Azərbaycan teatr sənətinin böyük ustadı

 

Sidqi Ruhulla Azərbaycanın müqtədir səhnə ustalarından biridir. O, yaradıcılığının ilk günlərindən aydın bir məqsəd yolçusu, mütərəqqi siyasi görüşə malik olan həqiqi səhnə xadimi olmuşdur. H.Ərəblinski, M.Əliyev, C.Zeynalov, Ə.Vəliyev və H.Sarabski kimi S.Ruhulla da vətənpərvər, tərəqqipərvər, demokrat ziyalılar nəslinə mənsubdur. S.Ruhullanı da qabaqcıl fikirli müasirləri kimi xalqımızın yeni azad həyat uğrunda irtica ilə apardığı mübarizə şəraiti yetirmişdir. Sidqini səhnəyə gətirən, hər şeydən əvvəl yeni həyat həsrəti, azadlıq arzusu olmuşdur.

S.Ruhulla Ərəblinski məktəbinə mənsub aktyordur. Ustadı kimi, onun da səhnə fəaliyyəti hər cür köhnəliyə, irticaya qarşı çevrilmişdir.

1906-1907-ci illlərdə mürtəce qüvvələr M.F.Axundov, H.B.Vəzirov və Ə.Haqverdiyev kimi xalqın məhəbbətini qazanmış Azərbaycan dramaturqlarının əsərlərini primitiv əsərlər adlandırıb, onların səhnədən yığışdırılmasına və əvəzində yeni Qərb mühərrirlərinin əsərlərinin oynanmasını tələb edəndə, Sidqi öz həmməsləkləri ilə birgə coşqun vətənpərvərliklə Axundovun, Vəzirovun, Haqverdiyevin əsərlərində çıxış edirdi. Bəzi mətbu orqanların antipatriotik sayıqlamalarına cavab olaraq, S.Ruhulla 1906-10-cu illərdə «Musibəti-Fəxrəddin»də Rüstəm bəy, «Dağılan tifaq»da Nəcəf bəy, «Qaçaqlar»da Frans surətlərini yaradır. Müasirləri söyləyirlər ki, Sidqinin bu rolları geniş tamaşaçı kütləsi və qabaqcıl sənət adamları tərəfindən böyük məhəbbət və heyranlıqla qarşılanırdı. Ancaq Sidqinin hər bir roluna «əsil-nəcabəti olan təbəqələrə endirilmiş ağır bir zərbə» kimi baxırdılar. Xüsusən Nəcəf bəy və Rüstəm bəy rolları ilə deyildiyinə görə, Sidqi Bakının «əyan və əşrəflərini» çox qorxuya salarmış. Sidqini hər gecə oyundan sonra təqib edər, incidərdilər. Bu, çox aydın bir məfkurə mübarizəsi idi.

1906-cı ildə Sidqi ilk dəfə Azərbaycan səhnəsində böyük faciə aktyoru Ərəblinskini Axundovun «Lənkəran xanının vəziri» komediyasında Teymur ağa rolunda gördü. Bu andan etibarən Sidqinin gələcək taleyi həll olundu. Sidqi çoxdan axtardığı fəaliyyətini tapmış oldu. Hələ kənddə - Buzovnada yaşadığı illərdə tez-tez şəbehlərdə iştirak etdiyi üçün onu artist adlandırmışdılar. Həqiqi teatrı görəndən sonra bu həvəs daha da qüvvətləndi. Ərəblinski ilə dost oldu. Səhnəyə olan həvəsini ona bildirdi. Faciə rollarının mahir ifaçısı H. Ərəbliniski Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük bir gələcəyi olan aktyoru əvvəlcədən görə bildi. Sidqini səhnəyə cəlb etdi. Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Atasından qalma yeganə mülkü satıb Ərəblinski ilə birlikdə bir neçə ay Yerevan, Naxçıvan, Batumi və Vladiqafqazı gəzib, tamaşalar verdi.

Onu da qeyd etmək lazımdır ki, özbək qızlarının ilk dəfə səhnəyə cəlb olunmasına S.Ruhullanın qastrolları da təkan vermişdi. S.Ruhulla ölkəmizin müxtəlif rayonlarında onlarca belə gənc səhnə ustalarının yetişməsinə kömək etmişdir. O zamankı mətbuat S.Ruhullanın qastrollarından aramsız yazılarla çıxış etmişdir. Bu şöhrət təkcə Sidqinin yox, Azərbaycan səhnəsinin şöhrəti idi. Sidqinin inqilabdan əvvəlki həyatı daima nəzarət altında yaşayan bir mücahid həyatına bənzəmişdir. Sənətkar ömrünün bir gününü belə inqilabdan əvvəl azad, sərbəst yaşaya bilməmiş, hər bir oyundan sonra polis idarəsinə çağırılmış, istintaq edilmiş, hədələnmişdir.

 Sidqi Fərhad rolunda birinci dəfə çıxış etdiyi zaman Ərəblinskini tamam heyrətə salmışdı. Sidqinin zəngin daxili aləmini, onun azadlıq üçün çırpınan qəlbini mövcud quruluşa qarşı kəskin nifrətini görə bilmişdi.

Buna görədir ki, ustad öz istedadlı şagirdini Fərhad rolunda təbrik edərkən demişdir: «Sidqi, mən sənə öz ampluamı verdiyimə görə çox şadam». Sidqi mürtəcelərin təbiətini çox gözəl bilirdi.

1912-ci ildə Sidqi Bakıda bir gecədə, eyni bir tamaşada Rüstəm bəy və Fəxrəddin rolunda çıxış etmiş, hər ikisini yüksək səviyyədə oynamışdır.

Sidqinin ən böyük rollarından, heç şübhəsiz, S.Vurğunun «Vaqif» dramında yaratdığı Qacar surətidir. Bu da təsadüfi deyildir. Sidqi Qacar rolunda və ümumiyyətlə İranın müstəbid şahlarının surətini yaratmaqda 36 illik təcrübəyə malik idi. Qacar rolunda ilk dəfə Haqverdiyevin 1912-ci ildə «Ağa Məhəmməd şah Qacar» əsərində çıxış etmişdi. 1920-ci ilə qədər, demək olar ki, hər il bu rolu oynamışdı. İkinci dəfə Sidqi 1922-ci ildə «Molla Pənah Vaqif» adlı başqa bir dramda yenə Qacar rolunda oynamışdır. Nəhayət, 1938-ci ildə S.Vurğunun «Vaqif» dramında Qacar rolunu tamamilə təzə bir sənətkarlıq, yeni bir ilhamla yaratmışdır.

S.Ruhulla 44 il fasilə vermədən səhnədə olub.

 

  

Zümrüd

 

Səs.- 2013.-29 mart.- S.12.