Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində SSRİ-İran əməkdaşlığı çərçivəsində Cənubi Azərbaycan məsələsinə diqqət verməsi

 

SSRİ-İran  münasibətləri çərçivəsində Ulu Öndər Heydər Əliyev  Cənubi Azərbaycan məsələsinə ciddi önəm verirdi. Tarixi mənbələrdən də aydındır ki, Cənubi Azərbaycan bütöv Azərbaycanın bir parçasıdır. Ş.Tağıyeva, Ə.Rəhimli və S.Bağırzadə "Güney Azərbaycan" məlumat kitabında yazırlar: "Qeyd etmək lazımdır ki, 1813-1828-ci illərə qədər Bütöv Azərbaycanın ərazisi 410 min kv.km. təşkil edirdi. 1813-1828-ci illərdə Azərbaycan əraziləri cənubda, İran tərkibində 280 min kv.km., işğal edilmiş Rusiya əsarətində isə Şimali Azərbaycanın sahəsi 130 min kv. km. idi. "Cənubi Azərbaycan" adı altında İran ərazisində müasir dövrdə aşağıdakı regionlar var: Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin əyalətləri, Savə mahalı, Astara şəhristanı (mahalı). Bu ərazilərin sahəsi 174 min kv. km-dir. İranda yaşayan 29 mln. azərbaycanlı ölkə əhalisinin 41,42%-ni təşkil edir."

M.Qasımlı göstərir ki, bütün tarixi dövr ərzində Azərbaycanın qabaqcıl ziyalılarının başlıca qayğılarından biri Cənubi Azərbaycan məsələsi, cənubda yaşayan soydaşlarımızın hüquqlarının qorunması, vətənin yenidən birləşdirilməsi, bütövləşdirilməsi idi. Tarixən, həm də, türk ölkəsi olan İranı XX əsrin 20-ci illərinin ortalarınadək azərbaycanlı sülalələr idarə ediblər. Səttarxan və Bağırxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında müxtəlif dövrlərdə baş verən hərəkatlar, eyni zamanda, Azərbaycan xalqının zəngin tarixinin mühüm hadisələridir. İkinci dünya müharibəsi illərində sovet ordu hissələri tərkibində azərbaycanlıların Cənubi Azərbaycana getməsi, soydaşlarımızın arasında hərbi, siyasi, ideoloji və mədəni tədbirlər həyata keçirmələri Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Şimaldan gedənlərin cənubdakı fəaliyyətləri Vahid Azərbaycan uğrunda gərgin səylərin və sevginin nümunəsi idi. Müharibə illərində Cənubi Azərbaycanda fəaliyyət göstərən tanınmış ictimai-siyasi və ədəbiyyat xadimlərındən Ə.Əliyev, M.İbrahimov, S.Rüstəm, R.Rza və onlarla başqlarının geri dönərək uzun illər boyu yüksək dövlət və ictimai vəzifələrdə işləmələri Şimali Azərbaycanda cənub mövzusunun müxtəlif orqanlarda çalışanların şüurunda və fəaliyyətində müəyyən yer tutmasına təsir etmişdi. Eyni zamanda, müharibə dövründə xususi xidmət orqanlarının əməkdaşları kimi cənubda işləyən, məhdud dairədən kənarda tanınmayan bəzi gənclər də az sonra Azərbaycanda vəzifələr tutaraq müharibə illərində gördükləri işi artıq formalaşmış, yeni şəraitə uyğun olaraq həyata keçrilməyə çalışırdılar.

Hələ 20-ci illərdə tələbə ikən Cənubi Azərbaycanda olan Əziz Əliyev buranın tarixini, coğrafiyasını və əhalisinin vəziyyətini dərindən bilirdi. İkinci dünya mühanbəsinin gedişində Cənubi Azərbaycanda sovet ordu hissələri tərkibində siyasi təbliğatçılar qrupunun rəhbəri işləyən Ə.Əliyev, heç şübhəsiz, bu problemə azərbaycanlılar içərisində ən yaxşı və incəliyinə qədər bələd olan dövlət xadimi idi. Qeyd etmək lazımdır ki, kommunist və qeyri-kommunist olmasından asılı olmayaraq, bütün azərbaycanlıların qəlbində İran Azərbaycanını Şimali Azərbaycana birləşdirmək istəyi həmişə olub.

Artıq qeyd edildiyi kimi, müharibə illərində xüsusi xidmət orqanlarında işə başlayan Heydər Əliyev Cənubi Azərbaycanda fəaliyyət göstərərək, azərbaycanlıların siyasi və ictimai təşkilatlarının yaradılmasında, onlar arasında müstəqillik, birlik ideyalarının formalaşmasında, Şimali Azərbaycana birləşmə istəklərinin gücləndirilməsində mühüm rol oynamışdı. Heydər Əliyev Cənubi Azərbaycan problemini həm nəzəri-tarixi, həm də praktiki baxımdan dərindən bilirdi. Heydər Əliyev lap gənc yaşlarından cənubi azərbaycanlıların hüquqları, istiqlalı uğrunda mübarizə aparmış bir şəxs idi. O, Təbrizdə işlərkən cənublu gənclərin Pişəvəri hərəkatında iştirak etmələri, Azərbaycan Demokrat Partiyasına üzv olmaları yolunda fəal təbliğat aparmış və bu partiyada çalışmışdı.

Buna görə də, hakimiyyəti illərində Heydər Əliyevin Cənubi Azərbaycan məsələsinə münasibəti bir neçə istiqaməti əhatə edirdi: Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir, cıənub mövzusunun unutdurulmamasına çalışır, elmi araşdırmaların aparılmasını təşviq edir, ağır sovet rejimi şəraitində nəinki böyük ustalıqla bu işin öhdəsindən gəlir, eyni zamanda, həmin ideyanın yayılmasına kömək edir, alim, yazıçı və şairləri cənub mövzusunda yazmağa çağırır, Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar verir, onları mənzillə təmin edir, İrana və Cənubi Azərbaycan şəhərlərindəki kitabxanalara nəşrlər göndərilməsini artırırdı və s.

Dahi Öndər Heydər Əliyev hakimiyyətə gələn kimi, ilk növbədə, İrana Azərbaycan ədəbiyyatı göndərilməsi işi genişləndirildi. Qeyd etmək lazımdır ki, 70-ci illərin əvvəllərindən etibarən İranda Azərbaycan kitabına olan ehtiyac xeyli artmışdı. Ona görə də, "Azərkitab" İrana 5 min nüsxə kitab göndərmək barədə İran naşirləri ilə müqavilə imzaladı. Təbriz, Urmiya, Zəncan və b. şəhərlərdəki ali məktəb kitabxanalarına çoxlu Azərbaycan kitabı göndərildi. Bunların içərisində Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinə, digər elm sahələrinə dair kitablar üstünlük təşkil edirdi. Kitab göndərilməsi işində Azərbaycan kitabxanaları da fəal iştirak etməyə başlamışdılar. 1971-1973-cü illərdə Azərbaycan EA kitabxanası və M.F.Axundov adına kitabxana İrana 900-dən çox kitab və jurnal göndərilmişdi.

Ulu Öndər Heydər Əliyev belə hesab edirdi ki, SSRİ-nin İranla normal münasibətlərinin  qurulması, inkişaf etdirilməsi, rəsmi nümayəndə   heyətlərinin və ictimaiyyətin səfərləri cənubi azərbaycanlıların öz problemlərini başa düşmələririnə, həlli yolları barədə düşünmələrinə kömək edər.

Ümummilli Lider Heydər Əliyev dönəmində İrandan gələn bütün qonaqlara xüsusən azərbaycanlılarla böyük ehtiram göstərilirdi. Məsələn, Azərbaycan KP MK bürosunun 1970-ci il 4 dekabr tarixli iclasında İran şahının həyat yoldaşı Fərəh Pəhləvi və onun anası Fəridə Dibanin Azərbaycana səfəri haqqında məsələ müzakirə edildi. Müzakirə nəticəsində beş maddədən ibarət qərar qəbul edildi. Qərarda, eyni zamanda, deyilirdi ki, təsdiq edilmiş proqram qonaqların istəyinə uyğun olaraq dəyişdirilə bilər.

Dekabr ayının 9-11-də keçirilən səfərdə Fərəh xanımı və anasını 7 nəfər rəsmi, 5 nəfər şəxs isə qeyri-rəsmi şəkildə müşayiət edirdi. İranın SSRİ-dəki səfiri və həyat yoldaşına da böyük hörmət və ehtiram göstərirdi. Onlar Azərbaycan Dövlət Opera və Balet Teatrında, Bakı şəhərinin tarixi yerlərində, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan tarixi muzeyində, C.Qaryağdının emalatxanasında oldular. Səfər qonaqlarda Azərbaycan haqqında dolğun təsəvürün yaradılmasında mühüm rol oynadı.

1972-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin SSRİ-yə, həmin ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.V.Podqornının, 1973-cü ilin mart ayında isə SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıginin İrana səfərləri təkcə münasibətlərdə istiləşmə yaratmadı, eyni zamanda, ölkə haqqında geniş informasiyanın yayılmasına kömək etdi. Yenə həmin ilin avqust ayında İranın baş naziri Əmir Abbas Hüseyni SSRİ-də səfərdə oldu. İki ölkə arasında siyasi münasibətlərin inkişafı digər sahələrdə də əlaqələrə təsir edirdi.

Bu dövrdə sovet rəhbərliyi ümumi siyasi, strateji və hərbi məqsədləri naminə İranda yaşayan azərbaycanlılar barədə dəqiq informasiyalar alırdı. SSRİ-nin İrandakı səfirliyinin birinci katibi V.Baranov 1978-ci il 30 iyul tarixli "İranda azərbaycanhların vəziyyəti haqqında məsələyə dair (informasiya)" adlı iki nüsxədən ibarət olan məlumatında yazırdı ki, azərbaycanlılar İranın türkdilli xalqları arasında ən çoxsaylıdır və farslardan sonra ikinci yeri tuturlar. 1976-cı ildə əhalinin siyahıya alınmasına görə, azərbaycanlılar Şərqi Azərbaycanda 3,2 mln., Qərbi Azərbaycanda 1,4 mln, Zəncanda 0,6 mln. nəfər yaşayırdılar. Həmədan, Qəzvin və b. şəhərlərdə də azərbaycanlılar çox idi. Məlumatdan aydın olur ki, İranda yaşayan 33,6 mln. əhalinin 7 mln. nəfərini azərbaycanlılar təşkil edirdi. Bütün ölkə miqyasında əhalinin ümumi artımı 2,7% olsa da, bu, İran Azərbaycanında 3,1% təşkil edirdi. Məlumatda deyilirdi ki, yaxın illərdə azərbaycanlıların sayı 8 mln. nəfərə çatmalıdır. Azərbaycanlı əhalinin 65%-i kənd yerlərində yaşayır, əsasən maldarlıq, üzümçülük, əkinçilik və bağçılıqla məşğul olurdu. Şəhərlərdə yaşayan azərbaycanlıların 10%-ə qədəri dövlət qulluğunda və şirkətlərdə çalışırdı. Böyük bizneslə məşğul olan azərbaycanlılar da var idi. Təbrizdə çıxan bir neçə milyonçu ailə Tehran bazarına nəzarət edirdi. İranın sənaye-ticarət burjuaziyasını əsasən azərbaycanlılar təşkil edirdilər. İranın din xadimləri içərsində çoxlu azərbaycanlı var idi.

Cənub məsələsini incəliklərinə qədər dərindən bilən Heydər Əliyevin azərbaycanlıların belə vəziyyətinə sovet dövlətinin ümumi siyasəti çərçivəsində biganə qalması mümkün deyildi. Buna görə də, Heydər Əliyev Cənubi Azərbaycan məsələsində geniş fəaliyyətə başladı. Bu fəaliyyət möhtəşəm olub bir neçə istiqaməti əhatə edirdi. Cənubi Azərbaycan problemini, orada yaşayan xalqın vəziyyətini, düşüncələrini və istəklərini yaxşı bilən Heydər Əliyev Azərbaycan SSR-də yaşıyan cənublulara xüsusi diqqət yetirməyə başladı. Qeyd etmək lazımdır ki, 1969-cu il yanvarın 1-nə olan məxfi məlumata əsasən SSRİ-də 12 min 212 nəfər siyasi mühacir, 5 min 431 nəfər onlara bərabər tutulan şəxs yaşayırdı. Onların 16 min 749 nəfər övladı var idi ki, bunlarm da 15 min 538 nəfəri SSRİ-də doğulmuşdu. Bu mühacirlərin 5 min 109 nəfəri Azərbaycanda idi. 1970-ci il yanvarın 1-də Azərbaycanda 4670, 1971-ci il yanvarın 1-də 4614 nəfər, 1973-cü ildə 4617 siyasi mühacir yaşayırdı. Onlara hüqüqca bərabər olan adamların sayı 1836 nəfər idi. Həmin ildə siyasi mühacirlər üçün 142.500 rubl daimi yardım ayrıldı. Siyasi mühacirlər İrandakı qohumlarına 12480 rubl pul baratı göndərmişdilər. 1974-cü ildə isə bu məbləğ 13960 rubl təşkil etmişdi. MK-nın göstərişi ilə Azərbaycanda olan cənublu mühacirlərə əlavə olaraq maddi yardımlar göstərildi.

Ümummilli Lider Heydər Əliyevin tapşırığına uyğun olaraq mühacirlərin mənzil problemlərinin həlli sahəsində ciddi addımlar atılırdı. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il iyul ayının 28-də qəbul etdiyi 184/ 9 N-li qərara uyğun olaraq, ehtiyacı olan mühacirlərin mənzillə təmin edilməsinə başlanıldı. 1973-cü ildə Bakıda 76, Sumqayıtda 15, Gəncədə 15, Şəkidə 5, Əli Bayramlıda 5 mühacir ailəsinə mənzil verildi.

1974-cü ilin üçüncü kvartalında cənublu siyasi mühacirlərə 115. 469 rubl daimi, 39. 368 70 rubl məbləğində müvəqqəti yardım edildi.

Ulu Öndər Heydər Əliyev cənublulara göstərdiyi qayğı və respublikada qazanılan uğurlar onlar tərəfindən rəğbətlə qarşılanırdı. Azərbaycan Demokrat Partiyası MK-nın sədri Q.Y.Danişyan Heydər Əliyevə ünvanladığı 1974-cü il oktyabr ayının 3-də 109 N-li məktubunda yazırdı ki, partiya adından qan qardaşlarımızın əldə etdikləri yüksək nailiyyətlər münasibətilə Sizi təbrik edirik. Bu nailiyyətlər bizi İranın imperializm və irtica əsarətindən azad olmaq uğrunda mübarizəyə ruhlandırır.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 2 aprel.- S.14