Azərbaycanın mədəni-mənəvi inteqrasiyası tarixindən: IX-XIII əsrlər

 

 

IX yüzilliyin ortalarında Xilafətə qarşı azadlıq hərəkatının qanunauyğun nəticəsi kimi Azərbaycanda yeni siyasi oyanış Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər sülalələrinin idarə etdikləri yerli dövlətlərin meydana gəlməsilə nəticələndi. Azərbaycanın həyatındakı bu siyasi oyanış mədəniyyətin intibahına təkan verdi ki, bu prosesdə də beynəlxalq mədəni əlaqələrin özünəməxsus yeri və əhəmiyyəti vardır. Bunu zəruri edən əsas məqamlardan biri Azərbaycanın bütün Qafqazda türk-islam dünyasının aparıcı qüvvəsinə çevrilməsi faktı oldu.

Bu faktın özü Qafqazda həlledici amil olmaqla Azərbaycanın türk-islam dünyası ilə, eləcə də, digər xarici ölkələrlə beynəlxalq əlaqələrinin daha da güclənməsinə əlverişli şərait yaratdı. Dünyanın görkəmli səyyahlarının, xüsusilə də, ərəb coğrafiyaşünaslarından İbn Xordadbeh, əl-Yəqubi, İbn əl-Fəqih, Qudama ibn Cəfər və digərlərinin Azərbaycana etdikləri səyahət nəticəsində əldə etdikləri yüksək təəssüratlar çox maraqlıdır. Bu səyyahların məlumatlarından bəlli olur ki, Azərbaycan beynəlxalq aləmlə istər iqtisadi-siyasi, istərsə də mədəni əlaqələr yaratmaq üçün çox geniş imkanlara malikdir. Belə imkanların ən mühümü Azərbaycanın Şimalla Cənubu, Şərqlə Qərbi əlaqələndirən beynəlxalq karvan yollarının qovşağında yerləşməsi faktı idi. Sasanilər və Xilafət dövründə bu əlaqələrin daha da genişlənməsi.

Türk-islam xalqları ilə mədəni inteqrasiya tərəqqi edən Azərbaycan mədəniyyətinin dünya mədəniyyətindən bəhrələnməsi prosesinə əhəmiyyətli təsirini göstərdi. "XI-XII əsrlərdə Azərbaycan xalqı dünya mədəniyyət xəzinəsinə öz əsərləri ilə, elmin sonrakı inkişafında görkəmli rol oynamış bir sıra parlaq alim-ədəbiyyatçı, filosof, hüquqşünas, tarixçi, riyaziyyatçı, astronom, coğrafiyaçı vermişdir."

IX-XII əsrlərdə bütün Şərqdə, eləcə də, Avropada məşhur olan bir çox böyük mütəfəkkirlər əl-Biruni, İbn-Sina, əl-Fərabi, Rudəki, Firdovsi, Təbəri, Bələzuri, Müqəddəsi, Məsudi, əl-Bəlxi, əl- İstəxri, Xorəzmi, ibn Hagvəl, Bəttani, Əbül-Vəfa, əl-Kinli, İbn Rəşid və digərləri artıq Azərbaycanda çox yaxşı tanınırdılar. Onların əksəriyyəti Azərbaycanın elmi-ədəbi mühiti ilə birbaşa qarşılıqlı münasibətdə idi. Görkəmli şəxsiyyətlərin-elm və ədəbiyyat xadimlərinin timsalında o dövrdə Azərbaycanda beynəlxalq mədəni əlaqələr özünəməxsus şəkildə inkişaf edərək mədəni mübadilənin əsas subyektinə çevrilirdi. Azərbaycanlı alimlərin əksəriyyəti dünyanın ən məşhur zəka sahibləri, filosofların tələbələri kimi yetişir. İbn-Sinanın tələbəsi olmuş görkəmli Azərbaycan filosofu Bəhmənyar ibn Mərzbanın əsərləri sonralar bir çox Şərq və Qərb ölkələri xalqlarının dillərinə tərcümə olunaraq dünya fəlsəfi fikrinin inkişafına əhəmiyyətli şəkildə təsir göstərmişdi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, orta çağlarda Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafında xidməti olan görkəmli sənətkarlardan biri də Xətib Təbrizi (1030-1109) idi. Təbrizli alim Əbu Zəkəriyyə Yəhya ibn Əlinin (Xətib Təbrizli) Azərbaycan mədəniyyətindəki rolunun ən böyük göstəricilərindən biri dövrünün Əbulla Məərri, Xətib Bağdadi, Əbül Fəth Razi, Əbu Təyyib Təbəri, Əbülqasim Tənnuxi kimi məşhur dünyəvi alimlərdən dərs alması idi. Elmin dəlicəsinə vurğunu olan bu görkəmli xadim Şərq xalqlarının mədəniyyəti tarixinə dair ədəbiyyatla tanış olaraq, dilçiliklə bağlı bir çox əsərlərini səyahət etməklə yaradır, öz doğma dilini hər şeydən əziz tuturdu. Xalqların etnoqrafiya və incəsənətini mənimsəyən bu elm fədaisinin həyati ilə bağlı bir məqam diqqəti çəkir. Suriyanın Məəreyi-ən-Niman məscidində müəllimi Əbülüla Məərridən dərs alarkən Təbrizdən qonşusu gəlir. Xətib Təbrizi müəllimindən icazə alıb, qonşusu ilə Azərbaycan dilində hal-əhval tutur, söhbətə başlayır. Ərəb və fars dillərinin bilicisi olan Əbülüla əl-Məərri şagirdinə müraciət edərək: "Bu hansı dildir?" deyə soruşmuşdur. Cavabında Xətib Təbrizi  "Bu, Azərbaycan əhalisinin dilidir" - deyə cavab vermişdi. Müəllimi Əbülüla şagirdinə bildirmişdi ki, mən bu dili bilmirəm və başa düşmürəm, lakin sizin danışdıqlarınızı əzbərlədim. Bununla bağlı Xətib Təbrizinin həyatından digər bir misal da həyəcan doğurur: XIII əsrdə yaşamış Yaqut adlı bir tədqiqatçının məlumatına görə, Təbrizi adını yuxarıda qeyd etdiyimiz suriyalı Əbu-d-Əla əl- Məərinin "Kitab ət-Təhzib fı-l-lüğə" ("Dildə düzəliş kitabı") adlı kitabını torbaya qoyub, çiyninə ataraq Təbrizdən əl-Məərə şəhərinə aparır. Miniyə pulu olmayan Təbrizi piyada gedərkən kürəklərindən axan tər kitabları isladır. Hazırda bu nüsxə Bağdad kitabxanalırının birində saxlanılmaqdadır. Emosional təsir bağışlayan bu tarixi məlumatın özü Azərbaycan alimlərinin dünya elminə, mədəniyyətinə marağını nümayiş etdirirbunun əsasında biz mədəni inteqrasiyanın ayrı-ayrı şəxsiyyətlərin çiynində həyata keçirildiyinin bir daha şahidi oluruq. Belə şəxsiyyətlərdən orta çağlarda yaşayıb-yaratmış Əbülfəzl Hübeyş ət-Tiflisi, Şəmsəddin "Əbülabbas Əhməd ibn Xəlil Xüveyyin adlarını çəkmək olar. Hər iki alim Yaxın və Orta Şərq ölkələrində tanınmışdı. Əbülfəzl Hübeş ət-Tiflisi ərəb-fars izahlı lüğətlərinin tərtibi ilə bütün Şərq mədəniyyətinə maraqlı töhfə bəxş etmişdir.

"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd olunur ki, Şəmsəddin Əbülabbas Əhməd ibn Xəlil əl Xüveyyi (1187-1240) beynəlxalq Şərq aləmində dilçi, ədəbiyyatçı, fəqih, filosof, təbib kimi məşhur idi. Elmini artırmaq üçün səyahətlərinin birində alimi Sultan İsa ibn Əbu Bəkr ibn Əyyubu Dəməşqə dəvət edir. O, buradakı "Adiliyyə" mədrəsəsində müəllimlik edir. Alimin "Fən ən- nəhb" ("Sintaksis kitabı"), "Kitab yəttəmilu alə Rümüz əl- Hakimiyyə" ("Fəlsəfi rəmzləri əhatə edən kitab") adlı əsərləri də bu ölkələrdə tanınırdı.

Tarixi faktlardan göründüyü kimi, IX - XII əsrlərdə yaşayıb- yaratmış Azərbaycan alimlərinin, elm fədailərinin dünya elminə, xüsusilə, Şərq mədəniyyəti və elminə marağı çox güclü olduğundan bu ölkələrlə əməkdaşlıq və mədəni münasibətlərə başlıca yer verilir və bütünlükdə, Şərq sivilizasiyasının zənginləşməsinə təsir göstərirdilər.

Eyni inkişaf dinamikasını orta çağların ədəbiyyatına da aid etmək olar. IX-XII əsrlərdə Azərbaycan ədəbiyyatındakı güclü oyanışa təkan verən çiçəklənmənin əks-sədası bütün türk-islam aləmindən, eləcə də, dünyanın ən qabaqcıl ölkələri ilə bağlı idi. İki istiqamətdə - şifahi xalq yaradıcılığı və peşəkar klassik şairlərin yaratdığı ədəbi nümunələr dünya mədəniyyətinə inteqrasiyanın aparıcı vasitəsinə çevrilirdi. Belə ki, bu dövrdə şifahi xalq ədəbiyyatının ən monumental abidəsi olan "Kitabi- Dədə Qorqud" dastanı el aşıqları - ozanlar tərəfindən qonşu türk ölkələrinə yayıldı və ozanlar qarış-qarış gəzərək türk dünyası arasında əlaqələrin, münasibətlərin mənəvi aləminə çevrildlər. Elə bu hadisənin özü mənşəyi bir olan millətlərin bir-birinə qovuşmasında mühüm hadisələrdən oldu.

Haqqında söhbot gedən bu tarixi dövrdə Azərbaycanda yazılı ədəbiyyat sahəsində yetişən görkəmli şairlər istər öz vaxtında, istərsə də tarixin sonrakı çağlarında nəinki ümummüsəlman Şərq, bütövlükdə, dünya ədəbi sənətinin zirvəsində durmuşdular. Qeyd etmək lazımdır ki, bu dövrdə ədəbi nümunələr ərəb və fars dillərində yazılmağa başlayır. Tarixçi-alim Y.Mahmudov bu məqamı beynəlxalq mədəni kontekstində obyektiv şəkildə şərh edərək yazır: "Azərbaycan xilafət imperiyasının tərkibindən çıxdıqdan sonra ərəb dilində yaradılan yazılı ədəbiyyat tədriclə zəifləyir, fars dilində yazılan ədəbi nümunələr isə artmağa başlayırdı. Bu, bir tərəfdən, ərəb və fars dillərinə üstünlük verən Azərbaycan hökmdarlarının sifarişləri ilə, digər tərəfdən görkəmli Azərbaycan ədiblərinin ərəb və fars dillərinin dövlət dili olduğu Şərq ölkələrinin geniş ədəbi mühiti ilə sıx əlaqələr saxlamaq mənafeyindən irəli gəlirdi".

Bu zaman fəaliyyət göstərən İsfahan poetik məktəbi Azərbaycan poetik məktəbi ilə sıx əlaqədə idibirincinin nümayəndələrinin çoxu özlərini Azərbaycan məktəbinin kiçik qardaşları hesab edirdi. Əvvəlki dövrlərdə olduğu kimi, azərbaycanlıların əksəriyyəti Yaxın və Orta Şərqin mədəni mərkəzləri kimi tanınmış Bağdad, Qahirə, İsgəndəriyyə, Buxara, Səmərqənd, Nişapur və digər şəhərlərdə təhsil alaraq fəaliyyət göstərirdilər. Tarixi mənbələrdən məlum olur ki, dövrün tanınmış şairləri, ədəbi nümayəndələri arasında təşkil olunan toplantılar mədəni əlaqələrin inkişafında mühüm hadisələrdən idi.

Mənbələr göstərir ki, Təbriz, Şamaxı, Gəncə, Beyləqan və digər şəhərlərdə Şirvanşahlar, Şəddadi və Səlcuq əmirlərinin saraylarında ərəb dilində şeir yazan yerli və dəvət almış şairlərin sənət yarışmaları təşkil olunurdu. Belə tarixi nümunələrdən biri kimi XI əsrin sonunda Şirvanşah I Fəriburzün sarayında ona ərəb dilində mədhlər yazan şairlərdən ərəb şairi əl-Bəzzinin Azərbaycan və Arranda şeir məclisləri keçirməsi və s. faktlarını göstərmək olar.

Eyni yarışmalar farsca yazan şairlər arasında da təşkil olunurdu. İranın, Orta Asiyanın bir sıra farsdilli şairləri şeir meydanında yarışmaq üçün Azərbaycana gəlir, çox vaxt isə buranın mədəni mərkəzlərində qalıb ədəbi yaradıcılıqla məşğul olurdular. Belələrindən "Sultan əl-Fudala" ("Fazillah sultanı") adlanan Əsrəddin Əbu-1- Fall Məhəmməd ibn Tahir əl-Əxsikəti, "Məlik əl-Kəlam" ("Söz hökmdarı") ləqəbli Zahirəddin Tahir ibn Məhəmməd əl-Fəryabi Orta Asiyadan gəlmiş, Atabəylərin sarayında yaşayaraq yerli şairlərlə ədəbi mübadilə etmiş, xüsusilə, Xaqani yaradıcılığını mənimsəmişlər. Burada akademik Ziya Bünyadovun fikrinə diqqət yetirmək lazımdır: "Qeyd etmək lazımdır ki, Azərbaycan Atabəyləri (xüsusilə, Cahan Pəhləvan və Qızıl Arslan) şairlərə, memar, mühəndis və inşaatçılara, həkim və elm nümayəndələrinə hamilik edirdilər. Təsadüfi deyildir ki, məşhur şairlərin demək olar ki, hamısı Azərbaycan Atabəylərinin sarayında fəaliyyət göstərirdi. Onların bəziləri Orta Asiyadan gəlir... Atabəylərə pənah gətirir. Atabəylər qaçqın şairləri öz himayəsinə götürür, onlara sığınacaq verir və yaşayıb yaratmaları üçün bütün imkanları yaradırdılar".

Eyni zamanda, IX-XII əsrlərdə Azərbaycan ədəbiyyatının görkəmli simaları Ömər Gəncəvi Yusif ibn Tahir, Eynülqüzzat Miyanəçi, Əbülüla Gəncəvi, Fələki Şirvani, İzzəddin Şirvani, Mücərəddin Beyləqani, Qivami Gəncəvi, Qətran Təbrizi, Xətib Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli şairlər yetişdi. Azərbaycan poetik məktəbini təmsil edən bu nümayəndələrin bir neçə onilliklərdən sonra digər ölkələrdə təqlidiçiləri meydana çıxır ki, bu da ədəbi əlaqələrin, mədəni iqtibasın ən qabarıq nümunələrindəndir. Təkcə dahi Nizaminin yaratdığı mənzum roman janrı Şərq xalqlarının bədii söz səltənətinə daxil olmuş, özünə möhkəm mövqe qazandırmışdır. Onun poemaları haqlı olaraq yüksək poetik ustalığın meyarı hesab edilirdi. Həqiqi söz ustası adını qazanmaq istəyən ən görkəmli şairlər forma və məzmunca Nizami poemalarına bənzər əsərlər - "Xəmsə"lər və ya heç olmazsa eyniadlı poemalar yazmağı özlərinə borc bilirdilər". Şərq dünyasının digər görkəmli sənətkarları Əmir Xosrov Pəhləvi (1253-1323). Hacı Girmani (1281 - 1352), İmadəddin Girmani (1371-ci ildə vəfat edib), Əbdürrəhman Cami (1414 - 1492), Əlişir Nəvai (1444-1501), Hatif (1445-1512) kimi şairlər məhz böyük Azərbaycan klassiki Nizami Gəncəvidən bəhrələnmişlər ki, bu da xalqlar arasında mədəni mübadilənin mühüm aspektlərindən biridir. Göründüyü kimi, istər yaşadığı, istərsə də özündən sonrakı tarixi dövrlərdə Nizami yaradıcılığı Azərbaycnın istər Şərq, istərsə də digər ölkə və xalqlarla mədəni mübadiləsinin vasitələrindən birini təşkil etmişdi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, görkəmli Azərbaycan filosofları Bəhmənyar, Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş əs-Sührəvərdi antik və yaşadıqları dövrün fəlsəfi məktəblərinin yaradıcılıq məsələləri ilə yaxından tanış olmuş, öz elmi nəzəriyyələrində onların mövqeyindən çıxış edərək dünya fəlsəfəsinin zənginləşməsi prosesinə əvəzsiz xidmət göstərmişlər. İşraqilik fəlsəfəsinin əsasını qoyan və istedadlı şair kimi tanınan Şihabəddin Sührəvərdinin hələ öz dövründə dünyanın əksər ölkələrində tanınmasına səbəb onun bu ölkələrlə elmi-mədəni əlaqələrinin olması faktı idi. Alim müsəlman Şərqin bir çox ölkələrini gəzmiş İsfahan, Diyarbəkr, Konya, Hələb kimi şəhərlərdə olmuş, dövrünün tanınmış alimləri ilə elmi mübahisə və disputlarda iştirak etməklə biliklərini həmkarlarına çatdırımışdı.

Orta çağlarda beynəlxalq mədəni əlaqələrin bir istiqaməti də azərbaycanlı alimlərin Şərq ölkələrinin mədəni mühiti ilə yaxınlığı, buradakı mədrəsə və məktəblərdə müəllimlik etməsi və yaradıcı fəaliyyətlərini davam etdirməsi faktlarıdır.

Azərbaycan torpaqlarını əhatə edən qüdrətli  vahid bir dövlət olmadığı üçün mədəni əlaqələr IX - XIII əsrin əvvəllərində pərakəndə halda inkişaf edir, bu inkişaf isə ayrı-ayrı şəxsiyyətlərin türkislam dünyası ölkələri, eyni zamanda, digər xarici ölkələrin elm, ədəbiyyat və sənət adamları ilə əməkdaşlığı səviyyəsindən yuxarı qalxa bilmirdi. Buna baxmayaraq, inkişafa təkan verən mühüm amil kimi Azərbaycan ərazisindən keçib gedən beynəlxalq karvan yollarını göstərməmək olmaz.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 7 noyabr.- S.15.