Yetkin qələm sahibi

"Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir"  Ömər Faiq Nemanzadə

 

XX əsr Azərbaycan publisistikasının inkişafında böyük xidmətləri olan şəxslərdən biri də görkəmli jurnalist, molla nəsrəddinçilərin ideya rəhbərlərindən olan Ömər Faiq Nemanzadədir. Cəlil Məmmədquluzadənin yaxın  dostu və məsləkdaşı olan  Ömər Faiq Nemənzadə 1872-ci il dekabrın 24-də Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. O, ilk təhsilini kənd camesində alıb və anasının təkidi ilə 1882-ci ildə İstanbula gedib, "Fateh" məktəbində təhsilini davam etdirib.

Təbiət elmlərinə həvəsi olduğundan, sonradan "Darüş Şəfəq" məktəbinə daxil olub. Həmin məktəbi bitirdikdən sonra (1891) Qalata poçtteleqraf idarəsində əmək fəaliyyətinə başlayıb. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olub. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulub.

Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə (1894) vətənə qayıdıb. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını xalqın azadlığı uğrunda mübarizəyə yönəldib.

Ömər Faiq 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demişİstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayaraq, onların dünyagörüşünün inkişafına təkan vermişdir. O. burada M.F.Axundovun "Müsyö-Jordan və dərviş Məstəli şah" pyesini səhnə üçün hazırlamış, Müsyö Jordan rolunda özü çıxış edib.

1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə getmiş, orada İstanbuldan gəlmiş Məhəmməd Əfəndi ilə yaxından tanış olub. Məhəmməd Əfəndi oradakı gənc müəllimlər və yazıçılara təsir edib. Ömər Faiq 1896-1998-ci illərdə xəstəliyinə görə AbastumandaAzğurda qalıb.

Ahıskada milli məktəb açmaq fikrinə düşən Ömər Faiq Tiflis maarif müdirinə ərizə yazıb ondan: "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz" cavabını alıb.

Tiflisdən MüftiŞeyxülislama şikayətlənib "Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu" söyləyib.

1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllim işləyib. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarixdil fənlərini tədris etdirmişdir. 1900-cu ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlib.   Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı şəkildə yaşamasını görən Ömər Faiq "Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim" demişdir.

Daha sonra Ömər Faiq 1900-cu ildə Şamaxıya gəlmişdir. O, burada milli məktəbin təşkil edilməsində yaxından yardım etmiştarix, coğrafiya, hesabtürk dilindən dərs demişdir. 1902-ci il yanvar ayının 31-də Şamaxıdakı güclü zəlzələdən sonra Ömər Faiq Tiflisə getmişdir. Ömər Faiq 1903-cü ilin mart ayının 30-da nəşrə başlamış "Şərqi-Rus" qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə işləməyə başlamışdır. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasiictimai gündəlik türk qəzeti olmuşdur. Qəzetin insanların maariflənməsində böyük gücə malik olduğunu dərk edərək məqalələrinin birində belə yazırdı: " Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır. Şükr Xudaya, bizdə də dövri-tərəqqiyə girəcəyimizi bildirən əsərlər, şahidlər çox gecolsa, zühur etməkdədir. İştə çoxdan bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz ikmil üçün möhtac olduğumuz "Şərqi-Rus" adında Tiflisdə nəşr olunmağa başladı. Qəzet sahibi özünə düşən həmiyyət və millətpərvərliyini göstərdi. Görəlim! Biz camaat da özümüzə düşən müaviniyyət və kömək vermək vəziifeyi-milliyyə və insaniyyətimizi göstərib təzə çıxan bu işığa rövnəq verəcəkmiyiz?"

Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə "Molla Nəsrəddin" jurnalı nəşr edilmişdir. Jurnalın təsis edilməsində və nəşrində Ömər Faiqin də müstəsna rolu olmuşdur. "Molla Nəsrəddin"də yalançı hürriyyətpərəstlərə qarşı yazdığı məqaləsində o deyirdi: "Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır". Başqa bir məqaləsində isə "Sən ey Türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə Türksən!"- deyə yzırdı: "Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin... Ey özündən xəbərsiz Türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, ParisLondonda yox ikən sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi. Bəsdir, bəsdir, ey türk! Bir az ayıl... Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl özünə gəl, öz gününə çalış!"

Ömər Faiq təkcə "Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda "Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s. çıxış etmişdir. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalans. ad və təxəllüslərlə çıxmışdır. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıtmış və sevdirmişdir.

Ömər Faiq Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətini öz gözləri ilə görmüşdür. Onun bir sıra məqalələrindən aydın olur ki, Gürcüstanda səs salmış "Gürcü işi" adlı əməliyyatın başlanması ilə əlaqədar o, dərhal öz ictimai-siyasi fəaliyyətini dayandırmış, həmin vaxtdan Gəncəyə köçüb fəaliyyətə başlamış, qəzet və jurnallarda tez-tez məqalələrlə çıxış etmiş. Ömər Faiqin ən fəal işlərindən biri 1917-1920-ci illərdə Ahıska bölgəsindəki fəaliyyəti olmuşdur. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası "Ahıska hökuməti-müvəqqətəsi"nə hökumət rəisi seçilmişdir. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirmişbu respublika ləğv olunmuşdur. "Cənubi-qərbi Qafqaz hökuməti" yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin bu arzusu həyata keçmədi. Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunub Metex qalasına salındı, lakin xalqın tələbi ilə yenidən azadlığa buraxıldı. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O, 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir. 1937-ci ildə isə Stalin represiyasının qurbanı olmuşdur.

 

ZÜMRÜD

Səs.- 2015.- 12 dekabr.- S.- 5