Suraxanı rayonunda Abbasqulu Ağa

Bakıxanovun 220 illiyi qeyd olunmuşdur

 

Bakı, 8 iyul (AzərTAc). Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli yazıçı, alim və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, yubiley tədbirində Milli Məclisin deputatları, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri, görkəmli alimlər və rayon ziyalıları iştirak etmişlər.

Tədbir iştirakçıları Suraxanı rayonunun Əmircan kəndində anadan olmuş Abbasqulu Ağa Bakıxanovun adını daşıyan parka gələrək burada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə tanış olmuş və ədibin parkda qoyulmuş büstünü ziyarət etmişlər.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov məlumat vermişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 12 fevral tarixli Sərəncamına uyğun olaraq ədibin adını daşıyan parkda geniş abadlıq işləri həyata keçirilmiş, burada qəsəbə sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılmış, Abbasqulu Ağa Bakıxanovun büstü qoyulmuşdur.

Parkda incəsənət ustalarının ifasında Abbasqulu Ağa Bakıxanovun sözlərinə yazılmış musiqi nömrələri səsləndirilmişdir.

Sonra tədbir iştirakçıları Ulu Öndərin Suraxanı rayonundakı Heydər Əliyev parkında ucaldılmış abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Abbasqulu Ağa Bakıxanovun və onun haqqında yazılmış əsərlərdən ibarət kitab sərgisi ilə tanış olmuşlar.

Mərkəzin elektron lektoriyasında öz işini davam etdirən konfransda İlqar Abbasov Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığından geniş söz açmışdır.

Bildirilmişdir ki, ədib 1841-ci ildə yazdığı Gülüstani-İrəm əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.

Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Abbasqulu Ağa Bakıxanovun adı ilə sıx bağlıdır. O, fəlsəfə, astronomiya, coğrafiya, qrammatika, etika, ilahiyyata dair qiymətli əsərlər, Azərbaycan və fars dillərində şeirlər yazmış, maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanda Şərq və Avropa mədəniyyətlərinin birləşməsi, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması sahəsində Mirzə Fətəli Axundzadənin sələfi olmuşdur.

Vurğulanmışdır ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz layiqli töhfəsini verir, xalqımızın mədəniyyətinin, milli mənəvi dəyərlərinin təbliğində müstəsna rol oynayır.

Konfransda AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Yaqub Mahmudovun, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, Milli Məclisin deputatlarından Nizami Cəfərovun, Musa Quliyevin və başqalarının Abbasqulu Ağa Bakıxanovun çoxsahəli fəaliyyəti haqqında maraqlı məruzələri dinlənilmişdir.

Abbasqulu Ağa Bakıxanov nəslinin nümayəndəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq Artisti Tofiq Bakıxanov mədəniyyətimizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

 

Səs.-2014.- 9 iyul.- S.11.