Azərbaycan-Gürcüstan mədəni inteqrasiyası XII əsrdə

Orta əsrlərdə gürcü dünyəvi ədəbiyyatı, xüsusən, poeziyası Azərbaycan poeziyası ilə qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə şəraitində inkişaf edib yetkinləşirdi. Filologiya elmləri doktoru Dilarə Əliyeva "Ürək bir - dilək bir" əsərində yazır ki, bu, gürcü ədəbiyyatında özünü ilk növbədə mövzuforma təravətində, onda dünyəvi meyillərin artmasında, surətlərin xarakterində yeni cizgilərdə büruzə verirdi. Təsadüfi deyil ki, Şota Rustaveli də elə həmin dövrdə yetişmişdi. Ölməz sənətkarın "Pələng dərisi geymiş pəhləvan" poemasını Nizaminin "Leyli və Məcnun", "XosrovŞirin" əsərləri ilə tutuşdurduqda, istər sənətkarlıq, istərsə mündəricə baxımından onlarda aşkar müştərək cəhətlərin olduğunu görürük. Hətta bəzi tədqiqatçılar (məsələn, Xaxanaşvili, Cabadari) bu oxşarlıqlar əsasında "Pələng dərisi geymiş pəhləvan" poemasının orjinallığını inkar etmiş, Nizamidən iqtibas olunduğunu söyləmişlər. Əlbəttə, bu çox ciddi, tədqiqatçıdan geniş, hərtərəfli bələdlik və ədəbi ölçü, böyük məsuliyyət tələb edən məsələdir. Şübhəsiz, hətta böyük sənətkarlar arasındakı güclü oxşarlıqdan, geniş təsirlənmədən danışmaq olar və lazımdır. Lakin söhbət NizamiRustaveli kimi qüdrətli sənətkarlandan gedəndə ən sıx yaxınlıq, ən aşkar bəhrələnmə belə bəsit təqlid-iqtibas səviyyəsində izah oluna bilməz. Unutmaq lazim deyildir ki, böyük istedadlar ona görə böyükdürlər ki, faydalandıqları xüsusiyyətə öz orijinal yaradıcılıq möhürünü vururlar. Buna görə də, hər iki sənətkarın yaradıcılığındakı ideya-bədii yaxınlıq tamamilə başqa elmi-metodoloji aspektdən öz izahını tapmalıdır.

Zənnimizcə, Nizami və Rustavelidən bəhs edərkən tədqiqatçılar bu iki böyük şairin yaradıcılığındakı ümumi cəhətlər, xalqlarımızın mənəvi yaxınlığından və dövrün mütərəqqi ictimai ideallarından, təravətli ədəbi-estetik təsəvvürlərindən doğan, bunlarla şərtlənən oxşar məqamlar kimi maraqlandırmalıdır.

XII əsrin yetişdirmələri olan hər iki sənətkarın yaradıcılığındakı mənəvi yaxınlıq, ideya-mətləb ümumiliyi, dünyagörüşlərindəki səsləşən cəhətlər şəksizdir. Şübhəsiz, Nizami kimi dahi sənətkarın istər parlaq xarakterlər yaradarkən işlətdiyi təravətli boyalar, istərsə ümumiyyətlə, ədəbiyyata gətirdiyi dərin, orjinal ictimai-fəlsəfi fikirlər, böyük ideallar başqa-başqa xalqların ədəbiyyatına, o cümlədən, öz dövrünün məşhur sənətkarlarından olan Rustavelinin yaradıcılığına qüvvətli təsir göstərməyə bilməzdi. Bu təsir bir tərəfdən Nizami əsərlərinin cazibəsini, yayılma vüsətini təsəvvür etməyə imkan verirsə, digər tərəfdən Rustaveli istedadının qüdrətini, onun dövrünün ən qabaqcıl, ən mənalı ideya-bədii təmayüllərini özünə hopdura bilməsini, yaradıcılığının həmin təmayüllərlə səsləşməsini və əsərinin ən yüksək idealları səviyyəsinə yüksəlməsini əks etdirir. Bütün bunlara görə də, zamanın qabaqcıl fikri axtarışlarını tərənnüm edən, yeni dövrün yetişdirmələri olan, mənsub olduqları xalqın, vətənin azadlığı, eləcə də, insanlığın səadəti uğrunda çarpışın iki böyük sənətkarın yaradıcılığındakı yaxınlıq tamamilə təbii və qanunauyğundur. Nizami də, Rustaveliöz əsərlərində müxtəlif xalqlardan bəhs açmış, dindil ayrılığına baxmayaraq onların hər birinə böyük ehtiram və məhəbbət bəsləmişlər.

Dilarə xanım Əliyeva yazır: "Xalqlarımızın ənənəvi xüsusiyyəti olan vətənpərvərlik NizamiRustavelinin yaradıcılığında öz geniş ifadəsini tapmışdır. Nizaimnin Bəhram, İsgəndər və Şirin kimi, Rustavelinin Tariyel, Avtandil, NestanTinatiniöz vətənlərini ehtirasla sevir, onu hər təcavüzdən qorumağa hazırdırlar. Hər iki şair məhəbbətə, insanın həyatına istiqamət verən, onu mənən saflaşdıran, şəxsiyyəti ucaldan bir qüvvə kimi baxmışlar. Şirinin pak eşqi, yüksək kamalı Xosrovu islah edir, onu xeyirli işlər görməyə sövq edir. Darecan da müdrik bir insan kimi ən çətin dəqiqələrdə belə özünü itirmir, gələcəyə ümidlə baxır, öz ağıllı məsləhətlərilə sevgilisi Tariyeli ucaldır.

İstər Nizaminin, istərsə də Rustavelinin yaradıcılığında qadına münasibət məsələsindəki yaxınlıq, xüsusilə, diqqətəlayiqdir. Şirin, Leyli, Fitnə, Nüşabə, Tinatin. Nestan, Əsmət müdrik, cəsarətli və fədakardırlar - eşqə də, dosta da sadiqdirlər- budur hər iki şairin qadın surətlərini səciyyələndirən müştərək mənəvi-əxlaqi kefiyyətlər. Ölkəni atasından sonra müdrik bir hökmdar kimi idarə edən Tinatin sanki dünyalar fatehi İsgəndərə öz zəkası ilə qalib gələn Azərbaycan hökmdarı Nüşabənin bacısıdır. Maraqlı burasıdır ki, hər iki şair qəhrəman qadın haqqında düşüncələrini xalqlarımız arasında məhşur olan "Aslanın erkəyi - dişisi olmaz" zərb-məsəli ilə ifadə etmişdir. Qafqaz qadınlarının qəhrəmanlığını ümumiləşdirən bu hikmətli sözlər həyatın özündən doğurdu. Amazonklar haqqında söylənilən rəvayətlər, Gürcüstan çariçası Tamara, NizamiRustavelinin müasiri, şahlara meydan oxuyan şairə Məhsəti xanım hər iki sənətkar üçün canlı nümunələr deyildimi?"

Nəhayət, hər iki şairin yaradıcılığında insan dünyanın əşrəfi və ali varlıq kimi təqdim edilir. İnsan hər şeyə qadirdir, ancaq onun mənəviyyatı zəngin, əməlləri pak, xisləti təmiz olmalıdır. Hər iki şair çətin anlarda ruhdan düşməməyə, gələcəyə inamla baxmağa çağırırdı.

Həm Rustaveli, həm də Nizami yaradıcılığında humanizm ideyaları, insanın ictimai və şəxsi xoşbəxtliyi motivi əsas yer tutur. Hər iki sənətkar bütün bəşəriyyəti xoşbəxt görmək istəmişdir. Yaratdıqları qəhrəmanlar da məhz bu amal, bu məqsəd uğrunda mübarizə edir, bunun üçün çalışırlar. Nizamiyə görə, bütün yüksək məziyyətlərə malik olan insan öz şərəfini, öz mövqeyini müdafiə etməlidir. O öz əməi ilə mərdi-mərdanə, azad yaşamalıdır. İnsanı onun layiq olduğu məziyyətlərdən məhrum edən zülmdür. Odur ki, şair bütün yaradıcılığı böyük zülmkarlara qarşı amansız olmuşdur. İlk əsəri "Sirlər xəzinəsi"ndən başlamış "İsgəndərnamə"yə qədər şair zülm və zorakılığı kəskin tənqid etmiş, zülmün vəhşilərə məxsus bəd əməl olduğunu xalq arasından çıxmış ayrı-ayrı şəxslərin dili ilə zülmkarların üzünə oxumuşdur. "Sultan Səncərlə qarı", "Zalım padşahla doğruçu qoca" hekayələri, "Yeddi gözəl"də çobanın vəzir Rast - Rövşənin xəyanətlərini açan müdrik hekayəsi bu fikrə ən yaxşı dəlildir.

Rustaveli zahirən gözəl, mənən təmiz, mərd insanları tərənnüm etmişdir. Onun fikrincə, belə pəhləvanlar yetimlərin, dulların, dərdlilərin, bir sözlə, bütün məzlumların müdafiəçiləri, pənahıdırlar. Bu qəhrəmanlar, hər şeydən əvvəl, bütünlüklə öz ölkələrinə, öz xalqlarına xidmət edirlər. "Pələng dərisi geymiş pəhləvan" əsərinin aradıcısı xalqın məhz belə oğullarını tərənnüm etmişdir. İnsan ancaq yaxşılıq etməlidir. Rustaveli insanın təbiətən saflığına, təmizliyinə, xeyirxah, nəcib əməllərin cəmiyyət həyatı üçün böyük və ibrətamiz mənasına dərindən inanırdı.

Dilarə xanım Əliyeva göstərir ki, NizamiRustavaeli poeziyası, sözün həqiqi mənasında, humanist və bəşəri poeziyadır. Bu poeziyanın ümdə mövzusu insandır, başlıca idealı və insan xoşbəxtliyindən ibarətdir. Məhz həmin məqsəd naminə Şərqin bu iki dühası cəmiyyətdəki çürümüş cəhətləri meydana çıxarıb qamçılayır, zülmün, ədalətsizliyin aradan qalxmasını istəyir, insanın xoşbəxt olması üçün yollar axtarırdılar. Təsadüfi deyil ki, hər iki şair, nəhayət, "xoşbəxtlər ölkəsi" ideyasına gəlib çıxmışlar. Məlumdur ki, dünya ədəbi-fəlsəfi fikrində həmin ideyanın kökü, başlanğıcı daha qədim dövrlərə gedib çıxır. Lakin hər iki sənətkar bu ideyanı öz qənaətləri, öz arzu və təsəvvürləri ilə zənginləşdirmiş, xəyali ölkənin parlaq, cazibədar bədii mənzərəsini canlandırmışlar. Bu, elə bir quruluşdur ki, burada ağaqul, zalım və məzlum, hakim və məhkum anlayışları yoxdur. Nizaminin İsgəndəri nə qədər ədalətli, xalqa yaxın, qayğıkeş olsa da, ideal hökmdar haqqında təsəvvürləri baxımından yenə də şairi təmin etməmişdir. Çünki sənətkarın ictimai idealları daha yüksək, daha ədalətli bir quruluş tələb edirdi. Belə bir ölkəni İsgəndər Şimal səfərindən qayıdarkən yolda görür.

Rustaveli öz feodal dövlət quruluşunu cəmiyyətin əsas quruluşu kimi götürür, ancaq ondakı zülmə, qul-ağa münasibətlərinə qarşı çıxır, qulların azad olmasını istəyir, insanlara humanist münasibət tələb edir. Onun qəhrəmanları Tariyel, Avtandil, Firidun ölkəni xarici təhlükədən qurtardıqdan sonra bütün qüvvələrini daxili qanunları qaydaya salmağa, insanlar arasında mehriban münasibətlər yaratmağa, haqsızlığı, ədalətsizliyi, isanın insan tərəfindən istismarını aradan qaldırmağa sərf edirlər. Doğrudur, bu xəyali cəmiyyət Rustavelidə Nizamidəki kimi formalaşmayıbdır, ancaq şair belə bir cəmiyyəti ötəri də olsa arzulamışdır. Tariyel, Firidun Avtandil əslində öz ölkələrində şairin arzu elədiyi bir cəmiyyəti yaradırlar.

Dilarə Əliyeva yazır: "XII əsrin bu iki böyük dühası cəmiyyət həyatının kəsirlərini görür, bəşəriyyətin xoşbəxtliyi, bərabərliyi və azadlığı haqqında düşünürdülür. Doğrudur, bu gələcəyi onlar hələ utopik-xəyali şəkildə təsəvvür edirdilər, ancaq belə gözəl cəmiyyətin bədii təcəssümünü verməklə dövrün mövcud qayda-qanunlarına öz etirazlarını bildirirdilər. İnsanldar azad və xoşbəxt yaşamalıdırlar. Birinin digərinə zülmü, bir xalqın digər bir xalq üzərində hökmranlığı ədalətsizlikdir, haqsızlıqdır. RustaveliNizami insanların və xalqların mehriban, qardaş kimi yaşamasını, bəşəriyyətin hərtərəfli xoşbəxt və azad olmasını istəyirdilər. Onlar təsvir etdikləri kimi elə bir cəmiyyət arzulayırdılar ki, orada hər kəs ümumin xeyri üçün çalışacaq, ədavət, ehtiyac aradan qalxacaq, yalan, xəyanət və fitnə olmayacaqdır.

Nizami ilə Rustavelinin arzuladıqları utopik ölkə o dövr üçün ən yüksək, ən ideal insan cəmiyyətidir. Həmin ölkə və cəmiyyət öz dövrü üçün çox mütərəqqi bir arzu idi. Bu arzu hər iki şairin dünyagörüşü, fəlsəfi düşüncələri ilə sıx əlaqədar olub, onların humanizmindən, insanın xoşbəxtliyi naminə axtarışlarından doğmuşdu. Gördüyümüz kimi, Şərqin bu iki dahi mütəfəkkir sənətkarı bəşəriyyətin gələcəyi haqqında düşünərkən müştərək qənaətlərə gəlib çıxmışdılar."

Bütün yaradıcılığı boyu zülmistibdada qarşı çıxan, insanları bəşəri ruhda tərbiyə etməyə çalışan, onları ümumin səadəti uğrunda mübarizəyə səsləyən, insanlıq şərəfinin ülviyyəti haqqında vacib fikirlər təlqin edən Nizaminin müdrik, hərarətli səsinə qonşu Gürcüstandan Rustaveli öz qüdrətli səsini qoşmuş, ölməz poemasında azadlıq və məhəbbət ideyalarını tərənnüm etmişdir.

Bu qısa xülasə göstərir ki, Nizami ilə Rustaveli yaradıcılığının qarşılıqlı surətdə öyrənilməsi, onları bir-birinə bağlayan cəhətlərin, ədəbi əlaqələrin tədqiqi qarşısında qoyulan bugünkü tələblər, metodoloji prinsiplər baxımından elmi izahı nə qədər lazımlı və vacibdir. NizamiRustaveli kimi dühaların yaxınlığı xalqlarımızın ədəbi əlaqələri tarixinin parlaq, olduqca mənalı və fərəh doğuran səhifələridir.

Doğma xalqını, vətənini odlu ehtirasla sevən Nizamiöz növbəsində Gürcüstanı tanımış, gürcü xalqına dərin hörmət bəsləmişdir. İlk dəfə Gürcüstanın, Abxaziyanın adına şairin "XosrovŞirin" poemasında təsadüf edirik. Məhinbanu payız aylarını Abxaziyada keçirib, ovla məşğul olurdu.

"İsgəndərnamə" poemasında isə Nizami TiflisGürcüstandan bəhs açır. Buranı "cənnət kimi gözəl diyar" "zəngin, bəzəkli, çiçəkli ölkə" kimi tərifləyir. Nizami Gürcüstanın təkcə gözəl təbiətini vəsf etməklə, kifayətlənməmişdir. "İsgəndərnamə"də Abxaziyanın igid sərkərdəsi Məlik Duvali Şərqin əfsanəvi qəhrəmanı Rüstəm ilə müqayisə edilir. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, gürcü mütəxəssisləri Nizaminin Məlik Duvali timsalında Tamaranın əri David Soslanın surətini yaratdığını ehtimal edirlər (K.Kekelidze, Ş.Nutsubidze). Duvali adının gürcü dilinə məxsus "i" sonluğu ilə işlədilməsi, qədim gürcü mənbələrində David Soslana məlik deyilməsi də bu ehtimal haqqında düşünməyə vadar edir. Hər halda Nizami öz dövründə Şirvan şahları ilə Gürcüstan hökmdarları arasında qohumluq əlaqəsinin də olduğunu bilməmiş deyildi.

Nizami Gürcüstan hökmdarı Tamaranı tanımış öz əsərlərində onun adını çəkmişdir. Səid Nəfisi "Qəsaid və qəzəliyyat Nizami" əsərində "Tarixi Təbəristan"i istinad edərək, həmin fikri təsdiq etmişdir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 22 yanvar.- S.15.