlarında, Qətran Təbrizinin (XI əsr), Nizami Gəncəvinin (XII əsr), Yusif Məddahın (XIV əsr), Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin (XVI əsr) şeirlərində rast gəlirik.

Cənubi Azərbaycanda, Cığamış şəhərində tapılmış saxsı qabın üzərində nağaraçalan təsvir edilib. Mütəxəssislər bu qabın 8 min illik tarixə malik olduğunu qeyd edirlər. Lakin o dövrdə alət nağara deyil, başqa cür adlanıb. Çünki nağara ərəb sözüdür, dilimizə çox-çox sonralar gəlmə sözlərdəndir və taqqıldatmaq, döyəcləmək mənalarını bildirir. Bəlkə də böyük nağaralar 8-10 min il əvvəl Azərbaycan ərazisində davul və ya dumbul adlanıb.

XVII əsrdə holland dənizçisi Yan Streys Azərbaycanda olarkən nağara və zurna alətlərinə qulaq asdığını qeyd edir.

A.Nəcəfzadənin qeyd etdiyi kimi, nağara peşəkar alətdir, musiqi məktəblərində və texnikumlarda tədris olunur. Nağara üçün ilk tədris vəsaitini professor Fərahim Sadıqov və nağaraçalan Səlim Quliyev 1988-ci ildə hazırlayıblar.

Nağara 1931-ci ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılan xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilib və orkestrdə zərb alətlərinin önündə gedir. Bu qrupda nağaradan aparıcı alət kimi istifadə edilir.

Nağara ölçülərinə və istifadə qaydalarına görə müxtəlif cür olur: böyük, orta, kiçik, rəqs nağarası, toxmaq nağara və s.

Tarixi mənbələrə əsasən, qeyd etmək olar ki, Təbrizdə I Şah Abbasın şəhər sakinləri ilə görüşü zamanı (1603-cü il) onu aralarında müxtəlif üsullarla dəfçalan 2-3 musiqiçinin olduğu dəstələr qarşılamışdı. Bu vaxtlar aşıq musiqisi çox geniş yayılmışdı və onu hər yerdə sazın müşayiətilə ifa edirdilər.

Musiqi alətlərinin düzəldilməsində Təbriz sənətkarları geniş şöhrət qazanmışdılar. Təbrizdə dümbək, nağara, ney, saz və təbil hazırlanırdı. Tənbur üçün, adətən, tut ağacı seçilirdi. Təbrizdə və Ərdəbildə xüsusi təbil satılan bazarlar vardı. Ümumiyyətlə, çoxsaylı (50-dən çox) Azərbaycan sənətkarlar, arasında musiqi alətlərinin düzəldilməsi ayrıca sahə təşkil edir.

Müxtəlif ziyafətlərdə ud, kamança və dəf səslənir və mahnılar ifa olunurdu. Küçə tamaşalarında (ilanın ovsunlanmasında) oxunan mahnı qamış tütəklə (fleyta) müşayiət olunurdu.

Adam Olearinin qeyd etdiyi kimi, geniş şəhər meydanında oyunbaz və gözbağlayıcıların çıxışı zamanı carçılardan biri qoltuğundan zurna (rojok) çıxardaraq melodiya çalır. Sonra dəfin ritmik sədaları altında meydana boyunlarına dəmir xalta keçirilmiş canavarlar çıxarılır.

Xoş səsli alətlər sırasına E.Kempfer dairəsinin diametri 4 qarış olan dəfi aid edironu xarici görünüşünə görə xəlbirlə müqayisə edir. Dəfin bir tərəfinə nazik dəri çəkilir, digər tərəfi isə açıq qalır. Ağac sağanağın ətrafında üz tərəfinə görə eninə yerləşən ox üzərində dördya beş misdən düzəldilmiş və azca əyilmiş kiçik lövhə olurdu. Onların arasındakı məsafə bir qarış idi. Bəzən lövhələrin əvəzinə sağanaqda çöl tərəfdən məftildən halqalar asılırdı. Bu halda alət dairə adlanırdı. Onun səsi dəfin səsi ilə müqayisədə zəif və daha yumşaq idi. Lakin o xalq arasında çox məşhur idi və şənliklərdə, mahnı və rəqslər ifa olunarkən, istifadə edilirdi.

Zahirən dəfə və dairəyə oxşar qaval xalq müğənnilərinin - xanəndələrin əlində səslənilirdi. Xanəndə barmaqlarını membrana vuraraq, müxtəlif zəif səslər alırdı, kulminasiya məqamlarında isə kəskin hərəkətlərlə sağanağa tərəfdən bərkidilmiş halqaları cingildədirdi.

Sonra membranlı alətlər qrupu (E.Kempferə görə təbil və ya timpan) - kus (kuus), qoşanağara və təbil-bas təsvir olunur.

Qoşanağara qədim zərb alətidir və zoğal ağacının düz budağından hazırlanan qoşa çubuqlarla səsləndirilir.

Cənubi Azərbaycanın Cığamış şəhərində tapılmış saxsı qaba istinadən qoşanağaradan Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edilib. Belə ki, həmin qabın üzərində qoşanağaraçı təsvir edilib. Lakin həmin dövrdə bu alət tamam başqa cür adlanıb. Qoşanağara sözünün II hissəsi ağara (nəqərə) ərəb sözüdür, dilimizə zərbə kimi tərcümə edilir. 8 min il əvvəl Azərbaycan ərazisində ərəblər yaşamadığından, alət qoşanağara adlana bilməzdi. Bəzən qoşanağaraya el arasında qoşadumbul da deyilir. Bəlkə də qoşanağaranın qədim adı elə qoşadumbul olub. Qoşadumbulda hər iki söz - qoşadumbul türk sözləridir. Qoşa - yanbayan, bir yerdə, cüts. mənalarını, dumbul isə alətin səsinin sözlə təqlidini, daha doğrusu, hay-küylü çalğı aləti mənalarını bildirir.

Qoşanağara 1959-cu ildə peşəkar xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilib. Onun notları (ardıcıl səs yüksəkliyi olmadığından) bir xətt üzərində yazılır və notların xətləri (nağaradan fərqlənmək üçün) yuxarı çəkilir. Qoşanağaranın qazançaları kvartaya kvinta intervalında köklənir.

Qoşazərb zərblə çalınan müasir alətdir. Azərbaycan ərazisində orta əsrlərdə təbilbaz (və ya təbləkbaz) adlanan (Şərqdə onu darbuka adlandırırlar) zərb alətindən geniş istifadə olunub. Son illər sənətkarımız ifa zamanı səslənmə palitrasını zənginləşdirməkdən ötrü qoşazərbdən geniş istifadə edirlər.

A.Nəcəfzadə göstərir ki, qoşazərb üçün xüsusi açılıb-yığılan qurğu hazırlanır və alət bolt vasitəsi ilə bu qurğuya bərkidilir. Qoşazərbin cüt dəriləri müxtəlif yüksəklikdə köklənir: böyük zərb bəm, kiçik zərb isə zil səslənir.

Professor S.Abdullayeva yazır ki, rus rəssamı Q.Q.Qaqarin (1810-1893) Qafqazda hərbi xidmətdə olarkən (fasilələrlə 1840-1850-ci illərdə) çəkdiyi etnoqrafik rəsmlərində azərbaycanlıların həyatına aid çoxlu sayda məişət səhnələrini məharətlə əks etdirmişdir. Onların arasında Şamaxı rəqqasələri tablosu (Sankt-Peterburqda Rus Dövlət Muzeyində saxlanılır) daha məşhurdur. Tablonun mərkəzində o vaxt ad çıxarmış rəqqasə Sonanın oynaması təsvir edilir. Ətrafda gənc rəqqas Hikmət, Sonaya əl çalan rəqqasələr Rəna və Nisə, daha sonra Səkinə, İzzət və Məleykə oturublar. Musiqiçilərin arasında çırtma ilə rəqsin ritmini nəzərə çatdıran Qəndixanımdır. Musiqiçilər donqarda, sümsü-balabanın (dodaqlara dayaq üçün dairəvi lövhəciyi və aşağıya doğru genişlənən gövdəsi var) müxtəlif növlərində, dəfdə (bu, sağanaq dövrəsində dairəvi lövhələrin və alətin daxili tərəfində dəri boyu iki cərgə ipdən asılmış zıngirovların olması ilə təsdiqlənir) və qoşanağarada çalırlar. Sonuncunun yanında döşəmənin üstündə ucluğu və qayışı olan təbil-bas, həmçinin, uzun ucluqları olan iki kaman aləti - çəğanə görsənir.

Çoğur və dəf Q.Q.Qaqarin Dövlət Rus Muzeyində saxlanılan Nisə və Rəqs etüdlərində təsvir olunub. Çoğur, daha doğrusu, böyük olmayan növünün (cürə çoğur) məhz çoğura aid edilməsi, onun gövdə və kəlləsinin xarici görünüşü ilə təsdiqlənir. Belə alət hazırda Gürcüstanda çonquri adı altında istifadə olunur.

1842-ci il sentyabrın əvvəlində Abşeron yarımadasının kəndlərindən birində olmuş rus şərqşünası İ.N.Berezin (1818-1896) dördsimli saz, balaban, qoşanağaraqavaldan ibarət ansambl görmüşdür.

Məşhur fransız yazıçısı Aleksandr Düma-Atanın (1802-1870) verdiyi məlumata görə, Şamaxıda Mahmudağanın təşkil etdiyi qəbul vaxtı (1858-ci il noyabrın 24-də) tar, kamança, tütək, nağara və dəmir ayaqcıqlar üstündə qoyulan təbildə çalan beş musiqiçi iki rəqqasəni və bir rəqqası müşayiət edirdi. Rəqqas barmaqları arasında mis kastanyet - zil tutmuşdu.

Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin (1825-1875) R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanan rəsmində rəqqasə dümbəklə təsvir olunmuşdur.

P.Vostrikovun məlumatına görə, qoşanağara (o, bu aləti dəf adlandırır) Asiya mənşəlidir; ağacdanya gildən hazırlanırdı. Gövdələrə keçi dərisi çəkilirdi. Onların arasında cingiltili səs almaq üçün bəzən zəng və ya polad üçbucaq şəklində, yaxud da hər hansı bir metal lövhə yerləşdirilirdi. Çalğı zamanı aləti yerə qovurboyundan asırdılar.

Tədqiqatçılar göstərirlər ki, Azərbaycan xalqı əsrlər boyu özünəməxsus melodiyalar və müxtəlif musiqi alətləri ilə müşayiət olunan el-oba oyunlarını, mərasimlərini, xalq tamaşalarını qoruyub saxlamışdır. Belə ki, aşıq-ozan sənətinin ən qədim sələflərindən olan el sənətkarı - şamanın əlində qaval cingildəyərdi, özlərində şair, müğənni, musiqiçi, rəqqas, dastançı sənətlərini birləşdirən ozanlar həm əmin-amanlıq, həm də müharibə vaxtı qopuzya çoğur səsləndirərdi. Qədim Sayaçı mərasimdə tulumya tütəklə müşayiət olunan mahnılarda ev heyvanları təriflənərdi. Şəbih tamaşasında zurna və dəfdən istifadə edilərdi. Xərarə məzhəkə oyununda təbil, qavalnağara çalan oyunçu - mütriblər dəstəsi iştirak edərdi. Rəqqasələr qaval və çəngin müşayiəti altında öz məharətlərini nümayiş etdirərdilər.

Xalq mərasimləri, oyunları və şənlikləri nəzərdən keçirilən dövrdə də geniş yayılmışdı. Azərbaycan Tarix Muzeyində qorunan qavalın sədəf və sümüklə inkrustasiya edilmiş dairəvi sağanağının diametri 385 mm, eni isə 50 mm-dir. İçəri tərəfdən 44 misbürünc halqa asılıb.

Nağaranın hündürlüyü 280 mmdiametri 350 mm-dir. Ağac gövdənin hər iki açıq tərəfinə dəmir çəmbərə tikilmiş dəri deka çəkilib. Yeddi yerdən onlar bir-birinə keçirilən iplə dartılıb. Gövdədə dörd yerdə rezonator dəlikləri açılıb.

Qoşanağaranın XVIII əsrdə dulusçu gilindən hazırlandığı güman olunur. Alətin gövdəsinin hündürlüyü 215 mm, ən geniş yerdə eni 210 mm, dekasının diametri 135 mm, oturacağının diametri isə 90 mm-dir. Kiçik gövdənin müvafiq hissələrinin ölçüləri 212, 82, 115, 72 mm təşkil edir. Gövdələrin oturacaqlarında dəliklər açılıb. Hər iki dəri üz bir-birinə keçirilmiş nazik iplərin köməyilə tarım çəkilmişdir.

Qoşanağaranın digər növünün hazırlanma tarixi təxminən XIX əsrə aid edilir. Alət bir-birinə bağlanmış, bişmiş gildən düzəldilmiş və qırmızı rəngə boyanmış iki küpədən ibarətdir. Böyük küpənin hündürlüyüeni 225 mm-dir. Onun açıq üst hissəsinin diametri 135 mm, aşağı hissəsinin diametri isə 87 mm-dir. Kiçik küpənin hündürlüyü 220 mm-ə, eni 155 mm-ə, dekasının diametri 76 mm-ə, oturacağının diametri isə 71 mm-ə çatır. Küpələrin oturacaqlarında dəliklər açılıb. Dəri üzlər küpələrin ağızlarına dəri qayışla tarım çəkilmişdir. Çalmaq üçün ucları itilənmiş ağac çubuqların uzunluqları 235 və 230 mm təşkil edir. Beləliklə, qeyd etmək lazımdır ki, dəfdə, nağarada, qoşanağarada ifa olunan musiqi havaları azərbaycanlılarda mübarizlik, həmrəylik, milli birlik, döyüşkənlik, azərbaycançılıq ruhu aşılayır.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 1 may.- S.14.