Sovet dövründə Azərbaycan-Gürcüstan mədəni inteqrasiyasının inkişafında Səməd Vurğunun rolu

 

 

Sovet xalqlarının dostluq və qardaşlığının ilhamlı nəğməkarı, yorulmaz təbliğatçısı Səməd Vurğunun adı hər yerdə-böyük vətənimizin hər guşəsində tükənməz məhəbbət, hərarət və səmimiyyətlə yad edilir. Şairin ecazkar poeziyası sanki xalqlar dostluğu himnidir. Səməd Vurğun həqiqi sovet şairi kimi öz poeziyasında başqa xalqların həyatına, məişətinə, arzu və diləklərinə, tarixinə xeyli yer vermiş, əsil beynəlmiləlçi şair ürəyi və ilhamı ilə onları tərənnüm etmişdir. Əsrlərdən bəri mehriban qonşuluqda yaşayan, şadlıq və kədərini bölüşdürən Zaqafqaziya xalqlarının, o cümlədən, Azərbaycan və gürcü xalqlarının tarixi dostluğu S.Vurğun yaradıcılığında xüsusi yer tutur.

Filologiya elmləri doktoru D.Əliyeva göstərir ki, Səməd Vurğun hələ gənc yaşlarında Gürcüstanın səfalı yerlərini gəzmiş, zəhmətkeş gürcülərlə duz-çörək kəsmiş, ünsiyyət bağlamış, qardaş xalqın adət və ənənələrilə yaxından tanış olmuşdur. Şair sonralar da tez-tez Gürcüstanın qonağı olmuş, gürcü qələm dostları ilə görüşmüşdür. Təsadüfi deyildir ki, yaradıcılığa başladığı ilk illərdən müxtəlif münasibətlərlə Gürcüstandan, onun zəngin təbiətindən, adamlarından bəhs etmişdir. 1929-cu ildə yazdığı "Kür çayı" şeirində Azərbaycanla Gürcüstan torpağını bir-birinə bağlayan, hər iki xalqın zəmilərini suvaran Kür çayını xalqlarımızın dostluq rəmzi kimi qiymətləndirmişdir.

Zaqafqaziya xalqlarının dostluğu mövzusu S.Vurğun yaradıcılığında təsadüfi səciyyə daşımamış, böyük şairin idealları ilə üzvi surətdə bağlı olmuşdur. Şair tez-tez bu mövzuya müraciət etmiş, erməni, gürcü və Azərbaycan xalqlarının dostluğuna, qardaşlığına dair böyük bədii təsir qüvvəsi olan əsərlər yazmışdır. Azərbaycan və gürcü xalqlarının tarixi dostluğunun tərənnümü baxımından "Vaqif" pyesi yalnız S.Vurğun yaradıcılığında deyil, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında görkəmli yer tutur. Əsər Vaqifin həyatına həsr edilsə də, burada Azərbaycan  gürcü xalqlarının yadelli işğalçılara qarşı birgə mübarizəini göstərən təsirli səhnələr vardır. S.Vurğun tarixi faktlara böyük diqqətlə, həm də müasirlik nöqteyi-nəzrindən yanaşmışdır. Özü bu haqda deyirdi: "Tariximizi meydana çıxarmalıyıq. Fəqət, tarixi bu günün nöqteyi-nəzəri ilə meydana çıxarmalıyıq."

"Vaqif" pyesini bu günlə səslşdirən orada əks olunan yüksək vətənpərvərlik hissidir, çünki ayrı-ayrı xalqların tarixində vətənpərvərliyə aid ən yaxşı cəhətlər sovet vətənpərvərliyində öz ifadəsini tapır. Pyesdə Azərbaycan və gürcü xalq döyüşçü dəstələrinin işğalçılara qarşı birgə mübarizəsi vətənpərvərliyin yüksək nümunəsi kimi qiymətləndirilə bilər. Əsərdə tarixi hadisələr realistcəsinə, insanlar öz konkret həyati cizgiləri, əlamətləri və fərdi cəhətləri ilə göstərilmişdir. Azərbaycanla Vaqif, Vidadi və Eldarı gürcü ŞalikovTamara ilə vahid bir məqsəd biləşdirir. Yadelli işğalçılara qarşı birgə mübarizədə şair və məslək birliyini çox inandırıcı və təbii boyalarla göstərmişdir. Şairin "Xanlar" pyesində də Zaqafqaziya xalqlarının dostluğu, onların kommunistlərin rəhbərliyi altında köhnə dünyaya qarşı birgə mübarizəsi yüksək sənətkarlıqla tərənnüm edilmişdir.

S.Vurğun qardaş xalqlar ədəbiyyatına böyük hörmət bəsləyən, bu ədəbiyyatı daim öyrənən, şair və alim-tədqiqatçı kimi onun nailiyyətlərinə sevinən və yüksək qiymət verən geniş ürəkli bir sənətkar idi. O, gürcü ədəbiyyatının ehtiraslı tədqiqatçılarından olmuşdur. S.Vurğunun gürcü ədəbiyyatı ilə əlaqəsi yazdığı şeirlər, etdiyi çıxışlar və tərcümələri ilə bitmir. Şairin həyatı həmişə Gürcüstangürcü şairləri ilə bağlı olmuşdur. Gürcü şairləri arasında onun Georgi LeonidzeKarlo Kaladze kimi dostları olmuşdur. Məlumdur ki, ədəbi əlaqələrin inkişafına zəmin yaradan amillərdən biri də şairlərin şəxsi dostluğudur. Bu dostluq nəticəsində  onlar bir-birinin ədəbiyyatını, tarixini daha dərindən öyrənməyə çalışırlar. Bu baxımdan S.Vurğunla Georgi Leonidzenin dostluğu Azərbaycan-gürcü ədəbi əlaqələri tarixində parlaq səhifələrdən birini təşkil edir.

S.Vurğun G.Leonidzenin yaradıcılığındakı vətənpərvərlik ruhunu, yüksək lirikanı və vətəndaşlıq pafosunu təqdir edir, onu sözün əsil mənasında, milli şair hesab edirdi. Sovet yazıçılarının ikinci qurultayındakı məruzəsində belə demişdi: "Hər xalqın öz tarixi, öz həyat tərzi, öz ənənələri, əsrlərlə formalaşan dili, adətləri, təfəkkür tərzi vardır. Ancaq milli zəmində həqiqi böyük sənətkar yüksələ bilər. G.Leonidze belə şairlərdəndir. O da S.Rüstəm və M.İsakovski kimi milli zəminə bağlı, ondan qidalanan bir sənətkardır."

D.Əliyevanın fikrincə, S.Vurğun öz qələm dostunun yaradıcılığını izləyir, hər yeni əsəri ilə maraqlanır, onun hər bir nailiyyətini alqışlayırdı: "S.Vurğunun G.Leonidzeyə bir məktubu bu cəhətdən çox maraqlıdır. Bu məktubu G.Leonidze Gürcüstan SSR Elmlər Akademiyasının Gürcüstanda sovet hakimiyyətinin qurulmasının 40 illiyinə həsr olunmuş elmi sessiyasında məruzə etdiyi zaman mənə vermişdi. Xalq şairimizin bu məktubu G.Leonidzenin "Drujba norodov" jurnalında çıxan "Portaxala" poemasından aldığı gözəl təəssüratı bir məktubda izah etmək çox çətindir. Sən onu lirik poema adlandırırsan. Bu, belədir, ancaq bu gözəl lirik poemanı mən poemanın fəlsəfəsinin təsdiq etdiyi kimi əsrlərlə yaşamış, zəhmət çəkmiş, əzab çəkmiş, əzab görmüş və nəhayət, məhz namuslu əməyi və mənəvi cəsarəti ilə əbədiyyat hüququ qazanmış qüdrətli gürcü xalqı haqqında bütöv bir epopeya hesab edirəm."

S.Vurğun öz yaradıcılığı ilə G.Leonidze yaradıcılığı arasında bir yaxınlıq və doğmalıq görürdü. "Portaxala" ana-qəhrəman gürcü qadını haqqında yazılmış bir dastandır. Şair onun simasında keçmişdə min bir əzab görmüş qadınının, gürcü anasının ümumiləşdirilmiş surətini yaratmışdır. "Sənin poemanı oxuduqdan sonra gözm önündə xatirəsinə çox şeir həsr etdiyim acı taleli doğma anam Məhbub xanımın surəti canlandı.  Mən ona çoxlu şeir həsr etmişəm, ancaq etiraf etməliyəm ki, mənə doğma olan bu mövzunu mən sənin kimi ümumiləşdirmə səviyyəsinə qaldıra bilməmişəm. Mən həmişə sənin poeziyanı onda olan hikmətlərə və aforizmə görə sevmişəm. Lakin bu poemanı oxuduqdan sonra sənin şeirini daha çox sevməyə başladım, çox sağ ol, əziz dost, qoy sənin yeni gözəl nəğmələrin yeni poetik simfoniyalarla qovuşsun." Bu hərarətli sözlər Leonidze yaradıcılığının qüdrətinə verilən həqiqi və yüksək qiymətdir.

D.Əliyeva qeyd edir ki, S.Vurğunun könülləri fəth edən poeziyası gürcü oxucularının da qəlbini fəth etmişdir. Onun "Azərbaycan", "Muğan", "Ölüm kürsüsü", "Zəncinin arzuları" "26-lar" və başqa əsərləri dəfələrlə gürcü dilində nəşr edilmişdir. S.Vurğunun yaradıcılığını və şəxsiyyətini onun gürcü qələm dostları yüksək qiymətləndirmişdir. G.Leonidze öz şair dostunu çox sevir və yaradıcılığına yüksək qiymət verirdi. S.Vurğunun 50 illik yubileyində yazdığı məqalədə oxuyuruq: "S.Vurğun yalnız Azərbaycan ədəbiyyatını deyil, çoxmillətli sovet ədəbiyyatı xəzinəsini zənginləşdirmişdir.

G.Leonidze S.Vurğunu təkcə şair kimi deyil, geniş ürəkli bir insan, görkəmli ictimai xadim, alovlu vətənpərvər və beynəlmiləlçi kimi tanıyırdı: "...Səməd Vurğunun xəstələnməsi gürcü dostlarını dərindən kədərləndirmişdi. Moskvada xəstəxanada yatdığı zaman G.Leonidzenin şairə göndərdiyi məktub gürcü dostlarının ona münasibətini çox yaxşı ifadə edir: "Əzizim Səməd, mənim gözəl dostum və qardaşım!.. Sənə nə olub? Məgər Lənkəran pələngi də xəstələnərmi? Eybi yoxdur, həyatda hər şey olur, bəzən pələnglər də xəstələnir. Bərk dur! Hər şey keçər, hər şey düzələr, sənin mahnı deyən qəlbin yenidən, daha güclü ötər. Tezliklə xəstəxana çarpayısından durarsan, şadlıq məclisi qurarıq, əziz dostumuz! Qalx, nurlu ol, nur saç!"

Bu məktubu şərh etməyə ehtiyac yoxdur.  Hər sözündən səmimiyyət və məhəbbət duyulan belə məktubu qardaş xalqın sənətkarına böyük hörmət bəsləyən, dostluğu qiymətləndirməyi bacaran geniş qəlbli, böyük ürəkli bir sənətkar yaza bilərdi...

Səməd Vurğun öz zəngin yaradıcılığı, qəlbləri dilə gətirən şeiri, yüksək vətənpərvərliyi, vətəndaşlığı, doğma xalqa dərin məhəbbəti, hikməti, sadəliyi, səmimiliyi, mehribanlığı, təmannasız qayğıkeşliyi ilə həmişə yaxın və uzağı heyran edirdi. Şairin 50 illik yubileyi günlərində gürcü qələm dostları onun ünvanına öz ürək sözlərini, gürcü xalqının səmimi arzularını göndərmişdilər. Gürcüstanın xalq şairi İ.Qrişaşvilinin teleqramında oxuyuruq: "Əziz Səməd, şeir səmamızı bəzəyən hər bir yeni şeirin sənin öz xalqını sevindirdiyi kimi, biz qardaş xalqın şairlərini də ürəyini coşdurur." İraklı Abaşidze isə Səməd Vurğunu sovet poeziyasının banilərindən birigürcü xalqının həqiqi dostu kimi alqışlayırdı: "Əziz dostum Səməd, Sovet Gürcüstanının yazıçıları, dostlarınız, yoldaşlarınız anadan olmanızın 50 illiyi münasibətilə Sizi, sosializm poeziyasının banilərindən biri kimi, gürcü xalqının səmimi dostu kimi təbrik edir, hərarətlə qucaqlayır, ürəkdən salamlayırlar."

"Gürcü yazıçıları S.Vurğunu heç vaxt unutmur, bu günSovet Azərbaycanının əmək qələbələrinin, mədəni nailiyyətlərinin hər təntənəsində onun məğrur səsini eşidir, sevincini duyurlar". Bu baxımdan, G.Leonidzenin 1960-cı ildə şair Qasım Qasımzadəyə göndərdiyi məktub çox maraqlıdır: "Siz yəqin bilirsiniz ki, mənimlə Səməd Vurğun necə bir-birimizi sevirdik. Bu gün doğma xalqın təntənəsini bayram edəndər arasında onun olmadığını düşünəndə, ürəyim kədərlə dolur, ancaq mən bilirəm ki, onun şair səsi nəinki bu təntənələrdə iştirak edir, hətta xalq şairinin odlu, qüdrətli səsiylə bu təntənələrə başçılıq edir.

Xahiş edirəm mənim qardaşlıq salamımı, təbriklərini və xoş arzularımı, səadət, sağlamlıq və yaradıcılıq uğurları diləyimi Səməd Vurğunun ailəsinə, Mehdi Hüseynə və ailəsinə, eləcə də, Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəsul Rzaya, Məmməd Rahimə, Osman Sarıvəlliyə, Mirvarid Dilbaziyə və bütün çoxsaylı azərbaycanlı dostlarıma çatdırasınız.

Məqaləni gecikdirdiyim üçün bir daha üzr istəyirəm.

Georgi Leonidze 24.IV-1960".

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 30 yanvar.- S.15.