Tarixidemokratik Azərbaycan mətbuatı

 

İlham Əliyev: "Bütövlükdə, Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyə bağlıdır"

 

Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsindəyik. Milli mətbuatın ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısının 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən keçirilən tədbirlər bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.

 Milli mətbuatımızın "Əkinçi"dən bu günə keçdiyi yol

 Məhz 140 il bundan əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz "Əkinçi" xalqa söz və qələmlə xidmət etməyin mükəmməl nümunəsini göstərmişdir. "Əkinçi" maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi. Bu da səbəbsiz deyil. Belə ki, XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının və maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyərlər, cərəyanın təməl daşını qoyanlar məhz Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi idi. Zərdabinin nəzərində maarifçilik cəmiyyətin tərəqqiyə doğru inkişafının, cəmiyyəti bütün bəlalardan xilas etməyin yeganə vasitəsi idi. O, anadilli mətbuatı milli mövcudluğu qoruyub saxlamaq yolunda bir vasitə kimi görürdü.

"Ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəmir. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağız üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin... Sonra düşmənin düşmənçiliyi, dostun dostluğudost göstərən doğru yolun doğru olmağı aşkar olar", - deyən Zərdabi minbir əziyyət və cəfa ilə nəhayət, bu məqsədinə çatdı. 1875-ci il iyulun 22-dən "Əkinçi" adlı qəzeti nəşr etməklə ictimai şüurda inqilabi dəyişikliyə yol açacaq, milli düşüncəni, inkişafı təlqin edən məqalələrin dərc edilməsinə nail oldu. Bununla o, insanları maariflənməyə, elm, bilik öyrənməyə, cəhalətdən xilas olmağa səslədi, inkişafın qarşısında maneəyə çevrilən bəndləri dağıtdı, durğun suları hərəkətə gətirdi, Azərbaycanda nümunəvi qəzetçiliyin təməlini qoydu.

Ölkə Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamında da ilk milli qəzetimizin nəşrə başlaması mədəniyyət tariximizin ciddi bir hadisəsi kimi dəyərləndirilir, "Əkinçi" qəzetinin həqiqət carçısı olduğu, xalqımızın maarifləndirilməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığı vurğulanır. Sərəncamda deyilir: "1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas-alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. "Əkinçi"nin bəyan etdiyi prinsipləri rəhbər tutanonun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır".

Sonrakı dövrlərdə "Əkinçi" ənənələrindən bəhrələnən ilk gündəlik milli qəzet "Həyat", ilk məfkurə jurnalı "Füyuzat", ilk satira jurnalı və xalq tribunası "Molla Nəsrəddin", ilk uşaq jurnalı "Dəbistan", ilk qadın jurnalı "İşıq" mətbuatı ölkəmizin ictimai-siyasi həyatının bayraqdarına çevirdi. Bir-birinin ardınca işıq üzü görən "İrşad", "Tazə həyat", "Tərəqqi", "Həqiqət", "Açıq söz", "Səda", "Məktəb", "Rəhbər" kimi dövri nəşrlər cəmiyyətin inkişafına, insanların ictimai-siyasi proseslərə milli mənafe prizmasından yanaşmalarına rəvac verdi, inkişafa səbəb olan fikir müxtəlifliyinin yaranmasında xüsusi rol oynadılar.

140 illik yubileyini qeyd edən milli mətbuatımızın çar Rusiyası dövründəki 43, Azərbaycan Xalq Cümhuriyyəti zamanındakı 2 və Sovet İttifaqı dönəmindəki 71 illik tarixi ilə müstəqilliyimizin ötən 24 ilini müqayisə etdikdə bir daha əmin oluruq ki, bu gün ölkəmizdə azad, demokratik mətbuat formalaşıb, milli mətbuatımız çox böyük inkişaf yolu keçib.

 Müstəqil ölkə mətbuatının dirçəldən LİDER

 Şübhəsiz ki, mətbuatımıza dövlət qayğısı məhz 1970-80-ci illərdə özünün yüksək səviyyəsinə çatmışdı. Bu tendensiya Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali siyasi hakimiyyətə gəldiyi 1993-cü ildən etibarən davam etdi. 1995-ci il noyabrın 12-də - müstəqil dövlətimiz özünün ilk Konstitusiyasını qəbul etdikdən, yeni parlament seçildikdən sonra Ulu Öndər ölkədə teleradio yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni, müasir avadanlıqların alınmasına və quraşdırılmasına göstəriş verdi. Qafqazda ilk olaraq Azərbaycanda sovet dönəmindən qalan teleötürücü qurğular dəyişdirildi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, söz, məlumat və fikir azadlığının təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Bununla da, ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verildiyi bir daha təsdiqləndi. Ulu Öndər 27 mart 2000-ci ildə imzalanan "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olundu. KİV-lərlə əlaqəni kəsməyən, daim jurnalistlərin yanında olan, mətbuatla işləmək mədəniyyəti nümunəsini göstərən Ulu Öndər Heydər Əliyev 2001-ciil dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərlərini qəbul etdi, mətbuatın problemlərini müzakirə etdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı, mətbəələrə olan borcları "donduruldu". Dövlət başçısının mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu Öndər Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi" tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

 Müstəqil mətbuatın inkişafı üçün hüquqi, maddi, demokratik şərait mövcuddur

 Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-lərinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi", bir il sonra, 3 aprel 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.

Dövlət başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamını 20 iyun 2005-ci ildə imzaladı, mətbuatımızın 130 illik yubiley bütün ölkə miqyasında qeyd olundu. Prezidentin qərarı ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasının hərəsinə 10 min manat həcmində birdəfəlik yardım göstərilib. Ümumilikdə, 2005-2008-ci illərdə 300 nəfərə yaxın KİV əməkdaşı ordenmedallarla təltif edilib, fəxri adlar alıb, Prezident təqaüdünə layiq görülüb.    

Milli mətbuatımızın 135 illik yubileyiböyük təntənə ilə qeyd edilib. Dövlət başçısının 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə 38 nəfər "Tərəqqi" medalı, 38 nəfər "Əməkdar jurnalist", 15 nəfər Əməkdar Mədəniyyət işçisi, bir nəfər Əməkdar mühəndis fəxri adına layiq görülüb. Üstəlik, 40 gündəlik qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat yardım göstərilib.

Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq edib ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Sərəncamı isə jurnalistlərə yeni əhvalı-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirilib.

Bütün bunlar isə jurnalistləri növbəti dəfə də öz dostlarını seçməkdə çətinə salmayıb. 2010-cu il dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi" 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Sorğuda iştirak edən KİV-lərin 81%-i dövlət başçısını "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edib.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanda sosial, iqtisadi, mədəni, humanitar sahədə aparılan islahatların məntiqi nəticəsi dünya birliyinin hesabatlarında yüksək dəyərləndirildiyi kimi ölkədə müstəqil mətbuatın inkişafına göstərilən dövlət dəstəyi də təqdir olunur. Ona görə də Prezident İlham Əliyev nəinki ölkə mətbuatında "Jurnalistlərin dostu" adlandırılır, xarici KİV-lərin keçirdikləri sorğularda belə "İlin adamı", "İlin siyasətçisi" nominasiyaları üzrə də birinci pillədə yer alır. Türkiyənin "Ekovitrin" jurnalının keçirdiyi rəy sorğusuna görə Orta Asiya ölkələri dövlət başçıları arasında" 10 ilin dövlət adamı" nominasiyasının qalibi olan Prezident İlham Əliyev bir daha "Jurnalistlərin dostu" mükafatının laureatı adını qazanmışdır. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi"nin "Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz" sorğusunu cavablandıran respondentlərin 89 faizi Prezident İlham Əliyevə üstünlük verib.

Eyni zamanda, Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamına uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Tam əminliklə demək olar ki, ən inkişaf etmiş demokratik ölkələrdə belə mətbuata, bu sahədə çalışanlara analoji diqqət və qayğıya təsadüf oluna bilməz. Haqlı olaraq bildirilir ki, mətbuat nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi dünyada analoqu olmayan addımdır. Qısa müddətdə inşa olunan binanın istifadəyə verilməsi mərasimində iştirak edərək jurnalistləri təbrik edib sevincinə şərik olan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu və xidmətləri vardır: "Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Dövlət isə öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək. Azərbaycanda azad mətbuatın davam etməsinə öz səylərini göstərəcəkdir. Beləliklə, bu sahə Azərbaycanda ən yüksək zirvələrə çatacaqdır."

Beləliklə, bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

 

RƏFİQƏ KAMALQIZI

Səs.-2015.- 2 iyul.- S. 2.