Azərbaycan-Fransa mədəni inteqrasiyası: ADR II Dünya müharibəsi illərində

 

Burada bir faktı qeyd etmək vacibdir ki, tarixi Versal konfransının getdiyi bir vaxtda Rusiya XI Qırmızı Ordusu tərəfindən Azərbaycanın zəbt olunması AXC-nin süquta uğraması ilə nəticələndi ki, bu da həmin konfransda iştirak edən bir neçə azərbaycanlının - Ə.M.Topçubaşov, M.Məhərrəmov, Ə.A.Şeyxülislamov və C.Hacıbəylinin Fransada mühacir kimi qalması ilə nəticələndi. Azərbaycanın sosial-siyasi həyatında baş verən bu mühüm hadisə Azərbaycan mühacirətinin güclənməsinə mühüm təkan verdi. Qeyd etmək lazımdır ki, mühacirlərin çox hissəsinin Fransaya üz tutması da artıq Azərbaycan-Fransa mədəni təhsil əlaqələri sahəsində əldə edilmiş real faktlarla bağlı idi. Fransada mühacirətdə olan azərbaycanlılar mədəni əlaqələrin inkişaf etməsinə ciddi təşəbbüskarlıqla yanaşaraq, ölkədə Azərbaycan mədəniyyətini tanıtmağa səy göstərirdilər.

"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir: "Diqqətəlayiq hadisə kimi 1925-ci ildə Parisdə fransız dilində "Arşın mal alan" komediyasının tamaşaya qoyulması faktını misal göstərmək olar. Komediyanı fransız dilinə Ceyhun Hacıbəyli tərcümə etmişdi. Parisdə "Azərbaycan" adlı jurnalın nəşr edilməsi də mühüm mədəni hadisələrdən idi. Jurnal "Müsavat" partiyasının nəşri kimi 1926-cı ilin oktyabrından nəşrə başlamışdı".

Digər tamaşanı Parisdə təhsil alan azərbaycanlı tələbələr hazırlamışlar. Tələbələrin səyi nəticəsində 1925-ci ilin 4 iyununda şəhərin Femia Teatrı səhnəsində yenə də Ü.Hacıbəyovun "Arşın mal alan" operettası fransızca oynanılmışdı.

Azərbaycan mühacirəti Fransada kifayət qədər mədəni fəaliyyət göstərirdi. Bu mədəni fəaliyyətin əsas məqsədini, məhz Azərbaycan-Fransa mədəni ünsiyyətinin təşkili, hər iki xalqın bir-birini yaxından tanıması, mədəniyyətlərdəki ən bəşəri cəhətlərin inteqrasiyası prioritetlər təşkil edirdi. Bu sahədə C.Hacıbəyli, Ə.M.Topçubaşov və digərləri xüsusi təşəbbüskarlıq və fəallıqları ilə fərqlənirdilər. Bu vətən fədailərinin Azərbaycan-Fransa mədəni əlaqələrinin durmadan zənginləşməsi, inkişaf etdirilməsi yolundakı çalışmaları hərtərəfli və çoxcəhətli məzmun kəsb edirdi. Onlar bir tərəfdən, Azərbaycanın müasir sosial-siyasi durumu, mədəni həyatı haqqında informasiyaların yayılması məqsədilə publisitik fəaliyyət göstərərək qəzet, bülleten, jurnal nəşr etdirir, digər tərəfdən hər iki xalqın - azərbaycanlı və fransızların incəsənət və mədəniyyətlərinin təbliği məqsədilə, tamaşalar səhnələşdirir, konsertlər və s. təşkil edir, ədəbi yaradıcılıqla məşğul olurdular".

Ədəbi əlaqələrin formalaşmasında Ümmül Banunun (1905 - 1992) xidmətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ticarət naziri Mirzə Əsədullayevin qızı (metsenat Şəmsi Əsədullayevin nəvəsi) olan Ümmül Banu hələ 19 yaşında ikən (1924-cü ildə) Fransaya getmişdi. Parisdə İren xanım kimi tanınan Ümmul Banu rus yazıçıları Dostoyevski, İvan Bunin yaradıcılıqları üzrə mütəxəssis kimi tanınırdı. Ümmül Banunun Fransanın görkəmli yazıçıları, elm xadimləri ilə - Andre Malro, Anri Monterlen, Jan Pol Sartr, Lui Araqon ilə mədəni əməkdaşlığı Azərbaycan-Fransa mədəni əlaqələri sistemində çox mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Fransızca yazan müəllif xalqı, doğma mədəniyyəti haqqında avropalıları məlumatlandırırdı. Onun "Qafqaz günləri", "Yad Fransa", "Paris günləri" əsərləri fransızlara çox yaxşı məlumdur.

Faktlardan məlum olduğu kimi, XX əsrin əvvəllərində Azərbaycan - Fransa mədəni əlaqələrinin dinamik prosesində Azərbaycan mühacirətinin özünəməxsus rolu olmuşdu. Onu da qeyd etmək lazımdır ki, Azarbaycan-Fransa mədəni əlaqələri mühacirətin siyasi akt kimi baş verməsinə səbəbkar olan sovet hakimiyyəti dövrünün hələ ilk çağlarından mövcud olmuşdu. Lakin sovet hakimiyyət maşınının, xüsusilə, Avropanın kapitalist ölkələri və dövlətləri ilə məhdud çərçivə siyasəti əsasında mədəni əlaqələri Fransa ilə əməkdaşlıqda da özünü bariz şəkildə göstərirdi. Sovet hakimiyyətinin ilk çağlarında Azərbaycan - Fransa mədəni əlaqələri sahəsində yazıçılarla görüş, mübadilə formalarına daha çox üstünlük verilirdi. Bu da sovet dövlətinin ideologiyasının təbliğinin gücləndirilməsi aspektindən aktuallıq kəsb edirdi. Məşhur fransız yazıçısı Anri Barbüsün (1873 - 1935) 1927-ci ildə Azərbaycana gəlişi Azərbaycan-Fransa mədəni əlaqələrinin yeni kontekstindən inkişafında mühüm rol oynadı. Bakı haqqında təəssüratlarını görkəmli yazıçı özünün "Neft ölkəsində" adlı məqaləsində aşağıdakı tərzdə ifadə edir. "Əgər məndən sovet hakimiyyətinin həyata keçirtdiyi, yaratdığı ən təəccüblü, heyranedici işləri haqda soruşsalar, onda mən belə cavab verərdim: Bakıya baxın!". Bu fikri böyük ədəbiyyat xadimi Azərbaycan və onun xalqına, mədəniyyətinə olan ehtiram hissilə qeyd etmişdi.

Barbüsün həmkarı, digər görkəmli yazıçı, Fransanın ictimai xadimi Andre Malro Fransanın mədəniyyət işləri üzrə dövlət naziri kimi Azərbaycan - Fransa arasında mədəni əməkdaşlığın hökumət və dövlətlərarası səviyyədə inkişafında mühüm addımlar atmışdı. Andre Malro da Azərbaycan, onun paytaxtı Bakının durmadan inkişaf edərək çiçəklənməsini böyük sevinclə bildirirdi: "Mən hələ Bakını böyük neftin kiçik bir şəhəri kimi tanıyırdım. İndi neft sənayesi respublika paytaxtının sənaye potensialının bir hissəsini təşkil edir. Burada gedən tikinti işləri öz surəti ilə insanı heyran qoyur!" Bakıda səfərdə olarkən şəhəri faytonla gəzən A.Malro onun gözəlləşdiyinin şahidi olmuşdu.

Azərbaycan - Fransa mədəni əlaqələrinin səfər, ezamiyyət kimi formalarla həyata keçirilməsində "Fransa - SSRİ" assosiasiyasının təşəbbüskarlığı mühüm rol oynayırdı. Fransadan Azərbaycana gəlmiş qonaqlar hər iki ölkə arasında mədəni və elmi əlaqələrin inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə kömək edirdi.

Sovet hakimiyyətinin ilk dövrlərində Azərbaycan-Fransa mədəni əlaqələrinin yeni istiqamətlər üzrə formalaşmasında müxtəlif teatrların səhnəsində fransız əsərlərinin tamaşaya qoyulması. Fransız bəstəkarların musiqi nümunələrinin azərbaycanlılar tərəfindən ifa edilməsinə başlıca önəm verildi. Fransız dramaturqlarından Molyer, Balzak, Hüqonun əsərləri Azərbaycan Dram Teatrında, Bizenin "Karmen", Delibanın "Lakme" operaları isə Azərbaycan OperaBalet Teatrında səhnələşdirilərək azərbaycanlı sənətkarlar tərəfindən ifa edilmişdir. Debüssi, Ravel kimi görkəmli fransız bəstəkarlarının musiqi əsərləri isə instrumental ifaçılar, Azərbaycan Dövlət Simfonik orkestri tərəfindən dəfələrlə ifa edilib.

Sovet hakimiyyəti tarixinin mühüm dövrünü təşkil edən Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər) Azərbaycan- Fransa mədəni əlaqələrinin inkişafı prosesində nisbi sakitlik yaransa da, bu sahədə fəaliyyət, həmişə olduğu kimi, öz axarında davam edirdi. Belə ki, Azərbaycanda baş verən hadisələr mühacirət tərəfindən istər özlərinin nəşr etdirdikləri qəzet və jurnallarda, istərsə də Fransa hökumətinin mətbuat orqanlarında işıqlandırılırdı.

Sovet, eləcə də Azərbaycan hökumətinin əsas diqqətinin ön cəbhəyə yönəldiyi halda, Azərbaycan-Fransa mədəni əlaqələrinin arxa plana keçməsi zəruri bir hal kimi qiymətləndirilirdi. Lakin bütün bunlarla yanaşı, mədəni əlaqələrin inkişafının gələcəkdə sürətləndirilməsinə təkan verən digər mühüm məsələlərdən biri faşizmə qarşı birgə mübarizə istiqamətində azərbaycanlılarla fransız döyüşçülərinin birliyi nümunəsi idi. Bu birlik Azərbaycan legionunun bəzi batalyonlarının Fransaya göndərilmiş əsgərləri ilə fransız əsgərləri arasındakı münasibət idi. Bu əlaqələr mədəni məzmun daşımasa da, hər halda Azərbaycan-Fransa xalqı arasında səmimiyyətin güclənməsi, dostluq, bir-birini anlama kimi mənəvi münasibətləri məqsəd uğrunda əqidə birliyinin yaranmasında çox böyük, bəşəri bir hadisə idi. Xüsusilə, azərbaycanlı əsgərlərdən Əhmədiyyə Cəbrayılov, Mirzəxan Məmmədov, Hüseyn Rza Məmmədov və bunlardan başqa 30-a yaxın həmyerlimizlə fransız əsgərləri arasındakı səmimi hərbi işgüzar münasibətlər sonrakı tarixi dövrlərdə, yəni II Dünya müharibəsindən sonra hər iki ölkənin siyasi, iqtisadi, eləcə də mədəni əlaqələrinin davam etdirilməsinə çox böyük təsir göstərdi. Bu azərbaycanlı qəhrəmanların arasından Əhmədiyyə Cəbrayılovun adını xüsusi vurğulamaq lazımdır. O, üç il ərzində Fransa müqavimət hərəkatı döyüşçüləri ilə alman faşistlərinə qarşı döyüşmüşdür. O, Fransanın 5 ordenüç medalı ilə təltif edilmişdir. Ə.Cəbrayılovun qəhrəmanlığını Fransa dövləti yüksək qiymətləndirərək ona Fransanın Milli Qəhrəmanı kimi çox yüksək fəxri ad vermişdir.

1943-1945-ci illərdə Fransa Milli Azadlıq Komitəsinin və Fransa Müvəqqəti Hökumətinin sədri olmuş briqada generalı Şarl de Qoll (1899-1970) Fransa xalqının alman faşizminə qarşı apardığı müqavimət hərəkatına fəal rəhbərlik edərkən həmyerlimiz Əhmədiyyə Cəbrayılovun bu hərəkatda fəal iştirakının şahidi olmuşdu. O, Fransa dövlətinin prezidenti olduğu dövrdə şəxsən Ə.Cəbrayılovla Moskvada görüşmüşdü.

II Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə fəallıq göstərmiş azərbaycanlılardan biri də alayın bölmə komandiri Xələf Hacıyevdir ki, o da göstərdiyi igidliklərə görə Fransanın dörd ordeni ilə təltif edilmişdi. Faktlardan göründüyü kimi, münasibətlərin bu zəmində davam etdirilməsinin özü diqqətəlayiq hadisələrdəndir.

Azərbaycan - Fransa mədəni əlaqələrinin yeni təkan götürməsində II Dünya müharibəsindən sonrakı tarixi dövrün çox böyük rolu olmuşdu. Artıq bu münasibətlərin daha səmimi ruhda davam etdirilməsi üçün mənəvi əsas var idi. Hər iki ölkə arasında mədəni əlaqələrin nizamlanması mexanizmi sovet dövlət maşınının istəyi əsasında yerinə yetirilsə də, artıq bu sahədə məqsədyönlü əməkdaşlığa diqqət yetirildi. Bu əməkdaşlıq mədəniyyətin bütün sahələrini - incəsənət, elm, ədəbiyyat və s.-ni əhatə edirdi. Hələ II Dünya müharibəsindən sonrakı ilk illərdə Fransada Azərbaycan, onun qədim mədəniyyətinin öyrənilməsinə maraq gücləndi. Elə bu illər Fransanın "Vedi Kartlisa" adlı jurnalında Azərbaycan ensiklopediyasının nəşri haqqında məlumat verilmişdi. Eyni maraq Azərbaycanda da mövcud idi. Fransız ədiblərinin dünya şöhrətli əsərlərinə Azərbaycanda, xüsusilə, tələbat var idi. Bu sahədə ədəbi tərcüməçiliyin rolunu xüsusi vurğulamaq lazımdır. Görkəmli yazıçılardan Viktor Hüqo, Jül Vern, Gi de MopassanAleksandr Dümanın əsərləri, Azərbaycan yazıçıları, eləcə də oxucu kütləsi arasında çox populyar idi. Avropanın kapitalist ölkələrilə mədəni əlaqələr qurmasına, xüsusilə, ehtiyatla yanaşan sovet hökuməti ədəbiyyatdan, onun rəngarəng formalarından öz ideologiyasının təbliği vasitəsi kimi istifadəyə başlıca yer verirdi. Ona görə də məhz müharibədən sonrakı bu tarixi şəraitdə Azərbaycan-Fransa mədəni əlaqələrində yazıçıların ölkələrarası qarşılıqlı ezamiyyətləri, görüşləri mühüm yer tutur, tərcüməçilik inkişaf etdirilmişdi.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 24 avqust.- S.15.