Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi turizm axınını gücləndirir

 

Azərbaycanda artıq turizm intensiv sürətlə inkişaf edir. Buna səbəb ölkənin dünyanın 11 iqlim tipindən 9-na malik olması, dağı, meşəsi, dənizi, çayı, ecazkar təbiəti və külli miqdarda dərman bitkiləri, geniş sahələri, xüsusilə də dövlət tərəfindən bu sahəyə göstərilən diqqətdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan turizm siyasətinin nəticəsi olaraq qəbul edilən qərarlar bu sahənin davamlı inkişafına səbəb olub. Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət ölkənin bütün sahələrinin inkişafına səbəb olmaqla yanaşı, turizm sahəsində də özünü büruzə verir. Belə ki, Prezidentin sərəncamları ilə Azərbaycan turizmin inkişafına dair 2010-2014-cü illər Dövlət Proqramı, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı bu sahənin inkişafında əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, 2011-ci ilin Turizm ili elan edilməsi, eləcə də 2011-ci ilin Turizm ili elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq olunması turizmin sürətli inkişafına təkan oldu. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları turizm siyasətinin həyata keçirilməsinə də əsaslı dönüş yaradıb.

Turizm ölkə iqtisadiyyatının əsasını təşkil edən bir sahə olaraq inkişaf etdirilir. Bu məqsələ ölkəmizdə dünyanın ən müasir turizm obyektləri, mehmanxanalar, müalicə mərkəzləri, istirahət mərkəzləri yaradılır. Ekspertlərin fikrincə, Azərbaycan turizmi bu cür inkişaf edərsə, yaxın 5-10 ildə öz əhalisinin sayı qədər turist qəbul edə bilər. Bu təkcə maddi gəlirlə deyil, həm də Azərbaycanla tanışlığa öz töhfələrini verəcək.

Bu gün Azərbaycanda dünya standartlarına cavab verən beşulduzlu mehmanxanların istifadəyə verilməsi dünyada analoqu olmayan bir hadisə kimi qiymətləndirilir. Bununla yanaşı, Azərbaycanda dördulduzlu, üçulduzlu hotellər də inşa olunub. Artıq ölkəmizin bölgələrində hotelçiliklə bağlı bir sıra işlər görülüb ki, bu da ölkə turizminin durmadan inkişafını reallaşdıran amillərdir. Bütün bunlar ölkənin mənzərəsinə yeni ab-hava gətirir. Bu müasirlik turizm bazarının artmasına da təsirini göstərir.

Onu da qeyd edək ki, Azərbaycanın təbiəti, mövcud olan atmosfer ölkəmizi turizm ölkəsi kimi dünyada diqqətdə saxlayır.

Təbii ki, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizdə turizmin inkişafına yeni qapılar açır. Bu yaxınlarda ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ölkəmizə saysız turist axınına səbəb oldu. Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28.000 nəfərdən artıq olub.

Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük BritaniyaŞimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.

Küləklər şəhəri adlanan Bakıda müxtəlif tarixi dövrlərdə müasir tipli binaların tikilməsinə baxmayaraq, İçərişəhər və Şirvanşahlar saray kompleksinin özünəməxsusluğunun qorunub saxlanılması, milli irsin qorunması naminə muzeylərin yaradılması və bərpası əcnəbi qonaqların marağına səbəb olub.

Bu günlərdə isə dünyanın 12 ölkəsindən tanınmış musiqi xadimlərinin iştirakı ilə 7 gün davam edən Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ölkəmizin bir daha dünyada tanıdılmasına xidmət etdi. Bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bütün bölgələrindən, həm də xaricdən insanlar Qəbələyə axışıblar. Bu festival, həmçinin, Qəbələnin turizm potensialının, regionda gedən inkişafın nümayiş etdirilməsi və ən nəhayət, zəngin ənənələrə malik Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təbliğ olunması baxımından unikal tədbir olduğunu bir daha nümayiş etdirdi.

Festival günlərində Qəbələyə 3 mindən çox yerlixarici turistin üz tutması bu layihənin əhəmiyyətini ehtiva edir.

Qəbələyə səfərin ayrıca bir macərasının olması isə tamamilə başqa bir zövq yaradır. Səhər Qəbələdə göz önündə açılan mənzərə, gözəlliklərdən soraqdır. Qəbələnin zəngin tarixi irsi və mədəniyyəti isə tamamilə başqa bir lövhədir. Bu region çox qədim tarixə malikdir. Rayonun ərazisindən Dəmiraparan çayı, Vəndam çayı, Bum çayı, Tikanlı çayı və başqa çaylar turistlərin marağına səbəb olur. Qəbələ rayonunda dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Burada ceyran, cüyür, ayı, canavar, dovşanyerli faunanı təmsil edən digər heyvanları ovlamaq olar. Respublikanın ən uca zirvəsinə Bazardüzü dağına gedən alpinist marşrutlarından biri bu rayondan keçir.

Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid, Əmili kəndindəki Alban məbədi, Bayramkoxa kəndindəki Ustacan qülləsi, Nic kəndindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həmzəlli kəndindəki Şıxbaba piriKomrad dağının zirvəsindəki Komrad piri bu rayon tarixi baxımından qədim sayılan məkanlarıdır.

Dağlıq ərazidə yerləşən Qəbələnin sıx meşələri, gözəl mənzərəli yerləri, sərin bulaqları, qədim tarixi abidələri, müasir turizm obyektləri, gursulu dağ çayları və səfalı yaylaqları turistlərin yüksək marağına səbəb olur. Qeyd edək ki, Qəbələ rayonunda turizm mövsümünə rəsmən iyun ayında start verilsə də, ənənəvi olaraq artıq mayın ortalarından başlayaraq turistlər Qəbələyə intensiv şəkildə gəlirlər. İstirahət etmək üçün Qəbələyə gələn yerlixarici turistlərin sayının ildən-ilə artmasına səbəb daxili potensialın mövcudluğu ilə yanaşı, burada irili-xırdalı 100-dən artıq turizm obyektinin yüksək səviyyədə fəaliyyət göstərməsidir. Son illərdə Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artmışdır. Gün ərzində bu obyektlərdə, ümumilikdə 2500-ə yaxın qonağa restoranhotel xidmətlərinin, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərinin göstərilməsi üçün imkanlar mövcuddur.

Azərbaycanın hər bir məkanının gözəlliyi kimi Qəbələnin də başqa bir mənzərəsi göz önündə canlanır. Qəbələ və Lahıc özünəməxsus gözəllikləri və tarixi-mədəni irsi barəsində hər kəsə danışır. Bu baxımdan Qəbələyə gələn yerlixarici turistlərin sayı ildən-ilə artır.

NƏZAKƏT

Səs.-2015.- 4 avqust.- S. 6.