XIX əsrin sonlarında Azərbaycanın Rusiya ilə mədəni əlaqələri

 

 

 

 

Rus və Qərbi Avropa mədəniyyəti xadimlərinin Azərbaycan mədəniyyəti ilə sıx əlaqə yaratması da bu dövrün uğurlu hadisələrindən biri idi. 1892 və 1897-ci illərdə böyük rus yazıçısı M.Qorkinin Azərbaycana gəlməsi onun qabaqcıl yazıçı və şairlərlə yaxınlıq və əməkdaşlığına səbəb oldu. Qorkinin Azərbaycan adət-ənənələri, məişəti, mədəniyyəti ilə yaxından tanışlığı onun rus mətbuatında Qaçaq Nəbi, Qaçaq Kərəm haqqında materiallarının çap etdirilməs ilə nəticələndi. M.Qorki ilə Azərbaycan mədəniyyəti arasındakı mədəni əlaqə get-gedə daha geniş vüsət alırdı. Belə ki, yazıçının 1903-cü ildən etibarən "Barbarlar", "Yaylağa gedənlər", "Günəşin övladları", "Həyatın dibində" pyesləri Bakı teatrlarında rus dilində tamaşaya qoyulur, qəzetlər Qorkinin ədəbi fəaliyyətinə dair məqalələr dərc edirdilər. Bu illərdə şair Abbas Səhhət "Həyatın dibində" əsərindən "Gün ki səhər çıxır" şeirini tərcümə edir.

Göründüyü kimi, XIX əsrdə, xüsusilə, Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin formalaşaraq inkişaf etdirilməsində bədii tərcümə böyük rol oynayır. İstər rus, istərsə də müasir rus ədəbiyyatının mütərəqqi cəhətlərini və rolunu dərk edən azərbaycanlı şair və yazıçıları oxucuları rus ədəbiyyatı ilə tanış və təbliğ etməyə başladılar.

Artıq bu dövrdə görkəmli rus klassiki L.N.Tolstoyun əsərlərinin tərcüməsində C.Məmmədquluzadə və başqaları daha yaxından iştirak etmişdi. Bu prosesdə hətta Tolstoyla yazışmalar da aparılırdı. C.Məmmədquluzadənin görkəmli rus yazıçısı Qoqolun anadan olmasının 100 illiyi münasibəti ilə yazdığı məqaləsi də bu mədəni əlaqələrin dinamikasını göstərir. Təkcə onu qeyd etmək kifayətdir ki, C.Məmmədquluzadənin 1906-cı ildə nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı da mütərəqqi rus mətbuatının təsiri altında meydana çıxdı.

XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda beynəlxalq mədəni əlaqələr milli incəsənətin bəzi sahələrinin - teatr, musiqi və memarlığın inkişaf etdirilməsində təkanverici amil rolunu oynadı. Belə ki, Bakıda Tağıyev Teatrının binasında tez-tez rus teatrının qastrolları keçirilirdi. Rusiyadan müxtəlif truppalar şəhərə dəvət edilirdi. XIX əsrin 90-cı illərində Bakıda Vasilyev Vyatskinin yerli dram-opera truppası, Suxodolskinin Ukrayna truppası Azərbaycanla mədəni əməkdaşlıq edərək burada fəaliyyətə başladı.

Azərbaycan teatrı ilə rus teatrının qarşılıqlı əməkdaşlığının tarixi əvvəlki dövrlərə təsadüf edir. Belə ki, Mirzə Fətəli Axundovun komediyaları Azərbaycan dilində tamaşaya qoyulandan 20 il əvvəl rus səhnəsində göstərilmişdi. Milli teatr yarandıqdan sonra rus dramaturgiyası nümunələrinin tərcümə edilərək səhnələşdirilməsi mədəni mübadiləsinin nümunələrindən biri idi. Nəriman Nərimanov tərəfindən tərcümə edilmiş "Müfəttiş" komediyası (Qoqol) 1896-cı, 1902-ci, 1908-ci illərdə tamaşaya qoyulur. 1912, 1913 və 1915-ci illərdə isə komediya Tiflisdə qastrol zamanı oynanılır.

Tezliklə Azərbaycan milli dramaturgiyasının nümunələri İran, Türkiyə və digər Şərq ölkələrinə yayılır. O illərdə beynəlxalq mədəni əlaqələr sahəsində uğur qazanan incəsənət növlərindən biri də Azərbaycan musiqisi oldu. Bu sahədə əlbəttə ki, dahi Üzeyir Hacıbəyovun xidmətləri əvəzsiz olmuşdur. Beynəlmiləl təhsil ocağı olan Qori seminariyasında oxuyarkən o, rus, həm də Avropa musiqisinin xüsusiyyətləri ilə yaxından tanış olmuşbu zaman Azərbaycan xalq musiqisinin əsasında müasir milli musiqi yaratmaq ideyası haqqında düşünmüşdü. Professional Azərbaycan musiqisinin təməlini qoyan Ü.Hacıbəyovun istedadı novatorluğu da müasir Avropa musiqisinin milli xalq musiqisinə iqtibası nəticəsində keyfiyyətcə yenisivil musiqi sənətinin təməlinin qoyulmasının mümkünlüyüvacibliyini dərk etməsi və şəxsən həyata keçirməsi imkanlarına malik olmasında özünü göstərirdi. Bu işdə Ü.Hacıbəyova dəstək verən milli zəka sahiblərimizdən biri olan C.Məmmədquluzadə "Musiqi elmi" adlı məqaləsində yazırdı: "Rusiyada qlinkalar rus mujiklərinin oxuduqları milli məqamatlarını elə bir məharət ilə gözəlləndiriblər ki, bütün yer üzündə musiqi söhbəti düşəndə rusların Qlinkasına rəhmət oxuyurlar".

XIX əsrin II yarısından etibarən Azərbaycan musiqisinə rusAvropa musiqi mədəniyyətinin yeni formaları daxil olur. Azərbaycan dinləyicisi dünya musiqisinin nümunələri ilə tanış olduqca rusAvropa musiqiçi və müğənnilərinin qastrol və konsertlərinə daha artıq maraq göstərirdi. Kübarlara xidmət məqsədilə kütləvi musiqi əyləncəsinə dəvət olunmuş skripkaçılar Q.Venyavski, A.Brodovski, müğənni A.Menşilov kimi ustadların konsertləri mübadilə və əlaqələrin ilk nümunələri idi. Digər maraqlı bir fakt Bakıda dəmir yolu xəttinin açılması nəticəsində şəhərə rusAvropa musiqiçilərinin axınının başlanması oldu. Bakı əhalisinin eşitdiyi ilk opera da məhz bu qastrolların nəticəsində baş verdi. 1890-cı ilin mayında A.Vertovskinin D.Aqryonov-Slavyanski kapellasının ifasında təqdim etdiyi "Askoldun məzarı" operası buna aiddir. Yenə də, 1889-cu ilin dekabrında Tiflis opera studiyasının Bakıda göstərdiyi ilk peşəkar opera musiqisi mədəniyyət sahəsində başlanan mədəni əlaqələrin getdikcə geniş vüsət aldığını sübut edir. Mədəni əlaqələrin digər nümunəsi kimi 1894-cü il may ayının 16-da Peterburq truppasının ifasında təqdim edilən Bakıda ilk professional balet tamaşasını göstərmok olar. Açılışda A.Adanın "Dəniz qulduru" baleti nümayiş etdirildi. Tamaşada tanınmış rus balet ustadları L.Keyten, Çernyavskaya, Tixomirov, Stepanov iştirak edirdi. Həmin tamaşa ilə yanaşı, A.Adanın "Cizel", L.Delibanın "Koppeliya" baletləri də nümayiş etdirildi.

Musiqi sahəsində mədəni əlaqələrin əməkdaşlıqla nəticələnməsi Azərbaycanda mədəniyyətin zənginləşməsinə səbəb oldu. Belə ki, rusAvropa musiqi sənəti mütəxəssislərinin Bakıda çalışmaları bu sahədə mühüm hadisələrdən idi. Musiqi məktəbinin yaradılmasını artıq yuxarıda qeyd etmişik. Bundan əlavə, P.F.Yuon tərəfindən təşkil edilmiş simli kvartetbuna misaldır.

Azərbaycan-rus, Avropa musiqi əməkdaşlığının digər nümunəsı milli sənət nümunələrinin Avropa musiqisində canlandırılmasıdır. Azərbaycan musiqiçilərinin yaxın və uzaq ölkələrə qastrol səfərləri artırdı. Azərbaycan xalq musiqisi nümunələri ilk dəfə olaraq, Avropa çalğı alətlərində ifa olunmağa başladı. Tiflisli pianoçu Q.Korqanov "Bayatı" adlı fortepiano fantaziyasını öz Bakı qastrolunda səsləndirdi. Bu dövrdə kübar və varlıların evlərində təşkil edilən müxtəlif xalqların konsert axşamları da mədəni əlaqələrə aiddir. Peterburq, Tiflis və İrəvanda Azərbaycan musiqisindən ibarət konsertlərin böyük milli əhəmiyyəti vardı. Sazəndələr ansamblın müşayiəti ilə 1853-1860-cı illərdə Tiflisin opera teatrında məşhur Azərbaycan xanəndəsi Səttarın konserti keçirildi. Azərbaycanlı tələbələr 1895-ci ildə Peterburqda ilk Azərbaycan gecəsi təşkil etdilər. Tədbirdə Avropa orkestri Azərbaycan melodiyaları və rəqslərini ifa etmiş, Firdovsinin "Rüstəm və Zöhrab" poeması, "Aşıq Qərib" dastanından parçalar ifa edilmişdir.

 XIX əsrdə Bakının neft sənayesi mərkəzi kimi tamınması milli burjuaziya nümayəndələrinin - milyonçuların yaranmasına səbəb oldu. Bu hadisə Bakı milyonçularının və onların dəbdəbəli mənzil və saraylarının, villalarının tikilməsinə səbəb oldu. Bunun üçün Rusiyadan, xüsusilə də, Avropadan dəvət olunan memar, inşaatçı və layihəçilərin gəlişi istər-istəməz Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin əhatə dairəsinin genişlənməsinə səbəb olurdu.  XIX əsrdə beynəlxalq mədəni əlaqələrin istiqamətlərindən biri də təsviri sənət sahəsi və burada qazanılmış uğurlar idi. Rus və Qafqazyanı xalqlarının rəssamları ilə qarşılıqlı yaradıcılıq əlaqələri milli təsviri sənətdə dəzgah rəngkarlığının yaranmasına səbəb oldu. Bundan başqa, tanınmış rus rəssamları V.Vereşşagin, A. Boqolyubov, F.Rubo, V.Moşkov, N.Yaroşenkonun Azərbaycanla bağlı rəsm əsərləri bu mədəni mübadilənin aspektlərindən biri oldu.

 Artıq XX əsrdə Azərbaycanda ziyalılar dəstəsi artmış, Rusiya, eləcə də, xarici ölkələrlə beynəlxalq mədəni əlaqələrin davamlı inkişafı müsbət nəticələr vermişdi. Sonradan Azərbaycan elmi və mədəniyyətinin görkəmli şəxsiyyətləri kimi tanınacaq insanlar, məhz əsrin əvvəllərində Rusiyanın Kazan, Moskva, Peterburq, Xarkov, Kirov, Qərbi Avropanın Fransa, Almaniya, Belçika və digər şəhərlərinin ən məşhur universitetlərini bitirərək ya vətənə qayıtmış, ya da elə xaricdə qalaraq Azərbaycanla mədəni əlaqələrin qurulması işinə xidmət etmişlər. Belələrindən Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadənin adlarını qeyd etməliyik. Dünya mədəniyyətinə inteqrasiyanı "türkləşmək, islamlaşmaq, avropalaşmaq" kontekstindən dərk edən və dəstəkləyən bu zəka sahibləri xarici mədəniyyətlərlə qarşılıqlı əlaqələrin, mədəni əməkdaşlığın qurulmasını ön plana çəkirdilər. Şərq və Qərb mədəniyyətilə canlı təmasda olan hər iki ziyalı və onların həmkarları Avropanın ən layiqli nümunələri ilə milli mədəniyyətimizin nümayəndələrinin, həmiçinin geniş ictimaiyyətin və xalq kütləsinin yaxından tanışlığına zəruri ehtiyac duyurdular. Parisin Sarbonna Universitetinin məzunu olan Ə.Ağayev dövrünün mütərəqqi düşüncəli nümayəndəsi idi. Bir neçə dil bilən Ağaoğlu şərqşünas, ədəbiyyatşünas, tənqidçi-alim kimi Rusiyada, eləcə də, Yaxın və Orta Şərq, Qərbi Avropada tanınırdı. Klassik dünya alimlərindən Rüşd, Təbəri, Dante, Lüter, Konfutsi, Höte, Tolstoy, Spenser kimi filosofların əsərlərini öyrənməklə yanaşı, o, müasirləri olan tanınmış fransız filosofları ilə də əməkdaşlıq edirdi. Onun xaricdə çalışması bu mədəni əməkdaşlığın ən praktiki nümunəsi idi. Ağaoğlunun sələfi olan Ə.Hüseynzadə Peterburq Universitetinin yetirməsi olub, Azərbaycan mədəniyyətinin zənginləşməsi yollarını Avropa ilə mədəni əlaqələrin qurulmasında görürdü. Bir neçə dilə mükkəməl yiyələnən Ə.Hüseynzadəyə rəhbərlik etdiyinaşiri olduğu "Həyat" qəzetində xarici elmi və bədii əsərlərin tərcümələrinin çap olunmasına üstünlük verirdi. Mədəniyyət məsələlərində hər iki şəxsiyyətin yekdilliyi Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası ilə bağlı mühakimələrinin üst-üstə düşməsində özünü göstərir, onların nəzəri-elmi əsərlərində, məqalələrində təzahür etdirilirdi.

 Artıq XX əsrin əvvəllərində böyük bir ziyalılar dəstəsi yetişmişdi. Rusiya və Qərbi Avropada, İranda və Türkiyədə təhsil alanlardan Əbdülxaliq Axundov, Ağa Axundov, Ağa Aşurov, Bəhram Axundov, Bala Axundov, CavadŞamil Vəzirovlar, Əli Verdiyev, Ceyhun Hacıbəyov, Sadıq Hüseynov, Həbib Kərimov, Ağalar Mahmudbəyov, Midhəd Məlikov, Balabəy Mustafayev, Əliheydər Orucov, H.Cavid, Ömər Faiq Nemanzadə, A.Səhhət, A.Sur, Q.Əfəndiyev (Qantəmir) və digərləri Azərbaycanda beynəlxalq mədəni əlaqələrin inkişafına mədəni zənginləşmənin əsas meyarlarından biri kimi yanaşırdılar. Göründüyü kimi, təhsil və maarif sahəsində beynəlxalq mədəni əlaqələr yeni dinamik istiqamət üzrə irəliləyirdi. Artıq təhsil almaq üçün beynəlxalq aləmə səpələnmiş azərbaycanlıların qarşılıqlı yardım məqsədli cəmiyyətləri də yaranmağa başlayırdı ki, bu da mədəni əlaqələr baxımından diqqət çəkən məsələlərdən idi. Belə Cəmiyyətlər Kiyev, Moskva, PeterburqKazan şəhərlərində təşkil olunmuşdu.

 XX əsrin ilk onilliyində Azərbaycanda beynəlxalq mədəni əlaqələrin inkişafında nəzərə çarpan bu dinamika, əvvəl də qeyd edildiyi kimi, dünyada maarifçilik ideyalarının geniş vüsətinə, həmçinin, Rusiya hökmranlığının gücləndirilməsi məqsədilə savadlı azərbaycanlıların yetişdirilməsinə xidmət edirdi. Beynəlxalq səviyyədə təhsilə yiyələnən ziyalılar vətənə qayıdaraq mədəniyyətin müxtəlif sahələrinin xariclə əlaqələrinin qurulması işində böyük cəhdlər göstərirdilər. Bu, mətbuat sahəsində də getdikcə geniş vüsət alırdı. Bir sıra mətbu orqanları xaricdə çap olunur. Yaxın və uzaq ölkələrdə milli mətbuatın müxbirləri çalışırdı. Bu sahədə artıq mübadilə yolu ilə həyata keçirilirdi. Dövrünün tanınmış şərqşünası Lisyen Buha Bakıda nəşr olunan "Şərqi-Rus" qəzeti ilə əlaqə saxlayırdı. Qəzetin işini "Aziatik" jurnalında işıqlandırırdı. Həmin jurnalda, eyni zamanda, "Kitabi- Dədə Qorqud" dastanının, Nizami, Füzuli, Xətai və Sabirin əsərlərinin tərcümələri də dərc olunurdu. "Həyat" qəzetinin fəaliyyətində iştirak etmək məqsədilə, Qafqaz, Krım, Kazan, Ufadan müxbir və işçilər də dəvət olunurdu. "Molla Nəsrəddin"in Rusiya, müsəlman Şərqində olduğu kimi, AvropaAmerikada da abunəçiləri var idi. Azərbaycan milli mətbuatının görkəmli nümayəndələrindən olan H.Zərdabi Ə.Hüseynzadə, E.Sultanov, M.Şahtaxtinski də, eyni zamanda, "Moskovskiye vedomosti", "Novoye vremya" qəzetlərinin İstanbulda Yaxın Şərq ölkələri üzrə müxbirləri idi.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 8 noyabr.- S.15.