Ölkəmizdə nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradılır

 

 

“Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək gücündədir

İyirmi birinci yüzillikdə Azərbaycan demokratik, müstəqil dövlət olmaqla yanaşı, siyasi cəhətdən yetkin, iqtisadi potensiala malik dövlət olaraq qəbul edilir. Son illər həyata keçirilən sosial-iqtisadi yönümlü layihələr, dövlət proqramları, siyasi sabitlik ölkəmizin inkişafını daha da sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə reallaşan dövlət proqramları turizmindaha da inkişafına səbəb olub. Ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, eləcə də peşəkar kadların hazırlanmasına diqqətin artırılması və s.  Azərbaycanı turizm ölkəsi tək tanındıb. Mövcud olan irəliləyiş və nailiyyətlər dünyanın hər  bir qitəsindən olan turistləri Azərbaycana gətirir. Paytaxtımızın əsrarəngiz gözəlliyi, Dövlət Bayrağı meydanı, “Bakı Kristal Zalı”, son 2 ildə ölkəmizdə 5 beynəlxalq brendli beşulduzlu hotelin istifadəyə verilməsi və digər müasir tikililər saysız insanları bu məkana cəlb edir. Ümumilikdə Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib. Yeni turizm mərkəzləri açılıb.

Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümlük anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaradıb. Azərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və komplekslərini yaradır. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. “Şahdağ” qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” qış-yay turizm kompleksinə daxil olan “Qaya” və “Zirvə” mehmanxanalarının açılışı turistlərin istirahətinə geniş imkanlar açdı. Qış mövsümünə start verildiyi zamanda təkcə, son bir ay ərizində 10 mindən çox turist  “Şahdağ” qış-yay turizm kompleksində istirahət etmişlər. Bu statistik göstərici turizm sahəsindəki uğurun təzahürüdür. Turistlər arasında çoxlu sayda əcnəbilər də vardır. Turistlər bütün imkanlardan maksimum yararlanıblar. “Şahdağ” Qış-Yay Turizm Kompleksindəki şərait və qiymətlər turistləri tamamilə razı salır.

Qış turizminin inkişaf etdirilməsi ilə bağlı atılan növbəti addımlardan növbətisi Qəbələdəki “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi oldu. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Bu günlərdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı olub. “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir.  Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkün olacaq. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.

Kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biriburada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Bu layihənin reallaşdırılması respublikada dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır. Bu, gələcəkdə qış idman növlərində milli idmançılarımızın yetişməsində əvəzsiz rol oynayacaqdır.

“Şahdağ” Qış-Yay Turizm, “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət komplekslərində görülən işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə olunan uğurların göstəricisidir. Yaradılan şərait bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Azərbaycana - Qəbələyə, Qusara səfər edə bilərlər. Yay mövsümündə minlərlə qonağı qarşılayan bu məkanlar qışda da turistləri ən gözəl istirahət mərkəzi olacaq.

Bütün bunlar göstərir ki, Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına təsirini göstərir. Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2014.- 15 yanvar.- S.3.