Azərbaycan SSR-də 1920-1940-cı illərdə sənayeləşdirmə və zorakı kolxozlaşdırma

Sovetləşmə zamanı Azərbaycan SSR-də sürətlə sənayeləşdirmə başlandı, sosial dəyişikliklər baş verdi. T.Qaffarov göstərir ki, Azərbaycanda sənayeləşdirmənin başlıca məqsədi burada neft hasilatını, emalını və daşınmasını sürətləndirmək, bunun üçün müəyyən iqtisadi infrastruktur yaratmaq idi. İşçiləri təmin etmək üçün istehlak malları istehsal edən müəssisələrin yaradılması da nəzərdə tutulurdu. Hələ 1926-cı ilin əvvəllərindən Q.Musabəyovun sədrliyi ilə təşkil olunmuş respublikanı sənayeləşdirmə üzrə komissiya da bu məqsədə xidmət edirdi. 1926-1928-ci illərdə işlər Beşillik Sənayeləşdirmə Planı üzrə gedirdi. Sonra ölkənin iqtisadi idarəçiliyində yeni metod - beşillik ümumi planlar tətbiq olundu.

Sənayeləşdirmə partiyanın daha da ciddiləşən amirliyi altında adamların mənafeyinin, qanının, canının qurban verilməsi hesabına aparıldı. Fəhlələrin iş normasını heç bir əsas olmadan həddindən çox artırmaq hesabına ciddi qənaət rejimi yaradılmışdı. İşçilərə "könüllü şəkildə" əmək haqqı əvəzinə 1926 və 1927-ci illərdə buraxılmış 12 milyon manatlıq dövlət daxili və xüsusi sənayeləşdirmə istiqrazları verilirdi. Özünün və vətəninin istismar olunduğunu görən və əməyə yadlaşan adamları yalnız dəmir inzibati əmək intizamı ilə işləməyə məcbur edirdilər. Formal şəkildə fəaliyyət göstərən istehsalat müşavirələri, komsomolçu-gənclər kollektivləri, sosializm yarışları, zərbəçi briqadirlər, staxanovçuluq, novatorçuluq (1935-ci ildən), ikiminçilər hərəkatları (1936-cı ildən) və s. işə qeyri-iqtisadi məcburetməni pərdələmək vasitələri idi və hay-küylə geniş təbliğ olunurdu.

Sənayeləşdirmə kəndlinin istismarı və var-yoxdan çıxmasını intensivləşdirirdi. Sovet hökumətinin əsil simasını görən kəndlilər ondan üz döndərdilər. Kəndlilər taxılın ucuz qiymətə alınmasına, sənaye mallarının isə baha satılmasına etiraz edirdilər. 1926-cı ildə kənd sovetlərinə təkrar seçkilərdə, inzibati tədbirlərə baxmayaraq, kəndlilərin cəmi 40 faizi, 1927-ci ildə isə 60 faizi iştirak etmişdilər. 1928-ci ildə taxıl fövqəladə tədbirlərlə, inzibati-zorakı yollarla kəndlidən alındı. ÜİK(b)P MK-nın 1928-ci il iyun plenumunda Stalin bu tədbirləri pislədi və taxılın satılma qiymətini artırmağı vacib bildi. Lakin sonra kollektivləşmə yolu ilə kəndlini istimar etmək xətti götürüldü. Sənayeləşdirmə Azərbaycanın iqtisadiyyatının birtərəfli inkişafını, onun mərkəzdən iqtisadi asılılığını daha da dərinləşdirdi. Lakin onun yüzlərlə iş yeri açmaqla (1927-ci ildə respublikada 32 mindən çox işsiz vardı), fəhlələrin ümumi texniki səviyyəsini, gəlirlərini artırmaqla əhalinin maddi güzəranını nisbətən yaxşılaşdırmaqda rolunu da qeyd etmək vacibdir.

Sənayeləşdirmə illərində Azərbaycanın neft ehtiyatlarını aşkar etmək üçün rus alimlərinin rəhbərliyi altında kəşfiyyat işləri genişləndirilirdi. 20-ci illərin ikinci yarısında Puta, Qaraçuxur, 30-cu illərdə Lök-Batan, Neftçala, Qala, Artyom (indi qədim adı ilə - Pirallahı adlanır) adası, Şonqar, Pirsahat, Siyəzən, Goradiz zəngin neft yataqları kəşf olunub istismara verildi.

Neftçıxarma sənayesində 1923-cü ildən başlanan texniki yenidənqurma davam etdirildi və 1928-ci ildə onun birinci mərhələsi başa çatdırıldı. Qazma işində köhnə zərbə-ştanq metodu sıradan çıxdı, burğulu qazma, turbin maşınları, dərinlik nasosları, kompressorlar, buxar maşınları əvəzinə elektrik mühərrikləri tətbiqi ilə daha məhsuldar texnologiyalardan istifadə olunmağa başladı. 1927-ci ildə qazma işində tədricən avtomat sistem tətbiq olunmaqda idi. 30-cu illərin axırlarında dərin neft quyuları qazılması, quyuların təkrar istismarı texnologiyaları mənimsənildi. Nəticədə, neft hasilatı 1920-ci ildəki 2,9 milyon tona qarşı 1928-ci ildə 7,7, 1940-cı ildə isə 22,2 milyon tona çatdırıldi.

Sürətlə sənayeləşdirmə kənd təsərrüfatının kollektivləşdirilməsini tələb edirdi. Kəndlilər belə sənayeləşdirmə xəttini müdafiə etmirdilər. Onların çoxu Yeni İqtisadi Siyasətin xeyrini, əlverişli olduğunu görmüşdü. 1925-ci ilədək 70 min yoxsul kəndli təsərrüfatı ortabab təsərrüfata çevrilmişdi. Varlı (qolçomaq) təsərrüfatları kəndlərdəki təsərrüfatların 3 faizini təşkil edirdi. 1928-ci ildə artıq Azərbaycan SSR-də kəndli təsərrüfatların 6,8 faizi varlı, 51,4 faizi ortabab təsərrüfatlar idi. 1920-1928-ci illərdə respublikada 54 min yeni kəndli təsərrüfatı yaranmışdı. Onların sayı 354 minə çatmışdı. Bu təsərrüfatlarda 58 min və ya 1920-ci ildəkindən 28 min ədəd çox dəmir kotan vardı. Tarlalarda 1925-ci ildə 200, 1928-ci ildə artıq 500 traktor işləyirdi. Yoxsul kəndlilərin bir hissəsi kooperativlərdə birləşirdilər. Maşından istifadə, torpağı birgə becərmə sahəsində yoldaşlıqlar təşkil olunmuşdu. 1926-cı ilin martında pambıqçılıq təsərrüfatlarını idarə edən "Pambıq birliyi" yaradılmışdı. Sənaye və kənd təsərrüfatı müəssisələri arasında əlaqə yaranması üçün xüsusi kontakt sistemi mövcud idi. Bundan başqa, istehlak kooperasiyası da sənaye ilə kənd təsərrüfatı arasında möhkəm iqtisadi əlaqəni təmin edirdi.

1928-ci ildə respublikada 289 kolxoz (4,5 min, əsasən, yoxsul kəndli təsərrüfatlarını birləşdirən) və 13 sovxoz vardı. Onların təşkilinə və fəaliyyətinə kömək etmək üçün "Azkolxozsentr" və "Azsovxozsentr" təşkil olunmuşdu. Lakin Azərbaycan kəndində elliklə kollektiv təsərrüfatlar təşkil etməyə şərait yox idi. Burada patriarxal uklad, məişət və təsərrüfat ənənələri (xüsusən, yarımköçəri heyvandarlıq təsərrüfatlarında) güclü idi. Bundan başqa kollektivləşdirmə siyasətini həyata keçirmək üçün bolşeviklərin kənddə araxalana biləcəyi möhkəm dayaq hələ mövcud deyildi. Buna görə də kollektiv təsərrüfatların sayı çox az idi. 1929-cu ilin sonlarında Azərbaycan SSR-də kəndli təsərrüfatlarının cəmi 3,4 faizi kollektivləşdirilə bilmişdi.

Yerli şəraitdə kollektivləşdirmənin ən münasib forması yoldaşlıqlar (birliklər) idi. Burada torpaq və əmək ümümi olur, heyvanlar və istehsal vasitələri isə şəxsi istifadədə qalırdı. Kollektiv təsərrüfatların 52,3 faizini belə birliklər təşkil edirdi.

1928-ci ildə respublikada mövcud olan 354 min kəndli təsərrüfatının 113,3 mini kooperativlərdə birləşmişdi. 24 min varlı (qolçomaq), 182 min ortabab, 148 min yoxsul təsərrüfatı vardı. Belə çoxukladlı təsərrüfatçılıq istehsalın artmasına kömək edirdi. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi artıq 1913-cü il səviyyəsini ötüb keçmişdi.

Yeni İqtisadi Siyasət xəttindən geri çəkilmək, sənaye ilə kənd təsərrüfatı arasında əmtəə mübadiləsini pozmaq, kəndi istismar etməklə sənayeləşdirməni sürətləndirmək siyasətindən ən çox varlı və ortabab kəndlilər narazı idilər.

ÜİK(b)P MK iqtisadi cəhətdən zəif olan milli rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında 1930-cu il 20 fevral, kolxoz hərəkatında partiya xəttinin əyilməsi hallarına qarşı mübarizə haqqında 1930-cu il 14 mart qərarlarında bu işdə yol verilmiş tələsiklik, kobud metodlar pisləndi və Azərbaycan da daxil olmaqla iqtisadi cəhətdən zəif olan rayonlarda elliklə kollektivləşmə üçün hazırlıq tədbirləri görməyin, şərait yaratmağın vacib olduğu göstərildi. Ciddi inzibati təzyiqlə belə bir şərait yaradılmağa başlandı. Maşın-Traktor Stansiyalarının (MTS-lərin) və sovxozların sayı artırıldı. 1930-cu ildə respublikada 19 MTS, 26 sovxoz vardı. 1937-ci ildə MTS-lərin sayı 57-ə, sovxozların sayı 50-ə çatdırılmışdı. İctimai təsərrüfatların texniki təchizatı yaxşılaşmışdı. Kolxoz və sovxoz tarlalarında 1931-ci ildə 2,8, 1937-ci ildə isə artıq 5,6 min traktor işləyirdi.

Kənd partiya təşkilatları da möhkəmləndirilmişdi. MTS və sovxozlarda siyasi şöbələr təşkil edildi. Onların inzibati rəhbərliyi ilə kəndlərdə partiya özəklərinin, kommunistliyə namizəd qruplarının sayı artırıldı. Siyasi şöbələrin qəzetləri kənd əhalisinin "tərbiyə" olunmasında, elliklə kolxozlaşmanın sürətlənməsində əhəmiyyətli rol oynadılar.

Kollektivləşmə illərində Azərbaycanda ailələri ilə birlikdə varlı kəndlilər, ortabab kəndlilərin bir hissəsi - 200 mindən çox kəndli sovet hökumətinin, kolxozun düşməni kimi məhv edildi, sürgünə göndərildi, digər təqiblərə məruz qaldı. Azərbaycanda kənd təsərrüfatının kolxozlaşdırılması işi, əsasən, ikinci beşillikdə (1933-37-ci illərdə) başa çatdırıldı.

Azərbaycanın maddi və mənəvi potensialından öz məqsədləri üçün daha səmərəli istifadə etməyə çalışan Moskva burada ucuz əmək ehtiyatlarının yaradılmasında çox maraqlı idi. Əhalinin sayının artması, qadınların istehsalata geniş cəlb olunmasına qayğı onun əsas vasitələri idi.

1920-1940-cı illərdə respublikada əhalinin sayı 1,9 milyondan 3,3 milyona çatdı. Kənddə təbii artım sürətli idi. Şəhər əhalisinin sayı intensiv çoxalırdı. Qadınlarla kişilərə bərabər hüquqlar verilmişdi. Hələ 1921-ci ildə Azərbaycan qadınlarının I qurultayı onların emansipasiyasında vacib istiqamətləri göstərdi. Azərbaycan qadınları ictimai həyata geniş qoşulmaqla yanaşı, xalqın sağlam ailə və məişət ənənələrinin həqiqi qoruyucusu oldular.

Azərbaycanda müstəmləkə təsərrüfatının inkişafında qadın əməyindən geniş istifadə olunurdu. Fəhlə və qulluqçu qadınların sayı 1920-ci ildəki 17 mindən 1940-cı ildə 165 minə çatmışdı. Kənd təsərrüfatında, xüsusən, çox ağır zəhmət tələb edən pambıqçılıqda qadın əməyindən daha geniş istifadə edilirdi.

Azərbaycan çoxmilli respublika idi. 30-cu illərin əvvəllərində burada 1,6 milyon Azərbaycan türkü, 3,3 yüz minə qədər erməni, bir o qədər rus, 89 min talış, 79 min ləzgi, 60 min tat, 22 minə qədər avar, 15 min saxur, 9 min yəhudi və b. məskun idilər.

Bolşevik rəhbərlər yalnız fəhlə sinfini, milli ucqarlarda, o cümlədən, Azərbaycanda qeyri-müsəlman, fəhlələri öz hakimiyyətinin etibarlı dayağı hesab edirdilər. Çünki fəhlələr maddi istehsalda mühüm rol oynayırdılar, onların siyası və mədəni səviyyələri aşağı idi, kommunist partiyasına daha çox cəlb edilir və onun vasitəsilə idarə olunurdular.

Ümumiyyətlə, respublikanın iqtisadi-mənəvi potensialından öz məqsədləri üçün səmərəli istifadə etməyə çalışan Moskva burada istehsalın sosial infrastrukturasının müəyyən hədlər daxilində inkişafına imkan yaratmağa məcbur idi, çünki bunlarsız istismar etmək üçün işçi qüvvəsi kifayət qədər istehsal və təkrar istehsal oluna bilməzdi. Mənzil tikintisinə diqqət artırılmışdı. 20-30-cu illərdə respublikada 6,5 milyon kvm yaşayış sahəsi olan evlər (o cümlədən, dövlət tərəfindən 2 milyon kvm) tikilmişdi.

Respublikada 4556 yaşayış məntəqəsi vardı (1917-ci ildə 3813 yaşayış məntəqəsi mövcud idi). Şəhərlərin sayı 20-30-cu illərdə iki dəfə artıb 26-ya çatmışdı. 1921-1925-ci illərdə Bakı şəhəri memarlıq baxımından yenidən qurulmağa başladı, yeni küçə və meydanlar, bağ və parklar salındı. Görkəmli memarlar M.Ə.Hüseynovun və S.Ə.Dadaşovun layihələri üzrə Politexnik İnstitutun (1931-1933-cü illərdə), "Nizami" kinoteatrının (1937-1939-cu illər), Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinin (1940-cı ildə) yaraşıqlı binaları tikildi. 1924-cü ildə Bakıda tramvay, 1941-ci ilin əvvəllərində traleybus xətləri işləməyə başladı. 1933-cü ildə Gəncədə tramvay xətti istifadəyə verildi. Şəhərlərin su təchizatı nisbətən yaxşılaşdı. Su kəməri olan şəhərlərin sayı 3-dən 18-ə qalxdı. Bakıda şollar su kəməri bərpa olundu və nisbətən genişləndirildi. 1934-cü ildən ikinci Bakı su kəməri tikintisinə başlandı, lakin bu tikinti çox ləng gedirdi. Bu illərdə Göyçay, Salyan, Ağdam, Qazax, Quba, Ağdaş və başqa şəhərlərə su kəmərləri, elektrik xətləri çəkildi. Gəncə, Nuxa xeyli abadlaşdı. DQMV- Xankəndi şəhərə çevrildi.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 27 noyabr.- S.11.