Azərbaycan - Rumıniya mədəni əlaqələri (XX əsrin 70-ci illərinədək)

 

 

 

Şərqi Avropanın iqtisadi-siyasi və beynəlxalq nüfuza malik dövlətlərindən biri də Rumıniyadır. Hazırda bu dövlət BMT və ATƏT kimi beynəlxalq, Qara dəniz hövzəsi ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatı, Qara dəniz ölkələri Parlament Assambleyası kimi regional təşkilatların üzvü, Avropa Şurasında xüsusi qonaq, Avropa İttifaqının assosiativ üzvü statusunda beynəlxalq məsələlərin həllində fəal iştirak edir.

    Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət də (1991-ci il dekabrın 11-i) Rumıniya olmuşdur. Rumıniya-Azərbaycan tarixi əlaqələrinin kökü orta əsrlərə aiddir. Təkcə onu demək kifayətdir ki, bu əlaqələr BalaxiyaMoldova knyazlıqları yarandıqdan sonra başlanmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin (1453 - 1478) və Səfəvi şahı I Ismayılın (1501 - 1524) dövründə dövlətlərarası əlaqələr səviyyəsinə qədər yüksəlmişdi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan və Rumıniya arasında mədəni əlaqələrin inkişafı baxımından sovet dövrünü xüsusilə qeyd etmək lazımdır. Sosialist sisteminin aparıcı ölkələrindən olan Rumıniya ilə mədəni əlaqələrin qurulması sovet ideoloji maşınının hərəkət mənbələrindən birini təşkil edirdi. 1948-ci ildə SSRİ və Rumıniya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında imzalanmış müqavilədə beşinci maddə mədəni əməkdaşlığa həsr olunaraq bu sahə üzrə formalar müəyyənləşdirilmişdir. İmzalanmış müqavilənin əsas məzmununu, dünyada mövcud olan sosialist sisteminin mənəvi dayağı sayılan kommunist prinsiplərinin təbliği, "qapalı cəmiyyət" normalarından kənara çıxmamaq rejimi təşkil edirdi. Xüsusilə, Rumıniya ilə elmi sahədə tərəfdaşlıq, mədəniyyətin təbliği üzrə sərgi, qastrol, yaradıcılıq səfər və ezamiyyətlərinin təşkili SSRİ-nin tərkibində mövcud respublika kimi Azərbaycana da şamil edilmişdi.

Azərbaycan və Rumıniya arasında əməkdaşlıq məqsədilə 1951-ci ildə bu ölkənin ictimaiyyətindən ibarət nümayəndə heyətinin Bakıya səfəri mədəni əlaqələrin formalaşmasında mühüm hadisə oldu. 1955-ci ildə Rumıniyanın Dostluq Cəmiyyəti üzvlərindən ibarət qrupun Bakıya səfəri zamanı isə iki ölkənin elm və mədəniyyət xadimlərinin bir-birilə yaradıcılıq mübadiləsi və əməkdaşlığı istiqamətində görüşlər davam etdirildi. Sonrakı illərdə bu cür görüş və səfərlərin təşkili ənənəvi səciyyə kəsb etdi.

Rumıniyada, onun paytaxtı Buxarestdə və digər şəhərlərdə keçirilən müxtəlif təyinatlı mədəni tədbirlərdə çox vaxt SSRİ tərəfindən Azərbaycan təmsil olunurdu. 1967-ci ildə Buxarestdə təşkil olunan xalq ticarət-sənaye sərgisində Azərbaycan pavilyonuna 400 mindən artıq tamaşaçı baxmışdı. Elmi sahədə atılan ilk əməkdaşlıq addımları da mühüm hadisələrdən idi. Neft-kimya, qeyri-üzvifiziki kimya sahələrində Azərbaycan-rumun alimləri birgə işlər həyata keçirməyə başladılar. 1965-ci ildə texnika elmləri namizədi N.Tahirov bu ölkədə elm və təhsil müəssisələrində mühazirə oxumuş, alim-müəllimlərlə təcrübə mübadiləsi aparmışdı.

Bir il öncə - 1964-cü ilin avqustunda akademik Q.Əliyev torpaqşünasların Beynəlxalq Konqresində maraqlı məruzə ilə dünya şöhrətli alimlərin diqqətini cəlb etmişdir. Rumıniya ilə elmi əlaqələr get-gedə geniş vüsət almağa başlayırdı. Artıq 1960-cı illərin II yarısından Azərbaycan-Rumıniya elmi əməkdaşlığı alimlərin təcrübə mübadiləsi, elmi ezamiyyətləri ilə davam etdirilirdi.

    Sosialist ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə 1970-ci ildə Rumıniya ilə SSRİ arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Həmin müqavilədə sovet respublikaları ilə Rumıniya arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi üçün mədəni əməkdaşlığın əsas formaları kimi ədəbiyyat sahəsində yazıçı və şairlərin əməkdaşlığına, kitab mübadiəsi yə tərcüməçilik işinin gücləndirilməsinə, jurnalistlərlə mübadiləyə və s. başlıca yer verilirdi. Rumun ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında əlaqənin mövcudluğu artıq 1968-ci ildə görkəmli Azərbaycan klassiki M.P.Vaqifın 250 illlyi münasibətilə Bakıda keçirilən yubiley təntənələrində iştirak etmiş tanınmış rumın şairi Romulus Vulpeskunun simasında təzahür tapmışdı. R.Vulpeskunun M.P.Vaqifın yaradıcılığı haqqında söylədiyi səmimi fikirlər bütünlükdə Azərbaycan şeiriyyətinə olan məhəbbətdən xəbər veririrdi: "Dünyada məşhur, müdrik, klassik şair kimi tanınan Vaqifin yaradıcılığı ona görə ölməzdir ki, onun qəlbində Azərbaycana böyük məhəbbət uyuyur. Kitablardan oxuduğum və tanıdığım Azərbaycana olan məhəbbətim, onu, onun insanlarını, gözəlliklərini gördükdən sonra daha da artdı".

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1970-ci ildə şair Məmməd Rahimin Rumıniyaya yaradıcılıq sələri mədəni-ədəbi əlaqələrin formalaşmasında mühüm yer tutdu. 1971-ci ildə Rumıniyanın televiziyaradio əməkdaşlarının Azərbaycana səfəri də mühüm əhəmiyyət kəsb etdi. Həmin ildə 11 Azərbaycan rəssamının əsərinin Rumıniyada nümayiş etdirilməsi də Azərbaycan-Ruımniya mədəni əlaqələrinin inkişafında qiymətli bir hadisə idi. 1972-ci ildə rumın rəssamları A.Lauteriada və M.Bredjanın Bakıya səfəri bu sahədə başlanan əməkdaşlığa töhfə oldu.

Ədəbi əlaqələr sistemində iki ölkə jurnalistləri ilə mədəni əməkdaşlıq və təcrübə mübadiləsinə böyük üstünlük verildi. 1956-cı ildə Azərbaycana gəlmiş Rumıniya jurnalisti respublika haqqında gördüklərini ölkəsində təbliğ etmişdi. 1970-ci ildə Azərbaycan SSR-nin yaradılmasının 50 illiyi münasibətilə Rumıniya jurnalistləri yenidən respublikamızda səfərdə olmuş, Azərbaycanın ictimai-sosial, iqtisadi-mədəni həyatı ilə yaxından tanış olmaqla, əldə etdikləri təəssüratı məqalələrində ifadə etmişlər. 1987-ci ildə Rumıniyanın "Munkade partid" nəşrinin əməkdaşlarının Azərbaycana yaradıcılıq ezamiyyətləri isə bu sahədə əlaqələrin inkişafına bir sübutdur.

SSRİ və Rumıniya arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə müsiqi sahəsində də birgə əlaqələrin inkişafı məsələsinə diqqət yetirilmişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanın incəsənət nümayəndələri Rumıniyada konsertlər verdi. Rumın bəstəkarı və musiqişünası KristianXrisanidenin Azərbaycanda səfərdə olması, musiqi ictimaiyyatı ilə əməkdaşlığı hər iki ölkənin mədəni həyatında mühüm hadisə idi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan-Rumıniya mədəni əlaqələrinin formalaşması prosesində 1977-ci ilin payızında "Sovet və Rumıniya gənclərinin dostluq görüşü" çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin çox böyük tarixi-mədəni əhəmiyyəti olmuşdur. Həmin il oktyabrın 12 -13 tarixində keçirilən Dostluq görüşünün proqramına Azərbaycan Respublikasının ictimai-siyasi təsərrüfat-iqtisadi və ən əsası, mədəni həyatı ilə yaxından tanışlıq məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsi daxil idi. Rumınya gənclərinin nümayəndə heyəti Sumqayıtdakı Azərbaycan boru-prokat zavodunda, Kirovabad (indiki Gəncə) çini qablar zavodu, Xalça-mahud kombinatı, çörək-qənnadı sənayesi istehsalat birliyində olmuş, buradakı işlərlə yaxından tanış olmuş, məhsulların istehsalı üzrə təcrübə mübadiləsi aparmışlar. Rumınya gənclərinin Qazax rayonunda, xalq şairi Səməd Vurğunun vətəni, Yuxarı Salahlı kəndindəki Poeziya Evinin ekspozisiyası ilə tamşlığı yaddaqalan olmuşdur. Qonaqlar Xaçmaz, Quba və Şəkiyə də qonaq getmiş, Azərbaycan xalqının qonaqpərvərliyinə heyran qalmışlar. Bu festivalın maraqlı cəhətlərindən birio idi ki, gənclər harada, hansı müəssisədə olurdularsa, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparır, dostluq yığıncaqları keçirirdilər.

Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində bu əlamətdar hadisə ilə bağlı qəbulda Cəmiyyətin Rəyasət Heyətinin sədri Nəbi Xəzri qonaqları səmimi qarşılamış, Azərbaycan və Rumıniya gəncləri arasında keçirilən bu beynəlxalq tədbirin əhəmiyyətini dəyərləndirmişdi. Görüşdə qardaşlaşmış şəhərlər- Sumqayıt və Rumıniyanın şəhərlərindən biri olan Piteştinin çoxcəhətli əlaqələrindən də danışılmışdı. 

Dostluq görüşlərində bakılılar Rumuniyanın "Savoy" vokal-instrumental ansamblının yaradıcılığı ilə yaxından tanış oldular. Rumın xalq musiqisini geniş təbliğ edən "Karpat çələngi" folklor ansamblı, Bakının "Ekspress", "Xəyal", "Simurq", "Mehri" özfəaliyyət ansambılları Yaşıl Teatrda birgə konsert verdibr.

Dostluq festivalının maraqlı tədbirlərindən biri də Filatelçilər Cəmiyyətinin klubunda azərbaycanlı kolleksiyaçılarının Rumıniya mövzusuna həsr olunmuş sərgisi idi. Gənc kolleksiyaçı bakılı Q.Topalovun Ruımniyanın tarixindən bəhs edən poçt miniatürləri diqqəti daha çox cəlb etmişdir. Digər kolleksiyaçılar Q.ArzumanovD.Abraşkinin kolleksiyalarının mövzusu isə rumun rəssamlarının boyakarlıq və qrafika əsərləri idi. Digər gənc kolleksiyaçının markaları isə Rumıniyanın heyvanat aləminə həsr olunmuşdu.

Festival günlərində Bakının mədəniyyət ocaqlarından biri olan Aktyor Evində Rumın gəncləri klubu fəaliyyət göstərmişdir. Klubda musiqi kollektivlərinin, məşhur müğənnilərin konsertləri, istirahət gecələri böyük müvəffəqiyyətlə keçmiş, kinofilmlər nümayiş olunmuşdur.

Festival günlərində Rumıniyanın "Prelüdi" kamera xoru, skripkaçı Petre Pane, pianoçu Aleksandru Preda, Taraqot xalq alətlərində ifa edən Gesrge Popa, Rumıniya operasının solisti Luçnan Marinesku və digərlərinin bədii çıxışları bakılılar tərəfindən çox  böyük maraqla qarşılanmışdı.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 24 sentyabr.- S.15.