Müstəqillik illərində Azərbaycanın beynəlxalq mədəni əlaqələri

 

 

 

Artıq 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan 116 dövlətdən 70-i onunla müxtəlif sahələrdə diplomatik əlaqələrin yaradılmasında iştirak edirdi. Diplomatik əlaqələr sistemində mədəni əlaqələr əsas şərtlərdən idi. Azərbaycanın tarixində, məhz indi, yəni müstəqil dövlətçilik şəraitində tam sərbəst və tələb olunan demokratik prinsiplər əsasında mədəni siyasət irəli sürüldü. Bu siyasətin formalaşdırılmasında, sözsüz ki, keçmiş sovet təcrübəsinin mütərəqqi cəhətləri və müasir dünya ölkələrinin bu sahədəki səmərəli xüsusiyyətlərindən müntəzəm şəkildə istifadə olundu. Əsas məqsəd xarici ölkələrlə qarşılıqlı mədəni anlaşma və qarşılıqlı əməkdaşlıq münasibətlərini möhkəmləndirməkdən, onlarla bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurmaqdan ibarətdir. Bu tələbdən doğan prinsiplər Azərbaycan Respublikası Konstitusiyası, Mədəniyyət haqqında Qanun, Azərbaycan Respublikasının xarici siyasəti və digər hüquqi, normativ aktlarında öz əksini tapdı.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan Respublikası dövlət və hökumət orqanları beynəlxalq mədəni əlaqələrin qurulması və inkişafını, məhz bu qanunvericilik aktları əsasında həyata keçirməklə bu sahədə geniş şəbəkəli mexanizminə nail olmuşdu. Hazırda Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında həm keyfiyyət, həm də kəmiyyət əmsallarına görə irəliləyişlər aydın şəkildə hiss olunmaqdadır. Müstəqil Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələrin təşkili sistemində dövlət və hökumət qurumlarından əlavə, beynəlxalq təşkilat, ictimai-sosial institutlar və ayrı-ayrı insanların şəxsi fəaliyyəti mühüm yer tutur. Dövlət və hökumət xəttilə beynəlxalq mədəni əlaqələr Prezident Aparatının müvafiq şöbələri, səfirlik və konsulluqlar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Xaricdə yaşayan Azərbaycanlılarla üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməkdədir. Beynəlxalq təşkilatlar xəttilə bu sahədə əsas YUNESKO, Avropa Şurası, İSESKO, Türksoy, MDB-nin Mədəni Əməkdaşlıq Şurası, GUAM və digər qurumlarla mədəni əlaqələrdə öz təzahürünü tapır. İctimai-sosial institutlar sistemində "Vətən" cəmiyyəti və müxtəlif ölkələr üzrə çoxsaylı dostluq cəmiyyətləri, mədəniyyət mərkəzləri, şirkət və ofislərin fəaliyyətini göstərmək olar.

Beynəlxalq mədəni əlaqələrin təşkilində ayrı-ayrı insanların fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, tarixin ilk vaxtlarından başlayaraq beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında aparıcı istiqamət kimi təzahür edən fərdi fəaliyyət bu sahədə hazırda sonuncu pilləni təşkil edir ki, bu da tarixi inkişaf prosesinin məntiqinə tam uyğundur. Azərbaycan Respublikası tək-tək beynəlxalq mədəni tədbirlər və qastrollardan başqa uzunmüddətli birgə layihələrə geniş yer ayıran mədəni əməkdaşlıq istiqəmətinə üstünlük verir.

Professor R.Aslanova yazır: "Qlobal xarakterli mədəni ünsiyyət yalnız rəsmi qurumların fəaliyyətinin deyil, adi insanın sosial-mədəni həyatının bir hissəsini təşkil edir. Fərdi və kollektiv mədəni yaradıcılığın potensial resursları daha çox gerçəkləşmə imkanı əldə etdiyi üçün istənilən lokal nöqtədə, fərdi mədəni-innovativ təşəbbüsün kəskin şəkildə artmasını şərtləndirir. Belə təşəbbüslərin nəticəsi kimi, mədəniyyət obyektləri forma və məzmunca innovasion sintez nümunələri təşəkkül tapır. Mədəni tələbatların təminatı bəsit, əlverişli proseslərlə həyata keçirilir, onlara sosial sifariş çoxalır. Hər bir insan bir yerə səfər edəndə, yaxud dünya hörümçək toruna - internet şəbəkəsinə qoşulduqda əvvəlcədən yəqin edə bilmir: hansı mədəniyyət aləminə düşüb, burada hansı dəyərlərə önəm verilir. Belə mədəni aləmlərlə təmasda olan hər bir insan az vaxt ərzində, ani olaraq malik olduğu biliklərə, dünyagörüşə arxalanaraq mədəni oriyentasiyanı özü tapmalı, özü təyin etməlidir. Əks təqdirdə, onu mədəni-informasiya axını öz qoynuna alıb aparacaq. Bu axında mədəni seçim səriştəsi olmadığına görə birdəfəlik itmək də mümkündür".

Bir çox sahələrdə olduğu kimi, mədəniyyətdə baş verən demokratikləşmə və desentralizasiya prosesləri beynəlxalq əlaqələrdə də öz əksini tapmışdır. Belə ki, bir çox ölkələrlə regionlar və şəhərlər səviyyəsində əlaqələr nəzərə çarpacaq dərəcədə güclənmiş, ayrı-ayrı kollektiv və aristlər bu sahədə tam müstəqillik əldə etmişlər. Lakin bunun özündə də müəyyən neqativ məqamlar mövcuddur. Çünki beynəlxalq mədəni əlaqələrdə fərdi istiqamət formasında xaricə aparılan, yaxud xaricdən gətirilən mədəniyyət məhsulları heç də həmişə yüksək keyfiyyətli olmur. Görünür, beynəlxalq mədəni əlaqələr prosesində bəzi məhdudlaşmaların olması zəruridir.

"Azərbaycanın mədəniyyət siyasəti" kitabında göstərilir ki, Mədəniyyət Nazirliyinin statistik məlumatlarına əsasən, 1996-2000-ci illərdə xarici ölkələrlə beynəlxalq mədəni əməkdaşlığın ən geniş formaları aşağıdakılar olmuşdur:

Qastrollar, festivallarda iştirak, beynəlxalq sərgilərdə iştirak, beynəlxalq konfranslarda iştirak, yubileylərdə iştirak, işçi səfərləri, müsabiqələrdə iştirak, beynəlxalq görüşlər və beynəlxalq simpoziumseminarlarda iştirak, kurslar və təcrübə keçmə, mədəni əməkdaşlıq haqqında nazirliklərarası sazişprotokollar, beynəlxalq proqramlarda iştirak.

Professor R.Aslanovanın fikrincə, dünyada yeni mədəniyyət məkanının formalaşması fonunda, insanların fərdi özünü ifadəsi, yaradıcılığın fərdi istiqamətlənmiş, onun diqqətini cəlb etməyə yönəlmiş xarakteri, bir daha vurğulamaq istərdik ki, sosial mədəni institutların eləcə də dövlətin məqsədyönlü təsirindən yayıla bilir. Müasir kommunikasiya texnologiyalarına əsaslanan qarşılıqlı mədəni təsir prosesləri ənənəvi təsəvvür və normativ qaydalardan gedə-gedə daha az asılılıqda olduğunu nümayiş etdirir. Mədəni məkan insanın bütün imkanlarının və şəxsi keyfiyyətlərinin istifadə olunmasını, səfərbər edilməsinin maksimal səviyyəsini tələb edən dinamik bir sistemə çevrilir. Belə şəraitdə mədəniyyət elminin, ümumilikdə, ictimai elmin tədqiqatlarının səmərəliliyi, onların yalnız nəzəri-ideoloji mövqeyinin düzgünlüyü ilə deyil, həm də hər şeydən əvvəl, cəmiyyət qarşısında duran praktiki problemlərin həllinə göstərdiyi köməklə müəyyən olunur.

Yeni dünyada davranışın ümumi, birgəyaşayış qaydalarını müəyyənləşdirmək üçün, ilk növbədə, baş verənlər dərk olunmalı, yaşanılan indiki məqam gərgin seçimlər, gələcək isə sonsuz imkanlar məkanı kimi təsəvvür edilməlidir. Həyatın bütün sahələrinə nüfuz etsə də, dəyişikliklər, ilk növbədə, insana ünvanlanmış olur. Çünki bunu dərk edən də, ən həssas və ağrılı münasibəti hiss edən də insandır. Mədəniyyətin inkişafı və təkamülündə yeni sistemlərin yaranması, avtonomluğalokal sərhədlərdə mövcudluğa ehtiyac duyması meyilləri kimi differensiasiyaya və əksinə, bir-birini tanıma, əməkdaşlıq və bağlılıq meyillərinin ifadə etdiyi inteqrasiya prosesləri tarixən, bir-birini əvəzləmişdir.

R.Aslanova daha sonra qeyd edir ki, müasir mərhələdə bu iki inkişaf meyilinin tarixdə əvvəllər rast gəlinməyən tərzdə fövqəladə çulğaşması, qarşılıqlı inkişafı prosesi özünü ilk dəfə qabarıq göstərir. Yəni inteqrasiya meyilinin dominant xarakter daşıması heç kimdə şübhə doğurmadığı halda, eyni zamanda, əks meyilin də güclənməsi müşahidə olunur. Kommunikativ məkanın genişlənməsi, ölkələr və mədəniyyətlərarası təsirlərin intensivliyi, maliyyə-iqtisadi, siyasi-hüquqi sferaların inter və transnasionallaşması, mədəni avtonomiya, diferensiasiya meyillərini aradan qaldırmaq əvəzinə, onları daha da kəskinləşdirir. Baş verən proseslərin ziddiyyətli mahiyyəti: müxtəlif istiqamətlərə yönəlmiş inteqrasiya və diferensiasiyanın, qloballokal mədəni məkanların yanaşı mövcudluğu, dünyanın vəhdətinin mürəkkəb mahiyyəti kimi başa düşülə bilər.

Ölkələrin mürəkkəb qarşılıqlı əlaqələr sisteminə daxil olması, həm də onların siyasi, sosial-mədəni suverenliyi şəraitində mümkün olmuşdur. Hər bir mədəniyyət qlobal inteqrasiya proseslərinə mədəniyyətdəki həm ümumbəşəri, həm də spesifik olan cəhətləri saxlamaqla daxil olmağın üsul, ritm və formalarını özü müəyyən edir. Qlobal cəmiyyətə açıq olmaq, inteqrasiya siyasətini müəyyənləşdirmək ən mühüm problemlər sırasına daxil olur. Milli-mədəni ənənənin toxunulmaz olaraq çoxalması ehtimalı sıfıra bərabərdir. Digər tərəfdən, hətta mədəni inkişaf və ənənə tipoloji, yeknəsəq mədəni praktikanın formalaşmasına yol vermir. Məsələn, Avropa təcrübəsi.

Bir-birinin təkrarı olan, eyni mədəniyyət və eyni cəmiyyətlər yoxdur. Mədəni universalilər tarixi ənənənin konservasiyası, sadələşdirilməsi və primitiv ifadəsi deyil, mədəni təməlin (nüvənin) innovasiyalardan bəhrələnərək daim mürəkkəbləşməsi, daha da möhkəmlənməsi deməkdir. Yeni məqamların mənimsənilməsi zamanı, məhz belə mərhələlər hər bir mədəniyyətin həm həyatiliyi və yaşarılığının sübut olunduğu zamandır, həm də onun inkişaf edərək daha yüksək pilləyə adlamasının, buna qadir olmasını göstərən amildir. Bu gün müşahidə etdiyimiz proseslər zahirdən mədəniyyət məkanının inteqrasiya bağları ilə daha da sıxlaşdıraraq, daxildən, onun diferensiasiyasını (özünəməxsusluğun mühafizəsini) gücləndirir.

Sosial-mədəni məkanlarda, konkret sərhədlər daxilində mövcudluq əvəzinə, hüdudları bilinməyən, sərhədləri şəffaf, gah da tutqun və görünməyən mədəni aləmin insanı aydın oriyentirlərdən məhrum vəziyyətdədir. Əksəriyyət bir-biri ilə sıx çulğaşan çeşidli mədəniyyətlərin nəhəng çoxluğunun mərkəzinin harada yerləşdiyindən bixəbərdir. Nə qapalı özünütəcrid, nə də ifrat acıqlıq arasında seçim edilmir. Seçim bu iki tərəfin arasındadır.

Lakin informasiya cəmiyyəti müasir mədəni dinamikaya güclü təsirlərə təkan verir, hər bir ölkədə mədəniyyətin innovasion plastı, ənənəvi təcrübə ilə müqayisədə üstünlük təşkil edir. Daha dəqiq deyilsə, ənənə və innovasiyalar arasında hər dəfə nisbətin qeyri-sabit vəziyyətlə əvəzlənməsi, artıq mədəniyyətin yeni inkişaf rejiminə daxil olmasından xəbər verir. Bu, artıq mövcud inkişaf paradiqmasına yenidən baxılmasını tələb edir. Belə şəraitdə sosial-mədəni inkişafda ziddiyyətlərin həllinin mühüm istiqamətlərindən biri - inteqrasiyadır. Lakin nəzərə almaq lazımdır ki, hər bir keçid mərhələsində olduğu kimi, inteqrasiyanın birdəfəlik, universal və səmərəli modelinin olmaması, daha doğrusu, hamı üçün eyni modelin tətbiqinin, ümumiyyətlə, qeyri-mümkün olması bu proseslərin rəvan deyil, ağrılı keçməsinə səbəb olur.

Hal-hazırda Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətində inkişaf dinamikası keçirməkdədir. İkitərəfli mədəni əlaqələrin davam etdirilməsində 1990-2000-ci illərdə bir çox ölkələrlə Rusiya Federasiyası, Çin Xalq Respublikası, Böyük Britaniya, Polşa Xalq Respublikası, Türkiyə Respublikası, Rumıniya, Yunanıstan, Bolqarıstan, İtaliya, eyni zamanda, keçmiş SSRİ respublikaları olan Özbəkistan, Gürcüstan, Moldova, Qazaxıstan ilə mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişlər bağlanmış, Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Belarus Respublikası, Çin Xalq Respublikası, İran İslam Respublikası, Qırğızıstan və digərləri ilə isə mədəni əməkdaşlıq haqqında nazirliklərarası sazişprotokollar imzalanmışdır. Bu əməkdaşlığın əsas prioritetlərinə təhsil, elm, maarif, incəsənətin musiqi, təsviri sənət, memarlıq sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması daxildir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 16 noyabr.- S.15.